AZE | RUS | ENG |


Ankaradan Vaşinqtona PKK xəbərdarlığı

Ankaradan Vaşinqtona PKK xəbərdarlığı
Amerikalı diplomat: “Türkiyə hökuməti Gülənin ekstradisiyası üçün yetərli dəlillər təqdim edib”

On illərdir Türkiyənin başına bəla olan separatçı PKK terror təşkilatı qardaş ölkəyə qarşı iyrənc əməllərindən çəkinmir. Heç kimə sirr deyil ki, terror təşkilatının Türkiyənin parçalanmasına yönələn bu addımlarının arxasında kənar qüvvələr durur. Məhz həmin qüvvələrin siyasi və hərbi dəstəyindən yararlanan PKK Türkiyənin bölünməsi istiqamətində müxtəlif iyrənc üsullara əl atır. PKK-ya dəstəkçi dövlətlərin sırasında ABŞ, Rusiya, Ermənistan və bir sıra Qərb dövlətlərinin adları çəkilib. Hətta Dəfələrlə rəsmi Ankara ən yüksək səviyyədə separatçı təşkilata göstərilən dəstək və yardımları dayandırmağa çağırsa da, buna əməl edən yoxdur. ABŞ sözdə PKK-nı terror təşkilatı kimi tanısa da, ona yaxın qruplaşmalara dəstək verir.

Onu da qeyd edək ki, son günlər PKK-ya qarşı sərt addımlar həyata keçirən Türkiyə irimiqyaslı əməliyyatlar reallaşdırmaqdadır. Məsələn, Türkiyənin başına bir milyon türk lirəsi qoyduğu (330 min dollara yaxın) terrorçu PKK qruplaşmasının silahlısı məhv edilib. "Ahmet İpek” kod adlı Çekdar Zinar Türkiyənin Dağlıca bölgəsində zərərsizləşdirilib. Məlumata görə, o, Hakkari əyalətinin Dağlıca bölgəsində təhlükəsizlik qurumunun 8 əməkdaşının qətlində iştirak edib. Ona görə də barəsində axtarış elan edilib və başına bir milyon türk lirəsi qoyulub. Bundan başqa, başlarına 300 min türk lirəsi (100 min dollar) qoyulan Vahdettin Uyanık və Şerifa Naşa Suriyada "YPG” (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri) sıralarında döyüşdə zərərsizləşdirilib.

Qardaş ölkənin mətbuatının yaydığı məlumata görə, rəsmi Ankara Hakkarinin Çuxurca qəsəbəsində PKK tərəfindən 3 əsgərin şəhid edildiyi və 4 əsgərin yaralandığı hücumdan sonra hadisəni törədən terrorçulara qarşı əməliyyat başlayıb. Terrorçuların İraqın şimalındakı Avaşin-Basyan bölgəsində olduğu təyin edilib. Alınan məlumatın izi ilə Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri 4 hədəfi vurub, silahları və ətrafda olan 10 terrorçunu zərərsizləşdirib. İraqın şimalındakı Zap bölgəsində də təsbit edilən 2 raket qurğusu məhv edilib. Məlumata görǝ bölgədə təhlükəsizlik qüvvələri ilǝ terrorçular arasında fasilələrlə qarşıdurmalar davam edir. 

Belə bir gərgin durumda Türkiyə rəsmiləri ABŞ-a səfər ediblər. Prioritet məsələ FETO qruplaşması və onun lideri Fətullah Gülən olsa da, PKK da diqqətdən kənarda qalmayıb. Türkiyə baş nazirinin müavini Mehmet Şimşək Türkiyə-ABŞ İş Şurası və ABŞ -Türkiyə Şurasının əməkdaşlığı ilə Vaşinqtonda təşkil edilən ABŞ-Türkiyə əlaqələri 35-ci illik konfransda iştirak edib. Terror təşkilatı PKK ilə mübarizə barədə danışan Mehmet Şimşək deyib ki, Türkiyənin kürdlərlə heç bir problemi yoxdur: "Əslində Türkiyə kürd vətəndaşlarının mövcudluğu ilə daha güclüdür. Bu barədə heç bir sual işarəsi yoxdur. Bizim problemimiz terror təşkilatı PKK-dır. PKK ABŞ-ın, Avropa İttifaqının və BMT-nin terror siyahısındadır. ABŞ bu durumu başa düşür və bizimlə çox yaxın müttəfiq oldu”. ABŞ-ın PKK-nın Suriyadakı davam olan PYD/YPG ilə əməkdaşlığının bölgə üçün zəhərli olduğunu vurğulayan baş nazirin müavini bildirib ki, PKK ölkəsi üçün ciddi problemdir: "Eyni şeyi PKK-nın Suriyadakı davamı olan terror təşkilatları üçün də söyləyirik. ABŞ ilə bu barədə ziddiyyət yaşanması pis vəziyyətdir. Amerikalı dostlarımızın axırda bu barədəki düşüncələrini dəyişəcəyinə inanıram”.

Keşirilən görüşlərdə ABŞ-da sığınacaq tapan Fətullah Gülənin Türkiyəyə verilməsi də prioritet olub. M.Şimşək 15 iyuldakı uğursuz çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) olduğuna dair heç bir şübhənin olmadığını bildirib. O, ABŞ-a təqdim etdikləri qovluqlarda yarım milyona yaxın dəlil olduğunu söyləyib. Konfransda iştirak edənlərin suallarına cavab verən Mehmet Şimşək deyib ki, Türkiyədə bazarların FETÖ-nün uğursuz çevriliş cəhdindən sonra sürətli şəkildə özünə gəlməsində başda maliyyə nizam-intizamı və sabit iqtisadi inkişaf olmaqla güclü makroiqtisadi əsaslar mühüm rol oynayıb. 

Qeyd edək ki, bu səfərdən bir neçə gün öncə ədliyyə naziri Bəkir Bozdağ da ABŞ-da olub və PKK, FETO məsələsini müzakirə edib. 

Baş nazirin digər müavini Numan Kurtulmuş dünən hökumətin iclasında "ədliyyə naziri Bəkir Bozdağın ABŞ-a səfərinin F.Gülənin geri qaytarılma və yaxud da müvəqqəti saxlanılma prosesinə sürət qazandırdığını deyib. Onun fikrincə, ədliyyə nazirinin ABŞ-a səfəri ölkələrarası əlaqələri daha da konkretləşdirib. F.Gülənin ya müvəqqəti həbsi, ya da ekstradisiya edilməsi prosesini sürətləndirib. 

Yeri gəlmişkən, Vaşinqton bəyan edib ki, Türkiyə tərəfindən Gülən haqqında səsləndirilən iddialarda həqiqət ola bilər. Bunu ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən bir diplomatı "Assoşieyted press” agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti Gülənin ekstradisiyası üçün yetəri qədər dəlillər təqdim edib.

Amerikalı diplomat Gülən tərəfindən idarə olunan vəqf və təhsil müəssisələrinin şübhəli quruluşu və maliyyələşməsi olduğunu vurğulayaraq, onların ağlı-başında dini bir hərəkatdan çox, mütəşəkkil cinayət təşkilatlarının qara pulları yumaq üçün istifadə etdiyi şəxslər kimi göründüklərini bildirib. 
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186