• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

Antonio Quterreş: “COVID-19 və Qadınlar”

30.04.20 11:55 475
Antonio Quterreş: “COVID-19 və Qadınlar”
COVID-19 virusunun kişilərin sağlamlığına (əksəriyyəti yaşlı olmaqla) daha ciddi təhlükə kəsb etməsinin artıq ilkin əlamətləri mövcuddur. Lakin pandemiya gender bərabərsizliyi də daxil olmaqla hər cür bərabərsizliyi üzə çıxarır və dərinləşdirir. Uzunmüddətli perspektivdə pandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsiri hamımıza zərər verə bilər.
AZƏRTACxəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş COVID-19 pandemiyasının qadınlara mənfi təsiri və bununla bağlı görülməli işlərə dair "COVID-19 və Qadınlar” adlı məqaləsində yazıb.
Baş katib hesab edir ki, qadınlar, təcrid və karantinin ağır təsirlərindən daha artıq əziyyət çəkirlər. Yoluxma ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər labüddür, lakin bu vəziyyət şiddət nümayiş etdirən şəxslə bağlı qapı arxasında qalan qadınlara qarşı zorakılıq riskini artırır. Son həftələrdə qlobal səviyyədə məişət zorakılığının həyəcan doğuran sürətlə artımı müşahidə olunub. İngiltərənin ən böyük dəstək xidməti müraciət sayında 700 faiz artımın olduğunu bildirib. Eyni zamanda, risk qrupuna aid qadınlar üçün dəstək xidmətləri ixtisar və bağlanma təhlükəsi ilə üzləşirlər.
Antonio Quterreş məqaləsində yazır: "Bu yaxınlarda evlərdə əmin-amanlıq naminə etdiyim çağırışın əsasında sırf bu məsələ dururdu. O gündən bəri 143-dən çox dövlət pandemiya zamanı zorakılıq riski altında olan qadın və qızlara dəstək olmağı öhdəsinə götürüb. Xidmətləri onlayn rejimə keçirməklə, məişət zorakılığı sığınacaqlarını genişləndirməklə və zəruri olduqda onlara xüsusi status verməklə, habelə "ön cəbhədə” fəaliyyət göstərən təşkilatlara dəstəyi artırmaqla hər bir ölkə əhəmiyyətli tədbirlərə imza ata bilər. BMT-nin Avropa İttifaqı ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İşıq şüası təşəbbüsü (Spotlight)", bu və bu kimi tədbirlərlə əlaqədar 25-dən çox ölkənin hökumətləri ilə əməkdaşlıq edir və dəstəyini daha da genişləndirməyə hazırdır.
Lakin, COVID-19 səbəbindən qadınların hüquq və azadlıqlarına təhdid fiziki zorakılıqdan daha böyükdür. Pandemiya ilə müşayiət olunan dərin iqtisadi böhranın qadın siması daşımasının ehtimalı daha çoxdur.
İşləyən qadınlara qarşı ədalətsiz və qeyri-bərabər münasibət mənim siyasətlə məşğul olmağımın səbəblərindən biridir. 1960-cı illərin sonlarında, tələbə kimi könüllü olaraq Lissabonun yoxsul rayonlarında sosial işlə məşğul olduğum dövrlərdə qadınların çox ağır vəziyyətdə yaşadıqlarının, ən aşağı səviyyəli işləri görməli olduqlarının və qohumlar da daxil olmaqla ailələrinin yükünü daşıdıqlarının şahidi oldum. Bunun dəyişməli olduğunu bilirdim - və həyatım boyu bu əhəmiyyətli dəyişikliyi gördüm.
Bununla belə, bir neçə onillik sonra COVID-19 virusu dünyadakı bir çox qadının həmin ağır və hətta ondan daha pis vəziyyətə düşməsi təhlükəsinə səbəb olur.
Ev yığışdıran, günəmuzd işləyən, küçə satıcıları və bərbər kimi işlərdə geniş təmsil olunan qadınlar maaşı aşağı olan, müavinətsiz əməklə məşğul olurlar. Beynəlxalq Əmək Təşkilatı yaxın üç ay ərzində təxminən 200 milyon iş yerinin itiriləcəyini təxmin edir ki, bunun da əksəriyyəti məhz bu sektorların payına düşəcək.
Ödənişli iş yerlərini itirməklə bərabər qadınların böyük əksəriyyəti məktəblərin müvəqqəti bağlanması, səhiyyə sisteminin yüklənməsi və yaşlı insanların ehtiyaclarının artması səbəbindən qayğı və qulluq işlərinin əhəmiyyətli çoxalması ilə üzləşirlər.
Təhsilini başa çatdıra bilməyən qızları da unutmamalıyıq. Sierra Leonenin bəzi kəndlərində, Ebola epidemiyasından sonra qızlar arasında davamiyyət göstəricisi 50 faizdən 34 faizə düşmüşdü. Bu da onların rifahına və yaşadıqları icmaların və cəmiyyətlərin fəaliyyətinə ömürlük təsir göstərib.
Kişilərin də çoxu iş itkisi və daha ağır tələblərlə üzləşirlər. Lakin, hətta ən yaxşı vaxtlarda belə, qadınlar kişilərdən üç qat çox ev işi görürlər. Bu o deməkdir ki, məktəblər bağlı olduğu vaxtda iş yerləri açılsa belə, ödənişli işçi qüvvəsi kimi öz işinə qayıtmaq əvəzinə qadınların uşaqlara baxmaq üçün evdə qalması ehtimalı daha yüksəkdir.
Dərinköklü bərabərsizlik həm də qadınların tibb işçilərinin yetmiş faizini təşkil etməsinə baxmayaraq, səhiyyə sektorunun rəhbərliyində kişilərdən əhəmiyyətli dərəcədə az sayda təmsil olunmasında və dünyanın hər on siyasi liderindən yalnız birini təşkil etməsində də özünü göstərir ki, bu da hər birimizin həyatına ciddi mənfi təsirə malikdir. İnfeksiyanın təkrar yayılması, iş yerlərin bağlanması və hətta sosial iğtişaşlar kimi ən xoşagəlməz hadisələrin qarşısını almaq üçün bu pandemiya ilə bağlı qərarlar qəbul edildiyi zaman müzakirələrdə qadınların iştirak etməsinə ehtiyacımız var.
Sosial təminatı olmayan iş yerlərində çalışan qadınların, tibbi sığortadan tutmuş ödənişli xəstəlik məzuniyyəti, uşaq baxımı, gəlirlərin qorunması və işsizlik müavinətlərinə qədər təcili əsas sosial müdafiəyə ehtiyacı var. Gələcəyə baxdıqda isə pul köçürmələri, kreditlər və möhlət kimi iqtisadiyyatın stimullaşdırılması tədbirləri qadınlara yönəlməli və onların rəsmi iqtisadiyyatda tam ştat, yarım ştat və ya mövsümi işlərlə məşğul, sahibkar və biznes sahibi olub-olmamasından asılı olmayaraq hər birinə şamil edilməlidir.
COVID-19 pandemiyası qadınların ödənişsiz əməyinin həm dövlət xidmətlərinə, həm də özəl gəlirlərə əlavə dəyər qatdığını hər zaman olduğundan daha aydın şəkildə nümayiş etdirdi. Ödənişsiz iş iqtisadi qiymətləndirmələr və qərarların qəbulu zamanı nəzərə alınmalıdır. Digər insanların qayğı və qulluqla əlaqədar öhdəliklərini tanımaq və evdə işləməyi dəyərləndirən inklüziv iqtisadi modelləri qurmaq hər birimizə fayda verəcək”.
Baş katib hesab edir ki, bu pandemiya təkcə qlobal səhiyyə sistemləri qarşısında deyil, eyni zamanda, bərabərlik və insan ləyaqətinə sadiqliyimiz baxımından yeni çağırışdır. O, məqaləsini belə bir fikirlə bitirib: "Qadınların maraq və hüquqlarını önümüzə və diqqət mərkəzinə gətirsək pandemiyaya daha tezliklə son qoya və hamı üçün faydalı, daha bərabər və möhkəm icmalar və cəmiyyətlər qura bilərik”.
banner

Oxşar Xəbərlər