Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt” festivallar
festivalının Bakıda keçirilməsinin ədəbiyyatımızın nüfuzunun artırılmasında
böyük rol oynayacağı istisna edilmir. Həmçinin məqsədi Avrasiya ölkələrində
yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək,
vahid Avrasiya ədəbi məkanı yaratmaq olan festival çərçivəsində keçirilən
ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc
yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında,
UNİCEF-in dəstəyi ilə keçirilən festivalın Azərbaycan tərəfdən həmtəşkilatçısı
Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca
Mədəniyyət Nazirliyinin "Söz” layihəsi və Bakı Kitab Mərkəzi idi.
Azərbaycan Prezidenti İlham Əliyevin2019-cu ili dahi Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin650illik yubileyi
münasibəti ilə «Nəsimi ili» elan etməsi şərəfinə, 4-cü Bakı festivalının da
İmadəddin Nəsiminin adı ilə bağlanması isə festivalın əhəmiyyətini daha da
artırır.
Ədəbiyyatçılarımız "LiFFt” festivalı il bağlı təəssüratlarını
"Müzakirə”də bölüşdülər.
Ədəbiyyatçılarımızı dünyaya
tanıdaq
Yazıçı-dramaturq Natiq
Rəsulzadə Avrasiya ədəbi festivalının böyük əhəmiyyəti olduğunu deyir: «50-dən
çox ölkədən ədəbiyyat adamları Bakıya gəlmişdi. Onların arasında mənim çoxlu tanışlarım,
dostlarım vardı. Onlarla ünsiyyətdə olduq, bir çox məsələləri müzakirə etdik.
Məqsəd Azərbaycan ədəbiyyatçılarının, mümkün qədər Avropaya çıxmalarına,
beynəlxalq aləmdə tanınmalarına çalışmaqdır”. Yazıçının fikrincə, belə bir
nüfuzlu festivalın Bakıda keçirilməsi müsbət addımdır. Çünki bu festival artıq
bütün dünyada tanınır: "Yaxşı olar ki, ədəbiyyatla bağlı olan digər
festivalları, yarmarkaları da Azərbaycana dəvət edək. Qoy dünya görsün ki,
Azərbaycan mədəniyyəti, ədəbiyyatı, multikultralizminin dərin kökləri var. Bu
il "Nəsimi İli”dir. Biz bütün dünyaya bildirdik ki, bizim belə şairimiz var”.
N.Rəsulzadə hesab edir ki, ümumiyyətlə, Nizami, Füzuli, Nəsimi kimi
şairlərimizi dünyaya tanıtmaq lazımdır: "Başqa xalqlar öz şairlərini dünyaya
tanıdırlar. Məsələn, Şekspri, Höteni, Petrarkanı bütün dünya tanıyır. Bizim
şairlərimizi isə daha çox Şərq ölkələri tanıyır. Bizim şairlərimiz həm fars, həm də Azərbaycan
dilində yazıblar. Onları bütün dünyaya tanıtmaq lazımdır. Onlar filosof
şairlərdir. Bu baxımdan da, bu cür festivalların əhəmiyyəti çox böyükdür. Belə
tədbirləri mümkün qədər çox keçirmək lazımdır».
Ədəbiyyat şəhəri
"İstənilən festivalın, o cümlədən dəvətlilərinin siyahısı kifayət
qədər böyük və nüfuzlu olan 4-cü Avrasiya ədəbi festivallar festivalının
paytaxtımızda keçirilməsi ölkəmizin ədəbi mühiti üçün çox ciddi hadisədir”
deyən şair-tərcüməçi Səlim
Babullaoğlunun fikrincə, Bakı ölkəmizin və dünyanın müxtəlif ədiblərini
görüşdürən, onlara fikir mübadiləsi aparmaq imkanı verən ədəbiyyat şəhərinin
olduğunun göstəricisidir: "Həmçinin bu cür tədbirlər bizim yerli yazarların
dünya yazıçıları ilə ünsiyyəti, fikir mübadiləsi aparması, tanış olması və
gələcəkdə maraqlı layihələrə qoşulmaq imkanını artırır. Hər iki mənada bu
festival təqdirəlayiqdir. Təbii ki, həm Heydər Əliyev Fondu, həm festivalın
digər təşkilatçıları böyük zəhmət çəkiblər. Ümid edirəm ki, bu cür tədbirlər
Bakıda və respublikamızın şəhərlərində tez-tez keçiriləcək”. Üz-üzə müzakirələrə ehtiyac
Yazar Günel Eyvazlı "LiFFt-2019” IV Avrasiya ədəbi
festivallar festivalını ədəbiyyat hadisəsi olaraq olduqca diqqətəlayiq layihə
adlandırır. Belə ki, eyni anda dünyanın dörd bir yanından yazıçıların festivala
qatılması, dünya şöhrətli, nəhəng yazıçıların ölkəmizə təşrif buyurması, minə
yaxın iştirakçının müsabiqəyə əsərləri ilə qatılması, artıq festivalın
nüfuzundan xəbər verir, hansı masştabda olmasını göstərir: "Şadam ki, mərhələni
keçən 30 qələm adamı arasında mən də varam.
Oktyabrın 1-də uzun siyahıya adı düşmüş müəlliflərə sertifikatlar təqdim
olundu. Mənim üçün ən əsas nüans münsiflərin əcnəbi qələm adamları olması idi.
Yəni bunu bildikdən sonra əminliklə yazılarımı müsabiqəyə təqdim etdim və adım uzun
siyahıya düşdü”. Yazarın bildirdiyinə görə, festival çərçivəsində müxtəlif
ədəbi mövzuda dinləmələr, ustad dərsləri, mühazirələr keçirilib: "Bir neçə mühazirədə mən də iştirak etdim. Təşkilatçılığa söz ola
bilməz. Məsələyə olduqca həssaslıqla yanaşıblar. Buna görə, yalnız və yalnız
təşəkkür etmək qalır bizlərə”. Müxtəlif dinləmələrdə iştirak etdiyini deyən
G.Eyvazlı hesab edir ki, qələm adamları bir-biri ilə üz-üzə əyləşdikdə,
dinləmələr müzakirə, diskussiya şəklində keçirilsə daha əhəmiyyətli, faydalı
olardı: "Biz yalnız eşidən tərəf olduq, sual vermək, fikir mübadiləsi aparmaq
imkanımız olmadı. Yəni iclas bitdikdən sonra yazıçılara həm yaxınlaşmaq, həm də
dəhliz boyunca fikir mübadiləsi aparmaq qeyri-etikdir. Həm də izdiham əlindən
bu fürsəti tapa bilmirsən.
Digər tərəf isə təşrif buyuran müəlliflərin auditoriyanın səviyyəsini
nəzərə almaması idi. Yəni onlar söyləyən mühazirələrdən daha artığını bizim
yerli müəlliflər söyləyə bilərdi. Şəxsən mən daha qlobal, düşünmə obyekti olan
ədəbi məqamlara rahatlıqla toxuna bilərdim. Nə yazıq ki, bəzi əcnəbi qələm
adamları sadəcə "nağıl” danışdılar. Ümid edirəm ki, gələcəkdə təşkilatçılar bu
məsələyə önəm verər. Hər halda istənilən ədəbiyyat hadisəsi, sözün həqiqi
mənasında hadisədir. Texno dünyanın qlobal yaddaşitirmə tendensiyası önündə
kitaba, ədəbiyyata qayıdış, bilik mücadiləsi yaddaşa sarılmaq deməkdir. Bunu
yalnız alqışlamaq olar”. "SÖZ yaşayır!”
Gənc yazar Ülviyyə
Heydərova "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının Bakıda
keçirilməsini mühüm hadisə adlandırır. "Təsəvvür edin, Avrasiyanın ədəbi
mühitinin ürəyi üç gün doğma Bakımızda döyündü. Müxtəlif ölkələrdən gələn söz
adamları üç gün də olsa, tək ədəbi mühitimizlə deyil, eyni zamanda qədim
mədəniyyətimizlə, tariximizlə tanış oldular. Bundan gözəl nə ola bilər ki? Mən
əminliklə söyləyə bilərəm ki, ölkəmiz, ədəbiyyat festivalı ilə bağlı Bakıya
dəvət olunan ədiblərin xatirələrində dərin iz buraxacaq, bəlkə də Bakı onların
növbəti əsərlərinin yaranmasına stimul olacaq”. Yazar hesab edir ki,
ümumiyyətlə, bu cür ədəbi festivallar tək insanları bir-birinə yaxınlaşdırmır,
həm də ədəbi əlaqələrin yaranmasına səbəb olur: ”Ona görə də, festivalın
təşkilatçılarına, xüsusən də Heydər Əliyev Fonduna dərin təşəkkürümü
bildirirəm. Qeyd edim ki, Festivalın Bakıda keçirilməsi ilə bağlı ədiblər
arasında müsabiqə də elan olunmuşdu. Müsabiqənin şərtlərini oxudum, rus dilinə
tərcümə olunmuş əsərlərimi təqdim etdim. Festivalda müsabiqəyə düşən 30
yazıçının içində olmağım, düzü, məni sevindirdi. Festivalın açılış günündə mən
də daxil olmaqla 30 laureata sertifikatlar təqdim edildi. Düzü, yazanda heç
vaxt "bu əsər mənə nə verəcək, yaxud hansı mükafatları qazandıracaq” kimi
sualları özümə vermirəm. Mən, sadəcə yazı prosesindən son dərəcə zövq alan
insanam. Amma istəyərəm ki, yazılarımı, xüsusən də monopyeslərimi müxtəlif
dillərə tərcümə etdirim, öz dünyamı dünyaya tanış edim... Müsabiqələr bu
baxımdan, ədibin sözünün çatdırılmasına yardımçı olur. Ümid edirəm ki,
Azərbaycandan seçilən 30 laureatın yazısı da müxtəlif dillərə tərcümə olunacaq.
Festivala qatılan hər bir iştirakçını ürəkdən təbrik edirəm! Əsas yazmaqdır,
SÖZ yaşayır!”
Ədəbiyyatın inkişafı üçün
Şair Ümüd Nəccari deyir ki, bu
cür festivalların ədəbiyyatımızın tanınmasında böyük əhəmiyyəti var: "Dünyanın
hər yerindən nüfuzlu insanlar festivala qatıldı. Bu, ədəbiyyatımızın dünyada
tanınmasına kömək edir. Varis Yolçuyev bu festivalı Azərbaycana gətirməklə Azərbaycanın
adını dünyada tanıtdı. Avrasiya ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı
Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Hesab edirəm ki,
keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad
dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol
oynayacaq”.Ü.Nəccari hesab edir ki, ədəbiyyat adına tədbirlər – festivallar, kitab bayramları və
s. keçirilməsi yalnız ədəbiyyatın inkişafına xidmət edə bilər.