• çərşənbə, 24 Aprel, 14:11
  • Baku Bakı 27°C

AŞİQ SAZI

26.01.15 08:08 2970
AŞİQ SAZI
Bir gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd şey vardır bir qarındaşa lazım;
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Bəli, bu saz məhz aşiq sazıdır, aşıq sazı yox. O zaman ki, aşiqlər aşıqlara döndü, bax onda başladı fəlsəfənin məişətə dönüşü. Əslində isə fəlsəfə heç bir şeyə dönüşmədi, sadəcə, çıxıb getdi, küsdü, yox oldu. Bizim fəlsəfəmiz bizi tərk etdi. Yerində təbiət, şəhvət, dayaz pafos və gerçəkliyin səhnəyə təbdili qaldı.
Anadoluda bir termin var: "aşık". Bu, həm "aşiq"dir, həm də "aşıq". Daha doğrusu, orada aşıqlə aşığın fərqi yoxdur. Bu, təkcə söz olaraq belə deyil, məna, məzmun və görüntü olaraq da belədir. Aşiq olmadan aşıq olunmaz. Əgər aşiqsənsə, aşıq olmağa lüzum yoxdur. Bu, nədir? Ənənəmi, məktəbmi, fəlsəfəmi? Əslində hamısı. Yəni, fəlsəfə ilə gələn ənənəvi məktəb. O ənənə ki, bizdə məlum imperiya zamanında qırıldı, o məktəb ki, fəaliyyətini dayandırdı və o fəlsəfə ki, bizdə özünə yer tapa bilmədi.
Ancaq gedənlər qayıtmaq üçün gedir. Dönüşü olmayan gediş yoxdur. Bəlkə başqa şəkildə, başqa adda dönür, ancaq heç nə itib getmir, hər şey bir gün bir başqa yerdə, bir başqa ölçüdə yenidən doğulur. Məsələn, ölümlər də belədir. Böyük Cavid əfəndi bir zamanlar yazırdı:
Ölüm, məncə bir cismin inqilabı demək,
Həm də çox fəzlədir maraq etmək...

"Ölüm, cismin inqilabı"... heyrətamiz bir məntiqdir. Zira, Cavid əfəndi başqa bir mənzuməsində belə yazırdı:
Gördülər qarışıb gecə gündüzə,
Ölülər nəşədən qiyamə gəldi.

İnqilab, qiyam,... yəni, diriliş, yenidən doğuluş, oyanış, var olmanın bitməyən nizamı!
Fəlsəfədən danışdıq deyə, bir az da fəlsəfi danışdıq. Ancaq zərər yoxdur. Bizim istifafə etdiyimiz fəlsəfə, daha doğrusu, bizim fəlsəfədən istifadə etməmiz nihilizmə, söz yığınının psixotrop hakimiyyətinə deyil, işığa, bəlli bir yol ayrıcına, məlum və müqəddəs saydığımız hədəflərə xidmət edir. Fəlsəfə sadəcə bir vasitədir bu uzun və əzəli yolda.
İndi isə fəlsəfə bizə daha çox lazımdır. Mənəvi və mədəni qatlarımızın çözülüb, ağıllı və ümumbəşəri dəyərlərin fövqünə çıxması üçün, Azərbaycan gerçəkliyinin əsil tarixi və ürfani simasının kəşf olunub yaşadılması üçün bu gün ehtiyacımız olan yeganə şey fəlsəfədir. Ən azından ona görə ki, məhrum qaldığımız yeganə nəsnə də məhz elə fəlsəfədir.
Fəlsəfə olmasa, məlum və məchul hər bir şeyin mahiyyəti, içi, mənası puç olar. Bizim sazımız da bir zamanlar belə bir fəlsəfəyə sahib olub. Bir zamanlar Tanrı ozanları, Haqq aşiqləri əllərinə saz almadan əvvəl ürəklərinə işıq alıblar. Ürəyində işıq olmayanın əlində saz olmayıb. Bəlkə elə buna görə "aşıq", "aşiq" sözünün "işıq"dan gəldiyi də ehtimal edilir. Lakin, hər halu kardə bir müqəddəslik, bir ruhani məqam var ortada. Özü də bu məqam şərti olmayıb, şərt olub. Ozanlığın, aşiqliyin şərti.
Lakin, bunlar, bu iddialar qətiyyən tarix deyil. Bəzən gözəl şeyləri tarixə çevirdiyi üçün mən tarixi, daha doğrusu tarixdən danışmağı, bir şeyin haqqında tarix olaraq danışmağı heç sevmirəm. İtirilmiş şeylər haqqında iftixarla danışmağın məntiqini anlamıram.
Söhbətini açdığım mövzu isə, itirdiklərimiz sırasına daxil olsa da qətiyyən tatix deyil. Əks təqdirdə bu söhbəti açmaq qeyri-mümkün olardı mənimçün. Zira, yuxarıda da vurğuladığım kimi, dönüşü olmayan heç bir gediş yoxdur. Onların dönüşünü biz istəmirik. Məsələ bu qədər bəsitdir.
Bəs gözəlliyi yola gətirmək, ram eləmək, geri qaytarmağın yolları nədir və yaxud necədir? Zənnimcə deyil, gəldiyim son və güzəştsiz qənaətə görə, mən özümdən başlamalıyam. Mən, yəni hər kəs. Hər kəs, boynunda xalqın və Haqqın əmaməti olan şəxslər. Bunun üçün isə, ilk növbədə filosof olmaq lazımdır. Burada qorxulu bir şey yoxdur. Hər işin filosofu o işin fəlsəfəsini dərindən bilən, onun haradan gəlib, haraya və kimlərə yetişməli olduğunu fəhm edən arif. Qorxulu olmasa da çətin bir şeydir əlbəttə.
Bir şeyi unutmuşdum az qala. İddia o zaman absurd görünər ki, onun əsası, ən önəmlisi isə örnəyi olmasın. Tarixdən örnək götürmək isə ən böyük absurddur. Örnək dediyin şey çağın işidir. İndi, bu gün, bu günün şərtlərində mümkün olan və rəvan bir şəkildə yaşayan nəsnədir örnək deyə təbir etdiyimiz şey.
Yuxarıda iddia etdiymiz məsələlərin mümkünlüyü isə, çağımızdan gələn çoxlu sayda və zəngin örnəklərin varlığına hesablanıb. Yəni, Yaxın və Orta Şərin müştərək musiqi, fəlsəfə, ədəbiyyat və ürfan hadisələrinin bu gündən gələcəyə daşınan saysız-hesabsız nümayəndə və nümunələri nəzərdə tutulur. Qəliz cümlələrlə başınızı qatmadan örnək gətirək. Bu gün dünyada məsələn, muğam sənətçiləri mütləq şəkildə həmin sənət növünün fəlsəfi və ürfani tələbləri əsasında formalaşıb yaşayan və həmin fəlsəfi və ürfani tələblər əsasında şəxsiyyərini formalaşdıran insanlardır. Qeyri zümrənin sənətçisinə muğam lazım deyil və onun muğam ifa etdiyinə heç kim inanmaz. Saz musiqisinin, ozan-aşıq sənətinin bu tipli örnəyi məsələn, Anadolu ərazisindədir. Sayıları milyonları ötən Ələvi-Bektaşi sufi ozanları tarixdə qalmayıb, bu gün yaşayır. Əlbəttə bizdə də aşıq sənəti bu gün yaşayır. Lakin onların sufiliyi, fəlsəfi dünyagörüşü, bütöv və əqidəyə söykənən şəxsiyyəti tarixdə qalıb. İddiamız da bundan ibarətdir ki, madam çağımızdan örnəklər var, yəni bu fəlsəfə tarixə gömülməyib, yaşayır, madam əlimizdə, dilimizdə, beynimizdə və ürəyimizdə biz onu bilir və yaşadırıq, niyə onu bu sənətə tədbiq etməyək?! Budur, yuxarıda dediyim özümüzdən başlamaq.
Bunlar yazmaqla olmur, deməklə olmur, bunları yaşamaq lazımdır. Yalnız bu yolla onları yaşatmaq mümkündür. Mümkün olan şeyi namümkün edib tarixə gömmək göz görə-görə cinayətdir. Biz öz əlimizlə sabahkı nəsilləri niyə kor edək, onları sahib olduqları haqdan niyə məhrum edək? Axı dünya böşalır. Bəşəriyyət öz dayaz və məzmunsuz mərkurə tərzindən çoxdandır ki, imtina etməyə başlayıb. İndi dünyanın və bəşərin bizə, qoca Şərqin bu dərin və müəmma dolu incisinə ehtiyacı vardır. Bəs biz özümüzü nələrə və kimlərə möhtac edirik? Nə üçün məsələn, Seyid Yəhya Bakuvi həzrətlərinin əsərləri dünyanın ən proqressiv institutlarının stolüstü kitabı olsun, ancaq biz İçərişəhərin göbəyində onun məzarını belə tanımayaq? Nə üçün Vatikan kilsə muzeyi və kitab arxivi İmadəddin Nəsiminin İraq divanını ən qiymətli ağıl xəzinəsi olaraq saxlayıb, ondan istifadə etsin, bu tərəfdən də Allah adına, qoltuqlarında Qurani-Kərim tutan eybəcər islam əsgərləri "kafir, mürtəd" damğası ilə onun məqbərəsinə bomba qoyub, külünü göyə sovursunlar?! Siz deyin, Allahın övliyasını tanıyan, sevən, oxuyan və onun sayəsində mənəvi və fiziki paklığa yetişənlər ağıllıdırlar, yoxsa öz dəyərlərindən xəbərsiz olan, həmin Allah övliyasının varisi olanlar?!
Bir zamanlar bizim sazımız da məhz həmin mənəvi dəyərlər üçün çırpınırdı. Bu gün Şah Xətai şəxsiyyətini eninə-boyuna müzakirəyə çıxaran bədbəxtlər bilmirlər ki, ana Vətənimizin hər qarışını müqəddəs sayan bu böyük sultan məhz Azərbaycan-Türk sazı ilə dünyaya meydan oxudu. Bu gün Anadolu ərazisində sayıları 2-3 Azərbaycan əhalisi qədər olan Ələvi-Bektaşi camaatı Şah Xətai üzərində qurublar öz həyatlarını. Efirlərə çıxıb ürək bulandıran o səviyyəsiz murdarların ya bunlardan xəbəri yoxdur, ya da qəsdən, kiminsə, kimlərinsə missioneri olaraq belə sonu görünməyən nadanlıqlara imza atırlar. Biz kimik? Əvvəl bu sualı verək özümüzə. Ondan sonra tarixin müasirləşən mənəvi hökmləri haqda fikir yürüdək.
Bəli, hər şey məməviyyatın başındaydı. Son dəfə anlasınlar, bilsinlər ki, şiəlik deyildi Şah Xətainin davası. Əgər elə olsaydı, bu gün İran İslam Cümhuriyyətinin baş qəhrəmanı olurdu o. Halbuki, İran şiə teoloqları nə qədər cəhd etsələr də Şah Xətaini şiələşdirə bilmirlər. Şah Xətai onlarınkı olmur ki, olmur! Bunun isə, əgər bilmək istəsəniz, iki mühüm səbəbi vardır: birincisi, məhz türklük və türkçülükdür. Bəli, Şah İsmayıl Xətai ən böyük Türk və ən böyük türkçü idi. Hələ öz sağlığında, hələ türkçülüyün təsəvvürlərdə belə mövcud olmadığı vaxtlarda Azərbaycan aşıqlarının babası sayılan Dirili Qurban -- Aşıq Qurbani yazırdı:
Bu dünyada bir Haq divan,
O dünyada cənnət məkan,
Qoy var olsun türki zəban,
Şah Xətaim, Şah Xətaim!

Bu, bilirsiz nə deməkdir?! İnsan idrakına sığmır ki, o əsrdə öz dilində yazıb yaratmaq imkanı bir el aşığını bu qədər sevindirə bilərdi! Bəs Şah Xətainin öz şeirləri? Axı o, ən sadə ana türkcəmizdə yazırdı. Maraqlıdır ki, Yavuz Səlimə türkcə məktub yazan Şah Xətai ondan fars dilində cavablar alırdı. Çünki, o zaman osmanlıdan tutmuş hindistan saraylarına qədər başqa dildə danışmaq, yazmaq (xüsusilə öz ana dilində) ar sayılırdı. Elə ana dilində yazıb yaratdığı üçün, yazıb yaratmaq bir yana qalısın, bütün dövlət işlərini, rəsmi sənədləşmələri Azərbaycan türkcəsində həyata keçirdiyi üçün ona osmanlı sarayında tənə edirdilər, "babaları dərvişdir, özü də çulu cırıq çoban nəslindədndir" deyirdilər. O isə, bütöv Azərbaycan qururdu! Əlbəttə, İran bunu qəbul edə bilməz.
İkinci səbəb isə, əlbəttə ki, təsəvvüfdür, ürfandır. Şah Xətai bir sufi teoloqu idi. Şəms Təbrizi kimi, Şah Fəzlullah Nəimi kimi. Onun ideologiyası şəriət üzərində deyil, eşq üzərində qurulmuşdu. Təriqəti məzhəblə qarışdıranlar əvvəlcə gedib dizlərini qatlayıb bir az elm oxusunlar. Anlasınlar ki, Şərqdə təriqət deyiləndə sufilik, təsəvvüf, məzhəb deyiləndə isə din, şəriət nəzərdə tutulur. Şiəlik dedikləri şey isə məhz dindir, şəriətdir, yəni bu günkü İran islamı. Sünnilik də şəriətdir, o da dindir və onun da bütün ideyası təsəvvüfə, eşqə qarşıdır. Necə ola bilər ki, Xətai həm şəriətçi - şiə olsun, həm də şəriətin fitvası ilə dərisi soyulmuş və bu gün də İslam aləminin əsas düşməni sayılan Mənsur Həllaca, Nəsimiyə mədhiyyələr, nəzirələr yazsın? Bunu hansı məntiqlə izah etmək olar? Özü də əlində sazla. O saz ki, bir musiqi alətidir və dində ona ərəbcə "ğina" deyilir. Bu sözdən "nəğmə" sözü törəyib ki, islam alimləri "ğina ilə zinanın hökmü birdir" deyirlər. Budurmu Xətai şiəliyi?! Açığı mənim o adamlara yazığım gəlir. Əvvəl acığım tutur, gedib onlara saz çalmaq istəyirəm. Sonra baxıb görürəm ki, onlar buna layıq deyillər. Əvvəl-axır qalib olan Haqdır. Onların öhdəsindən Haqq özü gələr inşallah. Mənim qisasımı onlardan Şah Xətainin cəddi alar inşallah.
Sazın qüdrəti onun səsində, çalğısında, nə bilim Koroğlu nərəsində-filan deyilmiş. O qüdrət sazdakı ürfani fəlsəfədir. Deməli, bu fəlsəfəyə sahib olmayanlar qüdrətli ozan deyillər. Onlar ümumiyyətlə ozan deyillər. Ozanlıq bir ağacdır ki, onu kəsənlər, onu inlədənlər həmin müqəddəs dərdin sahibidirlər ki, elə Şah Xətainin özü demişkən, "bir dərdim var, min dərmana dəyişməm".
Ancaq ulu ozanımız Yunus Əmrə ayrı söz deyir:
Benim adım dertli dolap,
Suyum akar yalap-yalap,
Böyle emr eylemiş Çelep,
Derdim vardır, inlerim.
Beni bir dağda buldular,
Kolum-kanadım yoldular,
Dolaba layik bildilər,
Derdim vardır, inlerim.
Dalda kestiler hezenim,
Bozuldu türlü düzenim.
Ben uslanmaz bir ozanım,
Derdim vardır, inlerim.
Yunus, bunda gelen gülmez,
Kişi muradına ermez.
Bu fanide kimse gülmez,
Derdim vardır, inlerim.

İndi hu sirləri kiminlə paylaşasan? Kimə açıb deyəsən ki, Yunus dədə burada nələr demiş...
Beləcə, qəlbimizdə sirrimiz, sinəmizdə hələ biz öldükdən sonra yaşayacaq olan sazımız, gedirik bu fanidən yavaş-yavaş. Əslində isə çox sürətlə gedirik. Ancaq dünyanın hesabı ağırdır. Bu qəsvətli, bu qaranlıq həyat yordu bizi. Əgər sinəmizdə ürək yerinə çırpınan o müqəddəs saz olmasaydı, bu ət parçasıyla hara qədər gedərdik, bir Allah bilir.
Mən gedərsəm, sazım, sən qal dünyada,
Gizli sirlərimi aşıkar etmə...

Bu misraları da çağdaş klassiklərimizdən biri olan Aşıq Veysəl qoyub gedib. O da onun kimilər də elə meydan oxudular bu dünyaya ki, dünya bəlkə elə başı gicəldiyi üçün yaranandan bəri fırlanır, hələ dayanmayıb. Bu günlərdə ustadlarımızdan biri məndən qəribə bir söz soruşdu: Nə edirsən? Mən də cavab verdim ki, heç nə. Dua edib, zikr etməkdən başqa heç nəyim qalmayıb. Dedi, pahooo, sən hər şeyə sahibmişsən ki... Dedim ustad, bu da kəndini kandırmanın, yəni özünü aldatmağın yeni üsuludur? Cavab verdi ki, oğlum, sən darıxma, zaman keçib gedəcək, bir gün bəlli olacaq kimin kimi aldatdığı!
Elə bu həqiqətlə də sazımız sinəmizdə, sirrimiz ürəyimizdə, sözümüzsə dostlatın qulağında ömr edirik. Aşiq olan biləcək sazın və eşqin vəhdətini. O vəhdət ki, vücudun və mövcudun yeganə yaşam şərtidir. Vəhdəti-vücud, vəhdəti-mövcud və,... FƏNAFİLLAH!!!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər