• çərşənbə axşamı, 19 mart, 10:19
  • Baku Bakı 8°C

Atmosferi çirkləndirməyən taksilər

13.08.20 18:33 2864
Atmosferi çirkləndirməyən taksilər
Və ya pandemiyanın daha bir sahədə aktuallaşdırdığı çağırış

Bakıya gətirilən TX modelli 100 ədəd "London taksi"si yanacaqla yox, elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə, xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.
Yeni taksilərin sərnişin kabinası digər "London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, "Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinada sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi pos-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq. Bu taksilərin şəhər infrastrukturuna adaptasiyası uğurlu olacaqmı? Onların fəaliyyəti uzunmüddətli ola bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, elektriklə çalışan avtomobillərin və taksilərin servis xidməti və elektrik məntəqələrinin sayı artmalıdır: "İlk növbədə onu qeyd edim ki, 2018-ci ilin dekabr ayında prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair beş illki dövlət proqramı imzalayıb. Bu proqramın bir bəndində elektriklə işləyən, atmosferi az çirkləndirən avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması qeyd olunub. Elektriklə çalışan taksilərin ölkəyə gətirilməsi bu proqramdan irəli gələn bir addımdır. Bu işlər gələcəkdə də davam etdiriləcək. Bununla yanaşı, elektromobillərin və hibridlərin də ölkəyə gətirilməsinin vacib və stimullaşdırılmasının lazım olduğunu düşünürəm.Bunun üçün müəyyən imkanlar yaradılmalı və güzəştlər edilməlidir. Məsələn, dünyanın bir çox ölkələrində tam elektriklə çalışan avtomobillərə gömrük rüsumu tətbiq edilmir. Güzəştlər çox olduğuna görə, insanlar bu avtomobilləri almaqda maraqlı olur. Bu avtomobil və taksilər ətraf mühitin qorunmasında və ekoloji tarazlığın bərpasında mühüm rol oynayacaq. Qlobal iqlim dəyişikliyinin baş verməsində avtomobillərin atmosferə vurduğu zərər böyük rol oynayır. Prezidentin tapşırığı ilə elektrik taksilərin və qazla işləyən avtobusların ölkəyə gətirilməsi prosesi artıq başlayıb. Ötən il Bakı Nəqliyyat Agentliyi 300-dən çox avtobus gətirdi. Gələcəkdə elektriklə işləyən avtobusların gətirilməsi barəsində düşünülür. Ümumilikdə, atılan bu addımlar insanların sağlamlığının və ətraf mühitin qorunması baxımdan vacibdir. Amma bu avtomobillərin servis xidməti, elektrikdoldurma məntəqəsi, ehtiyat hissələri ilə bağlı müəyyən problemlər var. Bu taksilər Bakıda fəliyyət göstərəcəyinə görə, bu imkanlar yaradılıb. Bakı taksi şirkəti də öz qarajlarında bunu təmin edəcək. Amma sıravi vətəndaşların da bu imkanlardan yararlanması üçün şərait yaradılmalıdır. Dünya təcrübəsində belə nümunələr çoxdur. Əlverişli imkanlar yaradılmalıdır ki, bu avtomobil və taksilərə keçid prosesi sürətlənsin. Pandemiya bu sahədə də yeni çağırışlar yaratdı. Biz də bu proseslərdən kənarda qalmamlıyıq. Bu tendensiyanın yaxın müddətdə ölkəmizdə də geniş yayılacağını düşünürəm ”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu taksilərin fəaliyyəti rentabelli olarsa, gələcəkdə onların sayı arta bilər: "Əslində bu, çoxdan gözlənilirdi. Bakı şəhərində elektriklə işləyən ictimai nəqliyyatın və taksilərin fəaliyyəti əsas prioritetlərdən idi. Nəhayət ki, paytaxtımıza ekoloji cəhətdən təmiz taksilərin gətirilməsi prosesi başladı. Bu, çox müsbət haldır. Ekoloji çirklənmənin səviyyəsinə baxsaq, bunun nə dərəcədə vacib bir məsələ olduğunu görə bilərik. Hələlik ölkəmizə 100 taksi gətirilib. Gələcəkdə bu taksilərin sayının artacağına da ümid edirik. Bu taksilər atmosferi çirkləndirmir. Eyni zamanda yeni modellər təhlükəsiz və geniş avtomobillərdir. Həmçinin bu taksilər daha qənaətcildir. Əvvəlki dövrlərdə gətirilən "London taksiləri”nin qiyməti digərləri ilə müqayisədə baha idi. Yaxşı olardı ki, elektriklə çalışan taksilərin qiyməti münasib olsun. Bu taksilərin ölkəmizdə sayının artması onların fəaliyyətinin rentabelli olmasından asılıdır. Əgər bu taksilər rentabelli olarsa və yaxşı gəlir gətirərsə, gələcəkdə onların sayı daha da arta bilər. Bu taksilər ölkəyə dövlət tərəfindən gətirilir. Bu məsələdə qiymət siyasəti mühüm rol oynayır. Yaxşı olar ki, qiymətlər hazırda taksi bazarındakı qiymətlərdən yüksək olmasın. Yalnız o zamana biz bu taksilərin rentabelli fəaliyyətindən danışa bilərik”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər