• çərşənbə axşamı, 16 aprel, 15:26
  • Baku Bakı 19°C

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatıb

17.11.17 09:15 1721
Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatıb
Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi və yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.

Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15,5 km-dir. Bura 3 km uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir.

Layihəyə uyğun olaraq yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Sözügedən avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranır, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranıb. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox ərazisinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənib.

Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, 46 500 metr uzunluğunda yol-cizgi və yol göstərici xətlər çəkilib.

Cari il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.
banner

Oxşar Xəbərlər