AZE | RUS | ENG |


Atambayevdən Avrasiya İqtisadi İttifaqı qarşısında tələb

Atambayevdən Avrasiya İqtisadi İttifaqı qarşısında tələb
Qırğızıstan ciddi güzəştlər istəyir

Ötən gün Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin qalmaqallı sammiti başa çatsa da,  müzakirələr səngimək bilmir. Mətbuat Belarus prezidenti Aleksandr Lukaşenkonun sammitdə iştirakdan imtinası, ardınca da Qırğızıstan prezidenti Almazbek Atambayevin Gömrük Məcəlləsinə müəyyən tərəddüdlərlə imza atmasına geniş yer verir. Rusiya nəşrlərinin yaydığı məlumata görə, qırğız tərəfi 40 dəqiqədən sonra qalmaqallı sənədə imza atıb. Prezident Atambayev bildirib ki, Aİİ daxilində baş verən proseslərdən narazıdır və bunu bağlı qapılar arxasında müzakirə etmək niyyətindədir. Dünən yayılan məlumatlardan bəli olub ki, qırğız tərəfi Məcəllə ilə bağlı sadəcə bazarlıq etmək niyyətində olub. Yəni rəsmi Bişkek ölkəsi üçün əlavə preferenslər (güzəşt, üstünlüklər) istəyib. Kreml isə Qırğızıstanın iradlarına baxmayaraq Gömrük Məcəlləsinin alternativsiz olduğunu bəyan edir. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, sənəd həyati əhəmiyyətlidir və alternativi yoxdur. "Qırğızıstanla bağlı vəziyyət araşdırılır. Bəli, onların iradları var. Bu da fitosanitar nəzarət məsələləri ilə bağlıdır”, - deyən D.Peskov bunu normal, işgüzar hal adlandırıb.

Qırğızıstan bu ilin əvvəlində Aİİ-yə üzv qəbul edilib.

Ümumiyyətlə, 2016-cı ilin yekunları Qırğızıstan üçün bir sıra əhəmiyyətli məsələlərlə yadda qalacaq. Ən əsası, bu il proqnozlara baxmayaraq, Qırğızıstan mitinqlər və növbəti hakimiyyət dəyişikliyini yaşamadı. Bu il demək olar ki, ölkədə ciddi siyasi dəyişikliklər və etirazlar yaşanmadı. Prezident Almazbek Atambayev öz hakimiyyətinin daha da gücləndirdi, uğurlu Konstitusiya islahatını reallaşdırdı, opponentlərinin bir qismini zərərsizləşdirməyə müvəffəq oldu. 11 dekabrda Konstitusiyaya dəyişikliklər ilə bağlı referendum keçirildi və böyük çoxluq ona səs verdi. Qəbul olunan təkliflər baş nazirin prezidentə nisbətən gücünü artırır. Əksəriyyətin fikrincə, hazırkı prezident Almazbek Atambayev gələn il artıq baş nazir olacağını qətiləşdirib. Lakin bununla yanaşı, bu sahədə hələ də çətinlikləri var. Belə ki, prezident siyasi arenadan "Respublika-Ata Yurd” partiyasını və onun nüfuzlu lideri Omurbek Babanovu uzaqlaşdıra bilmədi. Məhz onu gələcək prezident seçkilərində ən uğurlu namizəd hesab edirlər. Ölkədə islamlaşma meyilləri güclənməkdədir və bu qüvvələr də artıq aktiv şəkildə siyasi sahəyə istiqamət götürməkdədirlər. 

O ki qaldı beynəlxalq münasibətlərə, Qırğızıstan əsas beynəlxalq oyunçular - Rusiya, Çin, ABŞ və Türkiyə ilə balanslaşdırılmış siyasət yürütməkdədir. Lakin Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Ankara ilə Bişkek arasında münasibətlər pisləşməyə doğru istiqamət götürüb. Rəsmi Ankaranın ölkə ərazisində Gülən məktəblərini bağlamaq çağırışına Bişkek sərt şəkildə "yox” dedi. Bununla yanaşı, Bişkekin Avropa İttifaqı, ATƏT, eləcə də beynəlxalq hüquq-müdafiə təşkilatları ilə münasibətlərində yaxınlaşma hiss edilməyə başlayıb. Qonşu Çinlə də münasibətlər ən yüksək həddə qalır. Rəsmi Pekin Qırğızıstanın əsas maliyyə mənbələrindən biridir. Rusiya ilə münasibətlərə gəldikdə, bu il ərzində Qırğızıstan Rusiyanın himayəsi altında olan Avrasiya İqtisadi İttifaqına üzv oldu. Lakin problemlər hələ də qalır. Bişkek Rusiya ilə imzalanan Su Elektrik Stansiyası tikintisi barədə sazişi pozmağa hazırlaşır. Bundan əlavə, Qırğızıstan prezidenti Almazbek Atambayev bu günlərdə Rusiya hərbi bazasının ölkə ərazisindən çıxmalı olduğunu bəyan edib. A. Atambayev bildirib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşı qalacaq, lakin hərbi planda ölkə öz qüvvələrinə söykənməlidir. "Ola bilsin ki, bu, kiməsə xoş gəlməyə bilər. Lakin mən bu fikri Rusiya prezidentinin diqqətinə çatdırdım və o, məni başa düşdü”, - deyə ilin yekunlarına həsr olunmuş brifinqdə Qırğızıstan prezidenti söyləyib. 

Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatı da ağır durumdadır. Xarici ticarətin səviyyəsi azaldığından toxuculuq və inşaat materiallarının istehsalı aşağı düşüb. Əvəzində qızılın istehsalı artıb. Bu il Kanadanın Centerra Gold şirkəti ilə əlavə yataqların işlənməsi barədə razılıq əldə olunsa da, bu sahədə problemlər var. Bundan əlavə, iri layihələri reallaşdırmaq mümkün olmayıb. Söhbət Qırğızıstan - Çin-Özbəkistan dəmir yolu xəttindən gedir. Türkmənistandan Çinə gedəcək tranzit qaz xətti də yarımçıq qalıb. Bu ilə ərzində ölkədə bir dənə də olsun zavod tikilməyib. Mürəkkəb iqtisadi duruma, milli valyuta - somun dəyərdən düşməsinə baxmayaraq, böyük həcmdə yoxsullaşma baş verməyib. Hələ ki, hakimiyyət vəziyyətə nəzarəti əlində saxlamağa müvəffəq olub. Gələn il Qırğızıstanı daha ciddi bir gərginlik gözləyir. Söhbət prezident seçkilərindən gedir. Hadisələrin hansı axarda inkişaf edəcəyini isə proqnoz etmək çox çətindir. Hər halda, ümid etmək olar ki, Mərkəzi Asiyanın ən təlatümlü dövləti bu dəfə növbəti inqilabdan qaçmağa müvəffəq olacaq və hakimiyyət dinc şəkildə ötürüləcək.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4816
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 1.8399
CHF 1 İsveçrə frankı 1.7292
USD 1 ABŞ dolları 1.7447