• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Aşağıdan yuxarı getməyin daha məqsədəuyğun olduğu yol

10.07.19 10:30 4336
Aşağıdan yuxarı getməyin daha məqsədəuyğun olduğu yol
Hər sahədə olduğu kimi, kiçik və orta biznes də günü-gündən inkişaf edir. Amma dayanıqlı biznes fəaliyyəti qurmaq o qədər də asan məsələ deyil. Çünki kifayət qədər rəqabətin və risklərin çox olduğu bir sahədən söhbət gedir. Bəlkə də məhz bu məqam biznesi daha maraqlı və rəngarəng edir. Təsadüfi deyil ki, çətinliklərə və risklərə baxmayaraq, öz biznesini qurmaq istəyənlərin sayı ildən ilə daha da artır.
Onlardan biri də həmsöhbətim Kənan Səlimovdur. Deyir ki, sıfırdan nəyəsə başlamaq həmişə çətin olur: "Mənim kimi, öz işini qurmaq istəyən yüzlərlə gənc var. Biznesə başlamağın ən çətin tərəfi maddi məsələlərlə bağlıdır. Adicə, istədiyin formada ofis tapmaq belə, bəzən çox ciddi məsələyə çevrilir. Plazalardakı ofislərin aylıq kirayə haqqı kifayət qədər yüksəkdir. Bu qədər xərc çəkdikdən sonra bazarda özünə yer tuta biləcəyin də sual altında qalır. Bizdə insanlar biznes quranlara "alverçi” kimi baxırlar. Valideynlər də çox vaxt gəncləri bu məsələdə dəstəkləmir. Hələ də sovet dövrünün təfəkkürü ilə, "aylıq maaşa dövlət işi olsun, bəsdir” düşüncəsi qalmaqdadır. Bundan başqa, biznes qurmaq üçün bazarda rəqabət mühiti də istənilən səviyyədə deyil. Ona görə də, gənclərin çoxu biznesini onlayn formada idarə edir”.
Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək
Bəs görəsən uğurlu biznesin sirri nədədir? Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır deyib, bu sahədə uzun müddətdir təcrübə sahibi olan "Mr Bee” bal brendinin məxsus olduğu "Kercom" şirkətinin rəhbəri Cavid Kərimovlahəmsöhbət olduq. Deyir ki, biznesə başlamaq üçün ən vacib şərt istək və məqsəddir. Həmçinin, sistemli fəaliyyət və resurs da vacib şərtlərdəndir. Resurs dedikdə təkcə maddi vəsait nəzərdə tutulmur. Bilik və bacarıq, qabiliyyət, təcrübə biznesin əsasını təşkil edir. Düşünür ki, biznes özlüyündə böyük bir yoldur. Kənardan nə qədər asan görünsə də, biznesin asan tərəfi demək olar ki, yoxdur: "Bəzən gənclər yetəri qədər istəkli olsalar da, sistemli fəaliyyət qura bilmirlər. Belə olduğu təqdirdə komanda qısa müddətdə dağılır. Biznes kifayət qədər məsuliyyətli və zəhmətli bir işdir. Öz biznesini quran hər kəs gecə-gündüz fikirləşməli, müxtəlif mexanizmləri özlüyündə müzakirə edib nəticə çıxarmalıdır. Hər şeydən əvvəl öz məqsədini konkret olaraq müəyyən etməlisən. Adətən gənclər məhz bu nöqtədə səhv edirlər. Mən özüm də bu səhvi etmişəm. Eyni anda bir neçə məqsədə fokuslanmaq olmaz. İkinci növbədə isə öz prinsiplərini müəyyən etməlisən. Sənin biznes ideyan çox güclü ola bilər, amma səbirli olmaq lazımdır. Qısa müddətdə böyük gəlirlər əldə edəcəyini düşünənlər səhvə yol verir. Gənclərin bir qismi biznesə, nəyisə alıb-satdıqdan sonra qazanılan gəlir kimi yanaşırlar. Biznes bu demək deyil. Yəni bu qayda ilə biznesi sadəcə, bir müddət davam etdirmək mümkündür. Bundan başqa daima düşünməli, bazarı araşdırmalısan. Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək lazımdır. Yalnız bu halda biznes rəqabətə davam gətirə bilər”.
Cavid Kərimov deyir ki, son illərdə kiçik və orta biznes sahəsində aktivlik hiss olunur: "Müxtəlif akselerasiya, inkubasiya mərkəzləri yaradılır. Dövlət səviyyəsində müəyyən işlər görülür. Hal-hazırda kiçik və orta bizneslə məşğul olan sahibkarların fəaliyyəti stimullaşdırılır. Artıq müəyyən inkişaf da hiss olunmaqdadır. Amma hələlik biznes mühiti tam olaraq formalaşmayıb. Gənclərin çoxu maliyyə məsələsindən şikayət edir. Maliyyə mənbəyi tapmaq üçün qarşı tərəfi öz ideyana inandırmalısan. Dünya təcrübəsində investorlar gənclərə istədiyi məbləği təklif edə bilir. Hətta, o biznes uğursuz alınsa belə, investor həmin pulu geri tələb etmir. Amma Azərbaycanda bu məsələyə yanaşma bir qədər fərqlidir. Biznes qurmaq istəyirsənsə, əvvəlcə bazarı araşdırmalı, əlaqələr qurmalısan. Müəyyən səy göstərdikdən sonra investoru özünə inandıra bilərsən. Bəzən bu mərhələləri keçdikdən sonra qurduğun biznes gəlir gətirməyə başlayır. Bəzənsə, sahibkarlar bu mərhələləri min bir zəhmətlə aşdıqdan sonra bazarda rəqabətə davam gətirə bilmirlər. Çünki biznesdə risklər həmişə mövcuddur. Ona görə də, rəqabət məsələsini diqqətə almaq lazımdır. Vaxtında müəyyən edilməyən rəqib, sənin biznesini bazardan çıxara bilər. Ona görə də mümkün olan bütün təhlükələri nəzərə almaq lazımdır. Bu, mənim də şirkətimin başına gələn bir hadisədir. Rəqabətə davam gətirmək üçün iqtisadiyyatı dərk etməlisən, dünyadakı trendlərdən, regionda baş verən yeniliklərdən daima xəbərdar olmalısan”.
Biznes o qədər çətin məsələdir ki...
Kiçik və orta biznesin dünya ölkələrində iqtisadiyyatın əsasını təşkil etdiyini deyən"Fox Dijital Agentliyi”nin rəhbəri, marketinq üzrə mütəxəssis Seymur Quliyevqeyd etdi ki, statistikaya əsasən, biznesin bu növü məşğulluğun 60 faizinə öz təsirini göstərir. Həmçinin, ÜDM-in 40 faizini kiçik və orta biznes təşkil edir: "Yəni belə demək olarsa, kiçik və orta biznes ölkələrin iqtisadiyyatının əsas lokomotivi rolunu oynayır. Azərbaycanda bu sahədə yeni inkişaf etməkdədir və təbii olaraq müəyyən problemlər var. Dəfələrlə qurulan bizneslərin müəyyən müddətdən sonra fəaliyyətini dayandırdığının şahidi olmuşuq. Bunun əsas səbəblərindən biri maliyyə məsələsi ilə bağlıdır. Çünki kiçik və orta sahibkarların bank kreditlərinə əlçatanlığı bir qədər çətindir. Ona görə də, biznes qurmaq istəyənlərin çoxu ilkin gəlirini dost və tanışlarından tapmalı olur. Bu, təkcə Azərbaycanda belə deyil, dünya təcrübəsində də kredit məsələsi ən mühüm problemlərdən biridir. Maliyyə gücü olmayan sahibkarlar bir müddətdən sonra rəqabətə davam gətirməyərək sıradan çıxırlar. Bundan başqa, gənclər, biznes qurarkən qarşılarına konkret məqsəd qoymurlar. Müəyyən qədər investisiya ilə şirkət qura bilərsən. Amma bir çoxları öz işini planlı şəkildə qurmur. Əslində biznes qurmaq o qədər çətin məsələdir ki, insan gərək ona öz övladı kimi yanaşsın. Əgər biznesinin qayğısına qalmasan, uğur qazana bilməzsən. Atdığın hər bir addımı əvvəlcədən hesablayaraq planlı şəkildə atmalısan”.
Mütəxəssis deyir ki, yol verilən əsas xətalardan biri də marketinq işinin düzgün qurulmamağıdır: "Biznes qurarkən onun, insanların hansı ehtiyaclarını qarşılayacağını əvvəlcədən müəyyən etmək lazımdır. "Bir az pulum var deyə, mən də biznesə atılım” düşüncəsi ilə işə başlayanların sonu əvvəlcədən məlumdur. Marketinq təkcə böyük bizneslərdə deyil, eyni zamanda orta bizneslərdə də olduqca böyük əhəmiyyətə malikdir. Çünki marketinq təkcə tanıtım fəaliyyəti və satış demək deyil. Hətta biznes qurulmamışdan əvvəl marketinq işi başlamalıdır. Çünki marketinq bazar fəaliyyətidir. Alıcı da, satıcı da, məhsul da, pul da bazarda olur. Marketinq isə bazardan başlayır və davamlı fəaliyyətdir. Əvvəlcə bazarda tələbatı öyrənmək, bu tələbata uyğun, yaxud yeni məhsul təklif etmək və ona tələb yaratmaq marketinq işidir. Həmin məhsulun tanıtımı, qiymətləndirilməsi, tanıdılması, müştəri əlaqələri, müştəri məmnuniyyəti, satışı marketinq işinin əsasını təşkil edir. Əslində marketinq biznesin gəlir mənbəyidir. Belə demək olarsa, biznes funksiyaları arasında müştərilərlə əlaqədə olan yeganə funksiya məhz marketinqdir. Aydın məsələdir ki, biznesin gəlirini müştərilər təşkil edir. Bu məsələlərə diqqət etmədikdə nəticələr qaneedici olmur”.
Təşəbbüskar yanaşma gücləndirilərsə...
Ekspert, dosent İsa Qasımovqeyd etdi ki, biznesdə təşəbbüskarlıq və sahibkarlığın inkişafı hal-hazırda prioritet sahələrdən birinə çevrilib: "Xüsusilə innovasiyalara əsaslanan sahibkarlığın inkişaf etdirilməsi iqtisadi siyasətin əsasını təşkil edir. Azərbaycanda 20-dən çox biznes inkubasiyası fəaliyyət göstərir ki, bu, gənclərin biznes təşəbbüskarlığına xüsusi dəstək verir. Dünyada baş verən tendensiyalar bunu zəruri edir. Məşğulluğun artırılması istiqamətində ən prioritet məsələ sahibkarlığın inkişaf etdirilməsidir. Günü-gündən texnologiya sahəsi inkişaf edir və texnologiya sahibkarlar üçün yeni imkanlar və fürsətlər yaradır. Keçirilən startap proqramlarına hər il daha çox və daha maraqlı biznes layihələrin qatıldığının şahidi oluruq. Gənclərlə yanaşı, yeniyetmələr arasında da biznes və sahibkarlıq fəaliyyətinə maraq artmaqdadır.
İ.Qasımov deyir ki, biznesə başlamaq istəyənlər üçün kifayət qədər geniş imkanlar var: "Sahibkarlığın İnkişafı Fondu bu məsələdə xüsusi təşəbbüskarlıq göstərir. Həmçinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin əsas fokuslarından biri innovativ biznesin və startap layihələrinin inkişafıdır. Burada yaş həddi olmasa da, əsas hədəf kimi gənclər götürülür. Çünki bu hərəkatın əsasını gənclər təşkil edir. Gənclər arasında yeniyetmə və məktəblilərin olması isə bu sahənin gələcəyi haqda nikbin sözlər deməyə əsas verir. Çünki biznes sahəsində əsas məsələ təşəbbüskarlıqdır. Əlbəttə, bu sahədə də müəyyən çətinlik və problemlər var. Gənclərin dili ilə desək, hazırda əsas problem investisiya mühitidir. Bununla yanaşı, tədrisdə təşəbbüskarlığa az əhəmiyyət verilir. Təhsil sisteminə təşəbbüskar yanaşma gücləndirilərsə, daha effektiv biznes layihələri yaradıla bilər. Bu layihələr sonradan özünə investisiya cəlb edəcək. Bu, elə bir sahədir ki, aşağıdan yuxarı getmək daha məqsədəuyğundur. Kapital yönlü biznesdən daha çox, zəhmət və bacarıq önəmlidir. Ona görə də, təhsildə təşəbbüskarlığı təşviq etmək lazımdır.
Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər