• cümə, 19 Aprel, 13:37
  • Baku Bakı 25°C

“Arzularımın bir addımlığındayam” - Sənət

06.03.20 14:15 5027
“Arzularımın bir addımlığındayam” - Sənət
Hollivudun 20 yaşlı azərbaycanlı aktrisası: Yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq
Həyatının ən gözəl çağındadır. 20 yaşının olmasına baxmayaraq, keçdiyi yol onun üçün bir təcrübə mənbəyidir. Deyir ki, nə planlar qurursunuzsa-qurun, qismət və alın yazısı, ən çox da genetik faktorlar sizin həyatınızı istiqamətləndirəcək.

Müsahibimiz Emiliya Qurbanova Amerikada "Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alsa da, daha çox aktrisa və model olaraq tanınır. 20 yaşlı diplomat Kaliforniya ştatının Los Angelos şəhərində reklam çəkilişlərinə qatılır, aktrisa kimi filmlərə çəkilir və teatrda fərqli obrazlar canlandırır. Azərbaycanlı gənc hazırda Sevinc Səfərovanın müəllifi olduğu "7 nömrəli mənzil” filmində baş qəhrəmanı canlandırır. Sözügedən film beynəlxalq film festivallarında iştirak edir.
- Siyasətlə incəsənət tamamilə fərqli istiqamətlərdir. Amma bəzən deyirlər ki, incəsənətin özündə də bir siyasət var.
- Əlbəttə ki, siyasət və incəsənət hər ikisi ayrı dünya və fərqli anlayışdır. Ancaq mən genetik kodlara da çox inanıram. Bu yola çıxarkən hədəflərim vardı. Beynəlxalq siyasətə yiyələnib, ölkəmin həqiqətlərini dünyaya çatdırmaq istəyirdim. Ancaq getdiyim bu yolda o genetik kodlar məni başqa bir dünyanın varlığına inandırdı, gözlərim önündə mənə fərqli pəncərə açdı. Anam rejissor və ssenaristdir. Onun çevrəsi, mühiti, yaşadığımız şəhər məni fərqli istiqamətdə özümü sınamağa vadar etdi. Anamın müxtəlif televiziyalarda fərqli layihələrin rəhbəri olması bizi həmin mühitdə böyüməyə vadar etdi. Biz onun televiziya, film dolu dünyasında böyümüşük. Ssenari necə yazılır, layihə necə hazırlanır, veriliş necə ərsəyə gəlir, səhnədə necə çıxış etmək lazımdır - hamısını öyrənmişik. Bunun da həyatıma təsiri çox böyük oldu.

- Siyasi arenada nüfuz qazanmaq və söz demək üçün Hollivud nə qədər əlverişli idi?
- Həyat özü bir məktəbdir. Onu sadəcə oxumaq lazımdır. Mən ilk növbədə anam Sevinc Səfərova məktəbini, daha sonra həyat məktəbini oxudum və oxumağa da davam edirəm. Buraya gələndə hədəflərim, istəklərim fərqli idi. Bilirsiniz ki, Hollivud dünən də, bu gün də dünyada ən yaxşı film istehsal edən məkandır. Buradan beynəlxalq aləmə açılmaq daha rahat və asandır. Misal üçün, Azərbaycanda hər hansı bir mesaj çatdırmaq istəyirsənsə, bunu layihə şəklində edib, yalnız müəyyən kütləyə çatdıra bilirsən. Amerikada dünyanın müxtəlif ölkələrindən millətlər yaşayır. Burada istədiyin mesajı daha rahat şəkildə ötürmə imkanına sahibsən.

O ki qaldı incəsənətə, mən musiqi məktəbində oxumuşam və piano dərsləri almışam. Özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil alıb, müxtəlif tədbirlərdə iştirak etmişəm. Bundan başqa, bal rəqslərinə getmişəm. 2012-ci ildə "Şərq ulduzları” telelayihəsində aparıcı qismində çıxış etmişəm. 2013-cü ildə "Qatillə görüş” bədii filmində baş rollardan birini canlandırmışam. Davamlı olaraq reklam çarxlarında çəkilmişəm. Ancaq mən bu ixtisasların heç birində özümü tapa bilmirdim. Öz potensialımı özümə sübut etmək üçün şahmat dərsləri ilə məşğul olmağa başladım. Bu, mənə daha maraqlı gəlirdi. Bu idman növü ilə dərindən məşğul oldum. Nəticədə, ölkə üzrə keçirilən olimpiadalara qədər gedibçıxdım.Bunların hamısı mənim hədəfim, çatmaq istədiyim yer deyildi.

- Bəs hədəfiniz nədir?
- İstək işin əsas qayəsidir. Əgər bir şeyi həqiqətən, ürəkdən istəyirsənsə, ona mütləq nail olacaqsan. Mən bunu anamdan öyrənmişəm. Əsas hədəfim Amerikada tanınmaq və özümü təsdiq etməyimdir. Aktrisa olmaq istəyən hər gəncin arzusu Hollivudda yaşamaq və burdakı kino industriyasına qatılmaqdır. Mən isə onların arzuladığı yerdəyəm. Arzularımın bir addımlığındayam, sanki bir addım atsam, ona toxunacam.
- Bəs nə zamandan aktrisa olmaq qərarına gəldiniz?
- Aktrisa fəaliyyətimə 13 yaşımdan başlamışam. Bir neçə layihədə və filmdə çəkilmişəm. Burda kurslara gedirəm, dünyaca məşhur teatr və kino ustalarından dərslər alıram. Los Angeles Teatrında bir neçə tamaşada baş rolları ifa etmişəm.
- Ən yaddaqalan obrazınız hansılardır?
- Oynadığım tamaşalardan ən sevdiyim və yaddaqalan obraz Uilyam Şekspirin "All’s Well That End Well” əsərindən Helena obrazı idi. Bu obraz məndə fərqli hisslər oyatdı. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

- Hazırda beynəlxalq festivallarda iştirak edən "7 nömrəli mənzil” filmində baş rolu canlandırırsınız. Azərbaycan filmi ilə tanınmağın yəqin ki, sizin üçün yeri ayrı olar.
- Bu film yayda Bakıda çəkildi. Həmin filmdə baş rollardan biri olan Səadəti canlandırmışam. Filmin rejissoru, ssenari müəllifi və prodüseri Sevinc Səfərovadır. Film real hadisələr əsasında lentə alınıb. Alkoqolizmlə mübarizə, içkinin bir ailəni necə məhvə aparması, bu ailədə isə əsas zərbənin övladlara dəyməsi əks olunub. Film təbliğat xarakterlidir. İnsanları pis niyyətdən, pis əməldən uzaqlaşdırır. Hər bir filmin ötürdüyü bir mesaj olmalıdır.

Bu təkcə Azərbaycanda deyil, dünyada yaşanan bir bəladır, ümumbəşəri bir problemdir. Dünya statikasına nəzər yetirsəniz, içkiyə görə dağılan milyonlarla ailənin şahidinə çevrilərsiniz. Bu milyonlarla dağılan ailədə doğulan milyonlarla uşaqların sonrakı taleyi haqqında insan düşünəndə dəhşətə dəlir. Eyni zamanda, filmdə ötürülən əsas mesaj dünyanın ən böyük nemətinin övlad olmasıdır. Çünki övlad ailəni daha da möhkəmləndirir. Övladın dəyərini bilmək lazımdır. Onlarsız heç bir gələcək təsəvvür etmək mümkün deyil. Bu gün sevgisiz böyüyən uşaqlar sabah cəmiyyət üçün böyük problemə çevrilirlər. Burada içkinin insan həyatına təsiri və bir ailənin faciəsi göstərilir. Səadətin rolunu oxuyanda çox təsirləndim və o personajı beynimdə canlandırıb oynamaq istədim. Səadət çətin həyatı olan, kasıb ailədə böyüyən qızdır, anası xərçəng xəstəliyindən əziyyət çəkir, atası isə içki düşkünüdür. Film dram janrındadır. Ona görə demək olar ki, oynadığım səhnələr kədərlidir. Anasını itirən qızların düşdüyü çətinlik, üzləşdiyi haqsızlıq, başsız qalan ailənin dramı bu filmdə öz əksini tapıb. Filmə başlamadan öncə ssenari üzərində işləyib, psixoloji olaraq özümü hazırlaşdırmışdım. Hər dəfə filmi izlədiyimdə, çox təsirlənirəm. Çox şadam ki, bu filmdə iştirak etmişəm.

- Bu gün cəmiyyət üçün sosial mesajlar nə qədər önəmlidir?
- Biz müasir dövrün gəncləriyik. Yeni dünya savaşında özünü qorumaq, özünü təqdim etmək baxımından, açıq deyə bilmədiklərini filmlərdəki süjet xətti, oyunçuların xarakteri və dili ilə çatdırırsan.
- Bəzən çəkilən filmlərin ötürdüyü mesajın heç bir anlamı olmur. Film bitdikdən sonra anlamağa çalışırsan ki, görəsən onun mənası nə idi?
- Dünyanın hər yerində qeyri-peşəkar filmlər çəkilir, lap Hollivudun özündə belə. Bu günün insanlarını nəyəsə inandırmaq çətindir. Onlar düzü-düz, əyrini-əyri görür. Yaxşı bir filmi siz nə qədər tənqid etsəniz də, insanlar onu sevirsə, mütləq həmin filmi tapıb izləyəcək. Bir də bu günün gəncləri daha fərqli və daha yeni fikirlidirlər. İnanıram ki, yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq.
- Amerika kino sənayesinin uğurunun sirri nədir, sizcə?
- Hər işin başında maliyyə dayanır. Bu gün dünyanın ən məşhur və ən yüksək gəlirli film sənayesi Amerikadadır. Bu filmlərdünyanınböyükəksəriyyətininyaxındantəqibetdiyi filmlər olmaqda davamedir.Amerikakinosənayesidünyada kinoteatrlarınqapılarınınaçıq qalmasının əsas səbəbidir. 2018-ciildəAmerikafilmləri ABŞ-da11milyard900 milyon dollar olmaqla, dünya səviyyəsindətəxminən41milyard700milyondollar gəlir əldəedib.
- Bəs bizim filmlərimizlə bağlı düşüncələriniz nələrdir?
- Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissi ilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də, həmçinin o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsini çox istərdim. Ancaq nədənsə biz hələ də öz qazanımızda qaynayırıq. Filmlərimizin beynəlxalq arenaya çıxması və tanınması bizə ancaq şərəf gətirər. Bir azərbaycanlı olaraq bu məni sevindirər. Bir tərəfdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibəti olmalıdır ki, kinomuz uzaq sahillərə doğru yelkən açsın. Yetər ki, istək və həvəs olsun.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər