• cümə axşamı, 25 aprel, 23:26
  • Baku Bakı 21°C

Astana İqtisadi Forumu müasir iqtisadi çağırışların müzakirə olunduğu platformaya çevrilir

31.05.14 08:39 1170
Astana İqtisadi Forumu müasir iqtisadi çağırışların müzakirə olunduğu platformaya çevrilir
Maliyyə və iqtisadi sabitlik, ticarətin inkişafı və rəqabətədavamlılığın yüksəldilməsi, investisiya və innovasiya kimi məsələlər hazırda demək olar ki, bütün ölkələri narahat edən ən əsas məsələlərdir. Məhz bu səbəbdən də qlobal iqtisadi inteqrasiyanın əsas iqtiqamətlərini müzakirə etmək üçün iqtisadiyyat və maliyyə sahələri ilə məşğul olan ekspertlər Qazaxıstanın təşəbbüsü ilə Ümumdünya İqtisadi Forumunda yenidən bir araya gəldilər. Mayın 21-dən 23-dək keçirilən forum ənənəvi olaraq Avrasiyanın geocoğrafi mərkəzində- Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutub.

Xatırlatmaq yerinə düşər ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2008-ci ildən keçirilməyə başlayan və müasir dünyanın iqtisadi, mailiyə və sosial sahədəki çağırışlarını müzakirə edən ənənəvi forum artıq beynəlxalq status almaqdadır. Belə ki, təşkilatçıların bildirdiyinə görə, indiyədək Astana İqtisadi Forumunda dünyanın 160 ölkəsindən 30 min iştirakçı qatılıb. Onların arasında sabiq , eləcə də hazırda fəaliyyətdə olan dövlət başçıları , nazirlər, Nobel mükafatları laureatları, mötəbər beynəlxalq təşkilatların ryüksək rütbəli məsul şəxsləri, mərkəzi bankların sədrləri və digər iri biznes strukturlarının rəhbrləri yer alıblar. Builki VII Astana İqtisadi Forumu isə həm iştirakçı ölkələrin sayına, həm də nümayəndə heyətlərinin tərkibinə görə, ötən ildəkini üstələyib. Demək olar ki, dünyanın əksər ölkələri toplantıda mötəbər nümayəndə heyəti ilə təmsil olunublar. Bu isə dövrümüzün sosial və iqtisadi çağırışlarını birgə müzakirə etmək üçün Astana forumunun vacib bir platforma olduğunu bir daha sübut edir.
Forum çərçivəsində sammit, konqres, konfrans, irimiqyaslı dialoq-görüşlər olmaqla , ümumilikdə 70 tədbir keçirilib. Müzakirələr əsasən Astanada keçiriləcək «EKSPO-2017» beynəlxalq sərgisi, İpək yolunun genişləndirilməsi, Avrasiya məkanında inteqrasiya və enerji məsələlərinə həsr olunub. Sadalanan bu əsas məsələlər ilə yanaşı, forumda , həmçinin, ictimaiyyətin diqqətini bir sıra yeni mövzular da özünə cəlb edib. Bunlar iqtisadi məsələlərin işıqlandırılmasında yeni mediatexnologiyalar və innovasiyalırın tətbiqinə həsr olunan Jurnalistlərin I Beynəlxalq Samimiti, keçid dövründə energetikanın imkanları və risklərinə həsr olunmuş Dünya Energetika Liderlərinin Sammiti, «G-Global : yeni iqtisadiyyatda qadınların rolu» mövzusunda Beynəlxalq Qadınlar Forumudur. Bundan əlavə, ev sahibləri həmçinin, «EKSPO-2017» ərəfəsində gündən-günə inkişaf edən və böyüyən paytaxtın hazırda nəhəng tikinti meydançasına çevrilməsini böyük həvəslə qonaqlara nümayiş etdiriblər. Forumun proqramına həmçinin, «AstanaInvest» Beynəlxalq investisiya forumunu da daxil edilib. Eyni zamanda gənclər də diqqətdən kənarda qalmayıblar. Belə ki, forum çərçivəsində «İqtisadi inteqrasiya və «yaşıl texnologiyalar» : gənclərin töhfələri» mövzusunda Ümumdünya Sammiti , «Avrasiya rəngarəngliyi və davamlı inkişafda universitetlərin rolu» mövzusunda Asiya Universitetləri forumu da keçirilib. Göründüyü kimi, təşkilatçılar çalışıblar ki, forum iqtisadiyyat sahəsinə olan bütün məsələləri əhatə etsin.
Forumun rəsmi açılış mərasimində çıxış edən Qazaxıstanının baş naziri Kərim Məsimov həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatına dünyanın aparıcı şirkətlərdən yeni investisiyaların cəlb olunması baxımından da forumun böyük əhəmiyyəti vardır. Xatırladaq ki, dünya ölkələrində rəqabətədavamlılıq üzrə tədqiqat aparan və mənzil-qərargahı Lozannada(İsveçrə) yerləşən Menecmentin İnkişafı üzrə Beynəlxalq İnstitutun
«2014-cü il üçün dünya da rəqabətədavamlılıq» adlı illik hesabatda 60 ölkə üzrə məlumatlar yerləşdirilib. Həmin siyahıda ABŞ, İsveçrə və Sinqapur ilk üçlükdə qərarlaşıb. Həmin reytinq siyahısında Qazaxıstan isə 32-ci yerdədir.
Ekspertlərin rəyinə görə, ənənəvi olaraq hər il keçirilən Astana İqtisadi Forumu artıq özünü müasir dünyanın ən aktual problemlərinin konstruktiv şəkildə müzakirə olunduğu bir platforma kimi göstərə bilib. Analitiklərin qənaətinə görə Qazaxıstan iqtisadiyyatının ən cəlbedici faktorları aşağıdakılardar: iqtisadiyyatda dinamik inkişaf, əlverişli vergi sistemi, strateji sabitlik və vəziyyətin qabaqcadan dəyərləndirilməsi, açıq və pozitiv münasibətlər, biznes mühit üçün əlverişli şərait.
Forumda çıxış edən Qazaxıstanın prezidenti Nursultan Nazarbayev qeyd edib ki, dünya üzrə əsas ixrac məhsullarının qiymətinin aşağı düşməsinə baxmayaraq, Avrasiya İqtisadi zonasının yaradılması və Gömrük İttifaqının(Gİ) fəaliyyətə başlaması özünün müsbət nəticələrini verib. Belə ki, ötən dövr ərzində Qazaxıstan Gİ-dəki payı 18 faizədək yüksəlib . Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi məsələsi Astana İqtisadi Forumu çərçivəsində də müzakirə edilib. Nəzərdə tutulur ki, birliyin fəaliyyətinə dair bütün normativ aktlar artıq 2016-cı ildən etibarən öz hüquqi qüvvəsinə tapsın.
«Avrasiya İqtisadi Birliynə daxil olmaq Qazaxıstana Ümumdünya Ticarət Təşkilatına(ÜTT) üzv olmasına mane olmayacaq. Belə ki, hazırda Qazaxıstanın sözügedən təşkilata üzvlük məsələsi qənaətbəxş səviyyədə irəliləməkdədir. Düşünürəm ki, Qazaxıstan öz üzərinə böyük öhdəliklər götürmüşdür və bu beynəlxalq təşkilata üzv olmağı çox arzulayır. Amma, buna baxmayaraq, Qazaxıstan həm də Avrasiya İqtisadi Birliyinə qoşulmuşdur. Hesab edirəm ki, bu iki məqsəd heç də bir-birilə ziddiyyət təşkil etmir»,- deyə ÜTT-nin baş direktorunun müavini Devid Şark vurğulayıb. Cənab Şarkın sözlərinə görə, ÜTT-də bir sıra ölkələr var ki, onlar müxtəlif iqtisadi birliklərin tərkibinə daxildirlər və bu heç də onların Ümümdünya Ticarət Təşkilatına üzvlülüyünə mane olmur. Odur ki, Qazaxıstanın da quruma üzvlük məsələsi cari ilin sonunadək reallaşa bilər.
Astana İqtisadi Forumunun panel sessiyalarında Qazaxıstan həmçinin, özünün inkişaf hədəflərini də açıqlayıb. Belə ki, prezidenti Nursultan Nazarbayevin tapşırıqlarına əsasən, ölkə özünün yeni iqtisadi inkişaf strategiyasını hazırlayıb. Qazaxıstanın dayanıqlı iqtisadi inkişafını təmin edəcək həmin siyasət 4 əsas seqmenti əhatə edir. Bunlardan birincisi makroiqtisadi sabitliyi təmin edəcək xammal sektorunun inkişafı , eləcə də iqtisadi artımı təmin edəcək maliyyə bazasının olmasıdır. İkinci seqment məhsulların satış bazarlarının müəyyən edilməsidir. Buraya emal sənayesi, ölkədə iqtisadi artıma təkan verəcək sənayeləşmə, eləcə də sabitlik və peşəkarlığın inkişaf etdirilməsi daxildir. Üçüncü seqment gələcək rəqabətədavamlığı təmin edəcək innovasiyalar sahəsini əhatə edir. Elmi və lazımi kadr potensialının yaradılması, yeni müasir energetika-bunlar isə dördüncü seqmentə daxildir. Bu sektor əvvəlkilərdən fərqli olaraq, həm də əhalinin məşğulluğunu təmin etməyi qarşıya məqsəd qoyub. Buraya həmçinin, turizm, kiçik və orta sahibkarlığın inkişafı və müxtəlif xidmətlər də daxildir.
Ekspertlərin fikrincə Astana İqtisadi Forumu həm də Qazaxıstanın açıq cəmiyyət olduğunu nümayiş etdirməklə yanaşı, müştərək layihələrin hazırlanmasında digər ölkələrə qarşılıqlı səmərəli əməkdaşlıq imkanları da yaratmış olub. Bundan əlavə, AİF həm də risklərin idarə olunması, qlobal antiböhran təşəbbüslərindən tutmuş humanitar məsələlərin müzakirə olunduğu mötəbər bir tədbir kimi tarixə düşüb.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər