• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

Anna Zegersin “Yeddinci xaç” romanı haqqında

21.06.20 12:30 2122
Anna Zegersin “Yeddinci xaç” romanı haqqında
Alman yazıçısı Anna Zegers (1900–1983) "Yeddinci xaç” romanını 1937-1939-cu illərdə Parisdə yazıb. Lakin müəllif sonralar da romanın üzərində işləyərək ona dəyişikliklər və əlavələr edib. Bu iş 1940-cı ilə qədər – Hitler ordusunun Fransaya hücumuna qədər davam edib. Müəllif həmin o ağrılı-acılı günləri belə xatırlayır: "Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım. Almanların evə soxulacağından, qeydlərimi ələ keçirəcəklərindən orada "yaşayan” insanların təhlükə altına düşəcəyindən qorxurdum… Amma əlyazma nüsxələrindən biri əvvəldən Amerika Birləşmiş Ştatlarında olan Frans Vayskopfa (alman yazıçısı 1900–1955) çatmışdı. Və o da əlyazmanın nəşriyyata çatmasının qayğısına qalmışdı”.
Roman ilk dəfə 1942-ci ildə Nyu-Yorkda ingilis, Mexikoda alman dilində çap olundu. Sonralar dünyanın müxtəlif dillərinə tərcümə edilərək ən sevilən və oxunan əsərlərdən birinə çevrilib. "Yeddinci xaç” xarici ədəbiyyatda sosialist realizminin ən görkəmli əsərlərindən biridir.
Anna Zegers romanla bağlı söhbətlərində belə deyirdi: "Ölüm düşərgələrində baş verənlərdən mənə tez-tez danışırdılar. Özüm də tez-tez qaçqınlarla söhbət edirdim. Bu qeyri-adi və eyni zamanda da dəhşətli hekayəni – qaçan dustağın tutulandan sonra bağlandığı xaç haqqında hekayəni mənə onlardan biri danışmışdı”. Qaçan yeddi nəfərdən birinin xilas olması bütün Almaniyanı, əhalisinin təbəqələrini göstərmək üçün böyük imkan yaradırdı. Müəllif "Yeddinci xaç”a tematik olaraq Alesandro Manzoninin "Nişanlılar” romanının təsir etdiyini xatırlayırdı: "Bir hadisənin misalında xalqın həyat tərzi verilib. Düşündüm ki, bu qaçış üzərində mən də istədiyimi əks etdirə bilərəm”. Vesthofen ölüm düşərgəsindən qaçan dustaqlar, ən əsası qəhrəman Georq Heysler müxtəlif insanlarla rastlaşırlar. Azadlıqda olanlarla görüş və söhbətlərin hər biri iradə, dözüm və insanlıq sınağıdır.
Qaçanlara qarşı ən mükəmməl axtarış sistemi işə salınıb, lakin onlardan biri təqiblərdən qaçmağı bacarır. Məhbusların qaçması faşistlərin nüfuzuna zərbədir, minlərlə insanın onların qüdrətinə şübhə doğurması üçün bir faktdır. Buna görə də hakimiyyət baş verənləri bildirməyə tələsmir, bunu müxtəlif təbəqələrdən gizlətməyə çalışır: "Yeddi, altı və hətta beş qaçaq da qəbuledilməz dərəcədə çoxdur. Bu, nəinki onların sayının daha çox olduğunu ehtimal etməyə əsas verir, həm də hər cür təxminlər, şübhələr, söz-söhbətlər üçün zəmin yaradır”.
Yazıçı əsərlərində ictimai inkişafı müəyyənləşdirən əsas münaqişələri qeyd etməklə hər zaman həyatın güclü axının uçurumunda dayanıb. "Yeddinci Xaç" romanında hadisələrin gedişatı antifaşist və zahirən çox güclü, qüvvətli hakimiyyətin toqquşması ilə təyin olunur. Yazıçı "səhnəyə” nasist iyerarxiyasında heç bir əsas yeri tutmayan bir neçə nümayəndəni, "adi" faşistləri, psixoloji patologiyası olmayan insanları gətirir. İnsanların nasist ideologiyası, siyasəti və mənəvi xüsusiyyətlərinin ictimai və insan təcrübəsində nə qədər sıx bağlı olduğunu inandırıcı şəkildə göstərir.
Romanın səhifələrində alçaldılmış və murdarlanmış Almaniyanın görüntüsü əks olunub. Birinci fəslin birinci hissəsində yazıçı Reynə bitişik olan ərazinin tarixinin əksini ön plana çəkir. Keçmişin nəhəng hadisələri nasist hakimiyyətinin uzun çəkməyəcəyini vurğulayır. Anna Zegers tez-tez "şübhəli hakimiyyət" ifadəsini istifadə edir; orta əsrlərin qaranlıq tarixinə əsaslanan motivlərdən istifadə edir. Onun bədii ustalığı süjetin qurulmasında, hərəkətin dinamizmində və konsentrasiyasında, kompozisiyanın dəqiq qurulmasında əks olunur. Bundan başqa, əsər "sıxılmış vaxt" prinsipinə əsaslanır: ölkənin tarixi, hadisələr və orada baş verən ictimai proseslər, illər boyu yaşanan insan taleləri – bütün bunlar yeddi gün hadisələrinin təsvirində öz əksini tapmışdır. Çox sayda personajlardan (romanda yüzə qədər personaj var) heç biri "ötəri", təsadüfi deyil. Onlardan hər biri müəyyən semantik yük daşıyır, əsas ideoloji konsepsiyanın ortaya qoyulmasında ciddi təyin olunmuş bir funksiyanı yerinə yetirir.
Hadisə məkanlarının tez-tez dəyişməsi, yeni-yeni qəhrəmanların tanıdılması (onlar hətta son epizodlarda da görünür), kamera rakursunun yenilənməsi, ümumi və iri planların əvəzlənməsi koleydoskopik təəssürat yaratmır. Çünki roman hadisələrin vəhdəti ilə möhkəmlənir: hər şey "xalqın həyatından bir hissə” kimi yeddi nəfər məhbusun qaçışına çəkilib aparılır.
"Yeddinci xaç" romanında, L.Tolstoyun terminologiyasına uyğun gerçəkliyin bədii təsvirində "ümumiləşdirmə və xırdaçılığın" bütövlüyünə nail olunub. Ən vacib problemləri ortaya qoyan, həyatın əsas prinsiplərini ifşa edən yazıçı, bəlkə də, əhəmiyyətsiz görünən detallara elə diqqət ayırır ki, onlar həmin dövrü açıq-aydın bizə göstərə bilib.
Əsər boyu fəlsəfi düşüncə səhifələri lirikayla qarşı-qarşıya qalır; müəllifin həyəcan dolu publisistik nitqi daha çox gözə çarpan neytral hekayəçiliklə yan-yana dayanır; simvolik ümumiləşdirmələr sırf gündəlik məişət mənzərələri ilə əvəzlənir.
Georg Heyslerin hərəkətləri və ona kömək edənlərin mənəvi azadlığını təsvir edən yazıçı bu problemin həllini ilk növbədə kommunistlərlə əlaqələndirərək alman xalqının dirçəlişinin ən vacib problemini qaldırır.
Hər şeyi bilən müəllif olduqca diqqətli və uzaqgörəndir: Zigers öz fikirlərini bu və ya digər xarakterin sözləri ilə birləşdirərək, ictimai hadisələri, insanları və ictimai inkişaf tendensiyalarını qiymətləndirməyi bacarır. Müəllifin səsi hekayəçinin səsi ilə çox gözəl tamamlanır: adı açıqlanmayan dustaq və məhkumun dilindən oxucusuna müraciət edərək, baş verənləri şərh, fikirlərini ifadə edir, sinif mübarizəsinin növbəti mərhələsini yekunlaşdırır və gələcəklə bağlı proqnoz verir. Bu orijinal kollektiv monoloqlar, tarixi ekskursiyalar, çoxsaylı folklor motivləri və Bibliya xatirələri ilə birlikdə romanın epik gücünü artırır.
Antifaşistlər Frans Marnet və Herman Şulz baş verənlərə bu cür münasibət göstərirlər: "Ələ keçirilməyən bir qaçaq təhlükəlidir. Bu, onların qüdrətinə şübhə yaradır. Bu böyük bir zərbədir.” Qaçqınları özlərinin bir parçası hesab edən Vesthofen məhbusları da hadisəyə münasibət bildirirlər: "Bizə elə gəlirdi ki, onları kəşfiyyat üçün qabağa göndərmişik”.
Demək olar ki, hər hadisə, geniş kütlənin – həm nasist rejiminə qarşı müxalif olanların, həm də neytrallığı qorumağa çalışan, hər şeyə laqeyd münasibət göstərənlərin və Hitler tərəfdarlarının dərki prizmasından şüurda öz əksini tapır. Əslində, yazıçı Hans Baymler (Daxau ölüm düşərgəsində), K.Billinger (880№li dustaq), V.Bredel ("Sınaq”) və başqalarını başladığı mövzunu davam edib. Lakin Anna Zegersin "Yeddinci xaç” romanın süjeti olduqca sənətkarlıqla qurulub. Çoxşaxəli, çoxplanlı olmasına baxmayaraq, böyük konsentrasiyasıya gücü ilə fərqlənir. Hadisələr, demək olar ki, daha çox Georq ətrafında baş verir. Sərgərdan gəzişmələrində müxtəlif insanlarla rastlaşır və onları qərar qəbul etmək məcburiyyəti ilə qarşı-qarşıya qoyur. Ən yaxşı psixoloji rentgen vasitəsilə romançı bu və ya digər personajların gizli düşüncələrinə nüfuz edir, oxucunun qarşısına qoyur. Nasistlərin hakimiyyəti şəraitində müxtəlif sosial təbəqələrdən olan almanların əhvalının sintetik mənzərəsi budur. Nasizmdən qorxmuş və ya ona valeh olan almanlar arasında bu antifaşist mühacirinə kömək etməyə hazır olan çox sayda insan varsa və bunu Anna Zegers öz romanı ilə deyə bilirsə, deməli, Hitler Reyxində əlverişli tarixi şəraitdə ölkənin demokratik yeniləşməsində iştirak edə biləcək qüvvələr var. Yazıçının bunu da göstərmək niyyətində olub və bacarıb.
"Yeddinci xaç”da Anna Zegers nəyinki salnaməçi, tarixçi, analitikdir, o həm də şairdir. Romanda hadisələr Anna Zegersin doğulduğu torpaqlarda – Mayns şəhəri və ona yaxın yerlərdə baş verir. Almaniyadan uzaqlarda olsa da, Reyns vilayətinin təbiətini, koloritinin, detallarının dəqiq verə bilməsi onu həmvətənlərini heyran edirdi. Qərbi Almaniya yazıçısı Karl Zukmayer (1896–1977) "Yeddinci xaç” haqqında belə yazırdı: "Orada bizim köhnə şəhərimiz, onun küçələri, Mayns monastırı yaşayır. Və bütün bunlar qanlı hadisələrə cəlb olunub. Lakin buna baxmayaraq, sözün gücü ilə əbədiyyət qazanıb. Reyns vadisi, Vorms və Mayns arasındakı təpəlik Avropa və dünya tarixinin ən vacib hadisələrinin mərkəzi kimi açılır. Orada, qadınların gecə söhbətlərində onların çarəsizliyi, həyəcanlı duyğuları açıq-aydın hiss olunur. Orada, Taunusun yamacında bir çoban dayanıb. Və o sanki Dürerin (Albrext Dürer – alman rəssamı 1471–1528) fırçasıyla çəkilib”.
Anna Zegers üçün kiçik və nəhəng, monumental tarixi və gündəlik hadisələri ustalıqla birləşdirmək, bir-birinə toxumaq xüsusiyyəti çox xarakterikdir. "Yeddinci xaç”da Georqun ən çətin, ən təhlükəli gecələrində himayəsinə alan Mayns monastırı, az qala, canlı bir personajdır. O, sevgiylə, sanki şüurun təzahürü, xalqın tükənməz gücü kim təsvir edilib.
Milli tarixin ötən əsrləri, xalq nağıl motivləri müəllifinin şüurunda rəngarəng Reyn mənzərəsi ilə birləşərək əsərin miqyasını artırır, ona bir növ poetik kolorit verir. Bütün bunlarla yanaşı, romanın digər səhifələrində sıravi almanların – kəndlilərin, sənətkarların, evdar qadınların, fəhlələrin iş və qayğıları sevgiylə əksini tapıb.
Yeddi qaçaq. Yeddi insan taleyi. Və onların hər biriylə başqa insanlar da bağlıdır. Epizodlar tez-tez dəyişir. Hekayə eninə və dərininə, eyni zamanda da irəliyə doğru genişlənir. Müəllif uzun-uzadı təsvirlər və izahlardan qaçır. Düşüncələr, publisistik və psixoloji portretlər – hamısı hadisələr zaman, müxtəlif davranışlar, sözlər, həyəcan və hisslər əsasında verilib.
"Yeddinci xaç”ın finalını diqqət edək. Əslində, bu tam xoşbəxt bir finaldır. Lakin Zegersin o biri romanlarında olduğu kimi, burada da sevinc və kədər bir-biriylə vəhdət yaradır. Georq mübariz taleyiylə görüşə gedir. Vesthofenin fağır, təqibdə olan əsiri nəhayət ki, azadlığa çıxır. Amma vətəndən ayrı düşməsi onu çox incidir. Bomboz səma, yağış bu qəmli əhvalının əksidir. Eynən bu cür inadkar yağış payız axşamında Vesthofendə Georqun keçmiş dustaq yoldaşları sobada yanan odunlara baxanda sel kimi yağırdı. Onlar sobaya baxaraq yanan taxta parçalarının qaçaqlardan yeddinci olan Georq Heysler üçün hazırlanmış mismarlı xaç olmasını arzu edirdilər. Xaç – qədim zamanlardan bəri xristianlarda əzabları simvolizə edir. Lakin burada xaç yenidən mənalandırılaraq, eyni zamanda həm də insan ruhunun, inqilabi ruhun mübarizliyinin, məğlubolunmazlığının simvoluna çevrilib.
Romanda Georq Heysler yeddi gün ərzində hər dəqiqə həyatını riskə ataraq onun izində olan gestapoçulardan qurtulur və hər dəfəsində də cürət, iradə, güc-qüvvət nümayiş edir. Bundan başqa, bu yeddi gün ərzində o insanlara həm də bir katalizator kimi təsir edir, laqeyd, baş verənlərə etinasız yanaşanlar, passiv olanları sanki silkələyir və döyüşə səsləyirdi. Bu arada isə Georqun özü çox da təsvir olunmayıb və sanki müəllif onu bir şəxsiyyət kimi formalaşdırmayıb. Anna Zegers deyirdi: "Mən görən və mənim göstərmək istədiyim Heysler adi, sıradan bir insandır”.
Hər bir insan öz xalqının taleyinə, öz ölkəsinə görə məsuliyyət daşıyır. Bu fikir Zagersin mühacirət illərində yazdığı bir çox əsərlərində, həmçinin elə "Yeddinci xaç”da da özünü göstərən.

İnternet materialları əsasında tərcümə edən: Xanım Aydın

banner

Oxşar Xəbərlər