• şənbə, 20 Aprel, 13:18
  • Baku Bakı 23°C

“Arzularım, oynamaq istədiyim rollar çoxdur”

26.04.16 12:16 4701
“Arzularım, oynamaq istədiyim rollar çoxdur”
“Xalq artisti Fidan Hacıyeva - güclü və gözəl səsə ( metso - soprano), yüksək aktyorluq məharətinə, coşqun temperamentə malik müğənninin ifası təbiiliyi, müstəsna emosionallığı ilə diqqəti cəlb edir”. Sənət biliciləri onun haqqında bu fikirləri səsləndirirlər. Təsadüfi deyil ki, müğənninin ifa mədəniyyətini və yüksək musiqi duyumunu görkəmli incəsənət xadimləri, o cümlədən, ulu öndər Heydər Əliyev və Müslüm Maqomayev, Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Rusiya Federasiyasının keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy, Yevgeni Baskov, İtaliyanın Azərbaycandakı keçmiş səfiri Marqarita Kosta və digərləri yüksək qiymətləndiriblər. Müğənni özü isə işləməkdən zövq alır. Daim yeni mahnılar üzərində işləyərək repertuarını yeniləyir.
“Kaspi”yə müsahibəsində də Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Xalq artisti Fidan Hacıyeva yeni planlarından da söz açıb.
Klassik musiqiyə daha çox önəm

- Siz opera müğənnisisiniz. Ciddi sənəti təmsil edirsiniz. Musiqi janrı bolluğunda, daha çox şounun təbliğ olunduğu bir vaxtda imici qoruyub saxlamaq çətin deyil ki?
- İmici qoruyub saxlamaq həmişə çətindir. Amma opera sənəti klassik sənətdir. Bu sənətin öz tamaşaçıları və sevənləri var. Opera müğənnisi olmaq həm də çox məsuliyyətlidir. Ailə qayğıları bir yana, həyatımda elə çətin anlar yaşamışam ki... Atam uzun müddət ağır xəstə olub, lakin məqsədimə nail olmaq üçün hər cür əziyyətə qatlaşmış, bir an belə öz məqsədimdən dönməmişəm. Əsil professional olmaqdan ötrü aramsız məşq etmək, səbirli və təmkinli olmaq və seçdiyin sənəti sevmək lazımdır.
- Bu yaxınlarda iştirak etdiyim bir tədbirdə siz yalnız köhnə repertuarınızdan mahnılar oxudunuz - ariyalar, romanslar, klassik musiqilər… Bu o deməkdir ki, ən yaxşı mahnılar elə köhnələrdir, yoxsa auditoriya bunu istəyir?
- Mənim repertuarımda mürəkkəb opera partiyaları ilə yanaşı, xalq və estrada mahnıları, romanslar, hətta caz musiqisi də var… Mən, sadəcə olaraq, gözəl, keyfiyyətli musiqini sevirəm, onun hansı janra aid olması bir o qədər də əhəmiyyətli deyil. Opera müğənnisi kimi təbii ki, geniş repertuarım var. Xalq musiqisini opera üslubunda, opera və estrada sənətini sintezləşdirərək rəngarəng mahnılarla ehtiva edərək, dinləyicilərin estetik zövqünü oxşamağa çalışıram. Əsasən məşhur klassik nümunələrə üstünlük verməyi xoşlayıram. Klassik nümunələr repertuarımın əsasını təşkil edir. Hesab edirəm ki, dünya musiqi klassiklərinin, Azərbaycan bəstəkarlarının və zəngin xalq musiqisinin ifası sənətdə varislik yolu ilə davam etdirilməlidir. Mən dəvət aldığım gecələrdə repertuarımda olan bütün janrlardan ifa edirəm. Əlbəttə, klassik musiqiyə daha çox önəm verirəm.
- Dünyanın hər yerində operanın bəlli auditoriyası var. Ümumiyyətlə, janrların sevilməsində kütləvilik yoxdur. Bizim ölkəmizdə bu janrın auditoriyasını necə dəyərləndirirsiniz?
- Operanın həmişə dinləyicisi var. Düzdür, heç bir janrda kütləvilikdən danışmaq olmaz, eləcə də operada. Bizim ölkəmizdə də opera tamaşalarının öz tamaşaçıları var və zal həmişə dolu olur.
Nağılda qalmaq istəyi

- Siz «Karmen»dən sonra real həyat çətindir. Ondan sonra adam elə o nağılda qalmaq istəyir» - demisiniz. Digər rollarınız haqqında da eyni sözləri deyirsinizmi?
- Karmen mənim həyatımda böyük rol oynayıb. Uğurlarıma görə məhz bu obraza borcluyam. Evdə gəzərkən də, iş görərkən də Karmendən oxuyuram. Mən böyük həvəs və məsuliyyətlə Karmen obrazını yaratmaqdan ötrü tələb olunan bütün şərtlərə fransız dilinin mükəmməl tələffüzü, ispan rəqslərinin səhnədə ifası və s.-ə uyğun çalışmağa başladım. Bütün opera boyu fikri Karmen kimi mürəkkəb obraz üzərində cəmləşdirmək asan iş deyil. Mən bu rolun ən gənc ifaçısı oldum. Bu maraqlı qadın obrazını özüməməxsus ifa ilə oynaya bildim. 1996-cı ildə tamaşaya qoyulan “Karmen” operası mənim sənət mövqeyimi müəyyənləşdirdi. Demək olar ki, səhnəyə vizit kartım oldu. Sonradan mənə dəfələrlə bu obrazı səhnədə yaratmaq xoşbəxtliyi nəsib oldu. Mən təkcə ölkəmizdə deyil, vətənimizdən kənarda da digər partiyalarla yanaşı Karmen partiyasını ifa edərək, ölkəmizi layiqincə təbliğ etmişəm.
Karmenlə bərabər Gülçöhrə, Asiya haqqında da eyni sözləri deyirəm: bu partiyaları oxuyandan sonra nağılda qalmaq istəyirsən.
- İlk dəfə 19 yaşınızda səhnəsinə çıxdığınız teatr da sizə borclu qalmayıb - Xalq artisti fəxri adına layiq görülmüsünüz. Səhnədən başqa umacağınız varmı?
- Düzdür, bu səhnəyə 19 yaşında çıxmışam. Opera və Balet Teatrında gənc vokalçıların dinləyişi üçün təşkil olunmuş xüsusi komissiya qarşısında Kamill Sen - Sansın “Samson və Dalila” operasından Dalilanın ariyasını, Jorj Bizenin “Karmen” operasından Karmenin “Segidilya”sını, Üzeyir Hacıbəylinin “Sevgili canan” romans-qəzəlini ifa etdim. Eyni proqramla Türkiyənin İstanbul şəhərində keçirilən “Leyla Gəncə” adına müsabiqədə ən gənc ifaçı kimi diplomla təltif olundum. Mənim iradə və cəsarətlə professional səhnəyə çıxmağım Opera teatrımızın müdiriyyətinin nəzərindən yayınmadı və tezliklə ilk debütümə ciddi hazırlaşmağa başladım. O vaxtdan repertuarımda müxtəlif partiyalar yer aldı. Hələ nə yaşım var ki... Arzularım, oynamaq istədiyim rollar çoxdur.
- Siz artıq peşəkar müğənnisiniz. Yenə də vokal müəlliminiz Hüseyn Əliyevdən məsləhətlər alırsınız?
- Hüseyn Əliyev mənə ifaçılıq sənətinin bütün qaydaları üzrə oxumağı öyrədib. Azərbaycan opera səhnəsində 40 il aparıcı partiyaları ifa etmiş professor Hüseyn Əliyev mənim həm müəllimim, həm məsləhətçim, həm də quruluşçu rejissorumdur. Ona çox minnətdaram. O, mənim həyatımda sözün həqiqi mənasında əvəzsiz rol oynayıb, dünyasını dəyişən atamı əvəz edib. Məhz Hüseyn müəllimin böyük pedaqoji təcrübəsi sayəsində mən ilk addımlarımı atmağa başlamışam. Bu gün də məsləhət lazım olanda ona müraciət edirəm. Mən bu gün də öyrənirəm. Bu insan mənim üçün hər şey edib: o, məni təkcə opera sənəti üçün deyil, özüm üçün kəşf etmiş oldu, həm özü mənim gücümə inandı, həm də məni buna inanmağa məcbur etdi, bu isə gənc müğənni üçün çox vacibdir. Biz hər gün hər şeyi təzədən başlayırıq, çünki vokal sənəti gündəlik gərgin zəhmət tələb edir. Bu, idmanda olduğu kimidir, məşğul olmasan, formadan düşürsən. Vokal sənəti də belədir, səhnədə dalbadal üç saat oxumaq və üstəlik, obraz yaratmaq, rol oynamaq üçün çox işləmək lazımdır.
Bizim zəngin vokal məktəbimiz

- Beynəlxalq səhnə opera müğənnisinin həyatında hansı rolu oynayır?
- 1996-cı ildə Türkiyədə keçirilən "Türksoy" festivalında iştirakımdan sonra Mersin, İzmir, Ankara opera teatrları ilə əməkdaşlıqdan ötrü Türkiyə Dövlət Teatr müdiriyyəti tərəfindən müqavilə ilə işləmək təklifini qəbul etdim. Türkiyə ilə yaradıcı əlaqələr əslində mənim səhnə taleyim üçün növbəti ciddi sınaq idi. Kuzey Kıprız Türk Cümhuriyyətində keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış etdim. Çox keçmədi ki, Antalyanın 12 minə yaxın tamaşaçı tutumu olan eramızın II əsrinə aid antik “Aspendos” teatrının səhnəsində çıxış etdim.
Aspendosdakı uğurlu çıxışımdan sonra mənə operanın beşiyi sayılan İtaliyaya qapı açıldı və Siena şəhərində yerləşən musiqiçilərin Kidjana Akademiyasında sənətimi təkmilləşdirmək imkanını əldə etdim. Burada xüsusi təqaüdə layiq görülərək, Akademiyanın mötəbər pedaqoqlarından biri olan Marqarita Manka de Nisadan dərs aldım. Buraya dünyanın hər yerindən axışıb gələn müğənnilər içərisində mənə aydın oldu ki, bizim zəngin vokal məktəbimiz var.
Sonrakı illərdə İtaliya, İngiltərə, Yaponiya və s. ölkələrin səhnələrində müxtəlif konsert proqramları ilə çıxış etmişəm. Romada peşəkar vokalçıların beynəlxalq müsabiqəsində eyniadlı operadan Karmenin, “Samson və Dalila”dan Dalilanın, “Aida”dan Amnerisin, “Trubadur”dan Azuçenanın ariyalarını ifa etmiş və həmin müsabiqədən qələbə ilə qayıtmışam. Opera müğənnisi beynəlxalq layihələrdə iştirak etməli, dünyanın aparıcı opera səhnələrinə çıxmalıdır. Bu təcrübə müğənninin inkişafına kömək edir.
- Siz hər il solo-konsert verirsiniz. Bu il üçün yeni layihəniz varmı?
- Hər il solo konsertlə çıxış edirəm. Amma bu il Qarabağ uğrunda gedən döyüşlərə, orada həlak olan şəhidlərimizə görə konsert proqramı ilə çıxış etmək haqqında düşünmürəm.
- Musiqi sahəsində həmişə trendlər var. Yəqin ki, Fidan xanım da yeniliklər etmək barədə düşünür.
- Bu günlərdə Fidan Hacıyevanın Musiqi Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzə müraciət edəcək şəxslərin musiqi təhsilinin olub-olmaması vacib deyil. Mərkəzə musiqi janrları ilə məşğul olmaq istəyən həvəskarlar da müraciət edə bilər. Həmçinin, mərkəz yaşından və musiqi qabiliyyətindən asılı olmayaraq bütün insanlar üçün açıq olacaq. Mən tələbələrə vokal və klassik estrada janrı üzrə musiqi dərsləri verəcəyəm. Bundan əlavə, mərkəzdə musiqinin bütün janrları üzrə peşəkar müəllim heyəti fəaliyyət göstərəcək. Məqsədimiz mərkəzdə yetişəcək musiqiçilərin ölkəmizi müxtəlif festival və müsabiqələrdə təmsil etməsidir. Həmçinin, mərkəzin uşaq xorunu yaratmağı planlaşdırıram. Bilirsinizmi, böyüməkdə olan gənc nəslin klassik musiqiyə marağını artırmaq məqsədilə bu sahədə geniş təbliğat aparmaq lazımdır. Hər birimiz musiqi mədəniyyətimizi zənginləşdirməyə öz töhfəmizi verməliyik.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər