• şənbə, 20 Aprel, 01:58
  • Baku Bakı 15°C

Arxaik, qeyri-demokratik seçki sistemi

28.10.16 13:46 1509
Arxaik, qeyri-demokratik seçki sistemi
Hər dəfə Amerikada prezident seçkiləri yaxınlaşdıqca, bu ölkədəki seçki proseduru, namizədlərin debatları, bir-birinin ünvanlarına söylədikləri fikirlər, gətirilən arqumentlər, sadalanan faktlar xarici dövlətlərin mediasının da gündəminə gəlir. İndi də həmin vəziyyət yaşanmaqdadır. Artıq dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan mediasında da ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri barədə müxtəlif yazılar yer almaqdadır.
Bu günlərdə yerli mətbuatda dərc olunan məqalələrin birində isə ekspertlərə istinadən qeyd edilib ki, dünyanın superdövləti, demokratiya carçısı kimi təqdim olunan Amerikada əslində prezident seçkiləri sözün əsl mənasında şoudur. Onların bildirdiyinə görə, ABŞ-ın seçki sistemi arxaikliyi, köhnəlməsi ilə diqqət çəkir və bu, xalqın siyasi iradəsini ortaya qoymaq üçün çox uğursuz sistemdir. ABŞ qanunvericiliyinə, reallıqlara nəzər salan ekspertlər bildirirlər ki, əgər bir ölkədə xalq öz siyasi iradəsini ortaya qoya bilmirsə, hətta beynəlxalq müşahidəçilərin prosesi izləməsinə qadağalar varsa, orada keçirilən seçkilərin demokratikliyindən danışmağa dəyməz.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, ABŞ-da bütövlükdə seçki sistemi ilə bağlı ciddi problemlər var və bu, heç kimə sirr deyil. Onun fikrincə, demokratiyanın beşiyi kimi təqdim edilən bu ölkədə seçki sistemi anlaşılmazlıqlarla doludur: "Federal dövlət olan Amerikada hər bir ştatın öz qanunvericiliyi var. Mövcud qanunvericiliyə görə, ABŞ vətəndaşlarının birbaşa prezidenti seçmək hüququ yoxdur. 50 ştat və Kolumbiya federal dairəsi də kvotaya uyğun olaraq 538 nəfərdən ibarət seçicilər kollegiyasını formalaşdırırlar. Bu 538 nəfər də öz növbəsində prezidenti seçirlər. Həmin 538 nəfərin istənilən bir qrupu demokratlar, yaxud respublikaçılar tərəfindən ələ alınarsa, bu, faktiki olaraq, ABŞ seçicilərinin səslərinin oğurlanması, onların iradəsinin əleyhinə qərar qəbul olunması halıdır. Digər tərəfdən, kvotaların özü də ədalətli bölünməyib. Yəni insan sayına görə deyil, əraziyə görə bölgü aparılıb, kvota müəyyənləşdirilib. Misal üçün, Kaliforniya seçki kollegiyasının bir üzvü 682 min nəfəri təmsil edir. Başqa bir ştatda isə 165 min nəfəri bir adam təmsil edir. Bundan başqa, seçki qanunvericiliyinə əsasən, seçki kollegiyalarının üzvlərinin seçilməsi yalnız ştatlardan və federal ərazidən mümkündür. Belə olan halda, ştata daxil olmayan digər ərazilərin nümayəndələri səs verə bilmirlər. Puerto-Riko, Virciniya, Şimali Marian adaları və sairdə yaşayan insanların ümumiyyətlə səsvermə hüququ yoxdur. Bu da ABŞ seçki sistemində olan ciddi çatışmazlıqlarla əlaqədardır. Bu günə qədər həmin çatışmazlıqların aradan qaldırılması üçün seçki qanunvericiliyinə 750-yə yaxın düzəlişin edilməsi təklifi irəli sürülüb. Həmin düzəlişlərin böyük əksəriyyəti vətəndaşların seçki hüququ ilə bağlıdır. Lakin o düzəlişlərin heç biri qəbul olunmayıb. Respublikaçılar və demokratlar siyasi sistemi monopoliyada saxladıqları üçün belə qərarların qəbul edilməsi, düzəlişlərin həyata keçirilməsi qeyri-mümkündür. Bütün bunlar dünyaya demokratiya dərsi keçmək istəyən Amerikanın seçki sistemidir. Göründüyü kimi, bu sistem vətəndaşa aktiv seçki iradəsini ortaya qoymağa imkan vermir, prinsip etibarilə, vətəndaşın bütünlüklə səsvermə hüququnu əlindən alır”.

Partiya funksioneri deyib ki, Amerikada baş tutacaq növbəti prezident seçkilərində yalnız Donald Tramp və Hillari Klinton deyil, ümumilikdə 7 namizəd iştirak edir. Onun fikrincə, yerli medianın satın alınması, bütövlükdə ABŞ seçki sisteminin hər kəsə bərabərhüquqlu seçki təbliğatı aparmaq haqqını tanımaması səbəbindən, digər 5 namizədi faktiki olaraq heç kim tanımır: "Məhz bu səbəbdən proseslər yalnız iki namizədin arasında gedir. Həmin namizədlərin iştirak etdiyi debatlarda da maraqlı və olduqca ciddi faktlar dilə gətirilir. Misal üçün, Tramp 2 milyondan artıq vəfat etmiş şəxsin adının seçici siyahısına salındığını vurğuladı. Bu, yanlış informasiya deyil. Çünki yalan danışdığına görə namizədlər məhkəməyə verilə bilərlər. O baxımdan, reallığa əsaslanan, ciddi xarakter daşıyan ittihamlar səsləndirilir ki, bu da bir daha ABŞ seçki sisteminin real mənzərəsini ortaya qoyur. Bundan başqa, narkotiklərlə bağlı da ciddi ittihamlar dilə gətirilir. Tramp son çıxışlarında ABŞ mediasını da korrupsiyada ittiham edirdi. Belə media qurumları sırasında CNN kimi transmilli korporasiyanın, "Vaşinqton post”, "Vaşinqton tayms” kimi ciddi qurumların adları çəkilir. Ümumiyyətlə debatlarda dövləti cinayətlərdən başlamış, digər cinayətlərə qədər qarşılıqlı ittihamlar səsləndirilir. Bu da Amerika seçki sistemindəki, ümumən cəmiyyətdəki deqradasiyasının göstəricisidir”.

Millət vəkili, politoloq Rasim Musabəyov da ABŞ-ın seçki sisteminin ideal olmadığı qənaətindədir. Onun sözlərinə görə, burada söhbət təkcə sistemdən deyil, həm də onun tətbiqindən gedir. Millət vəkili hazırda bu sistemin tətbiqində xeyli qüsurların aşkarlandığını diqqətə çatdırıb: "Donald Tramp və Hillari Klintonla bərabər, ABŞ-da prezidentliyə namizədlərdən iki nəfər də kiçik partiyaların nümayəndələridir. Onların seçkidə iştirak etmələri üçün gərək hər bir ştatda namizədlikləri qeydə alınsın. Bu isə asan məsələ deyil. Amma indi iki əsas namizəd var və onların cəmiyyətdə reytinqi müsbət yox, mənfidir. Ona görə də amerikalılar iki pis, arzuolunmayan şəxs arasında seçim etməlidir. Bu, problemdir və düşünürəm ki, onlar müəyyən korreksiyalar edəcək. Digər tərəfdən, ABŞ-ın öz ənənəsinə uyğun olan seçki sistemi var və bunu ideal kimi hamıya sırımaq doğru deyil. Yəni, bu seçkilərdə aşkarlanan qüsurlar göstərir ki, ABŞ-ın digər ölkələrə dərs keçmək, ağıl vermək əvəzinə, öz sistemini təkmilləşdirməsi daha düzgün olardı. ABŞ-da hansısa məsələ kənardan düzgün qəbul edilmədikdə, tənqid olunduqda, deyirlər ki, "bu, bizim ənənəmizdir”. Siz öz ənənənizlə hesablaşırsınızsa, zəhmət çəkin. ayrı ölkələrin də ənənəsinə dözümlü yanaşın”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər