Asim Mollazadə: “Bu siyasətlə hesablaşmağa məcbur olacaqlar”
Bəşər Əsəd ordusunun İdlibdə kimyəvi silahdan
istifadə etməsindən sonra ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriyanın
Homs əyalətindəki "Əş-Şəyrat” aerodromuna raket zərbələri endirib. Nəticədə
aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma
kompleksləri vurulub, bir neçə insan həlak olub, bəzi təyyarələr sıradan çıxıb.
Amerika prezidenti Donald Tramp bu hadisəyə dair Konqres üzvlərinə bildiriş məktubu
göndərərək bir daha qeyd edib ki, Suriya ordusunun kimyəvi silahdan təkrar istifadə
edə bilməsinin qarşısını almaq məqsədi ilə bu cür haqlı qərar verilib. Raket zərbəsi
ilə əlaqədar Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Reks
Tillerson arasında telefon danışığı da olub. S.Lavrov qeyd edib ki, ABŞ-ın
Suriya bazasına endirdiyi hava zərbələri ekstremistlərin xeyrinədir. Vladimir
Putinvə Həsən Ruhaniarasında baş tutan telefon danışığı zamanı isə
Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi
endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər.
Bundan başqa, Rusiya, İran vəSuriyaprezidenti Bəşər Əsədi dəstəkləyən
qrupların yaratdığı qərargah ortaq bəyanat da yayıb. Bəyanatda Suriyada
aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada "qırmızı xətt”ikeçdiyi
bildirilib. Eyni zamanda bundan sonra Suriyaya qarşı hər hansı hücuma qarşı
cavab veriləcəyi vurğulanıb.Baş verənlərdən göründüyü kimi, Suriya ətrafında
vəziyyət yenidən gərginləşməkdə, beynəlxalq güclərin sərgilədiyi mövqe daha da
sərtləşməkdədir. Bütün bunlarla bağlı "Kaspi”nin suallarını Azərbaycan Demokratik İslahatlar
Partiyasının sədri, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvü Asim Mollazadə cavablandırır.
- Asim müəllim,
ABŞ-ın Suriya ərazisində yerləşən aviabazanı raketlə vurması müxtəlif fikirlərə
yol açıb. Siz bu hadisəni necə dəyərləndirirsiniz?
- Əslində uşaq qatillərinə "qırmızı xətti” sadəcə
sözdə deyil, real addımda, əməldə nümayiş etdirmək düzgündür. Kimyəvi silahdan
istifadə edərək dinc insanları, yüzlərlə uşağı qətlə yetirən canilər öz cəzalarını
almalıdırlar. Mən çox istərdim ki, Xocalıda soyqırımı törədən, uşaqları qətlə
yetirən hərbi cinayətkarlar da belə bir cəzaya məhkum olsunlar.
- Bildiyiniz
kimi Suriya probleminin həllinə dair regionda maraqları olan dövlətlərin
iştirakı ilə sülh danışıqları davam etdirilməkdədir. Eyni zamanda ABŞ-ın dövlət
katibi R.Tillerson Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki,B.Əsədin
taleyini yalnızSuriyaxalqı həll etməlidir. ABŞ-ınBMT-dəki
daimi nümayəndəsi Nikki Heyli də B.Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının
artıq ABŞ üçün prioritet olmadığını qeyd eləyib. Belə olan halda Suriya
prezidentinin nə marağı var ki, kimyəvi silah işlətməklə özü ilə bağlı vəziyyəti
yenidən gərginləşdirsin, diqqəti üzərinə cəmləsin?
- Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi
məsələsi bu gün də gündəmdədir. Onun kimyəvi silah tətbiq etməsinə gəlincə,
diktatorlar heç vaxt ağılla hərəkət etmirlər. Onların hərəkətləri öz ölkələri
daxilində törətdikləri qətllərdən irəli gələn siyasətdən qaynaqlanır. Ona görə
də mən hesab edirəm ki, bu, birinci hal deyil. Sadəcə, bu dəfə Bəşər Əsədin
İdlibdə kimyəvi silahdan istifadə etməsi barədə məlumat daha geniş yayıldı,
dünya ictimaiyyəti bundan xəbər tutdu. Onun törətdiyi bu cinayətə görə cəza da
özünü çox gözlətmədi, düzgün oldu.
- Amerikanın
Suriyaya raket zərbələri Rusiya tərəfdən etirazla qarşılanıb. İran da bu addımı
dəstəkləməyib. Tərəflər arasında Suriya məsələsinə görə vəziyyətin getdikcə
daha da gərginləşməsi regionda ABŞ-Rusiya hərbi qarşıdurmasına gətirib çıxara
bilərmi?
- İstisna deyil. Amma bir həqiqəti də diqqətdən kənarda
saxlamaq olmaz ki, dünya iqtisadiyyatında ABŞ-ın payı 25 faiz ilə ölçülür. Hətta
İtaliya iqtisadiyyatından da kiçik olan Rusiyanın bu istiqamətdə rəqabət
aparması, ABŞ ilə qarşıdurmaya girməsi mümkünsüzdür.
- Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə kimyəvi hücuma cavab olaraq ABŞ-ın
Suriyaya raket zərbəsi endirməsini müsbət dəyərləndirib, rəsmi Vaşinqtonun bu
addımla kifayətlənməyəcəyinə, həmçinin Rusiyanın da ən azı B.Əsədi müdafiə etməyi
dayandıracağına ümid edib. Türkiyənin bu davranışı Ankara-Tehran-Moskva
ittifaqına necə təsir göstərəcək?
- Türkiyənin siyasəti bilavasitə NATO müttəfiqliyindən
irəli gəlir. Təbii ki, bu ölkə Rusiya ilə də normal qonşuluq münasibətləri
qurmaq istəyir. Ona görə də bu istiqamətdə zəruri addımlar atır. Lakin bu zaman
Türkiyə heç vaxt öz strateji müttəfiqliyinə xəyanət eləmir.
- Sizcə,
Suriya problemi ətrafında hadisələr hansı istiqamətdə inkişaf edəcək?
- Mən hesab edirəm ki, istiqamət bəllidir. Hətta Bəşər
Əsədin arxasında dayanan qüvvələr də yaxın vaxtlarda onu dəyişmək barədə
düşünürlər.
- Bəs, Türkiyə
necə, Suriya problemi fonunda öz maraqlarını təmin edə biləcəkmi?
- Hazırda Türkiyə Suriya ilə sərhədlərini möhkəmləndirib.
Türkiyənin yeganə problemi beynəlxalq terrorizmdir. Ona görə də bu dövlət beynəlxalq
antiterror koalisiyasının fəal üzvüdür. Burada söhbət həm İslam dini adından
sui-istifadə edən terror qruplaşmalarına, həm də PKK kimi terror təşkilatlarına
və onların arxasında dayanan qüvvələrə qarşı mübarizədən gedir. Türkiyənin əsas
məqsədi ölkənin təhlükəsizliyini təmin etmək, beynəlxalq antiterror
koalisiyasında üzərinə düşən vəzifələri yerinə yetirməkdir.
- ABŞ dövlət katibinin
Rusiya səfəri zamanı prezident V.Putinlə görüşü əvvəlcədən planlaşdırılsa da,
sonradan bu, R.Tillersonun iş qrafikindən çıxarılıb. Sözügedən münasibət nəyin
göstəricisidir?
- Bu davranış real vəziyyətin göstəricisidir.
Fikrimcə, ABŞ öz siyasətində köklü dəyişiklik edib. Halbuki, son 8 il ərzində
Amerikanın siyasətində "qırmızı xətlər” bəyan edilsə də verilən vədlərin
arxasında dayanılmayan bir siyasətin şahidi olurduq. Nəhayət, ABŞ üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıb. Bu da yeni bir siyasətin təzahürüdür.
Düşünürəm ki, bu siyasətlə hesablaşmağa məcbur olacaqlar.
- Donald
Trampın Amerikanın 45-ci prezidenti seçilməsini Rusiyada rəsmilər, təhlilçilər
və adi vətəndaşlar rəğbətlə qarşılayırdılar. Onlar ümid edirdilər ki, Rusiyada
ABŞ-la münasibətlərdə yeni səhifə açılacaq. Hətta D.Trampın özü də seçkidən əvvəl
zaman-zaman Rusiya ünvanına isti mesajlar göndərir, ikitərəfli münasibətlərin
yaxşılaşdırılmasının vacibliyini vurğulayırdı. Lakin indi biz tamam ayrı mənzərə
müşahidə edirik...
- Hesab edirəm
ki, ABŞ-ın atdığı addımlarda hər hansı ziddiyyət yoxdur. Bu ölkə ilə Rusiyanın
münasibətlərinin normal müstəviyə keçməsi mümkün idi. Lakin bunun üçün Rusiya hər
hansı problemli addım atmamalı idi. Gələcək üçün də bu, belədir. Rusiya öz
siyasətində köklü dəyişiklik etməli, beynəlxalq ictimaiyyətin rəyinə qarşı
çıxmamalıdır.
- Bu hadisələr
fonunda İsveç, Misir və sair ölkələrdə törədilən terror aktları da diqqət çəkməkdədir.
Terrorizmin Avropa məkanına da ayaq açması nədən qaynaqlanır?
- Təəssüflər olsun ki, indi nəinki Şərq ölkələrində,
Avropa məkanında da terror aktları törədilməkdədir. Buna görə də beynəlxalq
terrorizmlə mübarizəyə bütün qüvvələr səfərbər olunmalıdır. Terrorizm
insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətdir. Dünyanın istənilən yerində,
harasında törədilməsindən asılı olmayaraq, bütün beynəlxalq qüvvələr terrorizmə
qarşı fəal mübarizə aparmalıdırlar. Yalnız bu yolla terrora son qoymaq
mümkündür. Azərbaycan zaman-zaman terrorun acı nəticələrini görən, yaşayan bir
ölkədir. Ona görə Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür. Terrorla
mücadiləyə ölkəmiz öz töhfəsini verir. Bu eyni zamanda, dövlətimizin,
xalqımızın humanist mahiyyətindən irəli gəlir.
- ABŞ-Rusiya
münasibətlərindəki gərginləşmə Cənubi Qafqaz ölkələrinə necə təsir edə bilər?
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə. Münasibətlər bir qədər
də pisləşərsə, ABŞ və Rusiya birlikdə həmsədr kimi əməkdaşlıq edə biləcəklərmi?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə dair aparılan danışıqlar hazırda faktiki olaraq dayanıb.
Buna başlıca səbəb işğalçı Ermənistanın qeyri-konstruktivliyi, sülh danışıqları
zamanı özünü qeyri-səmimi aparması, əsassız iddialar irəli sürməsi, ən nəhayət
cəbhə xəttində müxtəlif təxribatlar törətməklə danışıqlar prosesinə zərbə
vurmasıdır. Düşünürəm ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli prosesini öz
inhisarına almaq, bununla da öz forpostu, müstəqilliyini itirmiş Ermənistanın
maraqlarını müdafiə etmək istəyir. Əgər proseslər inkişaf edəcəksə, Rusiyaya
belə bir şərait yaratmaq imkanı verilməyəcək.
Rufik
İSMAYILOV