• çərşənbə axşamı, 19 mart, 06:17
  • Baku Bakı 8°C

“Atamdan başqa, bu sahədə hamı ilə rəqabətdəyəm”

26.09.20 11:00 2376
“Atamdan başqa, bu sahədə hamı ilə rəqabətdəyəm”
Elgün Həsənov: "Bir peşə sıradan çıxa bilər, amma əvəzində yeniləri yaranır”
Mühəndis ailəsində böyüyür, kiçik yaşlarından onun da nə isə qurub-yaratmağa, elektronikaya marağı yaranır. Düzdür, ali təhsil məqamı gəldiyində, seçimi başqa sahə olur, elektronika mühəndisliyi hobbisi kimi qalır. Ancaq ali təhsil aldığı sahədə qısa müddət çalışandan sonra fikrini dəyişir və elektronika mühəndisliyi üzrə davam edir. Söhbət "Sumaks Technologies" MMC-nin həmtəsisçisi, Elektronika araşdırma mərkəzi və istehsal departamentinin rəhbəri Elgün Həsənovdan gedir.

- 1-2-ci siniflərdə oxuyandan elektronikaya marağınız olduğunu deyirlər. Söhbətə elə bu mövzu ilə başlayaq. Bu maraq necə yaranmışdı? Nələr edirdiniz?
- 1-2-ci sinifdən də tez maraq göstərdiyimi deyərdim. Çünki mən mühəndis ailəsində böyümüşəm. Atam avtomatika mühəndisidir. Həmçinin elektronika sahəsini yaxşı bilir. Bundan başqa, babam və bibim də mühəndisidir. Belə bir mühit, istər-istəməz bu sahəyə marağın yaranmasına təsirini göstərir. Bəlkə genetikanın da müəyyən qədər rolu olub. Yəni gözümü açandan bu sahə ilə bağlı iş prosesini görürdüm və mənə də maraqlı gəlirdi.


- Nə vaxta qədər izləməklə kifayətləndiniz? Yəni nə vaxtdan sizi işə cəlb etdilər?
- Uşaqlıqdan atamın evdə gördüyü işlərə çox böyük diqqətlə baxırdım. Nə isə lehimləyəndə, təmir edəndə, yanında dururdum. Daha kiçik yaşlarda onun düzəltdiyi işləri məhv etdiyim də olurdu. Atam evdə olmayanda, işlərini sökürdüm, sonra yığa bilmirdim. Gələndə əsəbiləşirdi (gülür). Artıq izlədikcə, təcrübə qazanırdım və özüm də nələrsə düzəltməyə çalışırdım. Atam evdə olmayanda "işləyirdim”, alətləri də hara qoyurdumsa, yadımdan çıxırdı. Atam gəlib tapa bilməyəndə, bilirdi ki, mənim işimdir. Beləcə, atamı yamsılaya-yamsılaya öyrənirdim.Bəzən oyuncaqlarımı sökürdüm və hissələrindən başqa nələrsə düzəldirdim. Yaxud çöldə nə isə tapanda atmırdım, sökürdüm, içindəki detalları ayırıb onlardan nəsə iş ortaya çıxarırdım. Təbii ki, bunlar kor-koranə cəhdlər, işlər idi. Bir az böyüyəndən sonra isə atamın işlərinə kömək etməyə başladım. Qohum-qonşunun elektronika ilə bağlı işlərini əvvəl atam edirdi, təbii ki, təmənnasız. Atamın əlinə baxdıqca, bunları öyrənmişdim. Sonra atam o işləri mənə həvalə etdi. Orta məktəb yaşlarından təmir işini bacarırdım.

- Ali təhsil zamanı gələndə, seçiminiz elektronika olmayıb. Niyə elektronika üzrə oxumadınız?
- Elektronikaya həvəsim var idi, ancaq seçimim başqa sahə oldu. Mən Gəncədə doğulmuşam, orda böyümüşəm. Ali təhsil məqamı gələndə, düşündük ki, yaşadığım şəhərdə yaxşı iş imkanı olan sahədə təhsil alım. Gəncədə "Azəralüminium” zavodunda işləmək niyyəti ilə metallurgiya üzrə oxudum.Digər tərəfdən, mən abituriyent olduğum illərdə indiki qədər məsləhət ala biləcəyimiz adamlar, məlumat əldə edəcəyimiz resurs yox idi. Bu gün gənclər sosial şəbəkələrdə qruplarda müzakirə açırlar, birbaşa mütəxəssislərə yazıb məsləhət istəyirlər, yazılı, video məlumatlar da çoxdur. İxtisaslar, universitetlər, perspektivlər və s-lə bağlı hər şeyi öyrənə bilirlər.Atamla məsləhətləşib belə bir seçim etmişdim. Əslində, seçimim o dövr üçün doğru idi. Gəncədə yaşayırdım və bu şəhərdə ən yaxşı iş imkanı olan yerləri araşdırıb qərar vermişdik. Perspektivli sahədir. Elektronika ilə hobbi olaraq məşğul olmaq idi niyyətim. İndi qərar verəsi olsam, elektronika sahəsində oxuyardım, sonra xaricdə təhsilimi davam etdirərdim. İndi də təhsil almaq olar, amma yaş, iş, ailə həyatı və s. amillərə görə buna çox da getmək olmur.


- Bəs elektronikaya yönəlməyiniz necə oldu?
- 2006-2010-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində metallurgiya üzrə oxudum. Sonra hərbi xidmətə getdim və 2011-ci ildə qayıtdım. Planlaşdırdığım kimi "Azəralüminium” zavodunda işə düzəldim. Ancaq heç bir il işləməmiş hiss etdim ki, elektronika və avtomatika sahəsinə marağım çox böyükdür və hobbi kimi qala bilməz. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vakansiyası var idi və mən ora müraciət etdim. Metallurgiya ilə bağlı bir sahə deyildi. İmtahan verdim və ən yüksək balla qəbul oldum. 2012-ci il idi. Həmin vaxt qərar verdim ki, elektronika mühəndisliyini peşəkar səviyyədə öyrənəcəyəm.

- Elektronika üzrə təhsil almadan imtahanda necə yüksək bal topladınız?
- Bu işə qəbul olunmaq üçün lazım olan hər bir biliyi atamdan öyrənmişdim. Mən başqa sahə üzrə təhsil alıb çalışsam da, elektronikada da özümü inkişaf etdirirdim.

- Bəs işinizin təhsil tərəfini necə kompensasiya etdiniz?
- SOCAR-da işə başlayandan sonra artıq bütün boş vaxtımı elektronikaya ayırırdım. Sonra xarici universitetlərin elektronika mühəndisliyi ilə bağlı materiallarından aktiv şəkildə istifadə etməyə, öyrənməyə başladım. Bu sahə ilə bağlı universitetdən kənar öyrənə biləcəyim materiallar alırdım. Hər ay maaşımdan kitablara, elektronikada istifadə olunan detallara pul ayırırdım. Oxuyurdum və onları evdə təcrübədən keçirirdim. İşdən sonra boş vaxtımı ancaq öyrənməyə və təcrübəyə sərf edirdim.2014-cü ildən isə artıq yavaş-yavaş praktiki təlimlər keçməyə başladım. 1-3 nəfərdən ibarət qruplarım olurdu. Zamanla qruplarda tələbələrin sayı daha da artırdı. Belə-belə, zamanla özümü təkmilləşdirdim.

- Həm də "Sumaks” texnologiya şirkətinin həmtəsisçilərindənsiniz. Şirkətin işləri ilə əlaqədar SOCAR-dan ayrıldınız?
- 2014-2015-ci illərdə SOCAR-da işləyə-işləyə bizdə belə bir ideya yaranmışdı. Kənarda kiçik bir komanda formalaşdırdıq. Sonra komanda böyüdü və yerli cihaz istehsalı ilə məşğul olan şirkətə çevrildi. 2017-ci ildən sonra SOCAR-dan ayrılıb öz şirkətimizin işləri ilə məşğul olmaq qərarı verdim.

- Elektronlaşdırma, robotlaşdırma dövründəyik, bu sahədə yeni iş ortaya çıxanda, işimiz rahatlaşır deyə sevinirik, amma digər tərəfdən, texnologiyanın onların işini əvəz edəcəyindən narahat olan insanlar var.
- Elektronlaşdırma, robotlaşdırma dövründə bu sahədə çalışmaq mənim üçün xoşbəxtlikdir. Robotlaşdırma, elektronlaşdırma insanların rahatlığı üçündür. Düzdür, süni intellekt, robotlaşdırma, elektronikanın inkişafı ilə bir çox peşələr aktuallığını itirir. Bəzən insanlar buna görə narahat olurlar. Ancaq mən buna əsas görməzdim. Bir peşə sıradan çıxa bilər, amma əvəzində yeniləri yaranır. Həmişə bu mövzu müzakirə olunanda, deyirəm ki, vaxtilə avtomobil yox idi, nəqliyyat vasitəsi olaraq atlardan istifadə edilirdi. O zaman atın nalını dəyişdirmək üçün nalbənd deyə bir peşə var idi. İndi hansısa kəndlərdə bir-iki nalbənd ola, ya olmaya. O vaxt nalbənd böyük şəhərlərdə belə ən aktual peşələrdən idi. Atın dövrü keçdi, avtomobil gəldi. Nalbəndlər getsə də, avtomobil gəlişi ilə daha çox iş yerləri yarandı. Avtomobillə bağlı nə qədər işlər var. Bu gün də müxtəlif sahələr yaranır. Proqramlaşdırma, elektronika ilə bağlı sahələrə tələb çoxalır.

- "Sumaks”ın iş prinsipindən, məhsullarından da danışaq.
- Biz ən müasir texnologiyalarla işləyirik. Yenilikləri izləyib öz layihələrimizdə tətbiq edirik. Daha çox, sifariş əsasında işləyirik. Fiziki, hüququ şəxs, zavod, fabrik, şirkət bizə müraciət edib deyir ki, belə bir problemimiz var, bunu necə həll etmək olar? Biz öz həll yolumuzu təklif edirik. Razılığa gəlsək, onunla əlaqəli cihaz, proqram təminatı hazırlayırıq. Hazırda aparat və proqram təminatı üzrə fəaliyyət göstəririk. Bu mövzularla əlaqəli bir çox işlər görürük.Tutaq ki, bir şirkət xaricdən hansısa məhsulu idxal edir. Bunun gömrük, daşınma və sair xərcləri var. Sonra xarab olanda, təmiri ilə bağlı problemlər yaşaya bilirlər. Bu səbəblərdən bir çox məhsulları idxal etmək yerli şirkətlərə baha başa gəlir. Şirkət bizə müraciət edib deyir ki, belə bir problemimiz var, nə həll yolu təklif edə, yaxud hansısa cihazı bizim üçün Azərbaycanda hazırlaya bilərsiniz? Bəzən olduğu kimi hazırlayırıq, bəzən xarici məhsulu müəyyən üstünlüklər əlavə edərək ərsəyə gətiririk.Ancaq sifarişlərdən kənar öz işlərimiz də var. Ən son bu yaxınlarda, dünyada olmayan yeni bir iş ortaya qoyduq. "itcity.academy ” ilə bir yerdə bunu etdik. Söhbət DiVOC layihəsindən gedir. DiVOC distant təhsil zamanı müəllimlərin tez-tez qarşılaşdığı problemləri aradan qaldıran praktiki cihazdır. Onlayn dərslərdə masanın üzərində olan yazını və ya kitabı, rəsmi və ya hər hansı bir cismi sürətli göstərməyə ehtiyac ola bilər. Bunun üçün kameranı aşağıya doğru çəkib həmin ərazini göstərmək lazımdır. Lakin bu heç də həmişə asan olmur. Bəzən monitorları əymək mümkün olmur. Bəzən noutbukları əyərkən göstərmək istəmədiyin ərazilər görünə bilir. Yaxud tələbələr bucaq altında görüntünü əyri görür. Çıxış yolu olaraq müəllimlər bəzən 2 kamera işlədirlər. 2-ci kamera yoxdursa, DiVOC köməkçi sizə yardım edəcək.


- Elektronika ilə bağlı tərcümə etdiyiniz kitab işıq üzü gördü. Paylaşımlardan da görünür ki, maraqla qarşılanıb.
- 5-6 ildir ki, kurslarda elektronika mühəndisliyi sahəsində tədrislə məşğulam. Tələbələrim universitet tələbələri, yaxud məzun olub işləmək, özünü inkişaf etdirmək istəyənlərdir. Özüm öyrəndiyim və tədris apardığım dövrdə bir problemlə qarşılaşırdım. Bu problem Azərbaycan dilində resurs çatışmazlığıdır. Azərbaycan dilində resurs yox səviyyəsindədir. Düzdür, tərcümə işləri olan həmkarlarım var, ancaq ümumi olaraq azdır və mən də öz töhfəmi vermək, öz işimi ortaya qoymaq istəyirdim. İtalyan robototexnik Paolo Alivertinin "Elettronica per Maker” (Meykerlər üçün elektronika) kitabını tərcümə etdim. Meyker burda özü düzəldən, hazırlayan adam mənasındadır. Müəllif hüquqlarını alaraq tərcümə işini gördüm. Daha aydın başa düşülən ad olsun deyə, müəyyən qədər dəyişiklik edib adını "Hər kəs üçün ELEKTRONİKA" qoydum. A-dan Z-yə elektronikanın bütün mövzularını əhatə edir. Bütün mövzuları ən dərinliyinə qədər öyrətmir, bunun üçün cildlərlə kitab lazımdır. Amma elektronikanı öyrənmək istəyən, yeni başlayan, öz biliklərini inkişaf etdirmək istəyənlər üçün həm nəzəri, həm də praktiki fəsillərlə dolu faydalı kitabdır. Bir həftədən bir az çoxdur satışdadır. Alıcısı gözlədiyimdən çoxdur. Çox müsbət rəylər alıram. Bu, proqnozlaşdırdığımdan da yaxşı oldu. Ümid edirəm ki, oxucularımız, gənclərimiz üçün faydalı olar. Bu məqsədlə bu işi ortaya qoydum.

- Bu işi atanızdan öyrənsəniz də, bu gün bu sahədə ondan öndə olduğunuzu demək olarmı? Maraqlıdır, ailədə rəqabət varmı?
- (Gülür) Atam mənim kumirimdir. Nə qədər öyrənsəm, araşdırsam, özümü inkişaf etdirsəm də, həmişə ondan bir addım geridə olduğumu düşünmüşəm. Nə qədər bildiyim mövzu olsa belə, indi də yenə onunla məsləhətləşirəm, fikrini öyrənirəm. İstənilən halda onun böyük iş təcrübəsi var. Atam rəqabət aparmır, mən də rəqabət aparmıram. Atamdan başqa, bu sahədə hamı ilə rəqabətdəyəm (gülür). İş varsa, rəqabət olmalıdır. İstər-istəməz bu olur.Məndə belə bir şey var, nə iş görsəm, atamın ona baxmağını istəyirəm. Amma "filan işim necədir” sualını birbaşa özünə vermirəm. Anamdan soruşuram ki, atam filan işə baxıb nə dedi? Reaksiyasını anam vasitəsilə öyrənirəm. Amma belə, atamla oturanda söhbətimizin 90 faizi texnologiya ilə bağlı olur.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər