ATƏT-in Minsk qrupu “yanğınsöndürən” deyil
ATƏT-in Minsk qrupunun
Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Stefan Viskonti, Riçard
Hoqland regiona növbəti dəfə səfər ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin
xüsusi nümayəndəsi Anji Kaspşikin də müşayiət etdiyi səfər çərçivəsində həmsədrlər
iyunun 10-da İrəvanda Ermənistan prezidentiSerj Sarkisyanvə iyunun
19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər. Hər iki
paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr
aparıblar. Bununla yanaşı, iyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və
oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüblər. Vasitəçilər Zəngilan,
Qubadlı, Laçın və Kəlbəcərə, həmçinin Dağlıq Qarabağın ətraf rayonlarına da səfər
ediblər. Bakıda olduqları müddətdə isə həmsədrlər "Dağlıq Qarabağın Azərbaycanlı
İcması” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Bütün görüşlərdə cəbhədəki vəziyyət,
nizamlanma prosesi ilə bağlı durum ətraflı müzakirə olunub. Səfərin yekunu
olaraq, həmsədrlər bəyanat yayıblar. Gözlənilir ki, onlar iyulun 3-dəATƏT-in
Minsk qrupu üzvlərini məlumatlandırmaq üçün Vyanaya yola düşəcəklər. Həmsədrlər
qarşıdakı işləri müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər
nazirləri ilə tezliklə görüşməyi də planlaşdırırlar. Rusiya, Fransa və ABŞ-dan
olan həmsədrlərin regiona növbəti səfərinin nəticələri, cəbhədə yaşanan gərginlik
və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
üzvü, millət vəkili Zahid Oruc cavablandırır.
- Zahid müəllim,
həmsədrlərin regiona növbəti səfəri srağagün başa çatıb. Səfər çərçivəsində
çoxsaylı görüşlər keçirilib, bir sıra fikirlər səsləndirilib, yekun bəyanat
yayılıb. Sizcə, bu səfər Dağlıq Qarabağ münaqişəsi üzrə aktiv danışıqların bərpasına
əsas yarada bilərmi?
- Yarada bilməz. Çünki, həmsədrlərin verdiyi son bəyanat
baş verən toqquşmalara, yaşanan gərginliyə adekvat deyil. ATƏT-in Minsk qrupu
"yanğınsöndürən” funksiyasını üzərinə götürməyib ki, hər dəfə növbətçi
xarakterli bəyanatlar versin. Nə qədər ki, köklü həll baş verməyəcək, onların
verdiyi bəyanatlar vərəq şəklində tankın, topun qarşısına qoyula bilməyəcək. Bu
yolla sülh əldə etmək mümkün deyil. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun
etimadı sıfıra düşüb. İndiki situasiyada isə cəbhə xəttində Ermənistan tərəfindən
atəşkəsin pozulması, atılan güllələr beynəlxalq missiyanın əleyhinədir.
Xatırlayırsınızsa, bir ay bundan öncə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində,
mövqelərimizə olduqca yaxın məsafəyə hava hücumundan müdafiə sistemini –
texnikasını çıxarmışdı. Azərbaycan Ordusunun sərrast atəşi nəticəsində həmin
raket-zenit kompleksi məhv edildi. Bu hadisədən dərhal sonra ATƏT-in Minsk
qrupu bəyanat yayaraq Azərbaycanı dolayısı ilə vəziyyəti gərginləşdirməkdə
günahlandırdı. Bu, erməni dairələrinin beynəlxalq təşkilatların əli ilə Azərbaycan
əleyhinə təbliğatına meydan verilməsi hadisəsi idi. Həmin vaxt Azərbaycanın
günahkar sayılması, irəlidə bu istiqamətdə daha sərt fikirlərlə üzərimizə gəlinəcəyi
barədə ehtimallar yarandı. İndiki reallıqda isə 12 iyun tarixində həmsədrlər
öncə Ermənistanda olublar, ardınca Dağlıq Qarabağ ziyarət olunub. Diplomatlar münaqişə
tarixində çox nadir hallarda özünü göstərən fərqli trayektoriya ilə bəzi görüşlər
keçiriblər. Kəlbəcər, Laçın, Zəngilan və Dağlıq Qarabağdakı görüşləri buna
misal göstərmək olar. Görünür bununla bağlı həmsədrlər Avropa ölkələrinin mərkəzlərinə
raportlar verməli idilər. Mənim üçün sual doğurur ki, həmsədrlərin Kəlbəcərdə
olmasının səbəbi nə idi? Həmsədrlər ordakı şəraiti dəyərləndirmək istəyirlər,
yoxsa əhalini öyrənmək istəyirlərmi? Bu sualları özümüz-özümüzə verdik. Reallıq
budur ki, münaqişə tarixində çox az halda görünən bir hadisə baş verdi. Həmsədrlərin
Bakı səfərində prezident və nazirlərlə yanaşı, Dağlıq Qarabağın azərbaycanlı
icması ilə görüşü sanki balansı qorumağa hesablanmışdı. Amma onlar Bakıda
olduqları müddətdə cəbhə xəttində atəş səsləri kəsilmədi. Lokal toqquşmalar baş
verdi. Bu da əvvəlki illərlə müqayisədə fərqli vəziyyətdir. Bu mənada ki, əvvəllər
həmsədrlərin regiona səfərləri müddətində silahlı qüvvələr də tabeçilik göstərər,
atəşkəsə riayət edilməklə həmsədrlərin danışıqlarından nəticə istədiklərini büruzə
verərdilər. Ancaq bu dəfə belə olmadı.
- Sizin də
qeyd etdiyiniz kimi, həmsədrlərin Bakıya səfəri zamanı cəbhə xəttində vəziyyət
gərginləşdi. Hətta Azərbaycanın bir hərbi qulluqçusu şəhid oldu, Ermənistanın 6
hərbçisi məhv edildi, bir neçəsi yaralandı. Ermənistan tərəfdən atəşkəsin bu şəkildə,
özü də həmsədrlərin Azərbaycana gəlməsi ərəfəsində pozulması hansı anlama gəlir?
- Bunun səbəbini Prezident İlham Əliyev həmsədrlərlə
görüşdə bildirdi. Vəziyyəti düzgün analiz edən dövlət başçısı sərt tonda, açıq
şəkildə Ermənistanın nə istədiyini ifadə etdi. Qeyd etdi ki, Ermənistan nəyin
bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır.
Ölkə başçısı vurğuladı ki, cəbhədə gərginlik yaradan Ermənistan diqqəti yalnız
təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün baş verən hadisələri Azərbaycanı
atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Əslində
dövlət başçısı bu mövqeyi ilə beynəlxalq qüvvələri bir qədər də suçladı.
Yaranan indiki vəziyyət həm də o deməkdir ki, situasiya region dövlətləri tərəfindən
məcradan çıxarıla bilər. Bu halda biz beynəlxalq qüvvələri günahkar saya bilmərik.
Faktiki olaraq Rusiya konfliktin alovlanmasında maraqlı deyil. Ruslar bir neçə
cəbhədə vuruşmaq istəmirlər. Dağlıq Qarabağ Şimali Qafqazda təhlükəsizliyin bir
komponentidir. 1990-cı illərə qayıtsaq, Çeçenistan hadisələrini və onun daha
geniş miqyasda yayılmasını nəzərdən keçirsək görərik ki, bu, doğrudan da belədir.
O zaman baş verən bu hadisə də Dağlıq Qarabağdakı proseslərdən qaynaqlanırdı.
Bu bölgədəki təhlükəsizlik həm də Dağlıq Qarabağdan asılıdır. Əgər Qafqazları
Yaxın Şərqin, Suriyanın arxa cəbhəsinə çevirmək istənilmirsə, gərək bu regionda
sabitlik yaransın. Belə olan halda indiki şəraiti yalnız Ermənistan və Azərbaycan
arasında olan, getdikcə dərinləşən anlaşılmazlıq, siyasi danışıqların iflası
kimi dəyərləndirə bilək. Düzdür, Minsk qrupunun üzvü olan bəzi dövlətlər
arasındakı münasibətlər də münaqişədə az rol oynamır. 2014-cü ilə qədər belə
bir şərait hökm sürmürdü. İndi Rusiyada Donald Trampın gəlişinə bəslənən ümidlər
də puça çıxır. ABŞ-ın yeni prezidenti kabinetindən, ölkəsindən, daxili siyasi
savaşlardan kənara çıxa bilmir. Beləliklə də Rusiya-Amerika əməkdaşlığı
formalaşmır. Əksinə, onlar arasındakı konflikt Suriya və Ukrayna üzərindən bir
qədər də dərinləşir. Bu, bir sıra proseslərə də təsir göstərir. Həm xarici amillər,
həm də daxildəki vəziyyət Dağlıq Qarabağ ətrafındakı prosesləri nəzarətdən
çıxara bilər. Bu, olduqca realdır. Onu da nəzərdən qaçırmamalıyıq ki, cəbhə xəttində
yaşananlar Ermənistandakı siyasi hakimiyyətin vəziyyətinə də təsir göstərir.
Çünki, düşmən ölkədə iqtidarın durumu səngərdəki əsgərindən çox asılıdır. Bütün
bu hadisələr fonunda ATƏT-in Minsk qrupu çalışır ki, münaqişə tərəfləri
arasında yaşanan gərginliyi azaltsın. Ancaq bunun üçün başlıca şərt Ermənistanın
cəbhəyə yaxın ərazilərdə yerləşdirdiyi tank, top və sair hərbi texnikaları geri
çəkilməsidir. Bu da real deyil. ATƏT-in
fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik hərbi kəşfiyyatçıdır.
O, ömrünü bu sərhəd ərazilərin monitorinqinə həsr edib. Onun idarəsini 7 nəfər
tərkibdə daha da genişləndirirlər. Sözsüz ki, o, ATƏT-in baş idarəsinə, ABŞ və
Fransa səfirliyinə münaqişə bölgəsində əsgəri qüvvənin, hərbi texnikanın,
silah-sursatın sayının artması barədə lazımi məlumatlar çatdırır. Hərbi kəşfiyyatçı
kimi Kaspşik yaxşı bilir ki, ötən ilin aprel döyüşlərindən sonra ermənilər ön xətdə
ən müxtəlif tədbirlərə əl atır, Azərbaycan da bunlara seyrçi qalmır. Ümumiləşdirsək,
hazırda münaqişə bölgəsindəki vəziyyəti "sürünən müharibə” rejimi kimi dəyərləndirmək
olar. Toqquşmalar ilboyu baş verir, davamlı xarakter alıb. Avtomatik olaraq bu,
münaqişə tərəfi olan ölkələrdəki duruma da təsir göstərəcək.
- Rusiyalı həmsədr İqor Popov bəyan edib ki, hər iki
prezident sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır. Əgər biz
vaxtilə Ermənistanın sülh danışıqlarını davam etdirmək üçün şərtlər irəli sürməsini
xatırlasaq, rusiyalı həmsədrin indiki bəyanatı onu deməyə əsas verirmi ki, rəsmi
İrəvan artıq belə şərtlər irəli sürmək fikrindən daşınıb?
- Haqlı olaraq belə bir qənaətə gəlmək mümkündür.
Aprel döyüşlərindən sonra Ermənistan tərəfi öz xarici siyasət idarəsinin əli ilə
beynəlxalq aləmə təxminən belə bir şərtlər irəli sürürdü. Ancaq zamanla onların
bir çox arzuları puç oldu. Ermənistan tərəfi tələb edirdi ki, Azərbaycan cəzalandırılmalı
və onun müharibə hüququ əlindən alınmalıdır. Bununla yanaşı, ermənilər istəyirdilər
ki, regionda müxtəlif müşahidə və kamera nəzarəti missiyası yaradılsın, Azərbaycandan
hər atdığı gülləyə görə hesabat tələb olunsun. Bunlar təmin olunmadığı üçün bir
müddət Ermənistan tərəfi danışıqlardan yayındı. Sankt-Peterburq və Vyanada hətta
Azərbaycana müəyyən təzyiqlər də olmuşdu. Ancaq son gərginlik Ermənistanı
danışıqlara gətirəcək. Bu açıq gözlə görünən vəziyyətdir ki, Azərbaycanın hərbi
qüvvələri də artıq danışıqlar prosesinin iştirakçısına çevriliblər. Məhz bu səbəbdən
həmsədrlər regiona səfərləri çərçivəsində prezident və xarici işlər nazirləri
ilə yanaşı, həm də müdafiə nazirləri ilə görüşdülər. Doğrudur, həmsədrlərin
verdiyi bəyanatın ən azı iki bəndini ciddi tənqid etmək lazımdır. Birinci hal
ondan ibarətdir ki, həmsədrlər bəyanatda Qarabağa müraciət edirlər. Bu, olduqca
yanlış yanaşmadır. Çünki, Qarabağ ordusu adlı anlayış yoxdur. Əgər Ermənistanın
fitvası olmasa, Serj Sarkisyanın kabinetindən göstərişlər verilməsə, erməni əsgəri
səngərdən Azərbaycan mövqelərinə bir güllə də atmaz. Digər tərəfdən, bəyanatda
Azərbaycanın adının öncə çəkilməsi hər sətir arasında Ermənistan mənafeyinə
uyğun məna axtaranlara əlavə imkan verir ki, onlar rəsmi Bakının qınandığını
özlərinə və ya kimlərəsə sübut etsinlər. Sanki, atəşkəsi biz pozmuşuq, Ermənistan
da buna cavab verib. Belə olmaz. Ona görə də Azərbaycan tərəfindən ATƏT-in, həmsədrlərin
ünvanına ağır ittihamlar səsləndirilir.
- Həmsədrlər
Bakıda olduğu müddətdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
professor Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlar barədə jurnalistlərə açıqlama verib. O, qeyd edib ki, münaqişənin
dinc yolla həll edilməsi üçün istənilən formatda keçirilən hər bir görüş ortaq
mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq.
Prezidentin köməkçisi bəyan edib ki, əks təqdirdə Dağlıq Qarabağ və işğal
altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunması faktı
qaçılmazdır. Bu, Azərbaycanın danışıqlar prosesindəki qətiyyətli mövqeyinin
daha da sərtləşdirilməsi kimi qiymətləndirilə bilərmi?
- Azərbaycanın diplomatik dili haqlı olaraq sərtləşib.
Bu, baş verən son proseslərə adekvatdır. Digər tərəfdən, 2016-cı ilin aprel
döyüşlərindən sonra çox böyük vədlər verilmişdi. Hətta bu vədlər "Lavrov planı”
adı altında təqdim edilirdi. Bu plan "Kazan danışıqları”nın yenilənmiş
versiyası da sayılırdı. Söhbət münaqişənin mərhələli həllindən, işğal altındakı
bir sıra rayonların azad edilməsindən və sairdən gedirdi. Ancaq görünən budur
ki, indiyə qədər heç bir nəticə hasil olmayıb. Sanki, Medvedyevin pıçıltı ilə
söylədiyi - "Qan tökülməsindənsə, dondurulmuş vəziyyət daha məqbuldur” – fikri qalib
gəldi. Halbuki, bu yanaşma da qeyri-realdır. Məsələnin digər tərəfi bundan ibarətdir
ki, hərbi status-kvo dəyişib. Azərbaycan Ordusu bütün parametrlər üzrə güclənib,
cəbhə xəttində də möhkəmlənib. Azərbaycan Silahlı Qüvvələrini 1990-cı illərin
ordusu ilə müqayisə etmək olmaz. Aprel döyüşləri bu faktı əyani şəkildə göstərib.
Bu da erməni qafasında bir qədər dəyişiklik yaradıb, keçilmiş "qırmızı xətlər”
aradan qalxıb, əvəzlənib. Bir daha əvvəlki fikrimə qayıdıram ki, münaqişə bölgəsində
müharibə vəziyyəti realdır. Ermənistan tərəfi Bakını hədəf seçəcəklərini, bu
addımları ilə Qafqazdakı "barıt çəlləyini” partladacaqlarını, böyük savaşa səbəb
olacaqlarını söyləyirlər. Yaxud da antirusiya ritorikasını kəskinləşdirirlər
ki, guya Rusiya əleyhinədirlər və sair. Bütün olanlara rəğmən, regionda,
münaqişə tərəfləri arasında gərginlik heç zaman olmayacaq qədər artıb. Hərbi kəşfiyyat
məlumatları da onu deməyə əsas verir ki, yenidən vəziyyətin nəzarət altına
qaytarılması məqsədilə toqquşmaların olması mümkündür.
Rufik
İSMAYILOV