AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir

“ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir

Cəmiyyət
06 İyun 2020, 20:07 234
Prezident İlham Əliyevin Ağcabədidə "ASAN Həyat” kompleksinin açılışında səsləndirdiyi fikirlər əslində, dövlətimizin sosial siyasət istiqamətlərini müəyyənləşdirir. İnnovasiyalara təkan verən və yeni münasibətlər sistemini formalaşdıran "ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
 
Politoloq diqqətə çatdırıb ki, bütün dünya ölkələri hazırda koronavirus pandemiyası ilə ciddi mübarizə aparır, bütün imkanları yalnız virusla mübarizəyə sərf edirlər. Pandemiya səbəbindən bir çox ölkələrdə sosial siyasət çox zəif aparılır. Belə ölkələrlə müqayisədə Azərbaycanın pandemiya dövründə də sosial prioritetləri dəyişilməz olaraq qalır. Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlüyü, səmərəliliyi ilə diqqət çəkir və vaxtında atılmış cəsarətli addım kimi qiymətləndirilir.

"Dövlətimizin başçısı mövcud şəraitdə sosial siyasəti, vətəndaşlara qayğını daha çox diqqətdə saxlayır. Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verən "ASAN xidmət”in 19 mərkəzi vətəndaşlara yüksək səviyyədə xidmət göstərir. İşçilərinin əksəriyyəti gənclərdən ibarətdir və bu da vətəndaşlara xidmət sistemində önəmli rola malikdir. Gənc könüllülər bu istiqamətdə xüsusi təlim keçirlər. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, növbəti 2-3 il ərzində "ASAN xidmət” ölkəmizin bütün bölgələrini əhatə edəcək. Vətəndaşlarımız bu xidmətdən artıq neçə illərdir bəhrələnir və çox məmnundurlar. "ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, ictimai xidmətlər sahəsində rüşvətxorluq, korrupsiya heçə endirilib. İndi "ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. "ASAN xidmət” Azərbaycanın milli brendinə çevrilib və bu təcrübə digər ölkələr tərəfindən öyrənilir. Düşünürəm ki, Azərbaycan dövlətinin vətəndaşlarına diqqət və qayğısı, eləcə də onlara yüksək səviyyədə xidmət siyasəti dəyişilməz olaraq qalacaq”, -deyə politoloq vurğulayıb.

İlqar Vəlizadə BMT-nin "ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirməsini qeyd edərək bildirib ki, Azərbaycan modelinin beynəlxalq müstəvidə tanınması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da mühüm rol oynayır.