Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir
Rəsmi Bakı
dünyanın aparıcı maliyyə qurumu ilə münasibətlərə xüsusi önəm verir
Beynəlxalq maliyyə təşkilatı sayılan Asiya İnkişaf
Bankı(AİB) 1966-cı ildə yaradılıb. Baş ofisi Filippinin paytaxtı Manilada
yerləşən, 68 üzvü olan AİB-in məqsədi Asiyada və ümumiyyətlə Şərq ölkələrində
iqtisadiyyatın inkişafına, həmçinin yoxsulluğun aradan qaldırılmasına yardım
göstərməkdir. Təşkilat məqsədlərinə çatmaq üçün əməkdaşlıq etdiyi ölkələrə
kredit, texniki yardım və qrantlar ayırır. Yaponiya AİB-in ən iri səhmdarı
olduğu üçün bankın prezidenti də bu ölkənin vətəndaşı olur. Avropa ilə Asiya
qitəsi arasında mühüm körpü rolunu oynayan Azərbaycan da 29 oktyabr 1999-cu ildən
AİB-in üzvüdür. Təşkilatın Azərbaycandakı əməliyyatlar strategiyası 2000-ci ildə
təsdiqlənib.AİB-in ölkəmizdəki nümayəndəliyi isə 2004-cü ilin noyabr
ayından fəaliyyət göstərir. AİBbu günədək Azərbaycanda dövlət və özəl
sektorlarda 80-dən çox layihənin həyata keçirilməsi üçünkredit, qrant və
texniki yardım ayırıb.Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə
edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir.
İndiyə qədər AİB tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki
yardımların ümumi məbləği 5 milyard ABŞ dolları təşkil edir. AİB Cənub Qaz Dəhlizi
layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında da birinci olub.
3 strateji prioritet
AİB-in dəstəklədiyi layihə və proqramların icrası nəticəsində Azərbaycanda 485 min insan fasiləsiz içməli su ilə təchiz olunub, 240 min insan daşqın və
subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik
enerjisi ilə təmin edilib, 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir
edilib, 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti
yaxşılaşıb, 4 məktəb bərpa edilib, məcburi köçkünlərə əksəriyyəti qadınlar
olmaqla kiçik kreditlər verilib. 2015-ci ilin 1-5 may tarixlərində AİB-in Rəhbərlər
Şurasının 48-ci illik toplantısı Bakıda keçirilib. Azərbaycan AİB-in Mərkəzi
Asiya üzrə Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının da üzvüdür və bu
proqram vasitəsi ilə nəqliyyat, enerji, ticarət danışıqları və digər sahələr
üzrə AİB tərəfindən Azərbaycana yardım göstərilməkdədir. AİB ilə tərəfdaşlıq
2014-2018-ci illəri əhatə edən 5 illik ölkə tərəfdaşlıq strategiyası ilə tənzimlənib.
Sözügedən sənəd AİB-nin 2020 strategiyasından irəli gəlib və "Azərbaycan 2020
baxış” milli səviyyədə müəyyən edilmiş prioritetlər nəzərə alınmaqla
hazırlanıb. AİB 2019-2023-cü illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni
beş illik strategiyanı da təsdiq edib.Strategiya özəl sektorun
inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması,
infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi kimi
3 strateji prioritetdən ibarətdir.
Əməkdaşlıq əlaqələri
yüksək qiymətləndirilib
Ümumiləşdirsək, Azərbaycanın AİB ilə əməkdaşlığının
prioritetləri özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə
dəstək məsələləri ilə əlaqədardır. İyunun 1-də AİB təşəbbüsü ilə Azərbaycan
Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti
Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən
videokonfransda ölkəmizlə sözügedən maliyyə qurumu arasındakı əməkdaşlıq əlaqələri
yüksək qiymətləndirilib. Bankın prezidenti M.Asakava qeyd edib ki, AİB COVID-19
pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın
atdığı addımları tam şəkildə dəstəkləyir. O bildirib ki, Azərbaycan
Prezidentinin rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi
dərin təəssürat yaradır.
Bundan sonra da sıx şəkildə
işləmək
Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına
COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə
ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində
ianə ayırmasını təqdirəlayiq hal kimi dəyərləndirən M.Asakava pandemiyadan əziyyət
çəkən ölkələrə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan,
Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərildiyini məmnunluqla
dilə gətirib. AİB prezidentinin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən
pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə
olması və aparılan test sayının artması onu nümayiş etdirir ki, ölkədə səhiyyə
sahəsində risklər çox yaxşı idarə edilir. M.Asakava vurğulayıb ki, AİB Azərbaycanda
geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın
yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını,
sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayır. Prezident İlham Əliyev
isə ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirləri, ümumən
iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün atılan addımları
diqqətə çatdıraraq əminliklə vurğulayıb ki, Azərbaycan və AİB son 20 ildə
olduğu kimi bundan sonra da sıx şəkildə işləməyə davam edəcək. O, Azərbaycan və
AİB arasında çox güclü tərəfdaşlıq qurulduğunu dilə gətirib.
İqtisadi artım tempi
qorunub
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dünyanın aparıcı maliyyə qurumlarından biri olan
AİB ilə ölkəmiz arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib.
Bildirib ki, AİB Azərbaycanın əsas tərəfdaşlarından biridir: "2015-ci ildən
etibarən Azərbaycanla AİB arasındakı münasibətlərin dərinləşməsi müşahidə
olunur. AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin
maliyyələşdirilməsində iştirak edib. Bank ölkəmizdə infrastruktur layihələrinə
birbaşa dəstək verən maliyyə qurumlarındandır. Bu baxımdan Azərbaycan AİB ilə
münasibətlərə xüsusi önəm verir. AİB-in təşəbbüsü ilə Azərbaycan Prezidenti
İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen
və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda
ölkəmizin həm pandemiya, həm prepandemiya dövründə iqtisadi aktivliyi qoruyub
saxlayan ölkələrdən olduğu qeyd edilib. Ölkəmiz pandemiya dövrünə yüksək
iqtisadi inkişaf göstəriciləri ilə daxil olub. Bu ilin 4 ayının yekunlarında
qeyri-neft sektorunda 16 faiz, bütövlükdə ümumi daxili məhsulda 0,2 faiz artım
qeydə alındığını müşahidə etdik. Halbuki, əksər inkişaf etmiş ölkələrin
iqtisadiyyatında azalma qeydə alınmışdı. Amma Azərbaycan pandemiya dövründə də
iqtisadi artım tempini qoruyub saxlaya bilib”.
Dərinləşmiş islahatların
davam etdirilməsi
İqtisadçı millət vəkili deyib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə reallaşan siyasət pandemiyanın təsirlərinin
minimumlaşdırılmasına, eləcə də vətəndaşlarımızın sağlamlığının qorunmasına
xidmət edir. Deputatın fikrincə, bu siyasət pandemiya dövründə sahibkarların,
muzdla çalışanların və işləməyən vətəndaşlarımızın da dövlət dəstəyindən
yararlanmasına imkan verir. V.Bayramov deyib ki, məhz bu kontekstdən də
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyaya qarşı mübarizədə
effektli mübarizə aparan ölkələrdən biri kimi qiymətləndirilib: "AİB tərəfindən
də ölkəmizdə həyata keçirilən islahatların qiymətləndirilməsi kifayət qədər təqdirəlayiqdir.
AİB tərəfindən Azərbaycanda, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı
aparılan islahatların dəyərləndirilməsi və ölkəmizin başçısının rəhbərliyi ilə
həyata keçirilən siyasətin xüsusi vurğulanması aparılan islahatlara beynəlxalq
qiymət kimi xarakterizə edilməlidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi,
növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən də qeyri-neft
sektorunun inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək
ki, Azərbaycan postpandemiya dövründə əsas iqtisadi artımını qeyri-neft
sektorundakı artım hesabına formalaşdıra bilsin. Bu da təbii ki, iqtisadiyyatın
inklüzivliyi və dayanıqlılığı baxımından çox vacibdir. Son müzakirədə Azərbaycanda
dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə bir daha
nümayiş olundu. Bu, növbəti dövrlərdə iqtisadiyyatın şaxələnməsi və
sahibkarlığın inkişafı ilə bağlı genişləndirilmiş islahatların davam edəcəyindən
xəbər verir”.
Etibarlı tərəfdaş,
sabit və inkişaf edən ölkə
Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə bildirib ki, nəinki AİB, eləcə də bütün beynəlxalq
qurumlar etibar etmədikləri, dayanıqlı vəziyyətdə və stabil olmayan ölkələrə, təşkilatlara
heç bir yatırım etmir, kredit vermir, onlarla əməkdaşlıq etmirlər. Deputatın
sözlərinə görə, Azərbaycan dünyada etibarlı tərəfdaş, sabit və iqtisadi inkişaf
dövrünü yaşayan ölkə kimi tanındığından beynəlxalq təşkilatların, o cümlədən
AİB-in etimadını qazana bilib: "Buna görə də Azərbaycanın beynəlxalq təşkilatlarla,
eləcə də AİB kimi dünyaca məşhur maliyyə qurumu ilə əməkdaşlıq günü-gündən
genişlənir və bundan sonra daha da genişlənəcək. Hesab edirəm ki, AİB təmsilçiləri
ilə Azərbaycan Prezidenti arasında keçirilən videokonfrans da yüksək səviyyədə
dəyərləndirilməlidir. Bu, ölkəmizin, dövlətimizin inkişafının xeyrinədir. Bu
gün Azərbaycan regionun lider dövlətidir. Cənubi Qafqazın lider dövləti ilə AİB
əlaqələrini yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq alqışlanmalıdır”.
Rufik İSMAYILOV