AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?

İqtisadiyyat
23 Yanvar 2013, 11:30 2939
Azərbaycanda bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vahid qiymətin tətbiqi məqsədilə artıq Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə müzakirələr aparmağa başlayıb və yaxın zamanlarda Azərbaycanda da bunun tətbiqinə start veriləcəyi gözlənilir.

Nazirliyin məlumatına görə, vahid qiymət siyasəti tətbiq edildikdə, Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.

Bir dərmanın 10 aptekdəki qiyməti
Qeyd edək ki, hazırda eyni dərman müxtəlif apteklərdə fərqli qiymətə satılır. Elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yiyələri əvvəlcə bir-bir apteklərə düşüb dərmanların neçəyə olduğunu öyrənirlər. Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptek, daha doğrusu, apteklərdən bazarlığını edir. Buna görə də alıcı araşdırmasını aparıb aptekləri bir-bir gəzəndən sonra yenidən bir reseptdə yazılmış dərmanları almaq üçün bir neçə aptekə üz tutmalı olur. Bu da alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir.

Biz də bir dərmanın qiymətini öyrənmək üçün 10 aptekə üz tutduq. Məlum oldu ki, eyni yerin istehsalı olan eyni ölçülü, eyni keyfiyyətli dərman preparatları demək olar ki, hər aptekdə bir qiymətə satılır. Araşdırmamız zamanı bəlli oldu ki, 10 qramlıq kalsiqliqonatın qiyməti “AVİS” Tibbi Marketində 3 manat 10 qəpik, “Avanqard” və “Avita” apteklərində 3 manat, “Asprin” aptekdə 2 manat 50 qəpik, “Abşeron”, “Adonis”, “Afrodita”, “Loğman”, “B-12” apteklərində 2 manat, “Azər” Aptekdə isə 1 manat 90 qəpikdir. Gördüyünüz kimi, eyni tərkibli, eyni keyfiyyətli dərmanın qiyməti müxtəlif apteklərdə müxtəlifdir. Amma onu da deyək ki, qiymət fərqi apteklərin yerləşdiyi yerlə, icarə haqqının müxtəlif olmasıyla çox da əlaqədar deyil. Çünki sözügedən apteklər şəhərin mərkəzi hissələrində yerləşir.

Aptek nümayəndələri nə düşünür?
Fərqli qiymətlərinin səbəbləri və tətbiq olunacaq vahid qiymət siyasətinə münasibət öyrənmək üçün apteklərin özləriylə əlaqə saxladıq.
Bakıda qiymət bahalığına görə ilk yerlərdən birini tutan “AVİS” Tibbi Marketin insan resursları üzrə mütəxəssisi Xəyyam Cavadov bizimlə söhbətində vahid qiymət tətbiqinin tərəfdarı olduqlarını bildirdi: “Çünki bu zaman həqiqi xidmət üzə çıxmış olacaq. Bu zaman apteklər xidmətə görə bir-biriylə yarışacaq ki, nəticədə qazanan tərəf müştərilər olacaq”.

X.Cavadov “AVİS”də qiymətlərin digər apteklərə nisbətdə baha olmasına da aydınlıq gətirdi. Bildirdi ki, buna səbəb onlarda xidmətlərin yüksək olmasıdır: “İş bununla bitməməlidir ki, dərmanı satdın, alıcı alıb evə götürdü. Alıcıya münasibət, xidmət də fərqli, yəni yüksək olmalıdır. Hesab edirəm ki, digər apteklərə nisbətdə bizim aptekdə müştərilərlə münasibət daha yüksək səviyyədə qurulub”.

“Loğman” Aptekin əczaçısı Könül Quliyeva da vahid dərman siyasətinin tərəfdarı olduqlarını bildirdi. Bildirdi ki, bunun apteklər üçün deyil, daha çox müştərilər üçün xeyiri var: “Biz də müştərilərlə işlədiyimizdən istərdik ki, müştərilər məmnun qalsın. Müştəri içəri girir və əsəbiləşir ki, hər aptekdə qiymətlər niyə fərqlidir. Bundan başqa, müştərilər bir-bir apteklərə düşüb həklimin yazdığı dərmanların qiymətlərini hesabladır ki, sonda ucuzunu seçsin, buna da vaxtları gedir”.

Liberallaşdırma aparılmalıdır
İqtisadçı Vüqar Bayramlı bizimlə söhbətində bildirdi ki, dərmanların qiymətinin eyniləşdirilməsi, bazar iqtisadiyyatının qaydalarına ziddir: “Çünki dərmanların qiyməti satış yerindən asılıdır. Bakı şəhərində bəzi yerlərin icarə haqqı baha, bəzi yerlərdə aşağıdır. Təbii ki, bütün bunlar apteklərdə satılan dərmanların qiymətlərinə təsir göstərir. Apteklərdə işləyən işçilərin sayı da qiymətə təsir edən faktorlardandır”.

V.Bayramlının fikrincə, apteklərdə dərmanın qiymətləri arasında fərqi azaltmaq üçün dərman bazarında liberallaşdırılma aparılmalıdır: “Düşünürəm ki, liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin aşağı düşməsinə gətirib çıxarar. Heç bir halda qonşu ölkələrlə qiymət fərqinin iki dəfə, bəzi hallarda daha çox olması iqtisadi qanunlara uyğun deyil. İqtisadi qanunlar heç bir halda qiymət fərqinin yaranmasına imkan vermir. İqtisadi qanuna görə, əgər ölkələr arasında sərhəd varsa, qiymət fərqləri bu səviyyədə ola bilməz”.

Süni artım zamanı nazirlik işə qarışmalıdır
Bütün apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadi İnkişaf Nazirliyi (İİN) süni qiymət müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər: “İqtisadi İnkişaf Nazirliyinin qiymətlərin müəyyənləşməsinə təsir etmək imkanları və bazara müdaxilə etmək hüququ var. Yəni İİN qiymətlərin aşağı salınmasını tələb edə bilər. Amma bütün apteklərdə eyni qiymətə məhsulların satılmasının tələb edilməsi qanunvericiliyə ziddir”.

Qeyd edək ki, bir çox apteklər dərmanların üzərinə hətta 100 və daha çox faiz qoyurlar. V.Bayramlınn sözlərinə görə, satılan məhsulun üzərinə 100-150 faiz qiymət qoyulursa, bu, artıq süni şəkildə qiymət artımı deməkdir və İİN tədbir görməlidir.

Apteklər sıradan çıxmayacaq
Iqtisadçının sözlərinə görə, vahid qiymət siyasətindən sonra apteklərdə qiymətlər aşağı olacaqsa, bu, vətəndaşların onu almaq imkanları baxımından məqsədəuyğundur: “Əslində bu, cəlbedici görünür. Amma bu, bazar iqtisadiyyatı prinsiplərinin pozulmaması şəraitində olmalıdır. Ümumiyyətlə, dövlətin bəzi hallarda qiymət tavanı müəyənləşdirmək imkanları var. Düşünürəm ki, sözügedən vahid qiymət siyasəti aparılarsa, bu, heç də apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Bəzi apteklərin gəliri azalacaq, bəzilərininki isə hətta artacaq. Bütün hallarda vahid qiymətlərin müəyyənləşdirilməsi apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq”.

Sahibkarlar narazı qalsa da, milli maraq qorunur
Millət vəkili Musa Quliyev apteklərdə vahid qiymət siyasətinin tərəfdarı olduğunu bildirdi: “Çünki müştərilər hər yerdən istədikləri dərmanı eyni qiymətə ala biləcəklər. Yəni orta qiymət çıxarılacaq və bütün apteklərdə tətbiq ediləcək. Bir çox dərman şirkətləri var ki, müəyyən reklam və həkimlərlə əməkdaşlıq nəticəsində dərmanlarını daha çox satırlar. Vahid qiymət tətbiq ediləndən sonra bu zərurət azalacaq. Çünki Azərbaycana dərmanların 90 faizi kənardan gətirilir. Vahid qiymətin tətbiqi ola bilsin ki, həm də ölkə daxilində dərman istehsalının stimullaşdırılmasına gətirib çıxarsın. Vergidənyayınma halları da aradan qalxacaq, dərman siyasəti sağlamlaşacaq”.

M.Quliyevin sözügedən qərarın mənfi tərəfini yalnız bəzi dərman şirkətlərinin qazancının azalmasında görür: “Yalnız sahibkarların bəzisi narazı qala bilər. Çünki vahid qiymət siyasəti sahibkarın deyil, daha çox əhalinin marağına, milli maraqlara uyğundur. Bu cür qaydaların tətbiqi gələcəkdə Azərbaycan dərman bazarını stimullaşdıran tədbirlərdən biri ola bilər”.

Ciddi nəzarətə ehtiyac var
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq” qəzetinə açıqlamasında vahid qiymət prosedurunu dəstəklədiyini bildirib: “İranda da bununla bağlı vahid qərar qəbul olunub. Orada bütün apteklərdə dərmanların qiymətləri stabildir və bunun da gözəl nəticələrini görmək olur. Əvvəla, çalışmaq lazımdır ki, Azərbaycana daxil olan dərman maddələri bir-birini təkrarlamasın. Məsələn, müxtəlif firmalar eyni adda, eyni tərkibdə yüzdən çox dərman preparatları gətirirlər. Dərmanlar insan həyatında önəm kəsb etdiyi üçün kimin nə satdığına və hansı qiymətə satdığına ən ciddi şəkildə nəzarət edilməlidir. Bu baxımdan dərmanların vahid qiymət sistemi çox vacib priosesdir”.
Lalə Musaqızı