Arzusu həyata keçmədi, biləyinə təyyarə döyməsi etdirdi ki...
Tərxan
Tərlanzadə: "Bu turlar zamanı gecələr yatan şəxs görməmişəm”
Səyahətə etməyi o qədər çox
sevir ki, öz işini də bu istiqamətdə qurub. Hələlik ölkədaxili səyahətlər etsə
də, gələcəklə bağlı planları daha böyükdür. Bütün dünyanı karavanla gəzməyi düşünür. Müsahibimiz "Camper Azerbaijan” tur şirkətinin
təsisçisi, karavanla tur keçirən Tərxan Tərlanzadədir.
Qeyd edək ki, T.Tərlanzadə
1995-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət
Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib.
-
Maraqlıdır, gəzmək istəyi necə yarandı?
- Hər kəsin uşaqlıqdan formalaşan bir istəyi olur və ona nail olmaq üçün
əlindən gələni edir. Səyahət etmək də mənim uşaqlıq arzumdur. Hətta, orta
məktəbdə oxuyan vaxt, ən böyük arzum pilot olmaq, səmalarda süzmək idi. Amma o
arzum ürəyimdə qaldı. Ancaq həmin arzuma görə, biləyimə təyyarə döyməsi
vurdurdum. Bunu ona görə etdim ki, hər dəfə baxanda məni motivasiya etsin və
bir də heç bir arzumu ürəyimdə qoymayım. Universitet təhsilimi bitirdim və
hərbi xidmətə yollandım. Oradan qayıtdıqdan sonra isə sevdiyim işlə, yəni
səyahətlə məşğul oluram.
-
Əslində, arzunuzun dalınca gedib, pilot ola bilərsiniz.
- Artıq bu haqda fikirləşmirəm. 25 yaşım var və yenidən hansısa sahəni oxuyub,
sıfırdan öyrənmək üçün gec olduğunu düşünürəm. Əsas olan odur ki, səyahət
arzuma çatdım, göydə də olmasa, yerdə səyahət edirəm (gülür).
- Səyahəti müxtəlif vasitələrlə etmək
olur. Siz səyahətlərinizi karavanla edirsiniz. Niyə məhz karavan?
- Çünki mənə görə karavan azadlığın, azad həyatın bir simvoludur və özüm də
azadlığa bağlı insanam. Getdiyin əraziyə evini də özünlə birlikdə aparmağın
ayrı zövqü var. Evini istədiyin yerdə, istədiyin mənzərəyə uyğun qura bilirsən.
Karavanla səyahət zamanı evinin mənzərəsini özün seçirsən. Karavanı dəniz
qırağında saxlasanız, pəncərəniz dəniz mənzərəsinə, meşəlikdə olsa, yaşıllığa
açılacaq. Ümumiyyətlə, çöldə, meşəlikdə yaşamağı çox sevirəm. Karavanım
olmasaydı, onda çadır qurub yaşayardım, amma yenə də bu həyat tərzindən əl
çəkməzdim. Bu tipli səyahətləri çox sevirəm, çünki bir az dolu olurlar.
-
Karavanla səyahət təcrübəsi demək olar ki, ölkəmizdə yoxdur. Bunu necə
öyrəndiniz?
- Mən bu haqda çoxlu filmlər izləmişəm. Düşünürəm
ki, həmin filmlərin, şüuraltı olaraq mənə böyük təsirləri oldu.
-
İstək hamıda olur, amma bəzən bu istəyə çatmaq üçün heç kim addım atmır. Siz
ilk addımınızı necə atdınız, karavanla səyahət prosesi necə başladı?
- Bəli, əslində, elə çətin olan da başlamaq, ilk
addımı atmaqdır. Ölkəmizdə karavanla səyahət edən bir ailə var. Onlarla tanış
olduq. İstəyimdən, arzularımdan bəhs etdim. Başlamaq prosesində mənə hər cür
köməklik göstərdilər. Karavanı onlardan aldım. Elə indi də birlikdə əməkdaşlıq
edirik. Düzü, ilk vaxtlar elə bilirdim mümkünsüz işdir, amma zamanla görürsən
ki, inananda, reallaşmayacaq heç nə yoxdur. Karavanı aldım və səyahət etməyə
başladım. Bir neçə bölgəmizdə oldum. Daha sonra düşündüm ki, mənim kimi bir
sıra gənclərimiz var, hansı ki, onlar da karavanla səyahət etmək istəyir. Ona
görə, yavaş-yavaş karavanla turlar təşkil etməyə başladım və beləcə, həm
sevdiyim işlə məşğul oldum, həm də pul qazandım. İlk turumuz dəniz kənarına
oldu, günəşin batmasını və çıxmasını izlədik. Sonra yavaş-yavaş bölgələrimizə
səyahətlər təşkil etdik. Hazırda karavanla səyahətə böyük maraq var. Növbəti
mərhələdə isə ölkə xaricinə çıxmağı hədəfləyirik.
- İlkin mərhələdə bir karavanı almaq üçün nə qədər
pul lazım oldu?
- (gülür) Düzü, məbləğ açıqlamağı xoşlamıram. Bu
məsələyə bir az konfidensial yanaşıram. Amma deyə bilərəm ki, qarşıma məqsəd
qoymuşdum və bunun üçün çalışıb pul yığmışdım. Çünki həm turizm sahəsində, həm
də rəqəmsal marketinq sahəsində çalışırdım. Ona görə, maddi olaraq bir karavanı
almağa hazır idim.
- İndi xərclərinizi necə təmin
edirsiniz?
- Elə karavan özü öz xərcini ödəyir. Gənclərlə turlar, kamplar təşkil edirik və
oradan gələn pul bəs edir. Bundan başqa, karavanı həm çəkiliş qruplarına, həm
də individual olaraq icarəyə veririk. Məsələn, bu yaxınlarda bir film çəkilirdi
və onlar karavanı aylıq kirayələdilər.
Günlük kirayə haqqının 280 manat olduğunu nəzərə alsaq, kifayət qədər maddi
gəlir əldə etmək olur.
- Bu səyahət növünün hansı çətinlikləri var?
- Karavan
ilə səyahət ölkəmizdə geniş yayılmadığı üçün müəyyən çətinliklər çəkirik.
Məsələn, Avropada yol üstündə elə yerlər var ki, karavanı enerjiyə taxmaq
mümkündür. Amma bizim ölkədə bu şərait yoxdur. Ona görə də, Bakıdan çox uzağa
gedə bilmirik. Qubada, Gədəbəydə, Şamaxıda, Qəbələdə olmuşuq. Amma yollarda
karavanla səyahət üçün şərait yaradılsa, daha uzaq bölgələrimizə səfər edə
bilərik. Çünki karavanda soyuducu, elektrik sobası, kondisioner olduğu üçün
mütləq şəkildə enerjiyə taxılmalıdır. Öz enerjisi ilə sadəcə televizordan istifadə
etmək olur.
- İndi xərclərinizi necə təmin
edirsiniz?
- İlk
dönəmlər polislərə karavanla səyahət etməyimiz, dəniz kənarında gənclərlə
gecələməyimiz onlara qəribə gəlirdi, mane olmağa çalışırdılar. Onlara izah
etdik ki, bu, turizm fəaliyyəti üçündür, yəni kiçik bir tur kimidir. Amma belə
ciddi bir əngəl törədən, mənfi münasibət göstərilən situasiya ilə
qarşılaşmamışıq. Əksinə, insanlar maraqla baxır, dayandığımız yerlərdə gəlib
şəkil çəkdirənlər olur.
- Elə olub ki, günlərlə evə getməyib karavanda
qalıbsınız?
- Əlbəttə,
keçən ayı karavanda keçirdim. Dəniz kənarında saxlamışdım, işdən çıxıb birbaşa
ora gedirdim. Özüm üçün hər cür şəraiti təmin etmişdim və sahildə yerləşən
obyektlərdən də enerji mənbəyi alırdım.
- Evimizdə oturduğumuz yerdə birdən qapı döyülür və
gözlənilməz bir qonaq gəlir. Olub ki, siz də karavanda olduğunuz zaman sürpriz
qonağınız olsun?
- Olub,
dostlarım hərdən belə sürprizlər edilər. Amma yaxşıdır ki, çox qalmırlar
(gülür).
- Turları necə təşkil edirsiniz?
- Saytımız və sosial mediada
səhifələrimiz var. Hər dəfə turlarla bağlı bütün məlumatları orada
yerləşdiririk. Bu ildən turlarımızda yeniliklər olacaq. Hər turda bir tanınmış
gənci qonaq edəcəyik. Məsələn, növbəti karavan kampımız mart ayında olacaq və
biz ora Prometeni dəvət etmişik. Düşünürəm ki, gənclərin də ürəyincə bir gün
keçirəcəyik. Bizdə hazırda 3 karavan var və bunu düşərgə kimi qururuq.
Karavanların qarşısında açıq havada film izləmək, ocaq qalamaq üçün yer olur.
Kimisi ocaq qalayır, kimisi film izləyir, bəziləri də gitarada mahnı ifa edib
əylənirlər. Tək karavanla kifayətlənmirik, sayımız çox olanda, çadır qururuq.
Amma hələ ki, bu turlar zamanı gecələr yatan şəxs görməmişəm. Çünki bu tip
turlarda əsas əyləncə gecə başlayır.
- Qeyd edirsiniz ki, ocaq qalayıb, film
izləyirsiniz, musiqi ifa edirsiniz. Bəs, bunlar ətrafdakı insanların
narahatlığına səbəb olmur?
- Ərazi
seçərkən dənizkənarı, bir az insanlardan qıraq olan yerləri seçirik ki, səs-küyümüz
insanları narahat etməsin.
- Azərbaycandakı gəzintinizi bitirdikdən sonra ilk
olaraq hansı xarici ölkəyə səyahət etməyi düşünürsünüz?
- Ən çox getmək istədiyim
ölkələrdən birindən - Yunanıstandan başlamaq istəyirəm. Çünki karavanla gəzmək
baxımından çox əlverişli ölkədir. Yunan adalarını görməyi çox istəyirəm.
- Karavanla olan turlara ən çox xanımların marağı
olur, ya bəylərin?
- Qızların
marağı daha çoxdur. Hətta, icarəyə götürənlərin də çoxu xanımlar olur.
- Karavanla səyahət etmək istəyən gənclərə
məsləhətiniz nədir?
- Səyahətə
çıxarkən yol yoldaşlarını doğru seçsinlər. Çünki yoldaşlarını düzgün seçməyənlər, sonra yol
yorğunu olurlar.
Günel
Azadə