• cümə axşamı, 18 aprel, 08:49
  • Baku Bakı 12°C

Aqrar sahədə sığortanın dirçəldilməsi vacibdir

03.04.14 11:38 1961
Aqrar sahədə sığortanın dirçəldilməsi vacibdir
Havaların kəskin dəyişməsi nəticəsində bir sıra məhsullar üzrə fermerlərə ciddi ziyan dəydi. Baş vermiş hadisə aqrar sahədə sığorta mövzusunu yenidən aktuallaşdırıb. Aydın məsələdir ki, fermerlər istifadə etdikləri torpağı icarəyə götürüblər və onun üçün müəyyən haqq ödəməlidirlər. Üstəlik, iş adamlarının əksəriyyəti banklardan kredit götürərək məhsul əkinini həyata keçiriblər. Əkilən məhsulun kəskin hava şəraiti üzündən məhv olması o deməkdir ki, iş adamları həmin vəsaiti başqa yerdən tapmalıdırlar. Bu zaman təbii ki, ən yaxşı mənbə sığorta ola bilərdi. Amma təəssüf ki, bizdə bu sahədə xeyli geriləmə var. Düzdür, belə bir təcrübə heç yoxdur demək olmaz. Azərbaycanda bir sıra sığorta şirkətləri var ki, aqrar sahənin sığortası ilə bağlı məhsullar çıxarıblar bazara. Məsələn, “Azərbaycan Sənaye Sığorta” şirkəti və “Başak İnam” şirkəti əkin sahələrinin, “Alfa Sığorta” şirkəti heyvanların sığortası ilə məşğul olur. Hətta “Azərbaycan Sənaye Sığorta” şirkətinin ötən il həyata keçirdiyi ən böyük sığorta ödənişi - 176 460 AZN təşkil edib ki, bu da kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə - hüquqi şəxsə məxsus olan şəkər çuğundurunun əkin sahəsinə dolu yağması nəticəsində baş verən sığorta hadisəsinə görə ödənilib. Lakin təəssüf ki, bu, geniş yayılmış təcrübə deyil. Həm də araşdırmalar göstərir ki, sığorta şirkətləri hələlik böyük sahələri sığortalamaqda daha çox maraqlıdırlar. Heç kiçik fermerlər özləri də sığortaya o qədər maraq göstərmirlər.
Mütəxəssislərin qənaətincə, aqrar sektor riskli sahə hesab olunduğundan, həm kreditləşmə, həm də sığortalanma baxımından problemlidir. Halbuki, ABŞ və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır. Bu gün Azərbaycanda aqrar sektorun sığortalanmasına çox böyük ehtiyac var. Çünki kənd təsərrüfatı böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Ona görə də bu sahədə sığortalanma çox ciddi məsələdir. Bu məsələni bir çox ölkələr təşviq yolu ilə həll edirlər. Yəni, aqrar sahədə çalışan insanların sığortasının müəyyən bir hissəsinin, hətta bəzi məhsullar üzrə 50%-nin dövlət tərəfindən qarşılanması prosesi baş verir. Azərbaycanda da təşviq yolu ilə aqrar sahəni canlandırmaq olar. Hətta bir neçə dəfə belə təkliflər olub. Taxıl sahələrində sığortalanma prosesində dövlətin yardım edəcəyi haqqında müəyyən qərarlar alınıb. Amma bu qərarların həyata keçməsi ləngiyir. Sığorta şirkətlərinin aqrar sahədə sığortaya marağının az olmasının əsas səbəbi, bu sahənin çox riskli olmağından və ödənişlərin daha artıq ola biləcəyi ehtimalından irəli gəlir. Burada fermerlərin özlərinin tam oturuşmuş sistem qurmaması da rol oynayır. Çünki bir çox ölkələrdə fermerlərin özlərinin assosiasiyaları olur. Yardımların alınması üçün hökumət qarşısında tələblərlə çıxış edirlər. Amma Azərbaycanda həm belə bir assosiasiyanın, həm də fermerlərin iri iqtisadi gəlirlərinin olmaması pərakəndəlik yaradıb.
Sığorta sisteminin işləməməsi səbəbindən banklar da aqrar sahəyə kredit ayırmaqda maraqlı deyillər. Buna görə də, bu gün fermerlərin kredit resurslarına çox böyük ehtiyacı var ki, həm özləri gəlir götürsün, həm də bazarda bolluq yaransın.
Yeri gəlmişkən, Azərbaycanda fermerlərin kredit almasını asanlaşdırmaq üçün sığorta fondlarının yaradılması nəzərdə tutulub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktor müavini Abbas Qaracayev bildirib. Onun sözlərinə görə, kənd yerlərində çalışan fermerlər kredit alarkən girov problemi ilə üzləşirlər. Təcrübə göstərir ki, çıxış yolu xarici ölkələrdə olduğu kimi, kənd təsərrüfatı kooperativlərinin və bu sahə ilə məşğul olan sığorta fondunun yaradılmasıdır.
Bir sıra ekspertlər isə hazırkı şəraitdə fermerlərə verilən subsidiyaların miqdarının artırılmasını təklif edirlər. İqtisadçı ekspert Vüqar Bayramov öz facebook səhifəsində paylaşdığı şərhdə bildirir ki, sonuncu qarın kənd təsərrüfatı məhsulları istehsalının azalacağına səbəb olacağını proqnozlaşdırmaq çətin deyil: “Belə olan halda həm fermerlərin xərclərinin azaldılmasının, həm də mövsüm zamanı gözlənilən qiymət artımlarının qarşısının alınması üçün subsidiya məbləğlərinə yenidən baxılması və artırılmasına ciddi ehtiyac var. Qeyd edək ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır: Strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istehsal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir. Təşkilatımızın ekonometrik hesablamaları göstərir ki, subsidiya məbləğinin adi məhsullar üzrə 40 manatdan 80 manata, strateji məhsullar üzrə isə 80 manatdan 140 manata artırılması dövlət büdcəsi üçün hər hansı ağırlıq yaratmamaqla yanaşı, fermerlərin xərclərinin qarşılanmasına imkan verər. Avropa Birliyi büdcəsinin 40 faizindən çoxunun sadəcə kənd təsərrüfatına subsidiyaların verilməsinə yönəldildiyini nəzərə aldıqda o zaman inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda da fermerlərə birbaşa maliyyə yardımının əhəmiyyətini müəyyənləşdirmək çətin olmaz. Eləcə də nəzərə almaq lazımdır ki, subsidiyaların məbləği son 4 ildə dəyişdirilməyib. Amma bu müddətdə fermerlərin xərclərində artımlar var. O baxımdan subsidiyaların məbləğinə yenidən baxılması, xüsusən strateji məhsulların istehsalına yönələn subsidiyaların məbləğinin artırılması daha məqsədəuyğundur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər