• cümə, 19 Aprel, 07:35
  • Baku Bakı 13°C

“Aşağıda nə olduğunu bilməsən, yuxarıdan aşağıya düzgün baxa bilməzsən” – Uğur hekayəsi

08.07.14 12:36 10310
“Aşağıda nə olduğunu bilməsən, yuxarıdan aşağıya düzgün baxa bilməzsən” – Uğur hekayəsi
Müsahibimiz 26 yaşında olsa da, artıq Azərbaycandakı 3 mobil operatordan birində - “Bakcell”də Müştəri xidmətləri departamentinin Məlumat bölməsinə rəhbərlik edir. Qeyd edək ki, “Bakcell”in ən böyük bölmələrindən biri sayılan Məlumat bölməsində yüzlərlə əməkdaş çalışır. Beləliklə, müsahibimiz Rüfət Salamovla yaxından tanış olaq. Qeyd edək ki, Rüfət orta məktəbi Bakıda bitirdikdən sonra təhsilini İsveçdə gimnaziyada informatika bölməsi üzrə davam etdirib. Hazırda İqtisad Universitetinin bakalavr pilləsində informatika fakültəsində 4-cü kursda qiyabi təhsil alır.
- Rüfət, necə oldu ki, İsveçə təhsil almağa getdiniz?
- Xarici ölkədə təhsil imkanlarını araşdırdım və bu zaman təhsilimi İsveçdə davam etdirməyə qərar verdim.
- İsveçdə hansı dildə təhsil aldınız?
- Əvvəlcə ingilis dilində, sonra isə həm isveç, həm də ingilis dilində. Hazırda xarici dillərdən rus, ingilis və isveç dillərini bilirəm.
- Hələ ki, bakalavr pilləsini bitirməmisiniz. Gələcəkdə təhsilinizi davam etdirmək fikriniz varmı?
- Təbii ki, belə bir fikrim var. Yaxın gələcəkdə də olmasa, çox istərdim magistratura dərəcəsinə yiyələnim. Düzdür, düşünürəm ki, təhsildən əvvəl təcrübə insanın hansısa ixtisasa dərindən yiyələnməsi üçün daha böyük rol oynayır. Artıq 7 ildir bu sahədə çalışsam da, təhsilimi inkişaf etdirmək pis olmazdı. Məncə, hər bir gənc mümkün olduğu qədər əlində olduğu imkanlardan yararlanıb təhsilini daim artırmalıdır.
- İşlə dərsi bir araya sığdırmaq çətin deyil ki? Nəzərə alsaq ki, rəhbər vəzifədə çalışırsınız...
- Baxmayaraq ki, rəhbərlik etdiyim bölmə həftənin 7 günü 24 saat çalışır, şirkət təhsilimi başa vurmağım üçün mənə böyük dəstək verir. Qiyabi oxuduğumdan ildə 2 dəfə sessiyalar olur və işlə bağlı heç bir çətinlik yaranmır.
- Rüfət, yerigəlmişkən, necə oldu ki, “Bakcell”də işə qəbul olundunuz? Səhv etmirəmsə, elə ilk işə sözügedən şirkətdə başlamısınız.
- Bəli, “Bakcell” mənim ilk iş yerimdir. 2007-ci ildə hələ 18 yaşımdaykən CV-mi “Bakcell”ə gətirdim. Üstündən bir müddət keçəndən sonra müsabiqəyə dəvət olundum. 21 nəfər namizədin içərisində seçilən 13 namizəddən biri də mən oldum. Hazırda həmin 13 nəfər “Bakcell”in müxtəlif departamentlərində çalışır. Əvvəlcə məni “call center”, yəni Məlumat Mərkəzinin agenti kimi işə götürdülər, abunəçilərin telefon zənglərini cavablandırırdım. Sonra isə texniki dəstək qrupunun rəhbəri, daha sonra Məlumat Mərkəzinin bölmə rəhbəri vəzifəsində çalışdım.
- Maraqlıdır ki, “Bakcell”də ən aşağı vəzifədən başlamısınız və vaxtilə işlədiyiniz bölməyə indi rəhbərlik edirsiniz. Amma təəssüflər olsun ki, gənclərimizin bir çoxu istəyir ki, birdən-birə rahat otaqları, kresloları, əllərinin altında telefonları olsun. Gənclərə nə məsləhət görərdiniz, karyera qurmaq üçün aşağıdan başlamaq yaxşıdır, yoxsa birdən-birə bölmə, departament rəhbəri olmaq?
- Yavaş-yavaş başlamaq daha yaxşıdır. Çünki aşağıda nə olduğunu bilməsən, yuxarıdan aşağıya düzgün baxa bilməzsən. Gərək rəhbərlik etdiyin bölmənin hər tərəfinə bələd olub, hər şeyini özündə hiss edib, təcrübədən keçirib sonra hər hansı dəyişikliklərə imza atasan. Belə halda işləmək, dəyişiklik, rəhbərlik etmək daha rahat və asandır. Çünki artıq bu işi hərtərəfli bilmiş olursan.
- Baxmayaraq ki, ali təhsilinizi hələ tam başa vurmamısınız, “Bakcell”də böyük bir bölməyə rəhbərlik edirsiniz. Sizcə, hansı xüsusiyyətlərinizə görə bölmə rəhbəri vəzifəsinə irəli çəkilmisiniz?
- Bir neçə səbəb ola bilər. Xarakterimdə belə bir xüsusiyyət var ki, hər bir şeyin qısa, eyni zamanda effektiv yolunu axtarıram. İşdə yeniliklər gətirməyə hazıram və bundan qorxmuram, yeniliklər üçün daim öz üzərimdə çalışıram. Yeniliyi gətirmək bəzən asan olur, amma uğurlarla bərabər bəzən yanlışlıqlara da əl ata bilərik. Buna baxmayaraq, bütövlükdə yenilikdən qorxmuram. Məncə, bu, məndə gözəl xüsusiyyətdir. Hazırda informasiya texnologiyaları sahəsində sürətli inkişaf gedir. Düşünürəm ki, biz abunəçilərin rahatlığı üçün nələr tələb olunduğunu onlardan öncə bilməliyik. Yəni trendi biz gətirməliyik.
- Rüfət, sizcə, dil biliklərinizin rəhbər vəzifəyə qalxmağınızda rolu oldumu?
- Əlbəttə, ingilis dilinin böyük rolu oldu. Gənclərə də məsləhət görərdim ki, ingilis dili səviyyələrini artırsınlar. Çünki bu dili bilmədən karyera pilləsində rahatlıqla qalxmaq alınmır. Yalnız “Bakcell” kimi böyük şirkətlərdə deyil, hətta kiçik şirkətlərdə də yeganə biznes dili ingilis dili hesab olunur. Özümdən misal çəkim. Ingilisdilli partnyorlarımızla görüşlərdə bu dili bilməyə ehtiyac olur. Bundan başqa, “Bakcell” şirkərində müdriyyətimizdə xarici vətəndaşlar çalışır, fikrimizi çatdırmaq, bir-birimizi anlamaq baxımından ingilis dilinə ehtiyac olur. Xaricdə sammitlər, treninqlər keçirilir, hamısı da ingilis dilində...
- Böyük bir bölməyə rəhbərlik etmək çətin deyil ki?
- “Bakcell”də ən böyük bölmə bizimkidir və rəhbrlik etmək təbii ki, çətindir. Fikrimcə, rəhbərlik etmək üçün insanda liderlik xüsusiyyətlərinin olması şərtdir. Hər bir əməkdaşın ayrı xasiyyəti, dünyagörüşü var. Hər kəslə dil tapmaq lazımdır. Bununla bərabər, müdriyyətlə də anlaşmalısan. İşçilərin hər hansı birinin hüzürü, toyu düşə, kiminsə problemi ola bilər. Hər birimiz insanıq və işə xələl gətirmədən onlara dəstək olmağa çalışırıq. Hazırda sistemi elə qurmaq istəyirik ki, yeni kadrlar ancaq müştəri xidmətlərindən çıxsın. Bunda da məqsəd müştəri məmnuniyyətinə nail olmaqdır. Müştəri xidmətləri departamentində çalışan hər bir kəs abunəçinin nə istədiyini və bunun üçün nələrin lazım olduğunu bilir. Yeni kadrların da sözügüdən bölmədən çıxması işimizin xeyrinə ola bilər. Bölməmizdə çoxlu gənc kadrlar var və bu gənclərin fikirlərini vaxtı-vaxtında, necə ki, müdriyyət mənə yeni fikirlərimin reallaşması üçün dəstək verir, mən də işçilərin fikirlərini, ideyalarını dinləyib, yaxşı olanların gerçəkləşməsinə çalışıram.
- Özünüzü gələcəkdə hansı pillədə təsəvvür edirsiniz? “Bakcell”də hədəfiniz nədir?
- Müştəri xidmətləri sahəsində özümü maksimal olaraq inkişaf etdirmək fikrindəyəm və bu sahədə maksimal pillədə olmaq hədəfimdir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər