• çərşənbə, 24 Aprel, 15:38
  • Baku Bakı 27°C

Anna Hakopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur

04.09.20 10:15 485
Anna Hakopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Qarabağdakı hərbi təlimlərə qatılması, əlində avtomatla şəkillər çəkdirməsi nəinki dünyada, hətta Ermənistanın özündə belə gülüş doğurur. Çünki hər kəsə aydındır ki, Anna Hakopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur.
BunuAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, daim "sülh” çağırışı edən Ermənistanın birinci xanımının əlində avtomatla Qarabağda "jest” etməsi sülhə deyil, təcavüzkarlığa, işğalçılığa işarədir. "Hər kəsə aydındır ki, 2016-cı il Aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından, nəhayət, 2020-ci ildə Tovuz təxribatından sonra Ermənistanda orduya olan inam və güvən tamamilə itib. Son təxribatlara Azərbaycan Ordusu tərəfindən verilmiş sarsıdıcı cavabdan sonra isə ümumiyyətlə Ermənistan silahlı qüvvələri daxilində parçalanmalar genişləndi, fərarilik halları artdı. Hətta elə bir gün yoxdur ki, erməni əsgər anaları Yerevanda aksiya keçirməsinlər. Onların etirazı məhz pis vəziyyətdə olan ordudakı özbaşınalıq, intizamsızlıqla bağlıdır. Bu səbəbdən də Anna Hakopyan bu cür ucuz və saxta vətənpərvərlik şouları ilə həmin anaları sakitləşdirməyə, erməni cəmiyyətinə mesaj ötürməyə çalışır. Eyni zamanda, hakimiyyətə gələrkən verdiyi populist vədlərin heç birini yerinə yetirə bilməyən Paşinyanın da xalqın etimadını tamamilə itirmiş durumda olması faktdır. Görünür, Anna Hakopyan bütövlükdə iflas həddində olan Paşinyan totalitarizminə haqq qazandırmaq niyyətindədir. Amma gözlənildiyi kimi, onun bu hərəkəti tam əks reaksiya verdi və sosial şəbəkələrdə, xüsusilə də ermənilər tərəfindən ciddi şəkildə tənqid olundu”, - deyə deputat qeyd edib.
"Bütün bunların fonunda iddia olunur ki, Anna Hakopyan bu "jesti” ilə Livandan, Suriyadan köçürülən və böyük ehtimalla Paşinyanın könüllü ordusuna yazılan ailələrə mesaj ötürür”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bunu hər kəs başa düşür və heç kəs 14 aylıq Zəhranın erməni qatillərini unutmayıb. "Heç kəs unutmayıb ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatanlar və qumbaraatanlar vasitəsilə təxribat törətməsi nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetiriliblər. Eyni zamanda, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağının Ermənistan təxribatçıları tərəfindən Əlibəyli kəndindən keçən Tovuz çayına buraxılması və partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Eləcə də cəbhə xətti yaxınlığında yerləşən Orta Qərvənd kəndinin sakini 9 yaşlı Fariz Bədəlovu həyətdə oynayarkən erməni snayperi tərəddüd etmədən başından güllələyib. Ortada bu cür faktlar olduğu halda, uşaq qatillərinin təmsilçisi olan Anna Hakopyanın sülh çağırışları iflasa uğradığı kimi, onun ucuz və saxta vətənpərvərlik oyunları da ifşa olunmuş olur”, - deyə deputat bildirib.
banner

Oxşar Xəbərlər