• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Avakovun kreslosu laxlayır

01.06.20 18:30 666
Avakovun kreslosu laxlayır
Erməni mənşəli ukraynalı nazir problemlərlə üzləşib
Bu həftə Ukrayna Ali Radası erməni mənşəli daxili işlər naziri Arsen Avakovun istefası məsələsini nəzərdən keçirəcək. 2014-cü ildən daxili işlər naziri postunda fəaliyyət göstərən Avakov beş hökuməti yola salıb. Ekspertlər onun təsir imkanlarını prezidentin imkanları ilə müqayisə edirlər. Bu səbəbdən də istefanın ölkə daxilində ciddi proseslərə gətirib çıxara biləcəyi vurğulanır. Maraqlıdır ki, Daxili İşlər Nazirliyinin nəzarətində nəinki Milli Polis və Milli Qvardiya, eləcə də Dövlət Sərhəd Xidməti, Fövqəladə vəziyyət üzrə dövlət xidməti, hətta Dövlət Miqrasiya Xidməti də var. Nazirlik, bir növ, dövlət içində dövlət funksiyasını yerinə yetirir. "Fövqəlnazir” təxminən 150 minlik heyəti öz nəzarəti altında saxlayır.
"DW”yə açıqlamasında siyasi ekspert Sergey Rudenko bildirib ki, "onlar yalnız bir şəxsə - Arsen Avakova tabedirlər. Bu postda onunla yalnız prezidentin nüfuzu müqayisə oluna bilər. Avakov prezident seçkilərindən sonra postunu saxlayan tək-tük nazirlərdəndir. Hakim "Xalqın xidmətçisi” partiyasından olan deputatlar xatırlayırlar ki, 2019-cu ilin avqustunda, yeni hökumətin tərkibi müzakirə olunanda prezident Vladimir Zelenski Avakovun daxili işlər naziri vəzifəsində qalmasını müdafiə edib. Onların sözlərinə görə, prezident qeyd edib ki, məhz bu nazir hökumətin ən effektiv üzvlərindən biridir. Sergey Rudenko xatırladıb ki, seçkiqabağı kampaniya dövründə daxili işlər naziri o zamankı hakimiyyətə, daha dəqiq desək, Viktor Poroşenkoya dəstək verməyərək, orta mövqe tutub. "2019-cu il seçkilərində indiki prezident məhz Avakovun dəstəyi sayəsində qələbə qazanıb. Bu şəxs Poroşenkonun seçkiqabağı sxemini (şəbəkəni) dağıtmağa girişdi. Əks təqdirdə, seçkilərin necə nəticələnəcəyi bəlli olmazdı. Mart ayında Zelenski hökumətinin istefası məsələsi ortaya çıxanda, jurnalist Pavel Şeremetin qətli ilə bağlı istintaq başa çatana kimi Avakovun vəzifəsində qalması qərara alındı. Məhz hökumətin istefası ərəfəsində Daxili İşlər Nazirliyi bir qrup şübhəli şəxsin saxlanılması barədə məlumat yaydı. Onların arasında könüllülər və Donbasdakı antiterror əməliyyatının iştirakçıları da var. Hazırda iş təhqiqat mərhələsindədir və cəmiyyəti ən çox narahat edən məsələlər sırasındadır.
Bu fonda Ukraynada bir neçə rezonans doğuracaq cinayətlər baş verib. Mayın 24-dən 25-ə keçən gecə Kaqarlıqda (Kiyevdən 80 km kənarda) polis əməkdaşları 26 yaşlı yerli xanımı döyərək işgəncə verib, sonra da zorlayıblar. Polislər onu oğurluq işi üzrə bölməyə dəvət edərək sonradan başına bu cür oyun açıblar. İşgəncə və döyülməyə daha bir yerli sakin məruz qalıb. Zərərçəkənlər işgəncə və zorakılıq faktları barədə həkimlərə məlumat verdikdən sonra onlar da yuxarı instansiyalara müraciət ünvanlayıblar. Məsələyə Təhqiqatlar üzrə Dövlət Bürosu (məmurlar və güc strukturlarının təhqiqatı ilə bağlı yaradılan orqan) da qarışıb. Nəticədə iki polis əməkdaşı saxlanılıb. Kaqarlıqdakı milli polis idarəsi isə yenidən təşkil edilmək adı ilə ləğv edilib. Kütləvi informasiya vasitələrində Kaqarlıqdakı cinayət faktını yeddi il bundan əvvəl Nikolaevskin Vradievka şəhərində törədilən cinayətlə eyniləşdiriblər. Sergey Rudenko xatırladıb ki, 2013-cü ildə (Viktor Yanukoviçə qarşı başlanan və onun qaçmasına gətirib çıxaran Maydan hərəkatına yarım il qalmış) prokurorluq və istintaq əvvəlcə yerli qadına işgəncə verib, sonra da zorlayan vradievkalı milis əməkdaşlarının əməllərini ört-basdır etməyə çalışdılar. Siyasi ekspert xatırladıb ki, Vradievka hadisələri Kiyevdə və regionda geniş etiraz aksiyalarına səbəb olub. Məhz bu hadisə ilə də Viktor Yanukoviç hökumətinin süqutu başladı.
Daxili işlər nazirinin müavini Anton Geraşenko bəyan edib ki, indiki durum tamamilə fərqlidir. O, "1+1” telekanalına müsahibəsində bildirib ki, "Maydan hərəkatına kimi bu cür halları gizlədirdilər. Bizim mövqeyimiz belədir ki, zorakılıq və işgəncələr yolverilməzdir. Dərhal günahkarların cəzalandırılmasını həyata keçiririk”. Suallara cavab verən Geraşenko bildirib ki, daxili işlər nazirinin istefası üçün heç bir əsas yoxdur. Bundan bir neçə gün sonra Kiyev ətrafında yerləşən Brovarı şəhərindən başqa bir xəbər daxil olub. İki qrup silahlı şəxs, təqribən 70 nəfər arasında yaşayış məntəqəsində atışma baş verib. Polisin məlumatına görə, leqal və qeyri-leqal daşıyıcılar mənfəətli şəhər marşrutu uğrunda mübarizədə qarşıdurmaya gediblər. 20-yə yaxın şəxs həbs edilib. Arsen Avakov bəyan edib ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq və cəzalarını alacaqlar.
Kriminalist Anna Malyar "Yeni zamanlar”dakı köşə yazısında bildirir ki, Brovarıda baş verənlər adi cinayət hadisəsi deyil. "Belə bir atışma yalnız korrupsiyanın dövlət strukturlarına və milli təhlükəsizliyə hədə olduğu dövlətdə baş verə bilər”, - deyə o yazıb. Əlavə edib ki, gizli razılaşmalar səbəbindən Ukraynada normal bələdiyyə nəqliyyatı görünmür. İnsanlar ən köhnə marşrutlarda hərəkət etməli olurlar.
Kaqarlıqda baş verən hadisələrdən sonra "Qolos” parlament fraksiyası daxili işlər naziri Arsen Avakov və Milli Polis İdarəsinin rəhbəri İqor Klimenkonun istefasını tələb edib. Deputatlar bildiriblər ki, indiyə qədər baş verən gurultulu cinayətləri törədənlər cəzalarını alsaydılar, bu cür cinayətlər də baş verməzdi. Brovarıda baş verən hadisələrdən sonra Arsen Avakova qarşı "Xalqın xidmətçisi” partiyasından olan deputatların da sualları yaranıb. Prezidentyönümlü siyasi qüvvənin nümayəndələri jurnalistlərə bildiriblər ki, iyunun 2-də axşam fraksiyanın iclası keçiriləcək və vəziyyət nəzərdən keçiriləcək. Artıq bu həftə məsələ Ali Radanın müzakirəsinə çıxarılacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər