• cümə, 19 Aprel, 20:01
  • Baku Bakı 24°C

Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

04.02.14 08:48 4623
Aqrar sahənin inkişafı diqqət mərkəzindədir
Aqrar sahənin inkişafı istiqamətində daha bir addım atıldı. Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda göstərilir ki, son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Təkcə 2013-cü ildə 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq, 30 min hektara qədər torpağın yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq Taxtakörpü su anbarı istifadəyə verilib. Hazırda tikintisi davam edən Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində daha 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, əlavə 20 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.
Ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılıb. Qeyd edilən sərəncam bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq imzalanıb. Sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılacaq.
Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən, Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm elementlərindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı strategiyası həyata keçirilməkdədir. Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsi nəticəsində inkişaf edir. Təsadüfi deyil ki, ötən il bitkiçilik məhsullarının istehsalı 4 faiz, heyvandarlıq məhsullarının istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,8 faiz artıb. Bu, əsas ərzaq məhsulları ilə daxili təminatın yüksəlməsi deməkdir. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən, bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilən tədbirlər nəticəsində bitkiçilik məhsulları 3,1, heyvandarlıq məhsulları 3,4, ət istehsalı 1,6, sənaye üsulu ilə quş əti istehsalı 4,6, yumurta istehsalı 1,8, süd istehsalı 1,5, taxıl istehsalı isə 1,4 dəfə artıb.
Yeni imzalanan “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam kənd təsərrüfatının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Sərəncamda nəzərdə tutulan tədbirlərin reallaşdırılması aqrar sektorda mövcud problemlərin bir qisminin aradan qaldırılması deməkdir. Bəs bu sahədə daha hansı işlər görülür və nələrə ehtiyac var?
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması da mühüm məsələlərdəndir və bu sahəyə dövlət dəstəyi daim diqqət mərkəzindədir. Ötən il “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 37,9 milyon manat dəyərində 765 ədəd müxtəlif növ traktor, 604 ədəd kotan, 239 ədəd səpici aqreqat, 95 ədəd taxılyığan kombayn, 50 ədəd çiləyici və tozlayıcı maşınlar, 41 ədəd otbiçənlər, 40 ədəd gübrəsəpən maşın, 33 ədəd taxıl-toxum təmizləyən, 22 ədəd malalar, 21 ədəd bağarası frez, 17 ədəd ot dırmıqları, 16 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd kombayna qoşulan biçici aqreqatlar və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib. Kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret təkliflər də hazırlanır.
Kənd təsərrüfatının, emal sənayesinin sürətli inkişafı istehsal edilən məhsulların keyfiyyət və kəmiyyətcə rəqabət qabiliyyətli olması və xarici bazarlara çıxa bilməsini labüdləşdirir. Ona görə də rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən birinə çevrilib. 2013-cü ildə Bakıda çörək zavodları, Sumqayıtda “Sağlam qida” Aqrar Sənaye Kompleksi, Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının tikintisi başa çatdırılıb. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksi, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı istifadəyə verilib. Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilib. Qeyd edək ki, bu müəssisələr son texnologiyalardan istifadə olunmaqla inşa edilib və burada istehsal olunan məhsullar ən son standartlara cavab verir.
Bu tədbirlərin sırasında dövlət başçısının tapşırığına əsasən, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi xüsusi diqqət cəlb edir. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər