ATU ilə Dağıstan Dövlət Tibb Akademiyası arasında saziş imzalanıb
Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti
Azərbaycan Tibb Universitetində (ATU) olublar və ali məktəbin rəhbər heyəti ilə
görüşüblər. Görüş zamanı ATU-nun
rektoru professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələrindən söz salaraq bir çox ali
təhsil müəssisələri ilə əməkdaşlığın əldə olunduğunu bildirdi. Qeyd olundu ki,
təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr
imzalanıb.
Rektor
G.Gəraybəyli bildirib ki, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli
təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin
təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan
müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin
verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar
aparılır, fəaliyyət daha da təkmilləşdirilir.
ATU-da
təhsil sistemi haqqında məlumat verən professor Gəray Gəraybəyli qeyd etdi ki,
artıq 5 ildir ki, ikipilləli təhsil sistemi tətbiq olunur. Rezidentura
pilləsini bitirən məzunlar mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri elə
ATU-nun klinikalarında işləyir. Bir çoxları isə xarici ölkələrdə staj keçirlər.
ATU-nun rektoru, həmçinin
vurğulayıb ki, beynəlxalq münasibətlər zamanı dil amili mühüm rol oynayır. Bu
baxımdan, Dağıstan universiteti ilə əməkdaşlıq bizim üçün daha rahat olacaq.
Digər tərəfdən, Azərbaycanın Dağıstanla həmsərhəd olması da əlaqələri
asanlaşdıran amillərdən biridir.
Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor
Süleyman Mammayev əvvəlcə Azərbaycan
xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəmiz haqqında
düşüncələrini açıqladı. Onun sözlərinə görə, son illər Azərbaycanda hər bir
sahədə nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar
özünü təhsil və səhiyyə sistemində də göstərir.
Rəhbərlik etdiyi müəssisə haqqında
məlumat verən S.Mammayev Dağıstan
Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirdi. O,
Akademiyada mövcud tədris sisteminin ATU-dakına bənzədiyini də bildirdi.
Universitetin klinikalarını və xüsusilə də Anatomiya muzeyini bəyəndiklərini
bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini dedi.
Görüşün axırında ATU və Dağıstan
Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalandı.
Sonda
professor Gəray Gəraybəyli həmkarını "ATU-nun qızıl medalı” ilə təltif etdi.
Rektor S.Mammayev tərəfindən də professor G.Gəraybəyliyə xatirə hədiyyəsi
təqdim olundu.
Nümayəndə heyəti ilə görüşdə Rusiyanın Azərbaycandakı konsulu Sergey Klyuşev, konsulun
ikinci katibi Alla Naniyeva, Dağıstan Dövlət Tibb Akademiyasının beynəlxalq
əlaqələr şöbəsinin koordinatoru, Dağıstan Respublikasının əməkdar həkimi
Alimetov Albert, ATU-nun rektorunun müşaviri Zülfüqar
Musabəyov, elmi işlər üzrə prorektor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə
prorektor Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov iştirak edirdilər.