• cümə, 19 Aprel, 03:07
  • Baku Bakı 18°C

Aqil Məmmədov: Tezliklə Kəlbəcərdə də həyat öz axarına düşəcək

04.04.21 11:30 1386
Aqil Məmmədov: Tezliklə Kəlbəcərdə də həyat öz axarına düşəcək
Ulu öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Ümummilli Lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Ulu Öndər 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. Belə də oldu. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ermənilərin 30 ildən artıq işğal altında saxladığı əraziləri azad etdi. 2020-ci ilin sentyabrın 27-dən başlayan Zəfər yürüşü böyük Qələbəmizlə nəticələndi. Şuşa da daxil olmaqla, Qarabağı geri qaytardıq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu. Azərbaycanın ən yüksək dağ rayonu olan, gözəl təbiəti və faydalı qazıntılarla zəngin olan doğma Kəlbəcər düşmənin kapitulyasiyasından sonra 2020-ci il noyabrın 25-də işğaldan azad edildi. Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Kəlbəcər də daxil olmaqla, 3 rayonumuz bir güllə atılmadan boşaldıldı. Digər rayonlarımız kimi, Kəlbəcərin də işğal səbəbləri hər birimizə gün kimi aydındır. Ərazilərimizin işğalı həmin dövrdə ölkədə mövcud olan özbaşınalıq və xaosun, AXC-Müsavat hakimiyyətinin xəyanətinin nəticəsi idi. Bu xəyanətin, özbaşınalığın əziyyətini isə öz yurd-yuvasında qovulmuş günahsız insanlar çəkdi.
Kəlbəcərin işğal günlərindən danışan deputat qeyd edib ki, rayon əhalisi 1988-1993-cü illərdə tamamilə mühasirə şəraitində yaşayıb. Kəlbəcərin bütün əlaqələri kəsilmişdi, yol, işıq yox idi. Ümidimizi təkcə Laçın yoluna bağlamışdıq. Ağdərə istiqamətindən ermənilərin mütəmadi təzyiqlərinə və hücumların məruz qalırdıq. Bunun sübutu olaraq Ağdaban faciəsini xatırlatmaq yerinə düşər. Belə ki, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonun sonrakı işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsi erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr verildi, 67 nəfər isə amansızlıqla qətlə yetirildi.
Ermənistanın öz çirkin əməllərini 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra da davam etdirdiyini deyən A.Məmmədov bildirib ki, ermənilər Kəlbəcərin işğalı zamanı oranı tar-mar edib, rayonun əmlakını talayaraq Ermənistana daşıyıblar. Ermənilər məcbur qalıb Kəlbəcəri tərk edəndə də öz məkrli, alçaq xislətini ortaya qoyaraq yaşadıqları evləri yandırdılar, meşələri qırıb odununu daşıdılar.
Deputat vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində böyük Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin, dövlətimizin başçısı olduğu 17 illik dövrdə səmərəli və gərgin fəaliyyətinin bəhrəsidir. Azərbaycanın beynəlxalq müstəvidə böyük nüfuzu, güclü ordu quruculuğu, xalq-iqtidar birliyi Qələbəmizi şərtləndirən amillərdir.
"Təsadüfi deyil ki, Kəlbəcəri Azərbaycanın "qərb qapısı” adlandırırlar. Turizmin inkişafı üçün Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları ölkəmizin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı işğaldan azad edilən bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. İnşallah, torpaqlarımızın azadlığı kimi, bu işlər də tezliklə öz həllini tapacaq. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Kəlbəcərdə də həyat öz axarına düşəcək”, - deyə Aqil Məmmədov əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər