Arif Rəhimzadə: Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik

Arif Rəhimzadə: Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik

Cəmiyyət
14 Oktyabr 2019, 15:38 134
Pensiya təyinatı zamanı stajın nəzərə alınması ilə bağlı Avrasiya İqtisadi İttifaqının təcrübəsi bu quruma üzv olmayan dövlətlər üçün də kifayət qədər gündəmdə olan məsələdir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik.
Trend-in məlumatına görə, bunu MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, MDB dövlətlərində təqaüd yaşına yaxın olan insanların işdən çıxarılması, təqaüdün kifayət qədər yüksək olmaması, aztəminatlı qrupların və işçi miqrantların sosial tədbirlər ilə tam əhatə olunmaması kimi problemlər var. Bu baxımdan problemlərin həllində Avrasiya İqtisadi İttifaqının dövlətlərinin təcrübəsinə istinad etmək olar: "Bu İttifaqda nəzərdə tutulur ki, işçilərin sosial təminatı hər bir dövlətin öz şəraitinə uyğun olaraq həll edilsin və İttifaqın istənilən ölkəsində işləməsindən asılı olmayaraq, pensiya təyinatı zamanı staj nəzərə alınsın, hər bir üzv dövlət təqaüd məbləğini müəyyən etsin və öz qanunvericiliyi əsasında pensiyanın heablanmasını təmin etsin, pensiya bütün iş stajına əsasən təmin olunsun. Həmin təcrübə Avrasiya İqtisadi İttifaqının istənilən dövlətinə aiddir və bu, üzv ölkələrdə işləyənlərin sosial müdafiəsinə müsbət təsir edəcək. Avrasiya İqtisadi İttifaqına üzv olmayan dövlətlər üçün də bu məsələ kifayət qədər gündəmdədir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik. Məhz bu səbəbdən Məşvərət Şurasına təklif edirəm ki, bu kimi məsələlərin qəbul edilməsinə diqqət etsinlər".
A.Rəhimzadə qeyd edib ki, Azərbaycan qanunvericiliyində MDB dövlətlərinin qanunvericiliyində olan məsələlərin 80 faizi əks olunub: "Bu, bir tənqid kimi səslənmişdi. Amma biz hər bir halda MDB-nin təcrübəsinə əsaslanırıq. Model qanunvericiliyin təkmilləşdirilməsi bizim fəaliyyətin əsas istiqamətlərindəndir. Hazırda MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının Daimi Komissiyası 2020-2070-ci illər üçün model qanunvericilik üzərində işləyir. Məşvərət Şurasının bu prosesdə iştirakı bu ölkələrdə məşğulluq məsələlərinə müsbət təsir edər. Mövcud çağırışları nəzərə alaraq Məşvərət Şurası MDB dövlətlərinin öz qanunvericilik bazasını daha da təkmilləşdirə bilməsi üçün öz təkliflərini irəli sürə bilər. Parlamentlərarası Assambleya bu təklifləri nəzərdən keçirərək onlardan model qanunvericiliyin hazırlanmasında istifadə edə bilər".