• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Avrasiya İttifaqı nüfuzlu birliklərə rəqib ola bilməyəcək

31.05.14 09:54 1573
Avrasiya İttifaqı nüfuzlu birliklərə rəqib ola bilməyəcək
Xeyli vaxtdır haqqında danışılan Avrasiya İqtisadi Birliyinin yaradılması nəhayət ki reallaşıb. Belə ki, mayın 29-da Qazaxıstanın Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu ittifaqın yaradılması haqda saziş imzalayıblar. Fəaliyyətinə 2015-ci il yanvarın 1-dən başlayacaq quruma üzvlüyə hazır olduğunu bəyan edən Ermənistanın adını bu dövlətlərin sırasına yazdırması isə asan başa gəlməyəcək. Çünki Nazarbayev ittifaqa qondarma Dağlıq Qarabağla birgə daxil olmağa hazırlaşan işğalçı dövlətə tələbləri xatırladaraq quruma yalnız BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində qəbulun mümkün olduğunu deyib.
Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Elman Nəsirov söylədi ki, qurumun 2015-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacağı bəlli idi: “Bilirsiniz ki, tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edirdi. Onun dediyinə görə, iyunun 15-ə qədər Avrasiya İttifaqına qoşulacaqlar və aparılan danışıqlar yekunlaşmaq üzrədir. Xatırladım ki, quruma daxil olmaq üçün hər ölkə 126 sənədi qəbul etməlidir. Ermənistan artıq 119-nu qəbul edib. Qalan 7 sənəd isə müəyyən texniki məsələlərlə bağlıdır və buna əsasən onların ittifaqa qoşulmağa hazır olduqlarını demək olar. Qeyd edim ki, təşkilatın yaranması ilə bağlı Qərbin mövqeyi birmənalı deyil. Başda ABŞ olmaqla, hesab edirlər ki, Rusiyanın belə addımları uzağa gedən məzmun kəsb edir, yəni, Sovet İttifaqının başqa ad altında bərpasına start verilir”.
E.Nəsirov qeyd etdi ki, Putin bir müddət əvvəl «İzvestiya» qəzetində dərc etdirdiyi proqram xarakterli məqaləsində bu kimi ittihamlara cavab verərək Avrasiya İttifaqının Avropa İttifaqına oxşar model olduğunu bildirib: “Qeyd olunub ki, bu, iqtisadi təşkilatdır. Burada söhbət iqtisadi məsələlərdən gedir və hərbi təhlükəsizliklə bağlı məqamlar nəzərdə tutulmur. Lakin bir çox Qərb dövlətləri hesab edirlər ki, bu gün iqtisadi təşkilat kimi fəaliyyətə başlayan ittifaqın gələcəkdə nizamnaməsində dəyişikliklər baş verə, hərbi təhlükəsizlik məsələləri önə keçə bilər”.
Politoloqun fikrincə, ölkəmiz üçün əsas aktuallıq kəsb edən məqam Ermənistanın bu quruma hansı şərtlər daxilində üzv olacağıdır: “Guya Ermənistan qondarma Dağlıq Qarabağ Respublikası ilə iqtisadi inteqrasiya siyasəti həyata keçirmək xəttini tutub. Ona görə də ittifaqda onunla birgə təmsil olunmaq istəyir. Azərbaycan bu məqamla bağlı Avrasiya İttifaqını yaradan tərəflərin hər birinə müraciət ünvanlayıb. Qeyd olunub ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması yalnız BMT-nin tanıdığı sərhədlər çərçivəsində baş tuta bilər. Nazarbayev də bu məsələyə toxunaraq ortaya ciddi, obyektiv yanaşma qoydu. Hesab edirəm ki, belə məqamlar ölkəmiz üçün olduqca vacibdir. Çünki bir çox hallarda Azərbaycanın da bu təşkilata qoşulacağını deyirlər. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi ondan ibarətdir ki, regionda inteqrasiya proseslərinə loyal yanaşırıq. Amma Ermənistan işğalçı dövlət olduğuna görə onlara qarşı təcrid siyasətini həyata keçiririk. Onlar Azərbaycanın təşəbbüskar olduğu, müdafiə etdiyi heç bir beynəlxalq və regional layihələrdə iştirak etmirlər. Azərbaycanın bu qurumla perspektiv əlaqələrinə gəldikdə isə ilk növbədə, Rusiya və digər dövlətlər Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bağlı real addımlar atmalıdırlar. Çünki Azərbaycan bu ittifaqa daxil olarsa belə çıxar ki, işğalçı dövlətlə iqtisadi münasibətlərimiz yaranır. Bu isə təbii ki, siyasətimizə ziddir”.
Politoloq Fikrət Sadıqov da Nazarbayevin dediklərinin ölkəmiz üçün əhəmiyyətli məqam olduğunu vurğuladı: “Ermənistan Ümumdünya Ticarət təşkilatına üzv olarkən BMT-nin tanıdığı sərhədlər çərçivəsində qəbul olunub və yeni qurulan ittifaqa da yalnız bu şərtlərlə daxil ola bilər. Gördüyünüz kimi, Qazaxıstan tərəfi əsas şərt kimi təkcə bu məqamı qeyd etdi və bir növ, onların işğalçı siyasətinə etirazını bildirdi. Onu da qeyd edim ki, bu cür alyansın xüsusi sıçrayışına inanmıram. Hadisələrə artıq dünyada müəyyən nüfuza malik, aparıcı təşkilatlar fonunda baxdıqda düşünmürəm ki, bu ittifaq iqtisadi baxımdan hansısa xüsusi yer tutacaq, nələrinsə baş verməsinə səbəb olacaq. Hələ ki, üç dövlətin vahid bir iqtisadi məkanı yaranıb. Burada söhbət bank sistemi, sığorta məsələləri və digər məqamlardan gedir. Qeyd edim ki, dünyanın bir sıra regionlarında belə qurumlar çoxdan mövcuddur. Misal üçün, Latın Amerikasında, Afrikada, Asiyada və s. Burada söhbət onların dünya iqtisadiyyatı, dünya birliyi ilə münasibətlərindən, dünyada baş verən proseslərə nə dərəcədə təsir edə biləcəklərindən gedir”.
F.Sadıqov ittifaqın uğurlu fəaliyyət ortaya qoyacağı ilə bağlı müəyyən şübhələrinin olduğunu dedi. Onun fikrincə, Avropa İttifaqı və digər aparıcı dövlətlər tərəfindən yaradılan birliklər fonunda Avrasiya İttifaqı böyük iqtisadi təsir gücünə malik olmayacaq: “Digər tərəfdən, Ermənistanın bu quruma daxil olması məqamı müəyyən suallar yaradır. Bilirsiniz ki, Azərbaycan prezidenti təsisçilərə məktub göndərərək Ermənistanın ittifaqa heç vaxt Dağlıq Qarabağla birlikdə daxil ola bilməyəcəyini bildirib. Lakin Ermənistanın niyyəti belə deyil. Düşünürəm ki, Ermənistan istəyinə nail ola bilməyəcək. Çünki Dağlıq Qarabağ ərazisi dünya ölkələri tərəfindən Ermənistan ərazisi kimi tanınmır, tanınmayacaq da. O torpaqlar Azərbaycanındır və ittifaqı yaradan dövlətlər də Qarabağı Azərbaycan ərazisi kimi qəbul edirlər. Ona görə də gedişatın birmənalı şəkildə bizim xeyrimizə olduğunu deyə bilərəm”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər