• cümə, 19 Aprel, 18:28
  • Baku Bakı 24°C

“Aparıcılığa artıq hobbi kimi baxıram” - Şou-biznes

23.09.14 11:05 2761
“Aparıcılığa artıq hobbi kimi baxıram” - Şou-biznes
“Gənclik qəzeti”nin budəfəki qonağı gənclərin sevimlisi, bol enerjili, çılğın aparıcımız Hüsniyyə Məhərrəmovadır. Hüsniyyə ilə paytaxt kafelərinin birində görüşüb, nahar etdik. Nahar zamanı müasir gənclərin əsas maraq obyektlərindən, televiziyaların iş strukturundan, özünü inkişaf etdirməyin yollarından danışdıq. Qəzetimizin bu günkü rubrikasında isə söhbətimizin fikirlərini əsas hissələrini sizə ixtisarla təqdim edirik.
- İstərdik bizə gənc yaşda uğur qazanmağınızın sirlərini açasınız.

- Mənim uğur qazandığımı siz söyləyirsiniz. Əslində, mən heç də belə düşünmürəm. Çünki qarşımda böyük məqsədlərim və əldə etmək istədiyim böyük zirvələr var. Bu sözü işlətmək mənim üçün hələ çox tezdir. Əgər az da olsa nə isə əldə etmişəmsə, onun sirri durmadan işləməyimdə, hər zaman etdiyim işi keyfiyyətli görmək və hamıdan yaxşı olmağa çalışmağımdadır. Hər zaman öz üzərimdə işləmişəm. Qarşıma məqsəd qoymuşam və həmin məqsədə doğru daim addımlamışam. Sizin gördükləriniz hələ minimum uğurdur. Mənim böyük istəklərim və fəth etmək niyyətində olduğum zirvələr var. Mən mədəniyyət sahəsində çalışıram. Bu sahədə ölkədə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək istəmişəm və buna nail olmuşam da. Belə ki, bir müddət «Eurovision» mahnı yarışmasında iştirak edirdim. Hazırda ölkəmizdə daha böyük bir beynəlxalq tədbir olan Olimpiya Oyunları – 2015 keçiriləcək ki, mən hazırda orada mədəniyyətə aid olan bir hissəsində çalışıram. Mənim valideynlərim və yaxşı ailəm olmasaydı heç zaman uğur əldə edə bilməzdim. Ailəm mənə uğur qazanmaq üçün hər bir şəraiti yaradıb və hazırda da yaradır.
- Sizi adətən beynəlxalq tədbirlərdə görürük. Nə üçün belə layihələr üçün məhz sizi seçirlər?
- Mən İctimai Televiziyada beynəlxalq layihələrdə iştirak etmək üçün getmişdim. Müəyyən dil biliyimə, televiziyada beynəlxalq layihələrdə işlədiyim üçün yəqin ki, məni belə tədbirlərdə daha çox görmək istəyirlər. Əsasən şirkətlərlə beynəlxalq layihələrdə çalışmışam. İctimai Televiziyanın beynəlxalq şöbəsi yüksək səviyyələrdə beynəlxalq layihələr həyata keçirir. Mən də həmin layihələrdə iştirak edirdim. Ona görə də bu sahədə müəyyən təcrübələrim var. Bu təcrübələrə görə məni həmin layihələrdə görmək istəyirlər deyə elə tədbirlərə dəvət alıram.
- Efir dəyişkənliyi və gözəlliyi sevir. Siz isə hər zaman eyni imicdə efirə çıxırsınız. Bir tək saçınızın rəngini dəyişirsiniz. Biz sizi nə zamansa uzun saçda görə biləcəyikmi?
- Saçımın formasını tez-tez dəyişirəm, sadəcə olaraq onu qısa saxlayıram. Buna görə də dəyişiklik o qədər də gözə dəymir. Mən uzun saçlarla yola getmirəm. Tez-tez saçımın rəngini dəyişirəm. Mənə elə gəlir ki, televiziya sahəsində məndən çox imic dəyişən aparıcı yoxdur. Ancaq inanmıram ki, kimsə nə vaxtsa məni uzun saçda görsün.
- Səbəb?
- İmic insanın daxili aləmidir. Daxilən insan necədirsə, zahirən də olduğu kimi görünür. Mən daxilən çox dinamik insanam. Belə düşünürəm ki, uzun saçlar mənə mane olur. Bundan da əlavə uzun saçlar mənə yaraşmır. Hətta mənim sevdiyim, dünyaca məşhur ifaçılar, pərəstiş etdiyim dünya kinematoqrafiyasındakı aktyorlar, bəyəndiyim insanlarında saçları mənim saçlarım kimi qısadır. Bunu son zamanlar hiss etmişəm. Demək ki, mənim daxili aləmim onlara çox yaxın imiş (gülürük).
- Eşitdik ki, İctimai Televiziyadan ayrılmısınız. Bunun səbəbi isə hamımıza maraqlıdır.
- Mənim işdən çıxmağım hər kəsi təəccübləndirdi və mətbuatda çox sual yaratdı. İctimai Televiziyadan çox sayda yaradıcı heyət işdən çıxarıldı və tamaşaçılar da elə başa düşdü ki, mən də həmin o işdən çıxarılan işçilər sırasındayam. Amma əslində bu belə olmayıb televiziyadan mən öz istəyimlə ayrılmışam. Bundan da əlavə mən əldə etdiyim nailiyyətlə kifayətlənən insan deyiləm. Belə ki, «Eurovision» yaraşması İctimai Televiziyanın ən böyük layihələrindən biri idi. Orada ən yüksək vəzifə nümayəndə heyətinin rəhbəri idi. Telekanalda ondan yüksək vəzifə yox idi. 3 il də həmin heyətin rəhbəri oldum. Ondan o tərəfə inkişaf etməyə bir yer yox idi. Belə qərara gəldim ki, işdən çıxım, daha böyük uğur qazana biləcəyim işlərlə məşğul olum. Daha sonra «Eurovision» yarışmasından da daha böyük yarışma olan Avropa Oyunları-2015 lə maraqlanmağa başladım. Mən özümü orada görmək istədim və artıq orada çalışıram.
- Bundan sonrakı «Eurovision» yarışmasının seçimlərində biz sizi görə biləyəcəyikmi?
- Artıq siz məni “Eurovision” yarışmasında görə bilməyəcəksiniz. Çünki həmin yarışmada yaxşı olan nə var idisə hamısını etdik. “Eurovision”-ı Azərbaycana gətirdik, yüksək nəticələr əldə etdik. İndi qoy başqa insanlar o işlərlə məşğul olsunlar. Mən isə daha böyük layihələrə doğru irəliləyirəm. Ölkədə keçirilən beynəlxalq layihələrdə iştirak etmək istəyirəm.
- “Eurovision” demişkən Kançitanın qalib olması dünyada, eləcə də Azərbaycanda böyük ajiotaj yaratdı və bəzi musiqi mütəxəssisləri söylədi ki, Konçita kimi iştirakçının qalib olduğu bir müsabiqədə Azərbaycanın iştirak etməsi heç də düzgün deyil.
- Hər insanın öz fikri var və mən onları normal şəkildə qəbul edirəm. Mənim düşüncəmə görə bu elə də böyük bir qəbahət deyil. Hamı bilir ki, bu, «Eurovision» mahnı yarışması olmaqdan artıq çıxıb. Bu yarışma bir şoudur. Həmin yarışmada yenilik, maraqlı ifa, maraqlı geyim tərzi qalib gəlir. Əgər sən də maraqlı bir şou ilə Avropanın diqqətini çəkə biləcəksənsə, niyə də olmasın. Kim bəyənmirsə, yarışmanı izləməsin. Ancaq ölkənin adından danışmaq heç də düzgün deyil. Kançita mənim üçün maraqlı personaj idi. Ancaq mən də ona səs verməmişdim, çünki həmin yarışmada daha maraqlı ifalar var idi.
- Avropa oyunları bitdikdən sonra nə işlə məşğul olacaqsınız? Adətən efirdə çıxış edən aparıcı üçün tamaşaçı ilə ünsiyyətdən ayrılmaq çətin olur.
- Əslində mən efirdən elə də uzaqlaşmamışam. Elə layihələr var ki, məni oraya aparıcı kimi dəvət edirlər. Mən elə bir bölmədə işləyirəm ki, iş maraqlı, gərgin və həddindən artıq çoxdur. İndi istədiyim qədər efirə vaxt ayıra bilmirəm. Ancaq vaxt tapan kimi maraqlı layihələrimi müstəqil şəkildə həyata keçirəcəm.
- Sizin hazırda durduğunuz mövqeyə çatmaq üçün gənclər nələr etməlidir? Xatırladım ki, əksər gənclər bu gün sizin yerinizdə olmağı çox arzulayır.
- Onlar çox kiçik arzularla yaşayırlar(gülürük). Onların sadə aparıcı olmaq istəyirlərsə, bu çox kiçik bir məqsəddir. Mən özümü daha yüksək vəzifələrdə görürəm. Aparıcıya artıq hobbi kimi baxıram. Hazırda mən aparıcılıqdan kənar peşələrdə də çalışıram. Buraya şou, əyləncə, kreativliklə bağlı bütün sahələr daxildir. Əgər hansısa bir sahəyə böyük bir məhəbbətin varsa və onun uğrunda çalışırsansa, o mütləq həyata keçəcək. İstəmək o deyil ki, sən ekran qarşısında əyləşəsən, heç bir hərəkət etməyəsən və sadəcə arzulayasan. Məqsədinə çatmaq üçün daima öz üzərində çalışmalısan. İlk öncə istək olmalıdır, sonra istək uğrunda çalışmaq.
- Son olaraq oxucu gənclərimizə məsləhətiniz.
- Bu gün gənclərimiz daima oxuyub, öz dünya görüşlərini artırmalıdırlar. Qoy onlar hamı kimi düşünüb, kütlə olmasınlar. Mənim üçün ən vacib xüsusi olmaqdır. Gənclərimiz gərək müstəqil, azad və kreativ olsunlar. Əgər bir insan hamı kimi olmaq istəyir və bunu normal qəbul edirsə o, mənim gözümdən bir pillə düşür.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər