• çərşənbə axşamı, 19 mart, 08:03
  • Baku Bakı 8°C

Arif Hacılının qıpqırmızı yalanı

20.11.19 19:37 1914
Arif Hacılının qıpqırmızı yalanı
Müsavat Partiyası funksionerləri hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar

Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, "miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəni saxlayıb. Hətta bu şəbəkəyə daxil olan 7 nəfərin həbs edildiyi bildirilib. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli biliniblər. Saxlanılan şəxslər barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə məlumat Azərbaycanda yayılandan sonra həm sosial şəbəkələrdə, həm də bəzi yerli media orqanlarında Müsavat Partiyası və onun başqanı Arif Hacılı qınaq obyektinə çevrilib, baş verənlər haqda dolğun, ətraflı izahat tələb edilib. Xüsusən də xaricdə yaşayan azərbaycanlılar, özlərini demokrat, jurnalist, müxalifətçi kimi qələmə verən şəxslər bu müxalifət partiyasının fəaliyyətini sərt tənqid etməklə, sədr A.Hacılının istefa verməsini ən doğru addım sayıblar. Lakin Müsavat başqanı bu günlərdə mətbuat konfransı keçirərək partiyasının və şəxsən özünün ünvanına səslənən ittihamları qəbul etməyib, təşkilatın heç bir halda qeyd olunan hadisələrdə hansısa formada rol oynamadığını söyləyib. Yəni, başqan A.Hacılı qıpqırmızı camaatın üzünə dirənib ki, guya onların heç nədən xəbəri yoxdur, Almaniyadakı "miqrant alverində” heç bir müsavatçının əli yoxdur. Amma Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarının açıqlanması A.Hacılının yalan danışdığını, müxtəlif yollarla ittihamlardan yayınmağa can atdığını göstərib. Məlum olub ki, indiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən R.Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var.
Koblenz məhkəməsinin qərarında qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs M.Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir: "2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə "Ramil Rüstəmov”, Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olublar. Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunub və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə edilib. Təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib”.
Koblenz məhkəməsinin qərarında o da bildirilib ki, təqsirləndirilən Xəlilbəyli qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, onların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib: "Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o, 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib. Bununla yanaşı, o, qaçqın miqrantları hava limanında qarşılayıb və ilk kontakt şəxs olan təqsirləndirilən Xəlilbəylinin təlimatlarını çatdırıb. Əlavə olaraq nağd ödənişlərlə, Sparkasse və Neuvid Volksbank-dakı hesabları vasitəsilə qanunsuz miqrant alverindən əldə etdikləri gəliri ört-basdır edib”.
Sadalanan faktlar Müsavat başqanı A.Hacılının və ətrafının məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışdığını bir daha ortaya qoyub. Bu isə həm ölkə daxilində, həm də xaricdə ona qarşı olan tənqidləri genişləndirib. Misal üçün, Avropada yaşayan gənc fəal Nahid Cəfərov A.Hacılının nə üçün istefa verib siyasətdən getməsinin zəruriliyi, M.Xəlilbəylinin törətdiyi cinayətin fərdi səviyyədə törədilən cinayət olub-olmaması barədə fikirlərini ictimailəşdirib. Qeyd edib ki, Müsavatda və ya AKM-də saxta sənəd alveri ilə bağlı iddialar və bununla əlaqədar suallar partiyanın özünün daxili qruplarında əqidəli müsavatçılar tərəfindən dəfələrlə səsləndirilib. Onun sözlərinə görə, A.Hacılı bunu araşdırıb dələduzu partiyadan uzaqlaşdırmaqdansa, sualları qaldıranları linç etməyi qərara alıb.
Gənc fəal bildirib ki, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) müstəqil qurum olduğunu iddia edir və daha sonra qurumun rəhbərliyinin buraxılması və ya dəyişdirilməsi ilə bağlı qərarı açıqlayır: "Demək ki, müstəqil deyilmiş. Yalançı sənəd ittihamları geniş ictimaiyyətə çıxır. Rəşad Məmmədov adlı zərərçəkmişin şikayətinə alman polisi ədalətli reaksiya verib Mehdi Xəlilbəyliyə qarşı əməliyyat keçirsə də, həmin Rəşad Məmmədovun açıq şəkildə səsləndirdiyi eyni ittihamları və ortaya qoyduğu faktları Arif Hacılı görməzdən gəldi və bu faktları yayanlara qarşı total hücumlar başladı. Eyni zamanda, bütün bu ittihamlara cavab olaraq, Arif Hacılı və İsa Qəmbər Mehdi Xəlilbəylini müdafiə etməyə başladılar. Görəsən niyə? Bütün bunlar, ən azından, Arif Hacılının səriştəsiz partiya rəhbəri olduğunu ortaya qoyur. Buna görə mütləq istefa verilməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər