ATU rektoru xaricdə təhsil alan həkimlərə müraciət edib - Fotolar
Azərbaycan
Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil
almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru,
professor Gəray Gəraybəyli hazırda
ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə
görüşüb.
Rektor
G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi
keçirdiyini bildirib: "Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın
aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti,
universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim
universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına
yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də
yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər”. G.Gəraybəyli Azərbaycan
Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi
üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirdi. Rektor xüsusilə
rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu
qeyd etdi.
Daha
sonra professor G.Gəraybəyli ATU-da Türkiyənin tanınmış universiteti ilə birgə
icra olunacaq yeni layihə haqqında tədbir iştirakçılarına məlumat verdi. Həmçinin,
ATU klinikalarındakı yeni avadanlıqlar, burada uğurla həyata keçirilən unikal əməliyyatlar,
treninq mərkəzlərinin tələbələrin püxtələşməsinə göstərdiyi yardımın əhəmiyyətindən
bəhs etdi. Görüşün davamında bu istiqamətdə atıla biləcək
addımlarla əlaqədar müxtəlif fikirlər və
təkliflər səsləndirildi.