• cümə axşamı, 25 aprel, 13:18
  • Baku Bakı 23°C

Aqrar sektorda ciddi dəyişikliklər olacaq

18.04.14 08:31 1880
Aqrar sektorda ciddi dəyişikliklər olacaq
Prezident Nazirlər Kabinetinin sonuncu müşavirəsində anonsunu verdiyi fərmanı imzaladı. Qeyd edək ki, İlham Əliyev Nazirlər Kabinetinin aprelin 13-də keçirilən 2014-cü ilin ilk rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantısında bildirmişdi ki, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni sənəd imzalanacaq. Aprelin 16-da isə “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Sənəddə əsas məqsədin kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirməkdən ibarət olduğu göstərilir.
Məlumat üçün bildirək ki, bu, 2014-cü ildə kənd təsərrüfatı ilə bağlı verilmiş ikinci fərmandır. Prezident İlham Əliyev yanvarın 16-da kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm hesab edilən “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” adlı fərman imzaladı. Sənəddə kənd təsərrüfatı sahəsində istehsal olunmuş məhsulun tədarükü, daşınması, ixracı sahəsində bir sıra tədbirlərin reallaşdırılması ilə bağlı tapşırıqlar əksini tapıb. Eyni zamanda, daxili bazarda kənd təsərrüfatı məhsullarına və ərzağa əlçatanlığı təmin etmək üçün Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılması məsələsi də sərəncamda qeyd edilib.
Yeni fərman və yeni hədəflər

Bəs, növbəti fərmanda hansı məsələlər əksini tapıb və onların tətbiqi imkanları necədir? “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulur. Burada məqsəd, nazirliyin yerli aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, nazirliyin strukturunun genişləndirilməsi bölgələrdə aqrar siyasətin həyata keçirilməsi, eyni zamanda fermerlərə birbaşa məsləhətlərin, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır: “Son illərin praktikası göstərir ki, bəzi hallarda, məsələn, soğan məhsulları bir il baha olur, növbəti il o qədər soğan əkən olur ki, hətta soğanların kisəsini belə manata deyil, qəpiyə almaq olur. Və çoxlu sayda məhsul xarab olur. Bu, düzgün planlaşdırmanın olmamasının nəticəsidir. O baxımdan kənd təsərrüfatında planlaşdırmanın aparılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməlidir. Eyni zamanda yerli şöbələr fermerlərə birbaşa məsləhətlərin verilməsi və ölkənin tələbatını, ixrac potensialını nəzərə almaqla məhsul istehsalının planlaşdırılmasını həyata keçirməlidir. Bu zaman dünya bazarında baş verən dəyişikliklər də nəzərə alınmalıdır. Çünki Azərbaycan hələ də xaricdən məhsul idxal edir və bu plansızlıq nəticədə hətta ölkə daxilində istehsal olunan məhsulların qiymətinin aşağı düşməsinə səbəb olur. Bəzi strateji məhsulların qiymətini öncədən təyin etmək mümkündür. Məsələn, Azərbaycan taxıl məhsullarının qiymətini öncədən müəyyənləşdirə bilər. Və ya pambığın alış qiymətini zavodlar müəyyənləşdirir. Amma kütləvi istehsal olunan məhsulların qiymətini öncədən müəyyənləşdirmək mümkün deyil – tutaq ki, pomidorun, xiyarın, kartofun. O baxımdan daha məqsədə uyğundur ki, strateji olmayan məhsulların qiymətini öncədən müəyyənləşdirmək deyil, istehsal həcmi ilə bağlı dövlət, eləcə də Kənd Təsərrüfatı Nazirliyi öncədən fermer təsərrüfatlarına məlumat versinlər. Yəni qarşıdakı il hər hansı kənd təsərrüfatı məhsuluna olan tələbat müəyyənləşdirilsin və həmin tələbata uyğun olaraq fermer təsərrüfatlarına məlumat verilsin. Nəticədə əsas strateji olmayan məhsullardan həm az, həm də tələbatdan çox istehsal edilməsinin qarşısı alınar və məhsul itkisi baş verməz”.
Aqroparklar üçün bölgələr düzgün seçilməlidir

Fərmanda diqqəti çəkən əsas məqamlarından biri də Azərbaycanda aqroparkların yaradılmasıdır. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin V.Bayramovun fikrincə, ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var: “Kadr çatışmazlığı ilə yanaşı, sərmayələr məsələsinin də həll edilməsi lazımdır. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmasını müəyyənləşdirməlidirlər.
Sənəddə “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasının təmin edilməsi müvafiq icra qurumlarına tapşırıq verilir. Bu sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı, eyni zamanda subsidiyaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Maliyyə Nazirliyinin apardığı yoxlamaların da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda, fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti var”.
Fərman fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvini, özəlləşdirilməsini, yenidən təşkili və idarəetməyə verilməsini nəzərdə tutur. Ekspert bildirir ki, burada da əsas məqsəd dövlət xərclərinə qənaət etməklə yanaşı, sözügedən sektorda bazar münasibətlərini genişləndirməkdən ibarət olmalıdır. Eyni zamanda, özəlləşdirmə prosesində də şəffaflığın gücləndirilməsi olduqca vacibdir: “Fərmanın ən mühüm tərəflərindən biri xarici investorlarla birlikdə ölkəmizdə kənd təsərrüfatı texnika və avadanlıqlarının istehsalının həyata keçirilməsidir. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki bu, sözügedən istiqamətdə idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmağa imkan verər. Bu məqsədlə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir”.
Aqrar peşəyönümlü təhsil müəssisələrinin yaradılması vacibdir

Fərmanda aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkili də nəzərdə tutulur. Ekspertin sözlərinə görə, bu sahədə peşəyönümlü təhsil müəssisələrinin yaradılması olduqca vacibdir: “Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də, təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Bu baxımdan, qısa müddətdə peşə ixtisaslarının təşkil edilməsinə ehtiyac var. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər”.
Qeyd edək ki, aqrar elmin inkişafı konsepsiyasının layihəsini hazırlanması, xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakının təmin edilməsi kimi məsələlər də fərmanda öz əksini tapıb ki, bunlar da ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər