• cümə, 29 Mart, 11:48
  • Baku Bakı 5°C

Çarax yolu

26.01.20 13:00 4147
Çarax yolu
O uzaq tələbəlik illərində, 1974-ün 9 mayında biz Qalaaltına getdik. Biz deyəndə ki, Tibb İnstitutunun 17-ci qrup tələbələri, hamımız. Yaşmanın düzləri boyunca laləli əkinlər çox gözəl idi. Hava da çox gözəl idi. Dağlar da çox gözəl idi. Çaraxqala çox gözəl idi. Bütün gözəllər gözəl idi... Biz isə bəxtəvər idik! Çaraxqala canlı tarix kimi üzümüzə baxırdı. Bizim hay-küyümüzün onun minillik sükutuna dəxli yox idi. Belə abidələr məni elə indinin özündə də həyəcanlandırır. ...Axır ki, bəxtəvər idik. Dəstə-dəstə dolaşırdıq bu dolaşıq meşə cığırlarıyla. Mən meşənin içərisində traktor yoluyla gedirdim. Bura elə dağın başıdır. İnanma ki, bundan o yana daha nəsə olsun. Birdən şıdırığı yağış tökdü. Özümüzü az aşağıdakı restoranın talvarına çatdırdıq. Yağış elə ürəkdən yağırdı ki... Burada bir dəstə incəsənət işçisiylə rastlaşdıq. Flora xanımı əlüstü tanıdıq. Gələcəyin həkimləri olduğumuzu biləndə Flora xanım qəfildən oxumağa başladı. Ozamankı o səs.., dağların möcüzəli mənzərələri.., bir yandan da bu yağış...
Çox-çox illər sonra mən o yağışlı eyvanın, o yağışlı səsin və o yağışlı dipdiri xatirənin keçib meşənin içindəki həmin yolla üzüyuxarı getdim. Getdim çıxdım Çarax kəndinə. 10-12 evlik bu kənddə məni heyrətə salan yaxınlıqdan keçən çayın olmaması idi. Mənim təsəvvürümdə dağ kəndi mütləq çayın kənarında olmalı idi. Bura isə dağın başıdır, burada əla bir bulaq var. Əsas bu deyil. Əsas olan kəndin o möhtəşəm qalanın lap arxasında yerləşməklə yanaşı, qala ilə ADAŞ olmasındaydı. Buradakı kurqanlara, yaşı və sərhəddi bilinməyən qəbristanlıqlara baxdıqca elə bil zaman tunelindən keçirsən. Buralar çox qədimdir. Hər şeydən əvvəl aydındır ki, bu ÇARAX kəndinin sakinləri elə bu ÇARAXQALAnın sakinlərinin nəslidir. O biri kənd də elə, ondan o biri kənd də o cür... Çarax qəbiristanlığında unikal daş sanduqələr var; bir daşın eyni bir üzündə xaç, ələm və altıguşəli ulduz rəsmləri yonulub... Hələ buralarda qədim hunlarla bağlı toponimlər və s., və s. Hansı ki, heç birinə də elmi tədqiqat əli toxunmayıb. Bütün bunlardan könül ağrısıyla danışır O. Ay kişilər, deyir bu boyda dipdiri fakt ola-ola mən hələ də qalanın adını düzgün yazdıra bilmirəm, hələ də uydurma "çıraq” sözündən əl çəkilmir. Niyə bunlardan danışıram? Elə bunların hamısı odur, onun haqqındadır – Oqtay müəllim haqqında.
O, bu kənddə doğulub və mənə elə gəlir, elə indinin özündə də ruhən burda yaşayır, bir zaman tarixlərin ordularla keçdiyi, indi isə allahın quruca yolu da olmayan qədim Çaraxda. Qırx ildən artıqdır ali məktəb müəllimidir, doktorluq işi uzun illərdən bəridir ki, tam hazırdır, ailəsi də elə böyük deyil. Amma bu adam – mənim qonşum hələ də Bakıda Alatavanın gecəqondusunda gün keçirir. İndi, bu zəmanədəbu qədər təmiz, tamahsız-təmənnasız çoxmu adam var? Birini mən göstərdim... Mən bilirəm ki, o hörmətli adamdır, sanballı alimdir, nüfuzlu şəxsdir. Amma onun canı-qanı Qarabağdır, Çaraxqaladır, Çaraxdır, ailəsidir – Azərbaycandır. Hər yay ailəlikə gedir kəndə. Zəngləşirik.O nun səsi telefonda fağırlaşanda bilirəm ki, yenə də bir ev köçüb. 40-45 evdən indi vur-tut 6-7 ev qalıb Çaraxda. Bir dəfə lap fağır-fağır dedi ki, dünən qonşum da köçdü kənddən.., gecələr elə bil, adam vahimələnir... Bu yayın sonunda müəllim qalanın aşınmasının qarşısının alınması və ora turist marşrutu üçün işlər başlanıb deyirdi. Elə deyirdi ki, elə bil onun özünə ikiotaqlı təzə mənzil veriblər. Yəni,bu qədər sevinirdi. Az qala hər gün bərpaçılarla görüşürdü... Sonra bir qədər ümidsizləşdi.., deyir, bərpaçılar dəqiq bilmirlər ki, sanatoriyadan qala tərəfə maşın yolu çəkiləcək, yoxsa elə kiçik cığırlar döşənəcək?.. Amma ümidini üzməyib. Deyir yol çəkilsə, ordan kəndə 3 km qalır, bəd ayaqda maşını qoyub piyada gedərəm. Bizim gücümüz çatmaz deyir o yola; Çaraxda 7 ev, ondan 2 km o yanda Hacıkənddə 3 ev, ondan da 2 km o yanda Kunçalda 4 ev, sonra da 2 km o yanda Uqahda 1 ev – Zakiri deyirəm, Bakıdan qayıdıb kəndi dirildir... Onun dədə-baba yurdları haqqında bu söhbətindən sonra özünü təklənmiş o qədim yurdlarda hiss edirsən və.., və qulağına haralardansa – yerlərin altındanmı, ötüb keçmiş zamanların soyuq nəfəsindənmi, buralarda dolaşan ruhlardanmı, axır ki, bilmirəm, qulağına boğuq ney səsi gəlir.., gündüz qalanın ətrafında bərk qırğınlar olub deyəsən... Hə, Oqtay müəllim! O yerlərin hamısını elə sən bildiyim üçün də bu yazını belə yazdım, lap bir az da baş-ayaqsız. Axı sən özün də o yerləri elə bu cür baş-ayaqsız sevirsən... Bəzən lap məntiqsiz, məntiqdən də o yana sevirsən... Daim sevgilər içində olasan. Mən bilirəm ki, cəmiyyətə ancaq xeyir vermisən, öz nümunənlə əxlaqlı olmağı aşılamısan, tələbələrin sevimli müəllimisən, gözəl şeirlərin, publisistik əsərlərin və bir neçə kitabın müəllifisən, sən cəmiyyətdə sözü və izi olan adamsan. Bunların ayrılıqda hər biri bir insanı xoşbəxt etməyə bəs edər. 70 yaşın mübarək olsun. Sağlam, uzun ömür arzulayıram.

TOFİQ NURƏLİ

banner

Oxşar Xəbərlər