• cümə, 29 Mart, 19:21
  • Baku Bakı 14°C

“Atam mənə deyirdi ki, birdən çaşıb müğənni olarsan” – Şou-biznes

23.06.14 12:44 3359
“Atam mənə deyirdi ki, birdən çaşıb müğənni olarsan” – Şou-biznes
Ötən gün gənclərin sevimlisi, Avrasiya ulduzu yarışmasının iştirakçısı Cavidan Novruz “Gənclik qəzeti”nin qonağı oldu. Gənc ifaçı bizimlə söhbətində maraqlı açıqlamalar verdi. Müğənni kimi tanınan Cavidan Novruz ifaçılıq sənətindən çox aktyorluq sənətinə bağlı olduğunu və qərar qarşısında qalarsa ömrünün sonuna kimi aktyor olmaq istədiyini dedi.
Nakam sevgi
- Avrasiya ulduzu müsabiqəsində qalib olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Həmin yarışmadan sonra karyera sahəsində irəliləyişlərim oldu. İnsanlar mənə tamamilə başqa cür yanaşdılar. Ən azından getdiyim yarışmalarda ölkəmi təmsil etməklə bərabər, özümü təsdiq etdiyimi düşünürəm. Həmin müsabiqədə “Sarı gəlin” mahnısını ifa etdikdən sonra erməni vətəndaşı ilə əlbəyaxa davamız oldu. Hiss etdim ki, o söhbətdən sonra insanların mənə qarşı olan münasibəti dəyişdi. Bu gün gündəmdə olmağımda və tamaşaçılar tərəfindən sevilməyimdə o müsabiqənin xüsusi yeri olduğunu danmıram.
- Ondan sonra ulduzunuz parladı, - desək, heç də yanılmarıq.
- Ulduz sözünü çox işlətməyi sevmirəm. Mən ulduz xəstəliyinə tutulmamışam. Ulduzu ifaçıya ancaq tamaşaçı deyə bilər. Bilirəm ki, tamaşaçılar tərəfindən sevilirəm, mahnılarım sevilərək dinlənilir. Bu, müğənni üçün böyük xoşbəxtlikdir.
- Mahnılarınızda qəmli sevgi hekayələrindən bəhs edirsiniz. Son ifa etdiyiniz “Yaşandı, bitdi” mahnısında bunu daha çox hiss etmək olur. Bizdə elə bir təəssürat yarandı ki, siz nakam bir sevgi yaşamısınız.
- Danmıram, tələbəlik illərində sevdiyim xanım var idi və bu da nakam olub. Şəxsi həyatımda böyük sevgi yaşanıb. Ancaq bu mahnıları həmin insana həsr etməmişəm. Ola bilər ki, illərlə həmin hisslər yığılıb və onun nəticəsi olaraq belə bir mahnı ərsəyə gəlib. Ümumiyyətlə, mən bütün mahnılarımı içdən oxuduğum üçün onlar təbii alınır. Əgər “Yaşandı bitdi” kimi bədbin bir sevgi hekayəsindən bəhs edirəmsə, o zaman içimdəki o yanğını tamaşaçıya ötürməyi bacarmalıyam. Çox adam mənə deyir ki, mahnını elə ifa edirsiniz ki, sanki bu sizin ən yaralı yerinizdir? Bəlkə də bu ondan gələn bir hissdir. Hər dəfə o mövzu ilə bağlı mahnı oxuyanda o özünü bəlli edir. Bu mənim özümdən asılı olmur.
Atam mənim arxam, dayağımdır
- Bəs bu mahnılar ailənizdə qısqanclığa səbəb olmurmu?
- Olur. Ümumiyyətlə, mən incəsənət adamıyam. İncəsənət adamı ilə ailə qurmaq çox çətindir. Özüm də bir neçə ailə quracağım xanıma xəbərdarlıq etmişdim ki, sən sənətçi ailəsinə gəlin gəlirsən. Onun üçün sabah heç bir problemin yaranmasını istəmirəm. Ancaq bu qısqanclıq bizdə böyük bir problem yaratdı. Ümumiyyətlə, sirkə nə qədər tünd olsa, o yenə də öz qabını çatladır. Sənətimə görə, şəxsi həyatımda dəyişikliklər çox oldu. Ümumiyyətlə, mən söz-söhbəti, “dığdığı” sevmirəm. Bu mövzu ilə bağlı artıq danışmaq istəmirəm.
- Deyirlər incəsənət qurban tələb edir. Bəs siz incəsənətə nəyi qurban vermisiniz?
- İncəsənət çox çətin bir sənətdir. Bu sahədə çalışan insanların ailə həyatında həmişə problemlər yaranır.
- Dünyaya ikinci dəfə gəlsəydiniz yenə Ramiz Novruzun oğlu olmaq istərdinizmi?
-(gülürük) Bu sualı qəsdən verdiniz, yoxsa zarafat edirsiniz?
- Siz necə qəbul edirsinizsə elə.
- Dünyaya neçə dəfə gəlsəm, yenə də Yaradana yalvarardım ki, məni yenidən Ramiz Novruzun oğlu etsin. Allah hər bir insana onun kimi bir ata nəsib etsin. O gözəl aktyordan və xalq artistindən ötə mənim atamdır. Mən heç kimlə paylaşmadığım sirri atamla, yəni dostumla paylaşıram. Onun hər bir məsləhətindən mən xeyir görmüşəm və daima mənə öz yardım əlini uzadıb. Ramiz Novruz mənim üçün tək ata deyil, həm də çox yaxın dostdur. Çərçivə daxilində mənim onunla zarafatlarım da olur. Atam mənim arxam, dayağımdır. Ona görə yox ki, o xalq artistidir, xalqın sevimlisidir. Onun adı belə mənə hər zaman kömək olur.
Atamın qorxduğu da başına gəldi
- Bəs nə üçün atanızın sənətini davam etdirmədiniz?
- Əslində mən atamın sənətini davam etdirirəm. Belə ki, “Cavad xan” filmində rol almışam və orada Cavad xanın oğlunun rolunu oynamışam. O filmdə atam da rol alıb. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr-dram kino fakültəsini bitirmişəm, ixtisasım aktyorluqdur. Bu gün elə bir vəziyyət yaranıb ki, bu yaşda aktyor olsam, özüm özümü təmin edə bilmərəm. Allah mənə səs verib, mən də o səsdən istifadə edərək pulumu qazanıram. Bu gün mənim qazancım toylardan və şou proqramlardandır. Əgər seçim qarşısında qalaramsa, mən aktyorluq sənətini seçərəm. Bu sənət mənim uşaqlıq arzumdur.
– Özünüz da qeyd etdiniz ki, aktyorluq sənətində kifayət qədər gəlir əldə etmək mümkün deyil.
- Müğənnilik sənətini sevirəm və bu gün bu sənətdə çalışmağıma məcburam. Bu sənətin çox dərinlikləri var. Həm də ifaçılıq sənəti adamdan daha çox əsəb tələb edir. Özümü aktyorluq sənətinə daha çox yaraşdırıram.
- Necə düşünürsünüz, atanızın Xalq artisti olması sizi daha tez məşhurlaşdırmadımı?
- Avrasiya yarışmasına heç kim bilmirdi ki, mən Ramiz Novruzun oğluyam. Son zamanlar atamla bir-iki verilişdə olanda bildilər ki, mən onun oğluyam. İndiyə kimi bunu heç kim bilmirdi. Qəbul edirəm ki, bundan sonra mənə maraq daha çox artdı. Ona qədər də sevilirdim, tamaşaçılar səsimi bəyənirdi. Ancaq xalqın sevimlisinin oğlu olduğum mənim şansımı bir qat da artırdı. Onu da deyim ki, mahnılarımın sevilməsi, tamaşaçılar tərəfindən rəğbət qazanmağım atama görə olmayıb.
Peşman deyiləm
- İfaçılıq sənətini seçəndə atanızın fikri necə oldu? O sizə etiraz etdimi?
- Bəli, atam mənə qarşı çıxdı. O istəmirdi ki, mən müğənni olum. Tələbəlik vaxtlarında hər dəfə evdən çıxanda atam mənə deyirdi ki, birdən çaşıb mahnı müsabiqələrinə qatılarsan və müğənni olarsan.(gülürük) Onun qorxduğu da başına gəldi. O, mənim səsimə bələd deyildi. Atam məni heç vaxt müğənni kimi görməyib. O, məni oğlu Cavidan Novruz kimi sevir. Bir gün evdə qapıları bağlayıb “Şükriyyə” mahnısını açıq səslə ifa etdim. Atam səsimi eşidəndə qulaqlarına inanmadı. O, dedi ki, mən bilməzdim sənin belə gözəl səsin var. Bilsəydim, indiyə kimi sənə qarşı çıxmazdım. Daha sonra Azər Zeynalov, Teymur Əmrah, Əliabbas Qədirov məni atama təriflədi. Onlar atama mənim səsimin yararlı olduğunu söylədilər. Onların səsim haqqında müsbət fikirlərindən sonra atamın mənə inamı daha da artdı.
- Əvvəllər “N-brothers” qrupunda ifa edirdiniz. Necə oldu ki, qrupdan ayrılmaq qərarına gəldiniz?

- Dörd il o qrupda çalışdım. Heç kim deyə bilməz ki, hansısa qrupda işləyən zaman söz-söhbət olmur. Son illər mən özüm o qrupdan uzaqlaşmaq istəyirdim və rəhbərliyə yaxınlaşıb dedim ki, qrupu tərk etmək istəyirəm. Bir yerdə ki, sənin sözün keçmir, çörək kəsdiyin insanlarla aranda mübahisə yaranırsa, o yerdə özümü rahat hiss etmirəm. Hiss edirsən ki, orda yoldaşlarınla arandan pərdə götürülür. Bu gün qrupun uşaqları ilə yaxşı münasibətlərimiz var, hərdən telefonla danışırıq. Qrupda olan zamanlar söz-söhbət yaranırdı deyə, mən oranı tərk etdim. Bu gün də peşman deyiləm. Yaxşı ki, mən qrupdan ayrılıb solo ifa etdim. Çünki solo mənə daha çox sərf edir. Solo olaraq mən öz bəstələdiyim mahnıları ifa edə bilirəm. Öz istədiyimi geyinə bilirəm, istədiyim tədbirə gedə bilirəm. Qrupda 4 nəfər idik və bir-birimizdən asılı idik. Soloda isə istədiyimi əldə edə bilirəm.
Xəyalə RəisŞou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">

banner

Oxşar Xəbərlər