• cümə axşamı, 25 aprel, 22:06
  • Baku Bakı 21°C

ARDNŞ-də tələbələr üçün ideal imkan

07.08.13 11:12 3174
ARDNŞ-də tələbələr üçün ideal imkan
ARDNŞ-nin ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət uğurla davam etdirilir. Artıq dördüncü ildir ki, ARDNŞ Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir.
Qeyd edək ki, yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edir. Proqramın şərtlərinə görə, tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı alır. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir.
Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən, 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər.
Təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə ARDNŞ “Azərneftyağ” Neft Emalı Zavoduna yollandıq. Əvvəlcə Əməyin Mühafizəsi üzrə direktor müavini Zaur Qurbanovla söhbətləşdik. Bizi zavoddakı şəraitlə tanış edən Z.Qurbanov həm də fəaliyyətləri haqda geniş məlumat verdi. Daha sonra zavodun 3 saylı sexinə gedərək buradakı iş şəraiti ilə tanış olduq. Nəzarət və İdarəetmə otağında həvəslə çalışanlardan biri də proqrama qoşulan tələbə Cavid Hüseynov idi. Cavid Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Kimya texnologiyası fakültəsinin 3-cü kursunda təhsil alır. O qeyd etdi ki, burada çalışmaqla təcrübəsini artırır: “Bu proqram haqqında keçən il dostumdan eşitdim. Lakin mən biləndə artıq müsabiqə müddəti bitmişdi. Hətta mənə vaxtında demədiyinə görə dostumdan incidim də. Bu il fürsəti əldən verməyib proqrama qoşuldum. Proqramın tələbə üçün daha bir sevindirici tərəfi odur ki, çalışdığımız müddətdə əmək haqqı alırıq. Onu da deyim ki, məvacibimiz kifayət qədər yaxşıdır. Burada bizə ixtisasımızı daha dərindən öyrənmək üçün şərait yaradanlara təşəkkür edirəm”. Təcrübə rəhbəri Saqif Mustafayev Caviddən və digər tələbələrdən razı olduğunu söylədi. Çünki buraya gələn tələbələr savadlı, həm də işə həvəslidirlər.
14 saylı sex Mərkəzi laboratoriyada çalışan ADNA-nın Kimya texnologiyası, 4-cü kurs tələbəsi Emilya Ramazanova və həmin fakültədən olan Dinarə Əhmədova proqrama qəbul olunduqları üçün məmnun qaldıqlarını söylədilər. Sumqayıt Dövlət Universitetinin Neft kimyası fakültəsinin 4-cü kursunda təhsil alan Məstəliyeva Nərmin də söhbətə qoşularaq fikirlərini bölüşdü: “Qəbul olduğumu biləndə çox sevindim. Çünki burada təcrübə keçənlərin hamısından yaxşı sözlər eşitmişəm. Ona görə də fürsətdən yararlanmaq istədim. Təqaüd proqramında iştirakımı və transkriptə əsasən yaxşı qiymətlərimi nəzərə alıb məni seçdilər”. Qızların sözlərinə görə, işə 9-cu dərəcəli kimya mühəndisi kimi götürülüblər. Bunun qarşılığında isə hər biri 579 manat əmək haqqı alacaqlar.
13 saylı sex Ekologiya və Tədqiqat laboratoriyasında proqrama qoşulan digər tələbə-Məmmədova Esmira ilə də söhbətləşdik. Esmira Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsində təhsil alıb. Hazırda magistirdir. Deyir ki, 2-ci ildir ki, buraya təcrübəyə gəlir. Neftlə bağlı proseslər, qurğular haqqında ətraflı məlumatı buradan əldə edib. Təcrübə rəhbəri Sədaqət Əliyeva da tələbələrdən razıdır: “Bu günə qədər bizim yanımızda təcrübə keçən tələbələrin hamısı ürəyimizcə olub. Sevinirəm ki, savadlı, sənətini sevən nəsil yetişməkdədir”.
Sədaqət xanım bizi əvvəllər burada təcrübə keçən, hazırda isə orada çalışan Günellə tanış etdi. Qanbayeva Günel BDU-nin kimya fakültəsini bitirib. Hazırda burada 10-cu dərəcəli mühəndis kimi çalışır. Günel söhbət zamanı vurğuladı ki, tələbə ikən, 2011-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda 1 aylıq təcrübə keçib: “Təcrübə vaxtı öyrəndiklərimin sayəsində artıq buranın işçisiyəm. Məsləhət görərdim ki, tələbələr fürsətlərdən istifadə etsinlər, yaxşı oxusunlar. Çünki işə qəbul olunarkən yalnız savada və təcrübəyə önəm verilir”.
ARDNŞ İnsan Resursları Departamentinin Təlim və İnkişaf Şöbəsinin kadrların hazırlığı üzrə mühəndisi Şəbnəm Budaqova söylədi ki, onların təşkil etdikləri proqramla 1 dəfə təcrübə keçən, 2 dəfə isə təqaüd alan tələbələr universiteti bitirdikdən sonra heç bir müsabiqə şərti olmadan işə qəbul olunurlar.
Qeyd edək ki, 22 aprel 2013-cü il tarixində ARDNŞ-nin saytında elan olunmuş müsabiqəyə üç həftə ərzində ölkə daxilində və xaricində 48 ali məktəbdə təhsil alan 1073 tələbə müraciət edib. Onlardan 19 ali məktəb üzrə 236 tələbə yay təcrübəsinə qəbul edilib. Seçim zamanı ARDNŞ –nin təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib. Tələbələrin yay təcrübəsi ARDNŞ-nin tərkibində olan 16 müəssisədə təşkil edilir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər