• cümə, 19 Aprel, 21:39
  • Baku Bakı 24°C

Avrasiya İqtisadi İttifaqına təzyiqlər güclənir

30.12.16 09:30 995
Avrasiya İqtisadi İttifaqına təzyiqlər güclənir
Başa çatmaqda olan 2016-cı il Rusiyanın ən önəmli layihələrindən olan Avrasiya İqtisadi İttifaqı üçün də problemsiz ötüşmədi. Qurumun Sankt-Peterburqda keçirilən sammitində ilk dəfə olaraq Belarus prezidenti Aleksandr Lukaşenko heç bir əsas gətirmədən iştirak etməkdən boyun qaçırdı. Onun bu nümayişkaranə hərəkəti əsl şok effekti yaratdı.
Bundan əlavə, sammitdə Qırğızıstan prezidenti Almazbek Atambayev də qalmaqal yaratmış oldu. O, gələn il qüvvəyə minəcək Gömrük Məcəlləsinə əvvəlcə imza atmaq istəmədi. Yalnız təkidlərdən sonra müəyyən şərtlərlə ona razılıq verdi. Maraqlıdır ki, sammitdə iştirak edən forpost ölkə - Ermənistanın prezidenti Serj Sarkisyan da qurum daxilindəki problemləri açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, düzdür, Avrasiya İqtisadi İttifaqı daxilində nailiyyətlər var. Məsələn, qarşılıqlı ticarətdə azalma səngiyib, sənaye və kənd təsərrüfatı sahələrində istehsal sürəti artıb. Lakin əlavə edib ki, problemlər mövcuddur. Onun sözlərinə görə, vahid iqtisadi məkanın tam fəaliyyətini əngəlləyən problemlər qalmaqdadır. O bildirib ki, Avrasiya İqtisadi İttifaqı hələ də sosial-iqtisadi problemlərə lazımınca reaksiya verə bilmir. S.Sarkisyan xüsusilə biznes gözləntiləri, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, inteqrasiya sahələrində hələ də problemlər olduğunu vurğulayıb və bu məsələləri bütün tərəflərin iştirakı ilə müzakirə etməyə çağırıb. "Bir sözlə ciddi irəliləyişə baxmayaraq, bir çox məsələlər hələ də açıq qalır”, - deyə o bildirib. S.Sarkisyan ikigünlük sammit zamanı yeni Gömrük Məcəlləsinin imzalanmasını müsbət qiymətləndirib və bunun gələcək inteqrasiya istiqamətində mühüm addım olduğunu bildirib.
Avrasiya İqtisadi İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Özü də Ermənistanın narazılığı tək Aİİ-dən deyil, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındandır. Yenə də baş katiblik Sankt-Peterburq sammitində Ermənistana keçməyib. Bu məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növbəti sammitində baxılacaq. Bunu jurnalistlərə təşkilatın hazırkı rusiyalı baş katibi Nikolay Bordyuja deyib. N.Bordyuja bunun səbəbini sammitdə kvorumun olmaması ilə izah edib. Lakin ekspertlərin fikri fərqlidir. Onların qənaətincə, səbəb həm də odur ki, Ermənistan rəhbərliyi sözügedən vəzifəyə öz generalını gətirmək istəyir. Bu da onu göstərir ki, KTMT-də təmsil olunan dövlətlər arasında Ermənistanın bu quruma rəhbərlik etməsi barədə ciddi fikir ayrılığı var. Xüsusən də Qazaxıstan və Belarus bu məsələdə Ermənistanın mövqeyini dəstəkləmir. Bu, hər kəsə aydındır. Digər tərəfdən, Ermənistan hər zaman Azərbaycanı hədələyərkən KTMT-nin adını çəkir.
Xatırladaq ki, baş katiblik məsələsi 2 ay əvvəl Yerevan sammitində də təxirə salınıb. Həmin vaxt isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə gəlməmişdi və bunun səbəbi onun xəstə olması ilə izah edilmişdi. Ermənistan prezidenti Serj Sarkisyan həmin vaxt məsələnin Sankt-Peterburq sammitinə qaldığını demişdi. 2003-cü ildən təşkilata Rusiyanın nümayəndəsi Nikolay Bordyuja baş katiblik edir. Baş katiblik hələ 1 il əvvəl rotasiya üzrə Ermənistana keçməli idi, amma 2015-ci ilin dekabrında Moskva sammitində Bordyujanın müddəti daha 1 il uzadıldı.
Ermənistanlı politoloq Stepan Qriqoryan deyir ki, Azərbaycanla yaxın hərbi-siyasi münasibətləri olan Belarus prezidenti Lukaşenkonun sammitə qatılmaması ola bilsin ki, baş katibliyin Ermənistana keçməsi ilə bağlıdır. "Problem nədədir? Ondadır ki, Azərbaycan Belarus, Qazaxıstan, həmçinin Rusiyaya bildirib ki, Ermənistandan olan generalın təşkilata baş katiblik etməsinə qarşıdır. Belə çıxır ki, təşkilata üzv olmayan Azərbaycanın bu quruma təsiri Ermənistandan daha böyükdür”, - deyə o vurğulayıb.
Yeri gəlmişkən, sammitdəki qalmaqallı məsələlər əksər KİV-lər tərəfindən müzakirə mövzusuna çevrilib. Məsələn, Almaniyanın "Deutsche Welle” nəşrindəki "Belarus-qırğız demarşı - Aİİ-nin sammiti ssenari üzrə keçmədi” başlıqlı yazıda qeyd olunur ki, sammitdə Gömrük Məcəlləsinə heç də bütün üzvlər qol qoymadı. Bundan əlavə, iclas qurum daxilində ziddiyyətləri ortaya çıxardı. Məqalədə qeyd edilir ki, yeni Gömrük Məcəlləsi imzalanması üçün Minskə göndəriləcək. MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin nəşrə açıqlamasında bildirib ki, Lukaşenko sonda sənədə imza atacaq. O, xatırladıb ki, Belarus lideri əvvəllər də inteqrasiya proseslərinə skeptik yanaşıb: "Lakin sonradan ona izah ediblər ki, əgər razılıq verməsə, onda onun ölkəsinin ciddi iqtisadi problemləri yarana bilər və bu səbəbdən də Lukaşenko razılaşıb”.
Ümumiyyətlə, əksər ekspertlər Aİİ-nin gələn ilin iyununda qüvvəyə minəcək Məcəlləsinin bir sıra problemlərə yol açacağını iddia edirlər. Onların qənaətincə, söhbət hər ölkənin iqtisadi imkanlarının qeyri-bərabər olmasından gedir. Bəli olduğu kimi, Aİİ-nin əsas özəyi Rusiya və Qazaxıstandır. Müəyyən mənada Belarusu da ora daxil etmək olar. Ermənistan və Qırğızıstana gəldikdə isə, burada vəziyyət tamam fərqlidir. İqtisadiyyatları zəifdir, böhran bu ölkələrdə pik həddindədir.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, ciddi perspektivi olmayan Aİİ elə quruma üzv olan dövlətlərin ona laqeyd yanaşması üzündən dağılmaq təhlükəsi ilə üzləşə bilər. Hər halda, ortada MDB təcrübəsi də var.
Azər
banner

Oxşar Xəbərlər