• çərşənbə axşamı, 19 mart, 13:17
  • Baku Bakı 8°C

Arzu Soltan: “Dramaturq hadisənin dizayneridir” - Fotolar

27.04.17 15:00 3000
Arzu Soltan: “Dramaturq hadisənin dizayneridir” - Fotolar
Teatr xalqın əsas mənəviyyat ocaqlarından biridir. Hətta ən birincilərindəndir desək yəqin ki, səhv etmərik. Ancaq nədənsə dramaturgiya məsələsi teatrda problem olaraq qalmaqdadır. Bir çox teatrlarımız bu yöndə müəyyən vasitələrə əl atsalar da, bu gün teatr səhnəsi üçün dram əsərləri çox az yazılır.Biz də sözügedən məsələ ilə bağlı tanınmış yazar, ssenarist Arzu Soltanla söhbət etdik.
- Arzu xanım, bir dramaturq kimi hazırda teatrlarımızın repertuarı sizi qane edirmi?
- Açıq desəm, son zamanlar teatrlarımızda nümayiş olunan tamaşaların hamısını izləmək imkanım olmur. Hazırda doktorantura təhsilimlə bağlı Azərbaycanda az olduğum üçün yalnız fürsət olanda tamaşaları izləyə bilirəm. Yeni tamaşalar olanda gedib baxmağa çalışıram. Müasir teatrın məqsədi tamaşaçını sadəcə əyləndirmək deyil. Tamaşaçıları maarifləndirmək, xüsusən də gənclərin zövqünü, dünyagörüşünü formalaşdırmaq, onları həyata hazırlamaq, müasir dövrün bəzi bəlalarından qorumağa çalışmaq kimi məqsədlər var qarşımızda. Təbii ki, teatrlarımız da repertuarı tərtib edərkən bunları nəzərə alırlar. Müxtəlif janrlara, eksperimentlərə, müasir üsullara, yeni teatr cərəyanlarına müraciət etməklə yanaşı, repertuarlarına klassik, dünya ədəbiyyatı nümunələrini də daxil edirlər. Son zamanlar baxdığım və yaxud haqqında eşitdiyim tamaşalara əsaslanaraq əminliklə deyə bilərəm ki, teatrlarımız repertuar seçimini yerində edirlər və bu məsələnin öhdəsindən lazımınca gəlirlər.
- Bəzən teatra müntəzəm getməyən tamaşaçılarla həmsöhbət oluruq. Deyirlər ki, teatrlarımız həmişə eyni əsərlərə, dramaturqlara müraciət edirlər. Axı nə qədər M.F.Axundzadənin, C.Məmmədquluzadənin əsərlərinə baxmaq olar. İstənilən dövrdə Hamlet yenə də Hamletdir. Dəyişən bir şey yoxdur. Tamaşaçılar bu baxımdan teatrlarımızı qınayır.
– Klassik əsərlər bir məktəbdir. Həm rejissorlar, həm də aktyorlar üçün orada öyrəniləsi çox şeylər var. Odur ki, hər bir teatrın repertuarında belə tamaşaların olması labüddür. Bu yəqin ki, teatra dəyər verməyənlərin bəhanəsidir. Çünki teatrlarımız müasir əsərlərə də müraciət edirlər. Klassik əsərləri səhnələşdirəndə belə, ona müasir baxış qatırlar, onu bu günümüzlə əlaqələndirirlər.
- Ancaq dəfələrlə şahidi olmuşuq ki, klassik əsərləri müasirləşdirmək adı ilə mahiyyətindən çıxarır, tamam başqa bir əsər halına gətirilər. Klassikaya bu qədər zərər yetirmək də doğru hal deyil.
- Getdiyim xarici ölkələrdə ilk növbədə çalışıram ki, ən azı bir teatr tamaşasına baxım. Məsələn, Türkiyədə teatr tamaşalarına baxmağı, müqayisələr aparmağı, analiz etməyi sevirəm. Bizim aktyorlar səhnədə improvizə etməyi xoşlayırlar. Amma müşahidə etmişəm ki, türklərdə bu baxımdan xüsusi nizam-intizam var. Əgər tamaşada improvizə varsa da, bu, məşq prosesi zamanı tamaşaya daxil edilir. Bir tamaşaya 10 dəfə də baxsan orada aktyorun hər dəfə eyni mizanları, eyni hərəkətləri etdiyinin, eyni sözləri dediyinin şahidi olacaqsınız.O ki, qaldı klassik əsərlərin müasirləşdirilməyinə, düşünmürəm ki, bu, tamaşanın ziyanına olur. Bizdən illərlə qabaq yazılmış əsərin qəlibini götürüb, müasir dövrə uyğun mesajları ora yerləşdirərək tamaşaçıya deyiləcək sözü müasir dillə demək heç də qəbahət deyil. 20-ci əsrin əvvəllərində yaşamış Fransız teatr rejissoru Sarl Bare deyirdi ki, müəllif bir pyes yazır, aktyorlar başqa bir pyesi oynayırlar, tamaşaçılar isə tamamilə başqa bir pyes görürlər. Yəni əsər onsuz da yazıldığı kimi gəlib tamaşaçıya çatmır.
- Qeyd etdiniz ki, bizim aktyorlarımız tamaşa zamanı improvizələr, yəni özlərindən əlavələr edirlər. Siz bunu yaxşı, yoxsa pis hal kimi qiymətləndirirsiniz?
- Nə yaxşı, nə də pis hal kimi qiymətləndirmirəm. Hər teatrın öz iş prinsipi, iş tərzi var. İstənilən halda bu zövq məsələsidir. Məsələn, uşaq tamaşalarında mən improvizənin o qədər tərəfdarı deyiləm. Bu mənim yazar kimi yox, daha çox tamaşaçı kimi mövqeyimdir. İmprovizənin də öz yeri və zamanı var. Əgər improvizə tamaşaya xələl gətirmirsə, onu ritmindən çıxarmırsa bundan istifadə etmək olar. Bəzən görürsən ki, tamaşada nəsə çatışmazlıq olur, aktyor hansısa sözü unudur və ya hansısa dekorasiya, rekvizit yerində deyil, o zaman səhnədəki iştirakçılar vəziyyəti sözlə qurtarırsa, bunu ancaq alqışlamaq olar.
- Tez-tez xarici rejissorlarla söhbət edirəm. Dramaturgiya məsələsi ilə bağlı sistem onlarda bir qədər fərqlidir. Bir çox xarici ölkələrin teatrları dramaturqları özləri yetişdirirlər. Rejissorlar deyir ki, biz öz dramaturqumuza mövzu veririk, ona uyğun səhnə əsəri yazılır. Bizdə isə bu praktikadan yalnız Bakı Uşaq Teatrı istifadə edir.
- Əslində sadəcə kitab üçün yazılan əsər ilə səhnə üçün yazılan əsərin çox böyük fərqi var. Səhnə üçün yazılan material hadisəni nəql etməkdən daha çox, onun dizaynını verməlidir. Yəni, səhnədə nə göstərilməlidir ki, tamaşaçı nə baş verdiyini başa düşsün? Dramaturq bu suala cavab verməlidir.
Bakı Uşaq Teatrı olaraq bizə də bu sistemlə işləmək rahat gəlir.

- Bakı Uşaq Teatrından söz düşmüşkən, teatrdakı tamaşaların əksəriyyətinin mətni sizə məxsusdu. Bu günün uşaqları səhnədə necə tamaşa görmək istəyirlər?
- Əvvəlcə, qeyd edim ki, Bakı Uşaq Teatrının repertuarında başqa müəlliflərin də bir-birindən maraqlı əsərləri var. Yəni repertuar tək mənim əsərlərimdən ibarət deyil.O ki qaldı uşaqların necə tamaşa görmək istəməyinə, təbii ki, onlar teatra nəyisə öyrənmək məqsədilə getmirlər. Yəni məqsədin onları öyrətmək, onlara dərs vermək olduğu heç onların ağlına da gəlmir. Uşağın teatra gedərkən əsas məqsədi əylənməkdir. Belə ki, teatrda keçirəcəyi vaxt ərzində sevinmək, gülmək, səhnədə maraqlı, rəngarəng hərəkətlər, geyimlər, rəqslər görmək istəyir. Uşaqları tamaşadakı dinamika cəlb edir. Bir də ən çox interaktivlik. Səhnə ilə ünsiyyət, əks əlaqə bu günkü tamaşaçıların daha çox arzuladığı məqamlardır.Bakı Uşaq Teatrının tamaşalarının əksəriyyətində siz bu interaktivliyi görə bilərsiniz. Misal üçün, repertuarımızda uzun müddətdir ki, yer alan İntiqam Soltanın "Turp” nağılı əsasında quruluş verdiyi tamaşa var. Bu tamaşa həm də teatra gələn yeni aktyorların kollektivə uyğunlaşması üçün dərs-tamaşa kimi istifadə olunur. Tamaşada aktyorlar səhnəyə gəlir və tamaşaçı uşaqlarla ünsiyyət qururlar. Daha sonra tamaşaçılara təklif olunur ki, hansı rolu kimin oynayacağını onlar seçsinlər. Hər dəfə nağıldakı obrazları fərqli aktyorlar canlandırır. Bu isə o deməkdir ki, bütün aktyorlar istənilən rolu oynamağa hazır olmalıdırlar. Bəzən elə olur ki, aktrisanı baba rolunu oynamaq üçün seçirlər və ya oğlanlardan birini nənə rolunu oynamağa "məcbur edirlər”. Bu, uşaqların kreativliyini, fantaziyasını qidalandırır. Nağılın sonunda siçanı birbaşa tamaşaçıların içindən seçirik. Bundan başqa ssenarisi mənə aid olan "Dovşanın evi” tamaşasının sonunda toyuq, xoruz, cücələr plan qurub rəqs edirlər ki, tülkünü dovşanın evindən çıxmağa məcbur etsinlər. Bu tamaşada da zalda əyləşən tamaşaçı uşaqlar çox böyük həvəslə cücələrin rollarını oynamağa razı olurlar.
- Gəlin qəbul edək ki, bugünkü uşaqları aldatmaq olmur. Yəqin ki, siz də uşaqları aldatmaqda çətinlik çəkirsiniz.
- (Gülürük) İndi informasiya dövrüdür, yalan danışmaq mümkün deyil. Çünki mənbələr çoxdur. Biz bir yalan danışsaq, oxucu, tamaşaçı başqa mənbələrdən istifadə edib həqiqəti öyrənəcək. Bu mənbələr uşaqlara da açıqdır.İstər tamaşada, istərsə də filmdə, serialda olsun, bəzən bir tamaşaçı kimi baxanda deyirəm ki, bunu sadəcə ssenarist və rejissor belə istəyib, hadisə bu cür inkişaf edə bilməz. O zaman serialda sünilik yaranır, məntiq itir. Baxdığımız hər bir hekayədə məntiq olmalıdır, hazırladığımız hər tamaşada hadisəni elə bir formada məntiqə uyğunlaşdırmalıyıq ki, uşaq buna inansın. Necə olur ki, bizim uşaqlarımız "Spiderman”a inanırlar? Deməli, nə deməklə yanaşı, necə demək də çox əhəmiyyətlidir.
- Əvvəllər seriallara da ssenari yazırdınız. Ancaq "Qız yükü” serialında yaşadığınız problemdən sonra bir daha sizi serailların ssenaristi kimi görə bilmədik.
- Hazırda seriallarda çalışmamağımın həmin problemlərlə əlaqəsi yoxdur. "Pərvanələrin rəqsi”, "Qız yükü” seriallarıdan sonra "Həyat varsa” serialının ssenari qrupuna rəhbərlik etmişəm. Ayrı-ayrı filmlərdən ibarət olan o serialda bəzi bölümlərin ssenarisini özüm yazırdım, bəzi bölümlərdə qrupa daxil olan müəlliflərin yazdıqlarının üzərində işləyirdim.Hazırda doktorantura təhsilimlə bağlı bu işlərə bir az ara vermişəm. Serial belədir ki, daima iş prosesində iştirak etməlisən, setdə olmalısan, baş verənlərə yaxından bələd olmalısan. Serial nə qədər ciddi bir sahə hesab olunmasa da, onu hazırlayan insanlar üzərində ciddi, tam məsuliyyətilə çalışmalıdırlar. Tamaşaçıya görə serial boş zamanı doldurmaq üçün bir əyləncədir. Amma onu yaradan insanlar üçün bu, işin məsuliyyətini azaltmır. Serial çəkən insanlar başqa sahədə olduğu kimi burada da peşəkar səviyyədə çalışmalıdır. Mən də serial ssenaristliyini yalnız vaxt azlığına görə dayandırmışam. Bu məsələləri yoluna qoyandan sonra niyə də olmasın?
- Son vaxtlar seriallarımızda kriminal həyat daha çox əks olunur. Bu da gündəlik həyatımızın reallığından tamamilə uzaqdır. Belə olan halda istər-istəməz seriallarımız da süni alınır.
- Təxminən iki il əvvəl bir rejissordan belə bir təklif almışdım. Mafioz bir ailədən bəhs edən serial ssenarisi yazmaq. İmtina etdim. Çünki, qeyd etdiyiniz kimi, nəzərdə tutulan mövzu Azərbaycan reallığından çox uzaq və bizim tamaşaçı üçün maraqsız idi. Biri var tamaşaçı öz real həyatından bir addım irəlidə olan hadisələri görsün, biri də var ki, serialla real həyat arasında yerlə göy qədər fərq olsun.
Belə mövzulara niyə yer verildiyini isə, mən də bilmirəm.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər