• cümə, 19 Aprel, 20:40
  • Baku Bakı 24°C

Apteklərdə yenidən maska qıtlığı yaranır?

02.06.20 17:43 716
Apteklərdə yenidən maska qıtlığı yaranır?
Qıtlığın bəzi psixoloji məqamlarla bağlı olduğu güman edilir
"Bizim tərəfdəki əczaxanalarda 2 gündür maska yoxdur”, "Dünən əczaçıdan maska soruşdum, yalnız bahalı, filtrli maskaların olduğunu dedi”, "Ailədə 6 nəfərik, 12 maska istədim, vermədilər. Bildirdilər ki, bir nəfərə 5 maskadan artıq satılmır”. Bu fikirlər vətəndaşlarımızın son bir neçə gündür ki, maska ilə bağlı olan şikayətləridir. Belə ki, insanlar maska taxmağın məcburi edildiyi vaxtda apteklərdə maskanın tapılmamağından narazılıqlarını bildirirlər. Bir müddət əvvələ qayıtsaq, görərik ki. eyni situasiya ilə koronavirusun yeni yayılmağa başladığı dövrdə də qarşılaşmışdıq. Pandemiyanın ilk aylarında maskaya olan tələbatın ciddi şəkildə artması və ixracın dayandırılması maska qıtlığına səbəb olmuşdu. Hətta, məsələ o həddə çatmışdı ki, əczaxanaların qapısına "maska yoxdur” yazısı vurulmuşdu.
Lakin bu problem qısa zamanda öz həllini tapdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalının Azərbaycana gətirilməsinə nail olundu. Ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin təşkili işləri başa çatdırıldı və müəssisə fəaliyyətə başladı. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırıldı. "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verildi. Müəssisədə 30-dan çox yeni iş yeri yaradıldı. İstehsal prosesi üç növbəli təşkil edildi. Tibbi maskalar İSO 17050-1 standartlarına uyğun istehsal edildi. Nəticə etibarı ilə ilkin mərhələdə yaşanan qıtlığın qarşısı alındı.
Bir müddət əvvəl karantin qaydalarının yumşaldılması ilə insanların maskaya olan münasibətində də sözün həqiqi mənasında "yumşalma” hiss edildi. Belə ki, əvvəllər maskanın yoxluğundan şikayətlənən vətəndaşlar artıq maska taxmamağa başladılar. Bu isə qaydaların yumşalmasından sonra virusa yoluxma sayının kəskin artmasına səbəb oldu. Son bir həftədir ki, yoluxma sayı sağalanların sayını üstələyir. Ona görə də maskanın məcburi istifadəsi ilə bağlı ciddi addımlar atıldı. Milli Məclisin 31 may tarixində keçirilən plenar iclasında pandemiya dövründə maska taxmamağa görə cərimələri müəyyən edib və bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamağına görə - fiziki şəxslərə əlli manat məbləğində, vəzifəli şəxslərə yüz manat məbləğində, hüquqi şəxslərə iki yüz manat məbləğində cərimənin tətbiq olunması ilə bağlı qanun qəbul edilib. Belə bir qanunun qəbul edildiyi dönəmdə əczaxanalarda maskaların sayının azalması yaxşı hal deyil. İnsanlar haqlı olaraq narazılıqlarını bildirirlər. Vətəndaşlara maska taxmadıqları üçün cərimə olunacaqlarını deyəndə, bəhanə kimi apteklərdə maskanın olmadığını qeyd edirlər. Maraqlıdır, hazırda əczaxanalarda yaşanan maska qıtlığının səbəbi nədir, nə üçün bu problem yenidən gündəmə gəlib? İlk olaraq məsələ ilə bağlı kiçik araşdırma edib, əczaxanalardakı vəziyyətlə maraqlandıq.
Əlaqə saxladığımızı bir çox apteklərdə maskanın olduğu, amma limitlə satıldığı bildirildi: "Gün ərzində 300 dənə maska qəbul edirik və tələbat çox olduğu üçün dərhal satılır. Bu tendensiya son günlər daha çox hiss olunur. Bir müddət əvvəl bu qədər çox alınmırdı. Amma bir neçə gündür ki, tələbatın artması ilə əlaqədar çatdıra bilmirik. Yəni maska səhər gələn kimi hamısı satılır. Günorta gələn alıcıya məcbur şəkildə maskanın olmadığını deyirik. Bir nəfər alıcı gəlir və 10-11 dənə maska istəyir. Limitli şəkildə satanda isə vətəndaş şikayət etməyə başlayır”.
Millət vəkili Musa Quliyev isə qıtlığın bəzi psixoloji məqamlarla bağlı olduğunu qeyd edir: "Bir müddət əvvəl karantin rejiminin yumşaldılmasından sonra insanların çoxu maska almağa ehtiyac duymadı. Buna görə də əczaxanalar gündəlik maska tələbatlarını azaltdılar. Son günlərdə isə maska ilə bağlı bəzi qaydaların sərtləşməsi nəticəsindən insanlarda təşviş yarandı və kütləvi şəkildə maska almağa başladılar. Görünən odur ki, apteklər buna hazır deyildilər. Amma əminəm ki, yaxın günlərdə bu məsələ tənzimlənəcək və vətəndaşların narazılığı aradan qalxacaq. Çünki ölkəmizdə maska ehtiyatı və istehsalı kifayət qədər yüksək səviyyədədir. Növbəti günlərdə bu məsələ ilə əlaqəli problem yaşanacağını düşünmürəm”.
Tibb üzrə ekspert Adil Qeybulla isə hər bir halda bu vəziyyətdən də çıxış yolu olduğunu bildirir: "Əslində, insanlar bu problemi bəzən bəhanə edirlər. Düşünmürəm ki, ilkin dövrdə olduğu kimi indi də ciddi maska qıtlığı var. Əgər aptekdə maska yoxdursa və vətəndaş maska taxmaq istəyirsə, onu ev şəraitində də özü tikə bilər. Yəni hər bir məsələnin çıxış yolu var, sadəcə, insanlar özləri tənbəldirlər, müxtəlif bəhanələr tapırlar. Çox təəssüf ki, məsələnin ciddiliyinin fərqində deyillər”.

Günel Azadə
banner

Oxşar Xəbərlər