• şənbə, 20 Aprel, 15:06
  • Baku Bakı 23°C

Aqrar sektor ərəblərin diqqət mərkəzində

30.09.16 13:23 2227
Aqrar sektor ərəblərin diqqət mərkəzində
Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin "MBM” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşdə aqrar sektorda investisiya tələb edən sahələr və bu sahələrə sərmayələrin qoyulması ilə bağlı müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir Heydər Əsədov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Dövlətimizin başçısı tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışan nazir bu sahənin prioritet elan olunduğunu və çoxşaxəli inkişaf etdiyini, 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcudluğunu, ölkəmizdə kənd təsərrüfatının bütün sahələri üçün əlverişli investisiya mühitinin və böyük ixrac potensialının olduğunu nəzərə çatdırıb.
Görüşdə investisiya tələb olunan sahələr, xüsusilə də Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi məqsədilə aqroparkların, pestisid istehsalı müəssisəsinin, heyvandarlıq məhsullarının saxlanması və ticarəti üçün logistik mərkəzin yaradılması, respublikamızda istehsal edilən məhsulların ixrac imkanları və s. məsələlər müzakirə olunub.
"MBM” şirkətlər qrupunun korporativ məsələlər üzrə direktoru Federico Carvellini Azərbaycanın Asiya və Avropada strateji məkanda yerləşdiyini, yüksək inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sahəyə böyük önəm verdiyini nəzərə alaraq kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. O, səfərdə əsas məqsədin Azərbaycanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırıb, aqrar sahənin inkişafı üçün texniki və maliyyə dəstəyi göstərməkdən ibarət olduğunu bildirib.
Federico Carvellini kənd təsərrüfatı infrastrukturunun yenidən qurulmasına və aqroparkların yaradılmasına sərmayə qoyuluşu, Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradılması və əməkdaşlığa dair təkliflərlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklərini söyləyib.
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov qəzetimizə açıqlamasında bildirdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük investisiyalara ehtiyac var. Ona görə də bu sektora xarici investorların cəlb edilməsi önəmli məqamlardandır: "Kənd təsərrüfatı xalq təsərrüfatının ən ağır sahələrindən biridir. Çünki burada torpaqla işləmək tələb olunur. Ona görə dünya ölkələri Azərbaycanda kənd təsərrüfatının inkişafına çox nadir hallarda investisiyalar ayırırlar. Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı təşkilatı olan FAO kənd təsərrüfatına tətbiq olunan kiçik layihələr üçün kiçik məbləğlər ayrırır. Lakin bununla kənd təsərrüfatını qlobal şəkildə inkişaf etdirmək qeyri-mümkündür. Amma indi ərəb ölkələrinin Azərbaycanda kənd təsərrüfatına investisiya ayırması təqdir olunacaq bir şeydir. Çünki bizim dövlətimizin büdcəsində kənd təsərrüfatına tələb olunan qədər vəsaitin ayrılması üçün imkan yoxdur. Ona görə xarici ölkələrin investisiya ayırması arzuolunandır. Həm də prezidentimiz pambıqçıların respublika müşavirəsində, eləcə də Nazirlər Kabinetinin iclaslarında dəfələrlə qeyd edib ki, ayrı-ayrı rayonlar, nazirliklər, komitələr, şirkətlər xarici investorların cəlb olunması üçün çalışmalıdırlar”.
Ç.Fərəcov investisiya yatırmaq üçün müxtəlif sahələrin olduğunu dedi. Onlardan biri istixanalardır: "Düzdür, respublikamızda istixanaların sayı gündən-günə artır, ərazilərin miqdarı ildən-ilə genişlənir. Lakin respublikamızda, xüsusilə bu il tərəvəzə olan tələbat çox zəif ödənildi. Bu il tərəvəz olmadı. Pomidorun qiyməti 2 manat 50 qəpiyə qədər yüksəldi. Bu da Azərbaycanda görünməmiş hadisədir. İnvestisiyalar istixanaların genişləndirilməsinə ayrıla bilər. Bu istixanalarda təkcə tərəvəz yox, üzüm, kiçik parnik ağaclarında meyvə də yetişdirmək mümkündür”.
İnvestisiya ayrılmalı sahələrdən birinin də ətlik maldarlıq olduğunu deyən Ç.Fərəcovun sözlərinə görə, hər il ərəb ölkələrində Qurban bayramı çox geniş qeyd olunur. Səudiyyə Ərəbistanı, Qətər hər il Azərbaycandan qurbanlıq qoyunlar istəyir: "Bizdə isə onlara veriləcək qurbanlıq qoyunlar elə də çox deyil. Ona görə də qoyunçuluğu inkişaf etdirmək, sayı artırmaq, qoyunları kökəltmək üçün investisiyalar ayrıla bilər. Azərbaycanda xırdabuynuzlu heyvanların, yəni qoyunların kökəldilməsi üzrə ayrı-ayrı komplekslər, təsərrüfatlar istifadəyə verilə bilər”.
Ç.Fərəcov deyir ki, hinduşka təsərrüfatlarının yaradılması da perspektivlidir. Eyni zamanda, o bildirdi ki, müasir bağların salınmasına ehtiyac var.
Ç.Fərəcov qeyd etdi ki, əgər bu investisiyalar müsbət nəticələr verərsə, vaxtında ayrılarsa, məhsul istehsalı intensiv şəkildə artacaq: "Məhsul xarici ölkələrə də ixrac oluna bilər. Son vaxtlar ölkədə pambıqçılıq, tütünçülük, baramaçılığın inkişafına diqqət artırılıb. Lakin bunu həddindən artıq genişləndirmək üçün imkanlar məhduddur. Bu sahələrə də investisiyalar ayrıla bilər. Bizdə Misir sortu pambığı əkilə bilər. Amerikada gözəl tütün sortları var. Onları, Trabzon və başqa sortları əkmək olar. Yeni fındıq bağları salına bilər. Nəinki ərəb ölkələrinin, digər ölkələrin də investisiya yatırması təqdir olunan haldır və bunun üçün geniş iş aparılmalıdır”.
İqtisadçı ekpsert Rəşad Həsənov deyir ki, Azərbaycanın aqrar sektoru bir çox xarici investorlar üçün maraqlıdır: "Məsələn, ərəb ölkələrindən, Polşa, hətta Kanadadan Azərbaycanın aqrar sektoru ilə maraqlanan investorlar var. Amma ölkədəki investisiya mühiti bu istiqamətdə real fəaliyyətlərin baş tutmamasına gətirib çıxarır. Əgər aparılan islahatlar ölkədə normal investisiya mühiti formalaşdıracaqsa, ölkənin bir neçə iqtisadi istiqaməti üzrə xarici investisiyanı cəlb etmək mümkündür ki, onlardan biri də aqrar sektordur. Azərbaycanda bu sektor indiyə qədər daha çox ekstensiv inkişaf yolu keçib. Hazırda ölkənin təbii şəraiti, iqlim qurşaqları, torpaq ehtiyatları imkan verir ki, burada intensiv formada innovasiyanın tətbiq edilməsi ilə daha ciddi məhsuldarlıq əldə edilsin və sektorun səmərəliliyi artırılsın”.
Ekspertin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatına maliyyə yatırılmasının müsbət tərəflərindən biri odur ki, məhsulun bazarı var: "Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının xaricə ixrac edilməsi üçün hər hansı problem yoxdur. Xüsusilə, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün əsas bazar hesab olunur. Orada tələbat kifayət qədər böyükdür. Bu isə o deməkdir ki, Azərbaycanda istehsal mühitini normallaşdırıb, keyfiyyətli məhsul istehsal edib, bu bazarlara çıxarılmasını təmin etmək o qədər də çətin deyil. Əsas problem bu istiqamətə investisiyanın yatırılması və rəqabətqabiliyyətli məhsulun istehsal edilməsidir”.
R.Həsənov deyir ki, ərəblər səhralıqda kənd təsərrüfatı quran insanlardır. Onların kənd təsərrüfatına baxışları tam fərqlidir: "Məsələn, İsrail səhranın ortasında, qumun içində elə bir kənd təsərrüfatı istehsalı formalaşdırıb ki, hətta dünya ölkələrinə kənd təsərrüfatı məhsullarını ixrac edir. Onların ölkəyə gəlməsi təcrübə və əlavə investisiya baxımından müsbət haldır. Ümid edirəm ki, deyilənlər reallaşacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər