• şənbə, 20 Aprel, 13:55
  • Baku Bakı 23°C

“Atamın bir kəlməsi həyatımı dəyişdi” – Uğur hekayəsi

27.10.14 10:53 4710
“Atamın bir kəlməsi həyatımı dəyişdi” – Uğur hekayəsi
Gənclərin tez işləməsinin tərəfdarıdır. Deyir ki, gənclər zəhmətlə qazanıb aldıqlarının qədrini bilir. Üstəlik, gələcək keşməkeşli həyat yollarına da hazır olur, işdə təcrübə və bilik qazandıqlarından büdrəmirlər. Müsahibimiz enerji dolu bir xanım, Four Seasons Hotelinin ictimaiyyətlə əlaqələr sektorunun direktoru Aynur Məmmədovadır.
- 18 yaşınızdan işə başlamısınız. Maraqdan, ya maddi imkansızlıqdan...
- İkinci kursda oxuyarkən işə başladım. Maddi cəhətdən təmin olunmuş ailədən idim. Amma üzərimdə daim nəzarət olurdu. Evə axşam 9-dan gec gəlməyə qoymurdular. Bir gün uşaqlarla gəzməyə çıxmışdıq, evə 9-da deyil, 11-in yarısı gəlib çıxdım. Mübahisəmiz düşdü. Atam dedi ki, “nə vaxt özün qazanarsan, onda istədiyini edərsən”. Əslində atam bu cümləni əsəbiləşib demişdi, yəni mənim işləməyimi nəzərdə tutmurdu. Amma uşaqlıqdan qürurlu olduğumdan o cümlə mənə çox pis toxundu. Beləcə, iş axtarmağa başladım. Şirkətlərdən birində qəbul şöbəsində işə düzəldim, sonra yavaş-yavaş müxtəlif sferalara keçdim. Bir sözlə, atamın bir kəlməsi həyatımı dəyişdi.
- İşə başlayanda evdə narazılıq olmadı ki?
- İşlədiyim ilk 3-4 ili ailəmdə çox narazılıq edirdilər. Bir var, işləyib qurdunu öldürür və sakitləşrsən, amma mən günbəgün daha şox şey istəyirdim. Hansısa işə başlayırdım, sonra başqa bir işə keçirdim. Bu zaman valideynlərim başa düşdülər ki, məni başqa cür “kontrol” etmək lazımdır. Beləliklə, anam dostlarımla dostlaşmağa başladı. Mən olmayanda belə dostlarım, iş yoldaşlarım rahat şəkildə bizim evə gəlub anamla dərdləşirdilər. Dostlarım ailəmlə o qədər yaxın idilər ki, anamgil də başa düşdülər ki, bu uşaqlar pis işlərdən uzaqdırlar və özlərini sırf işə həsr ediblər. O zaman televiziyada işə başlamışdım, tədbirlər gec qurtaranda evə gec gəlirdim. Artıq valideynlərim rahat idilər, bilirdilər ki, hardayam, kiminləyəm, nə edirəm. Hətta mənimlə qürur duyurdular.
- Valideynlərin əksəriyyəti uşaqlarını tez işləməyə qoymurlar. Elə gənclərin də çoxunun tələbəlik illərində işləməyə həvəsi olmur. Təcrübədən çıxış edib nə deyərdiniz, tez işləməyin üstün cəhətləri hansılardır?
- Düşünürəm ki, yeniyetmə universitetə daxil olan kimi pulsuz da olsa, təcrübə toplamaq üçün hardasa işə başlamalıdır. Çünki bəlli bir zamandan sonra hansı cinsə mənsub olmasından asılı olmayaraq, yeniyetmə artıq ayaq üstə durmağı bacarmalı, həyata hazır olmalıdır. Çünki müəyyən yaşa gəlib çatanda valideynlərini saxlayır və ailə qurmağa hazırlaşır. Çox vaxt eşidirik ki, hansısa gənc avtomobil qəzasına düşüb, yaxud pis yola sürüklənib. Ancaq insan özü qazananda ağlı başında olur, nə gedib pis yola düşmür, nə də özü aldığı avtomobildə sürət həddini aşır, maşınına bir balaca cızıq düşməsini belə istəmir. Çünki gecələr yatmayıb, dərsə gedə-gedə işləyib öz zəhməti ilə maşın alıb. Ya da qızlar öz qazandıqları pulla aldıqları geyimin, aksessuarın qədrini daha yaxşı bilir. Gələcəkdə ana olarkən düşünürəm ki, mənim də uşaqlarım məktəbi bitirib universitetə daxil olan kimi çalışmalıdırlar. Demirəm, həmin dəqiqə yüksək vəzifədə işləməlidirlər. Xeyr. Adi işlərdən başlamalıdırlar. Bu zaman işi bütün detallarına qədər öyrənmək olur. İşə tez başlayan insanlarda güc yaranır, həyatda müqavimət göstərə bilirlər. Nəzərə almaq lazımdır ki, valideyn hər zaman arxanızda olmaya bilər. İşləməyin bir müsbət cəhəti də odur ki, müəyyən vaxtdan sonra qazandığın biliyi, təcrübəni heç kəs əlindən ala bilməz. Kimsə səni hardasa işə düzəldə bilər, yaxud şansın gətirər, yaxşı yerdə işə düzələ bilərsən, amma biliyin olmasa, həmişə işini itirməkdən qorxacaqsan. Sənin biliyin varsa, işəgötürən səni itirməkdən qorxacaq.
- Pul yığmaqla aranız necədir?
- Anam pulumu yığmaqda mənə kömək edir. Aylıq xərcliyimi maaşımın üstündən götürüb qalanını anama verirəm. Bəzən gözləmədiyin xərc çıxır. Bu zaman anam pulumun üstündən götürüb mənə verir. Ancaq bunu borc alıram və ilk olaraq onu gətrib yerinə qoyuram. Məncə, avtomobili, evi dəyişmək üçün pul yığmaq lazımdır. Belə etdikdə gələcəyini də planlaşdıra bilirsən. Onu da deyim ki, pul elə bir şeydr ki, gedəcək də, gələcək də. Amma sənin işləyərək qazandığın təcrübəni, biliyi heç vaxt heç kim əlindən ala bilməz.
- İqtisadiyyatı bitirmisiniz. Ancaq jurnalistika, PR işi ilə məşğulsunuz...
- Əslində uşaqlıqda fikrim var idi ki, psixoloq-kriminalist olum. Valideynlərim isə hüquqşünas olmağımı istəyirdi. İxtisasları yazanda ilk yerlərdə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq ixtisaslarını qeyd etdim. Ancaq sonlarda yazdığım tarix fakültəsinə düşdüm. Mənim də rəqəmlər olduğu üçün tarixdən heç xoşum gəlmirdi. Dedim, öldürsəniz də, getməyəcəyəm, sonda valideynlərim mənimlə razılaşmalı oldular. Beləliklə, topladığım balla Rostovda Cənubi Rusiya Humanitar İnstitutunun psixologiya fakültəsinin qiyabi şöbəsinə qəbul oldum. İkinci ili başa düşdüm ki, psixologiya mənlik deyil və ixtisasımı iqtisadiyyata dəyşdim. İkinci ixtisasım isə Odlar Yurdu Universitetində tərcüməçilikdir. Amma işimlə dərslərimi çatdırmadığımdan 3-cü kursdan təhsilimi yarımçıq qoydum. Beləcə, real ixtisasımla daxilimdən gələn iş fərqli oldu.
- Aynur xanım, jurnalistikaya necə gəldiniz?
- Reklam işləri görən şirkətlərdən birində işləyirdim. Bir gün elə oldu ki, Nərgiz Cəlilova ilə birlikdə reklam səsləndirdik. Orta məktəbi rus bölməsini bitirdiyim, ali məktəbi də rus bölməsində oxuduğum üçün Azərbaycan dilim bərbad idi. Reklamı oxuyarkən Nərgiz Cəlilova mənimlə çox əziyyət çəkdi. Amma səsimi televiziyada eşidəndə xoşum gəldi. Həmin şirkətdə işləyərkən Aqil M. Quliyevlə tanış oldum. Aqil təklif etdi ki, ABA telekanalında özünü sınayım. Razılaşdım, sınağa getdim, məni çəkdilər. Aqildən 3 ay səs-soraq çıxmadı. Artıq neft şirkətində işə düzəldim, ilk iş günümdə Aqil zəng etdi ki, müsabiqədən keçmişəm. Tez işdən qaçdım və ABA telekanalında 3 ay pulsuz işlədim, həm də üzərimdə çox gərgin işləyərək Azərbaycan dilini öyrəndim. Tədbirləri işıqlandırmağa, sonra nazirliklər, verilişlər üçün ssenarilər yazmağa başladım. Hətta filmlərə də ssenari yazır, verilişlərə prodüsserlik edirdim. 1 ildən sonra Lider TV-də işə başladım. Burada da 8 il çalışdım. TV ilə yollarımı ayırmağa qərar verərək “OK” jurnalına menecer keçdim. İki il işlədikdən sonra başa düşdüm ki, oradan da bezmişəm. Onu da deyim ki, mən heç zaman iş axtarmıram, həmişə ani olaraq qarşıma nəsə çıxır. Dostlarım zəng etdilər ki, Park Bulvar Ticarət Mərkəzində PR menecer axtarırlar. Gedib danışdım və qəbul etdilər. Bu sahə mənim üçün yeni olmasına baxmayaraq, çevrəm geniş olduğundan yeni layihələr həyata keçirirdim və iş mənə rahat gəlirdi. İki ildən sonra Four Seasons Hotelindən iş təklifi aldım. Hoteldə ilk azərbaycanlı işçi olaraq fəaliyyətə başladım. O vaxt hoteldə hələ tikinti işləri gedirdi və rəhbər vəzifələrdə ancaq əcnəbilər çalışırdı. Onu da deyim ki, Park Bulvarda da işə başlayanda tikinti gedirdi.
- Karyera yolunuza nəzər saldıqda görmək olur ki, indiyədək 10-a yaxın yerdə çalışmısınız, daim axtarışda olmusunuz. Necə düşünürsünüz, hazırda balıq öz qabındadır?
- Bəli, istədiyim yerdəyəm. Hiss edəndə ki, işdə yeni bir şey öyrənmirəm, sadəcə öyrədirəm, eyni yerdə durmuşam, artıq iş mənə maraqsız gəlir. Buna görə iş yerimi tez-tez dəyişmişəm. Nə vaxt ki, bir yerdə durmaq anım olacaq, o zaman işimi dəyişəcəm. 3 ildən çoxdur buradayam, hələ ki, öyrənirəm və hiss edirəm ki, hələ öyrənəsi çox şey var.
- Həyatda və işdə özünüzü necə xarakterizə edərdiniz?
- Həyatda gülərüzəm. Qoyulan məqsədlərə nail olmağı sevirəm, bu da mənə mane olur. Yalanı sevmirəm, nə varsa üzümə deyilməsini xoşlayıram. Təkliyi sevirəm. Buna görə də xarici ölkələrə tək getməyə üstünlük verirəm. Özüm üçün gəzirəm, enerji toplayıram, fikrilərim yerinə gəlir, rahatlanıram. Elə adam var ki, tək qalmaqdan qorxur, mama mən tək qalanda enerji toplayıram. Ailədə daha çox sakitəm. Amma iş zamanı enerjiliyəm. Nə qədər çox işləsəm, enerjim bir o qədər çox olur. Ətrafımda pozitiv insanların olmasını xoşlayıram. İnsandan neqativ gələndə ondan uzaqlaşıram. Elə insanlar olur ki, maddi imkansızlıq ucbatından nələrininsə olmamasından şikayətlənirlər. Amma həmin şeyi əldə etmək üçün çalışmırlar. Belə insanlara demək istərdim ki, get işlə, çalış, al. İnsanların çoxu şikayət etməyi xoşlayır, amma işə gələndə çox əziyyət çəkmək istəmirlər.
İşdə çox tələbkaram. Əgər layihə yazılıbsa, nöqtəsinə, vergülünə qədər hər şey yüksək səviyyədə və ilk anda düşünüldüyü kimi gerçəkləşməlidir. Buna görə komandamın üzvlərinə qarşı çox tələbkaram. Çünki sənin bir səhvin sabah hotelin imicinə zərbə vura bilər. Bilirsiniz də, imici korlamaq nədir. O qədər yaxşı şey edirsən, bir dənə balaca səhv elə şişirdilir ki, gördüyün bütün yaxşı işləri silib aparır. Buna görə işdə diqqətli olmaq lazımdır. Amma işdən kənarda deyib gülürük, hamı eynidir, müdir-işçi söhbəti ola bilməz.
- Ənənəvi sualımız. Uğur sirriniz nədədir?
- Hər zaman sevdiyim işlə məşğulam. Heç zaman pula, mövqeyə, ada görə işləməmişəm. Hamı bilir ki, işə özümü zorla dartıb aparmağa başlasam, mən həmin yerdə qalıb işləyə bilmərəm. Pul gələcək, əsas sevdiyin işlə məşğul olmalısan. Əgər sevmədiyin işlə məşğulsansa, bu zaman daxili potensialını həmin işə tam qoya bilmirsən. O qədər insan var ki, səhərdən axşama qədər işləyir. O demək deyil ki, hamısı yaxşı pul qazanır. Çünki sevmədiyi peşə, işlə məşğuldurlar. Düzdür, kimsə maddi problemləri ucbatından məcburən sevmədiyi işlə məşğul ola bilər, amma yenə də düşünürəm ki, insanlar sevdikləri işlə məşğul olsalar, zamanla daha çox qazana bilərlər.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər