• cümə axşamı, 28 mart, 20:02
  • Baku Bakı 13°C

Atasının acığına stenoqrafçı olan millət vəkili – Mən gənc olarkən

12.05.14 10:14 3322
Atasının acığına stenoqrafçı olan millət vəkili – Mən gənc olarkən
Hansı sahədə olmasına baxmayaraq heç vaxt sıradan biri olmaq istəməyib. Məhz buna görə orta məktəbdə 10 il yiyələndiyi balerinalıqdan vaz keçib. Gözləri zəiflədiyindən bu sahədə uğur qazana bilməyəcəyini düşünüb və karyera yolunu elə orta məktəbdəcə cızıb. Həmsöhbətimiz nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü, uzun müddət müxtəlif media qurumlarında jurnalist kimi çalışan “Şöhrət” ordenli millət vəkili, filologiya elmləri namizədi Elmira Axundovadır.
Komandanın qapıçısı
E.Axundovanın atası ali təhsil almamasına baxmayaraq, geniş dünyagörüşü və savadı nəticəsində Böyük Vətən Müharibəsi illərində polkovnik-leytenant rütbəsinədək yüksəlib. Ukraynadan olan anası elə öz vətənində texnikumu bitirərək mühəndislik ixtisasına yiyələnib. Ukraynadan Azərbaycana Bakı Vağzalının tikintisində mühəndis kimi işləməyə ezam edilib. Elə burada da gələcək azərbaycanlı həyat yoldaşı ilə tanış olublar. Heç vaxt valideynlərindən onların tanışlıq tarixçəsini soruşmadığını deyən müsahibimiz deyir ki, başqa versiyaya görə, valideynləri qatarda tanış olublar: “O vaxt qatarda tanış olmaq dəbdə olduğundan belə bir versiya da var ki, valideynlərim elə qatardaca bir-birinə könül veriblər. Atamla anamın evlənməyinə ata nənəm razı deyilmiş. Gəlininin mütləq azərbaycanlı olmasını tələb edirmiş. Amma atam artıq evlənmişdi və ailəsinin dağılmaması üçün inad göstərdi. Sonra nənəm də anamı sevdi və ömrünün sonuna qədər ukraynalı gəlininin yanında qaldı”.
Bu izdivacdan 4 uşaq dünyaya gəlir - 2 qardaş, 2 bacı. Evin sonbeşiyi olan E.Axundova Moskvanın Ramensk rayonunda dünyaya göz açır. 6 yaşında Bakıya köçürlər və uşaqlığı “Sovetski”də keçir. Dediyinə görə, çox gözəl, maraqlı uşaqlıq illəri olub. Qardaş-bacısı, həyətdəki uşaqlarla cürbəcür oyunlar, klas-klas, hətta futbol oynayarmışlar. Qardaşı da həmişə evin sonbeşiyini qapıçı təyin edirmiş. Çünki E.Axundova bu işin öhdəsindən lazımınca gəlirmiş: “O vaxt bizim bütün oyunlar canlı idi, uşaqlarla ünsiyyətimiz var idi. İndiki uşaqlara yazığım gəlir. Çünki əksəriyyəti canlı oyunun nə olduğunu bilmir, bütün günü kompyuterdə əylənirlər”.
“Balerina olmaqdan vaz keçdim”
Orta məktəbə Bakı Xoreoqrafiya Məktəbinə gedib. Digər məktəblərdə oxuyan şagirdlərdən fərqli olaraq burada həm orta məktəb dərsləritədris edilir, həm də xüsusi ixtisasa yiyələnirmişlər. E.Axundova da məktəbdə balerina dərsləri alır. O zamanlar Bakı həddindən artıq beynəlmiləl şəhər olduğundan sinifdə yeganə azərbaycanlı E.Axundova imiş. Dərslərinin çətin olmasına baxmayaraq, həm dərslərini yaxşı oxuyur, həm də məktəbin yuxarı siniflərində komsomol katibi kimi vəzifənin də öhdəsindən gəlir. Orta məktəbdə ictimai-fəal şagird olan həmsöhbətimiz gözləri zəiflədiyinə görə yaxşı balerina ola bilməyəcəyini düşünür: “Düzdür, balerina ola bilərdim, amma seçilən deyil, sıradan bir balerina. Mənsə hansı sahədə olmama baxmayaraq sıradan biri olmaq istəmirdim. Buna görə də balerina olmaqdan vaz keçdim”.
“Ukraynalı nənəm kəndə düşüb bizə çay axtarmağa başladı”
Orta məktəbdə oxuduğu illərdə yay məktəblərinə getdiklərini deyən millət vəkilinin sözlərinə görə, orada yeniyetmələr bir-birinə könül verərmiş: “Yaxşı sərgüzəştlərimiz olardı”.
E.Axundova tətillərdə ata yurdu Masallıya, ana yurdu Ukraynaya getdiklərini deyir: “Bir dəfə Ukraynaya nənəmgilə getmişdik. Nənəm səhər-səhər blinçikdən, yumurtadan tutmuş kökəyə, südə kimi hər şey hazırlayıb süfrəyə düzdü. Amma biz qardaş-bacılar heç birimiz əlimizi süfrəyə uzatmadıq. Çünki biz səhərlər şirinçayla pendir-çörək yeməyə öyrəşmişdik. Nənəm gördü ki, süfrəyə əl uzatmırıq, anama baxdı. Anam da bizim nə istədiyimizi nənəmə izah etdi. Qeyd edim ki, Ukraynada çayın əvəzinə süd içdiklərindən orada quru çay demək olar tapılmır. Nənəm kəndə çıxdı və evbəev gəzib bizə quru çay axtarmağa başladı. Axırda çox çətinliklə bir evdən tapmışdı. Gətirib çay dəmlədi, bundan sonra yeməyə başladıq. Nənəm dedi ki, “uşaqlara yazığım gəlir, bu nə səhər yeməyidir”.
“Atamın acığına texniki-peşə məktəbinə qəbul oldum”
Orta məktəbi bircə “4”lə bitirən E.Axundova riyaziyyatdan təsadüfən aldığı “4”ə görə qızıl medaldan məhrum olur. Bacısı və qardaşları ali məktəbi Moskvada oxuyurlar. Elmira xanımın evin sonbeşiyi olması isə Moskvanın qapılarını onun üzünə bağlayır. Moskva Dövlət Universitetində təhsil almaq istəsə də, atası buna icazə vermir. Deyir ki, “bütün övladlarım Moskvada təhsil alır, sən getsən, biz burada tək qalacağıq”. Elmira xanım buna etiraz əlaməti olaraq sənədlərini ali məktəbə verməyəcəyini, texniki-peşə məktəbində strenoqrafçılıq sənətinə yiyələnəcəyini bildirir. Atası qızını yola gətirmək üçün nə qədər cəhd etsə də, Moskvada təhsil almaq arzuları çin olmadığına görə E.Axundova da acığını bu cür çıxartdı. Şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına daxil olur: “Fikirləşdim ki, burada oxumayacağam, “yola verəcəyəm”. Atamdan acığımı çıxandan sonra da sənədlərimi indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verəcəyəm. Amma texniki məktəbə daxil olandan sonra öyrəndim ki, burada oxumamaq şansım yoxdur. Bütün qiymətlərim əla olmalıdır ki, bitirən kimi ali məktəbə daxil ola bilim. Əks təqdirdə, buranı bitirib yalnız 3 il işlədikdən sonra ali məktəbə sənəd verə bilərdim. Buna görə məcbur olub burada da yaxşı oxumaq məcburiyyətində qaldım”.
Dərslərini yaxşı oxumaqla yanaşı, E.Axundova dərsdən əlavə işlərlə də məşğul olur. İncəsənətə marağı olduğundan qrup yoldaşı ilə o vaxt dindar atasından gizli teatra gedir. İndiki “Four season” hotelinin yerində olan Bakı Teatr Məktəbində hətta tamaşalarda baş rolları ifa edir.
“İmtahanda həmişə müəllimin üzünə baxardıq”
Stenoqraf sənətinə yiyələndikdən sonra sənədlərini indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verərərk universitet tələbəsi olur. Tələbəlik illərində də dərslərini yaxşı oxuyur, universiteti fərqlənmə diplomu ilə bitirir.
Orta məktəbdə olduğu kimi, ali məktəbdə də rus bölməsində yəhudilərlə, ermənilərlə, ruslarla birlikdə oxuyur: “Dil-ədəbiyyat müəllimimiz var idi. Həmişə mənimlə fəxr edirdi ki, rus bölməsində oxumağıma baxmayaraq, Azərbaycan dilini bilirəm. Mənə üzündən oxumaq üçün Azərbaycan dilində mətnlər verir və mən oxuduqca o, bundan zövq alırdı.
“Üzgüçülük məni belə gümrah saxlayır”
Kiçik yaşlarından idmanla məşğul olmağı sevən müsahibimiz indiyə qədər üzgüçülüyə gedir. Dediyinə görə, 10-12 il bundan əvvəl şəkərli diabetə tutulub, məhz üzgüçülük sayəsində xəstəliyə qalib gələ bilir: “Üzgüçülük məni belə gümrah saxlayır. İndi də həftədə 2-3 dəfə hovuza gedirəm. Hətta 4 yaşlı nəvəmi də özümlə aparıb üzməyi öyrətmişəm”.
“Vəzifədə olmasam, kompyuterdə yığıcı işləyərəm”
Millət vəkili indiki gənclərdən də şikayətləndi: “İşsizliyə görə mənə müraciət edən gənclər olur. Soruşuram ki, nəyi bacarırsınız. Məlum olur ki, ali məktəbi bitirən də, bitirməyən də heç nəyi bacarmır, yəni əllərində bir sənət yoxdur. Ancaq birdən-birə kabinetdə oturmaq, vəzifə istəyirlər. Buna görə də iş tapa bilmədiklərini deyən gəncləri başa düşə bilmirəm. Çox istərdim ki, gənclərimiz hansısa vəzifəyə pillə-pillə qalxsınlar. İşsizlikdən şikayət edən gənclərə həmişə özümü misal çəkirəm ki, hazırkı vəzifəmdə olmasam, kompyuterdə yığıcı işləyib halal pulumu qazana bilərəm”.
E.Axundova bu gün ölkəmizdə peşə sahələrinin inkişafına ehtiyac olduğunu deyir: “İxtisaslı aşpazlara, bənnalara, xarratlara, ustalara, müxtəlif peşə sahiblərinə ehtiyac var. Azərbaycanda peşə sahəsinin inkişafı qaçılmazdır. Məsələn, Şəkidə ipəkçiliyi inkişaf etdirmək istəyirlər. Bunun üçün ipəklə işləyə bilən qızlar lazımdır”. Müsahibimiz gənclərin bu gün vaxt çatışmazlığından şikayətlənmələrindən də narazılığını bildirdi: “O vaxt biz hər şeyi çatdırırdıq. Həm oxuyur, həm işləyir, həm mütaliə edir, həm idmanla məşğul olur, dostlarımıza vaxt ayırır, hətta gənc yaşlarımızda ailə də qururduq. Amma indiki gənclər daim vaxt azlığından şikayət edirlər. Halbuki vaxtlarını düzgün bölüşdürsələr, hər şeyi çatdırarlar”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər