AZE | RUS | ENG |


Asəf Hacıyev: “Bəzi ölkələr işğalçılığın sonunun olmadığını başa düşərək bundan əl çəkməlidir”

Asəf Hacıyev: “Bəzi ölkələr işğalçılığın sonunun olmadığını başa düşərək bundan əl çəkməlidir”
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevin APA-ya müsahibəsi
 
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə qurulub, 7 ay sonra isə Parlament Assambleyası yaradılıb. 25 ildə təşkilat və assambleya qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail ola bildi?
- Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı iki əsas qoldan ibarətdir - Qara Dəniz İqtisadi Əməkdaşlıq və təşkilatın Parlament Assambleyası. 1993-cü ildə 9 ölkənin parlament sədrləri bəyanat imzalayaraq təşkilatımızı yaratmışdılar. Daha sonra Yunanıstan, Serbiya və Bolqarıstan da Parlament Assambleyasına daxil oldular. Bu il mayın 21-də təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda toplantısı olacaq, mayın 22-də  isə təşkilatın yaradılmasının 25 illiyi münasibətilə dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Gələn il fevralın 26-da Parlament Assamblyeasının 25 ili tamam olacaq, o münasibətlə biz də mart və ya apreldə üzv ölkələrin məclis sədrlərinin zirvə  toplantısını keçirməyi planlaşdırırıq. 25 il elə bir rəqəmdir ki, geriyə baxaraq hansı işlərin həyata keçirildiyini görə bilirsiniz.
 
- Hansı işlər həyata keçirildi?
- Artıq Qara dəniz bölgəsi dünya siyasətinin önəmli bir regionuna çevrilib. Bunun bir neçə səbəbi var. Tarixən əsas nəqliyyat arteriyaları bu bölgədən keçib, məsələn, İpək Yolu, Vikinqlərin marşrutu. Eyni zamanda, bu bölgə enerji qaynaqları ilə zəngindir. Amma Qara dənizin ən böyük sərvəti bu bölgədə yüksək intellektə malik olan, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bərabər yaşamasıdır. Qara dəniz regionu deyəndə biz buraya Xəzər, Azov, Egey, Aralıq dənizlərini də daxil edirik. Burada böyük dövlətlərin maraqları toqquşur. Baxın, bizim təşkilatın 12 üzvü var, eyni zamanda 7  ölkə arasında 7 münaqişə var. Bizim təşkilat iqtisadi təşkilat olduğuna görə, burada siyasi məsələləri müzakirə edərək hər hansı qərar qəbul etmək mümkün deyil. Ancaq toplantılarımızda çıxış edən millət vəkilləri həmişə münaqişəli məsələlərə toxunurlar. Azərbaycan nümayəndə heyəti həmişə Dağlıq Qarabağ məsələsini, işğal altındakı torpaqlar, 1 milyon qaçqın və s. məsələləri  gündəmə gətirir. Son illərdə Qara dəniz böyük bir problemlə də qarşılaşdı ki, bu da qaçqınlar problemidir. İndi dünyada 63 milyona yaxın qaçqın var və dünyada hər 110 nəfərdən biri qaçqındır. Qara dəniz bölgəsində  hər 55-60 nəfərdən biri, Azərbaycanda isə hər 9 nəfərdən biri qaçqındır. Bu problemin dünya iqtisadiyyatına vurduğu zərər 400 milyard dolları keçib. İki ölkə Qara dəniz bölgəsində qaçqın problemindən daha çox əziyyət çəkir. Türkyə rəsmi olaraq 3 milyona yaxın  qaçqını qəbul edib, qeyri-rəsmi isə bu rəqəm daha yüksəkdir. Azərbaycanda, yuxarıda qeyd etdiyim kimi, hər 9 nəfərdən biri qaçqındır. Xəzər dənizindən çıxarılan neft və qaz dünya bazarına Türkiyə üzərindən göndərilir ki, bu da Türkiyənin bölgədəki önəmini daha da artırır. Qara dəniz bölgəsində Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklər bir çox ölkənin diqqət mərkəzindədir. Çünki orada iki hərbi qüvvə - Rusiya ilə NATO toqquşur. Gürcüstanda Osetiya və Abxaziya məsələsi, Azərbaycanın Dağlıq Qarabağ problemi, Kosovo, Kipr, Moldovada Dnestryanı bölgənin problemi 12 ölkənin hamısını birbaşa və ya dolaylı yollardan münaqişələrə maraq göstərməyə məcbur edib. Ona görə, çalışmalarımız çox mürəkkəb şəraitdə keçir. Parlament Assambleyamız bu 25 ildə böyük yol keçdi. İndi assambleyamızın 12 daimi üzvü olsa da, Almaniya Bundestaqı, Misir, İsrail, Çexiya, Slovakiya və bir çox başqa ölkənin burada müşahidəçi statusu var. Avstriya, Yaponiya kimi ölkələr isə "Sectorial dialogue” statusuna malikdir. Bu bölgədə daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə düşdü, ondan əvvəl Bakı-Supsa vardı. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın gələcəkdə istismara veriləcək. İndi üzərində iş gedən iki ən mühüm layihədən biri TANAP, o biri isə TAP-dır. İş bununla bitmir, Orta Asiyanın zəngin neft və qaz yataqlarının enerji məhsullarını Azərbaycan üzərindən Avropaya çatdırmaqdan söhbət gedir. Bilirsiniz ki, Qazaxıstan enerji baxımından çox zəngin ölkədir, gələcəkdə TAP və TANAP-a qoşulması barədə söhbətlər var. Bu bölgədə sülh və sabitlik olması üçün biz də əlimizdən gələni edirik. Sülh olmasa, sabitlik olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Adını çəkdiyim münaqişələr bölgədəki inkişaf proseslərinə mənfi təsir göstərir. İndi dünya elə bir vəziyyətə gəlib ki, artıq iki ölkə bu münaqişələri həll edə bilməz, dünya birliyi bu problemləri həll etməlidir. Buna doğru müsbət gediş olduğunu deyə bilərəm. Misal kimi deyim ki, Dağlıq Qarabağ problemi BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirə edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasına dair 4 qətnamə qəbul edilib. Ermənistan isə o qətnamələri rədd edir, onlara hörmət göstərmir. Hansısa ölkə dünyanın ən nüfuzlu qurumu olan BMT-nin qətnamələrinə, qərarlarına riayət etmirsə, bunu fikirləşmək lazımdır: o ölkənin həmin təşkilatda olmasına ehtiyac varmı? Yoxdur.
 
- Bu vəziyyət bütün başqa təşkilatlara da aid edilməlidir, elə deyilmi?
- Bizim  təşkilat iqtisadiyyatla məşğul olduğuna görə, üzvlərimiz barədə konkret siyasi qərarlar qəbul edə bilmirik. Ancaq baxın: Avropa Şurasının qərarları var, ATƏT-in qərarları var, bir çox ölkə parlamentlərinin  qərarları var ki, Ermənistan işğal etdiyi torpaqlardan bir an əvvəl qeydsiz-şərtsiz çıxmalıdır. Bununla bağlı qərarlar qəbul etməyən heç bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Beynəlxalq təşkilatlar balans saxlamaq məqsədilə Azərbaycana da Ermənistana da eyni dərəcədə yardım edirlər. Ermənistandakı işğalçı hakimiyyət öz xalqına deyir ki, beynəlxalq təşkilatlar bizə də Azərbaycana da eyni dərəcədə yardım edirlərsə, deməli, siyasətimiz doğrudur. Ona görə də, beynəlxalq təşkilatlar onlara qarşı sanksiyalar tətbiq etməlidir. Onların əhalisi  isə narazılıq edəndə beynəlxalq təşkilatlar deməlidir ki, sizin hakimiyyət işğalçıdır. Bir neçə il əvvəl BMT-nin baş katibi Pan Gi Munla görüşdə demişdim ki, Azərbaycanda  xalq artıq sizin qərarlarınıza şübhəylə yanaşır. Çünki 4 qətnamənizin heç biri həyata keçməyib, onda o qərarları niyə qəbul edirsiniz? Onun da cavabı bundan ibarət oldu ki, siz haqlısınız, artıq qərarların həyata keçməməsi durumunda növbəti addımın nədən ibarət olmasını düşünmək lazımdır. Məsələ erməni xalqını cəzalandırmaq deyil, söhbət oradakı işğalçı hakimiyyətdən gedir, xalqı bir qrup siyasətçiyə qurban vermək olmaz. Ona görə, sanksiyaları addım-addım həyata keçirmək lazımdır. Xalq anlayanda ki, bu hakimiyyətin siyasəti onları uçuruma aparır, onu başından rədd edəcək. Bunun yolu ancaq budur. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən yox, bütün münaqişələrdən gedir. İşğalçılıq siyasətlərinə qarşı lazımi sanksiyalar tətbiq edilməlidir. Mən əvvəllər nümayəndə heyətinin başçısı olanda çıxışlarımda deyirdim ki, bizim 2 peykimiz var, indi üçüncüsü olacaq, Ermənistan isə işğalçılıqla məşğuldur. Azərbaycan çox düzgün siyasət aparır: iqtisadi inkişaf. Azərbaycan iqtisadi baxımdan güclü olandan sonra dünya bizə hörmət edəcək və bəlkə o bölgələrdə yaşayan ermənilər də anlayacaqlar ki, güclü dövlətin tərkibində olmaq işğalçı ölkənin tərkibində olmaqdan daha məntiqlidir. Eyni zamanda, biz unutmamalıyıq ki, bu məsələ çox uzun sürməməlidir. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan sülh yolunun tərəfdarıdır, ancaq bu məsələ çox uzun sürsə, bölgədə vəziyyət dəyişəcək və dəyişmiş vəziyyətdə hər yola əl atıla bilər. Çünki öz torpaqlarını geri almaq Azərbaycanın suveren hüququdur. Bəzən deyirlər ki, biz Avropa Şurasına daxil olanda məsələnin sülh yoluyla həllinə söz vermişik. Mən belə hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü Avropa Şurasına üzv olmaqdan qat-qat yüksək  amaldır. Ona görə də, sülh yoluyla baş tutmayacaqsa, onlar bizim torpaqlarımızı necə işğal ediblərsə, biz də o cür geri alacağıq. Bəlkə Avropa Şurası buna isti baxmaz, ancaq bir də təkrar edirəm ki, Azərbaycanın ərazi bütövlüyü vətəndaşlarımız üçün müqəddəsdir. Heç bir beynəlxalq təşkilata üzv olmaq bu amala bərabər ola bilməz. Aprel hadisələri göstərdi ki, Azərbaycan tam dəyişib. Aprel hadisələrində ermənilər başa düşdülər ki, Azərbaycanın hərbi gücü var və Azərbaycan öz torpaqlarırnı qaytara bilər, sadəcə, ümid edirik ki, bu məsələ sülh yolu ilə həll olunacaq.
 
- Parlament Assambleyası münaqişələrin həllində hansı rolu oynaya bilər?
- Mən Parlament Assambeyamızın dialoq üçün bir meydan olduğunu düşünürəm. Danışmadan, müzakirə aparmadan problemləri həll etmək mümkün deyil. Bizdə tərəflər bir-biri ilə, belə demək mümkündürsə, sözlə atışırlar və hər tərəf öz arqumentlərini ortaya qoyur. Digər ölkələr o  arqumentləri görürlər. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsində hamı Ermənistanın işğalçı olduğunu görür. Bu baxımdan dialoqun çox önəmli olduğunu düşünürəm. Millət vəkilləri burada çıxışlar edəndən sonra öz ölkələrinə qayıdaraq rəhbərliklərinə məlumatlar verirlər. Hamı arqumentlərə baxaraq kimin haqlı, kimin haqsız olduğunu anlayır. Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxanda görürük ki, 1988-ci ildə Avropa qurumlarının qərarları əsl vəziyyəti əks etdirmirdi. Bu gün nə baş verir? Avropa qurumları əsl vəziyyəti anlayıb, həqiqəti əks etdirən qərarlar qəbul edirlər. Çünki Azərbaycan o strukturlara daxil olaraq öz arqumentlərini masanın üzərinə qoydu. O zaman bu problemlərlə dərindən maraqlanmayan dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini gördü. Bu gün dünyada ən  bahalı  sərvət məlumatdır. Tək məlumat olanda bir cür qərar qəbul olunur, geniş məlumat olanda başqa cür. O vaxt Azərbaycana qarşı informasiya blokadası olduğuna görə, qərarlar əleyhimizə qəbul edilirdi. İnformasiya blokadasını qırandan sonra isə obyektiv qərarlar qəbul edilməyə başlandı. Müxtəlif nümayəndə heyətləri gəlib, həm Azərbaycanın inkişafını, həm də sülhsevər siyasətini gördülər, qərarların mahiyyəti dəyişməyə başladı. Ona görə bizim Parlament Assambleyamız ölkəmizin siyasətini dünyaya çatdırmaq və həqiqətləri göstərmək baxımından böyük imkandır.
 
- Rəhbərlik etdiyiniz Parlamentar Assambleyasının digər beynəlxalq təşkilatlar və parlament assambleyalarıyla münasibətləri necə qurulub?
- Bizim təşkilatda müşahidəçi təşkilatların olduğu kimi, biz də bir çox beynəlxalq qurumda müşahidəçi statusu almışıq. Məsələn, Avropa Şurası, Avropa Parlamenti, NATO Parlament Assambleyası, ATƏT - onların hamısının bizdə müşahidəçi statusu var. Bizim də onlarda müşahidəçi statusumuz var. İndi Ümumdünya Parlamentlər İttifaqıyla müzakirələr aparırıq, onlar bizə "Associated status” verəcəklər, onların iclaslarında çıxış etmə haqqımız olacaq. Bu da ParlamentarAssambleyamıza olan hörmətin ifadəsidir.MDB ölkələrinin Parlament Assambleyası ilə işgüzar münasibətimiz var. 

- Hər halda, sizin təcrübəniz onlardan daha zəngindir, çünki Qara dənizdən başqa Avropanın bir hissəsini də əhatə edirsiniz.
- Düzdür. Bilirsinizmi, dünyada ən önəmli  anlayışlardan biri  mədəniyyətdir. Müxtəlif mədəniyyətlər zənginlik deməkdir. Biz Avropa təşkilatı olsaq da, 3 Avrasiya ölkəmiz var: Türkiyə, Rusiya, Azərbaycan. Ona görə, təşkilatımızda həm Avropa, həm də Asiya dəyərləri bir araya gəlib. Keçən il dünyanın ən böyük təşkilatlarından biri olan Asiya Parlament Assambleyasında müşahidəçi statusu aldıq. Dünya yaxşı mənada kiçildi, ona görə də təkcə Avropada aktiv olmamalıyıq, Asiya barədə ciddi düşünməliyik. Biz Avropa texnologiyalarını Asiyaya aparmaqda körpü rolunu oynayaraq orada inkişafa səbəb ola bilsək, bu, sözsüz ki, bizim nailiyyətimiz olacaq. Asiya Parlament Assambleyasında müşahidəçi statusu almağımız ambisiyalarımızın daha geniş olduğunu göstərir.
 
- Söylədikləriniz bundan sonra sıçrayış xarakterli addımlar atılacağına dair təsəvvür yaradır. Yanılmıram ki?
- Hər 6 aydan bir sədrlik dəyişir, ildə 2 dəfə Baş Assambleyamız və 6 komitə iclaslarımız olur. Komitələrdə müəyyən hesabatlar hazırlanır, Baş Assambleyada müzakirə ediləndən sonra tövsiyələr qəbul edilərək parlamentlərə göndərilir. İşimizin digər istiqaməti isə beynəlxalq əlaqələrimizi genişləndiməklə bağlıdır. 25 ildə biz bir çox təşkilatla əlaqələr yaratmışıq, onlar bizdə müşahidəçi olublar. Bu istiqamətdə daha aktiv olmağımız lazımdır ki, hər bir ölkənin marağı olan bu bölgənin məsələlərinin dünyaya tanıdılmasında Parlament Assambleyamız daha önəmli rol oynaya bilsin. Bu baxımdan qarşımızda böyük məsələlər var. İyunda ABŞ-dakı bir universitetin təşkil edəcəyi konfransda Qara dəniz bölgəsindəki yeni çağırışlarla bağlı çıxışım olacaq. Bu, o deməkdir ki, okeanın o tərəfindəki düşüncə qurumları Qara dənizlə maraqlanırlar. ABŞ nümayəndələrinin bizim iclaslarımızda tez-tez iştirak etmələri bunun başqa bir göstəricisidir. Təşkilatı tanıtmaqla bölgəyə sülh və inkişaf gətirmək bizim əsas işimizdir. Sülh olmayan yerdə inkişaf çox çətin olur və inkişaf olan yerdə mütləq sülh olmalıdır. Ona görə bütün dövlətlərə müraciət edirik ki, sülh olsun, stabillik olsun, inkişaf olsun, təhlükəsizlik olsun. Bəzi ölkələr işğalçılığın  sonunun olmadığını başa düşüb, ondan əl çəkməlidirlər. Təşkilatımızdakı Azərbaycan nümayəndə heyəti əvvəl olduğu kimi, indi də xeyli fəaldır. Bizim ildə 3 hesabatımız olur, onlardan ikisini Azərbaycan nümayəndə heyəti təqdim edir. Millət vəkili Əflatun Amaşov iqtisadiyyat komitəsində, təşkilatın vitse-prezidenti, millət vəkili Musa Quliyev isə mədəniyyət və sosial məsələlər komitəsində əsas məruzəçilərdir. Digər ölkələrin nümayəndələri onları dinləmək istəyirlər, hörmətlə yanaşırlar. Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəllər də, indi də bütün  çıxışlarında Dağlıq Qarabağ məsələsinə toxunurlar. Məsələn, söhbət nəqliyyat  problemlərindən gedəndə Azərbaycan nümayəndəsi göstərir ki, bu istiqamətdə Azərbaycanda çox mühüm işlər görülür, ancaq  prosesə mənfi təsir edən faktor Dağlıq Qarabağ münaqişəsidir. Hər bir müzakirədə bu məsələyə toxunurlar. Bir milyon qaçqını olan ölkədə indi bir qaçqın düşərgəsi belə qalmayıb, Azərbaycan dövləti hər bir qaçqını evlə təmin edib. Oraya sərf edilmiş milyardların hamısı Azərbaycanın büdcəsindən gedib. Oradan qaçan əhali kənd təsərrüfatı ilə məşğul ola bilməyib və s. Hamısını Azərbaycan nümayəndələri daima gündəmə gətirir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021