• çərşənbə, 24 Aprel, 23:21
  • Baku Bakı 23°C

ATƏT-in əsassız hesabatını beynəlxalq ictimaiyyət də qınayır

27.09.13 10:19 1445
ATƏT-in əsassız hesabatını beynəlxalq ictimaiyyət də qınayır
Məlum olduğu kimi, ATƏT/DTİHB ölkəmizdə bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabat yayıb. Sözügedən hesabatda bir sıra qeyri-obyektiv və subyektiv mülahizələrə söykənən məqamlar öz əksini tapıb. ATƏT-in hesabatında yer alan sözügedən məqamlar yerli ekspert və QHT-lərlə yanaşı, Avropada yerləşən bəzi qurumlar tərəfindən də əsassız hesab olunur.
Onlardan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) prezident seçkilərinə hazırlıq işlərinə dair aralıq hesabatını təhlil edərək onun qeyri-obyektiv hesab edib. ASKTM-in bununla bağlı qeydlərində bildirilir ki, Azərbaycan Respublikası neft və təbii qaz ehtiyatlarına, eyni zamanda, dövlət ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının təsirlərini dinc yolla aradan qaldırmaq sahəsindəki bacarıqlarını nümayiş etdirdiyinə görə daha çox mühüm işgüzar tərəfdaşa çevrilməkdədir. Qeyd etmək lazımdır ki, sülh siyasəti Cənubi Qafqaz regionunda, hətta bütövlükdə Qafqaz regionunda müstəsna haldır, lakin şübhəsiz, bu siyasət Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərindəki suverenliyindən imtina etməsi anlamına gəlmir.
Göründüyü kimi, ASKTM ATƏT/DTİHB-dən fərqli olaraq hesabat hazırlayarkən daha geniş faktorları nəzərə alıb. Təşkilat ilk növbədə ölkəmizin erməni işğalına məruz qaldığı bir şəraitdə bu günkü nailiyyətləri əldə edə bilməsini böyük uğur adlandırır. Həmçinin bununla təşkilat Azərbaycanın işğala məruz qalan bir tərəfdaş kimi Avropanın diqqətindən kənarda qalmamasını qabardır. Digər tərəfdən Azərbaycanın Avropa üçün vacib enerji təchizatçısı olan bir tərəfdaş kimi qərəzsiz münasibətə layiq oduğunu xüsusi vurğulayır. Məlum olduğu kimi, Azərbaycanın Avropanın enerji ilə təmin olunmasındakı rolu getdikcə artır. Məhz bütün bu addımlar ölkəmizin Avropaya inteqrasiyasını şərtləndirən amillərdir. Qərbdə ölkəmizin məhz bu kimi bağlarla Avropaya yaxınlaşma istiqamətindəki səylərinə həssaslıqla yanaşılması zərurətini ortaya qoyur. Bütün bunlar isə əlbəttə ki, hazırkı iqtidarın apardığı qərbyönümlü uğurlu siyasətin bəhrəsidir.
Ölkəmizin müharibə şəraitində, daha çox ziyan çəkən tərəf olsa da, hər vəchlə bölgədə sülhün tərəfdarı kimi çıxış etməsinin diqqətəlayiq olması da hesabatda qabardılır. Bu da mühüm məqamdır. Bu məqamları qabartmaqla təşkilat ATƏT/DTİHB-dən daha həssas və çoxaspektli yanaşma tələb edir. Eyni zamanda ölkənin və bölgənin spesifikasının da nəzərə alınmasını xatırlatmaqla, ATƏT-dən daha obyektiv yanaşma ortaya qoyduğunu nümayiş etdirmiş olub.
Qeyd edək ki, ASKTM 2011-ci ilin payızından Bakıda daimi ofis açıb və təşkilatın növbəti missiyası 2013-cü il oktyabrın 9-da prezident seçkilərində ölkədə müşahidə missiyasını icra etməkldən ibarətdir. ASKTM-in seçki ilə bağlı sorğuları, eləcə də ekspertlərinin Azərbaycan barəsində topladığı məlumatların təhlilindən sonra belə nəticəyə gəlinib ki, ölkə Avropa İttifaqı ölkələrinə bənzər demokratik ruhlu sistemə sadiq "müsbət idarəçilik" modelidir.
Təşkilat ATƏT/DTİHB-nin aralıq hesabatını bütünlüklə təhlil edərək bir sıra məqamlara aydınlıq gətirib. Belə ki, məsələn, ATƏT/DTİHB ilk aralıq hesabatında iki dəfə göstərir ki, 2010-cu ildə keçirilmiş seçkilərdə şikayətlər barədə qərar çıxarılması müddəti istisna olmaqla, seçki prosesilə bağlı Azərbaycan hakimiyyət qurumlarına verdiyi digər tövsiyələr icra edilməyib.
ASKTM haqlı olaraq təəccübünü bildirir ki, əgər Azərbaycan dövləti əgər ATƏT-in, bir sözlə, heç bir tövsiyəsini icra etmədiyi təqdirdə, qurum nə üçün onunla tərəfdaşlığı son qoymayıb? Deməli, irad əsassızdır və bunu ASKTM faktlarla sübut edib. ASKTM araşdıraraq belə qənaətə gəlib ki, ATƏT-in hesabatı qərəzlidir və Azərbaycan hökuməti hazırkı dövrədək seçki ilə bağlı 25 tövsiyəni icra edib. Hər bir tövsiyəni xatırladan və onun yerinə yetirilməsi ilə bağlı geniş şərh verən ASKTM ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışan ATƏT-in qərəzini açıq şəkildə ortaya qoymuş olub.
Aralıq hesabatda ATƏT/DTİHB Azərbaycan Respublikasında mətbuat azadlığını sual altına qoyur. Hazırda ölkədə olan müşahidə missiyası (SMM) prezident seçkilərinə müxtəlif namizədlərin mediaya bərabər çıxışının olmasını yoxlamaq üçün altı televiziya kanalı və beş qəzetdə müxtəlif keyfiyyət və kəmiyyət monitorinqi aparacaq. Bu monitorinq 4 sentyabrda başlayıb. ASKTM bildirir ki, SMM monitorinq keçirilmiş 11 medianın seçilmə meyarlarını təqdim etsəydi, maraqlı olardı.
Təşkilat hesabatında bildirib ki, bütün ölkə boyu yayım etmək üçün lisenziya almış özəl kanallar sayəsində son illərdə media mənzərəsi nəzərçarpan dərəcədə genişlənib. Bununla da qurum ölkəmizdə media mühitinin inkişaf etdiyini qeyd edib.
Həqiqətən də son dövrlər Azərbaycanda medianın həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişafı göz qabağındadır. Seçki prosesində də medianın sərbəst fəaliyyəti hiss olunur. İstənilən namizədi təbliğ etmək istiqamətində media orqanları müstəqil qərarlar qəbul edirlər. İnternetin inkişafına yaradılmış şərait də medianın yeni qolunun sürətlə populyarlaşmasına və ölkədə ictimai rəyin formalaşdırılmasına təsirini artırmaqdadır. Bu baxımdan ASKTM-in ölkədə media mühiti ilə bağlı fikirləri həqiqəti əks etdirir. ATƏT-in hesabatında da bunun obyektiv şəkildə əksini tapması ədalətli olardı.
ASKTM-in təhlilində ATƏT/DTİHB-nin aralıq hesabatında qaldırılmış digər bir məsələ kimi anonim əlaqələrin 8 jurnalistin fikir azadlığına görə həbsdə olması barədə şahidlik etməsidir. ASKTM bildirir ki, bu 8 jurnalistin şəxsiyyəti ATƏT/DTİHB tərəfindən açıqlanmayıb və həbs edilmiş jurnalistlərə gəldikdə, müsbət media yayımını nəzərə alsaq, bu ehtiyatlanma istəyi təəccüb doğurur.
Təhlildə o da vurğulanır ki, hazırda həbsdə olan və ya rəsmi ittiham olunan doqquz jurnalist və fəalın (onlardan ikisi növbəti siyahıda 3-cü bənddə, digər 7 iş isə fərdi təqdim edilmişdir) obyektiv məhkəmə prosesi ortadadır və ilk baxışda görünür ki, ittihamlar "fikir azadlığı cinayəti" deyil, adi ağır cinayətlərə görədir.
ASKTM təhlilini davam etdirərək göstərir ki, ATƏT/DTİHB aralıq hesabatının 9-cu bəndində aydın olmayan şəkildə Cinayət Məcəlləsinə edilmiş son düzəlişləri və məlumat əldə etmə və ticarət sirlərinə dair qanunları sual altına qoyur. ATƏT/DTİHB-yə görə bu qanunvericilik dəyişiklikləri fikir azadlığına təhlükə ola bilər.
ASKTM bu mətnləri araşdırdıqdan sonra müxtəlif nəticələrə gəlib. Belə ki, qurum ekspertlərinin fikrincə, 2012-2013-cü illərdə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərə yalnız sanksiyaların artması kontekstində baxılmamalıdır. Düzəlişlər Məcəllədəki bəzi boşluqları və ziddiyyətləri aradan qaldırmaq və beləliklə, insanların hüquqları və qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınmasını və ictimai asayişin qorunmasına bundan sonra zəmanət verilməsini təmin etmək məqsədilə təqdim edilib.
ATƏT/DTİHB ilk aralıq hesabatının 3 saylı bəndində respublikanın hazırkı Prezidenti İlham Əliyevin üçüncü müddətə namizədliyini irəli sürə bilməsi faktını sual altında qoyur. ASKTM-in təhlilində isə göstərilir ki, Konstitusiya ilə icraedici hakimiyyətin rəhbərinə verilən dəfələrlə seçilmək imkanı bir çox Qərb demokratiyaları tərəfindən tamamilə qəbul olunur:
«Böyük Britaniyaya gələndə, məsələn, baş nazirlər Marqaret Tetçer və Toni Bleyer hər ikisi üç dəfə ardıcıl olaraq seçkidə qalib gəliblər. Almaniyada kansler Angela Merkel hazırda vəzifəsinə ardıcıl üçüncü müddətə namizəddir, sabiq kansler Helmut Kol isə 16 il hakimiyyətdə qalıb. Ardıcıl olaraq iki dəfədən artıq vəzifələrini icra edən siyasi liderlərin sayı və ya nümunələri həqiqətən çoxdur".
Bundan başqa, ASKTM ATƏT-in prezidentliyə namizədlər arasında qadınların olmaması ilə bağlı iradını da qeyri-ciddi hesab edərək klassik fransız demokratiyasını misal çəkməklə, bunu anlamsız hesab etdiyini vurğulayıb.
Göründüyü kimi, yaydığı aralıq hesabatla Azərbaycanın qeyri-demokratik imicini yaratmağa cəhd göstərən ATƏT/DTİHB-in yanaşması Avropada fəaliyyət göstərən digər bir analoji araşdırm mərkəzi - ASKTM tərəfindən ifşa edilib.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər