AZE | RUS | ENG |


“Ankaradakı olay Türkiyə və Rusiyaya qarşı törədilən terror aktıdır”

“Ankaradakı olay Türkiyə və Rusiyaya qarşı törədilən terror aktıdır”
Toğrul İsmayıl: “Görünür ki, Ankara-Moskva yaxınlaşması, bu istiqamətdə həyata keçirilən siyasi kurs birilərinin xoşuna gəlmir”

Bir neçə gün bundan öncə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində terror aktı törədilib. Sərgidə çıxış edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov tapançadan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşlarının davamlı xəbərdarlığına əhəmiyyət vermədiyinə, həmçinin yaralı halda belə silahlı müqavimət göstərdiyinə görə məhv edilib. Səfirin öldürülməsi, bu olaydan sonra ortaya atılan mülahizələr və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan politoloq Toğrul İsmayılcavablandırır.

- Toğrul bəy, rusiyalı səfirin Ankarada qətlə yetirilməsindən sonra proseslər nə yerdədir? Hüquq-mühafizə orqanlarının araşdırması və bundan irəli gələrək hər hansı qiymətləndirmələr varmı?
- Bu xoşagəlməz hadisədən dərhal sonra Türkiyədəki bütün diplomatik korpusların mühafizəsinin daha da gücləndirilməsi məsələsi gündəmə gətirilib. Çünki hadisə böyük narahatlıq doğurub. Bu səbəbdən təhlükəsizlik məsələsi müzakirə mövzusudur. Baş vermiş hadisə təkcə Rusiyaya qarşı deyil, eynilə Türkiyəyə qarşı törədilmiş terror aktıdır. Hadisə bu cür dəyərləndirilir. Hər iki ölkə Suriyada terrora qarşı bir mücadilə aparmaqdadır. Belə bir zamanda sadəcə Türkiyədə deyil, eləcə də Rusiyada, ümumilikdə isə dünyanın hər yerində diplomatik korpusların mühafizəsi daha da gücləndirilməlidir. Hadisənin araşdırılmasına gəlincə, hər iki dövlətin razılaşması ilə həm Türkiyə, həm də Rusiya mütəxəssislərindən ibarət ortaq bir komissiya yaradılıb, istintaq gedir. Araşdırma nəticəsində hər hansı dəqiqləşdirilmiş məlumat ortaya çıxdığı zaman ictimaiyyətə də açıqlanacağına əminəm. Fikrimcə, rəsmi açıqlama olmadan qətlin törədilməsi və ya sifarişçinin kim olması barədə konkret mövqe bildirmək doğru olmaz. Yalnız mülahizələr söyləmək, ehtimallar irəli sürmək olar. Bunlar isə tamamilə doğru olmaz. Çünki, ola bilər o fikir və mülahizələr qəsdən ortaya atılıb, istintaqı çaşdırmağa, iz azdırmağa hesablanıb, təxribat niyyəti güdülür və sair. Ona görə də səbirlə birgə komissiyanın gəldiyi qənaəti, rəsmi açıqlamanı gözləmək lazımdır.

- Sizcə, bu terror aktı nə üçün törədilib, hədəf nədir?
- Heç şübhəsiz ki, rusiyalı səfirin qətlə yetirilməsi hər iki ölkəyə qarşı törədilmiş terror aktıdır. Bu, birmənalıdır. Çünki, 22 yaşlı gənc, 1-2 il iş təcrübəsi olan polis işçisinin soyuqqanlı şəkildə, təkbaşına belə bir hadisəni törətməsi qeyri-mümkündür. Bu addımın atılması son dərəcə informasiya dəstəyi, məlumat, bilgi tələb edir. Ən əhəmiyyətlisi, bu terror aktında əsas hədəf Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov idi, başqası deyildi. Əgər bu, spantan bir hadisə olsaydı, o zaman Müasir İncəsənət Mərkəzinə daxil olan qatil içəridə sağa-sola atəş açar, daha sonra qaçardı. Yaxud, ətrafdakılara atəş açdıqdan sonra bir neçə şüar səsləndirər, çağırışlar edər, ardınca polisə təslim olardı. Bununla o, özünü bəlli kəsimlərə "qəhrəman” kimi təqdim etmiş olardı. Ancaq qatil birbaşa səfiri öldürməyə gəlmişdi və bu əməli də törətdi. Bundan sonra ölümə gedərək, izi itirməyə çalışıb. Düzdür, qatil səfiri qətlə yetirəndən sonra müəyyən şüarlar səsləndirib. Amma bu, daha çox yanlış təsəvvür yaratmağa hesablanıb məncə. Bu, onu göstərir ki, işin içində iş var.

- Bir sıra güclərin bu terror aktını planlaşdırması kimi ehtimallarla yanaşı, həm də iddia olunur ki, qatil Mert Altıntaş qatı dindar olub və Hələbdə müsəlmanlara qarşı törədilənlərdən təsirlənərək belə bir addım atıb. Bu bir ehtimal da olsa belə, nə dərəcədə əsaslı sayıla bilər?
- Bir qədər əvvəlki sualınıza cavabımda da söylədiyim kimi, dini fanatik birinin bu qədər hazırlıqlı, soyuqqanlı, planlı şəkildə belə bir hadisəni törətməsi qeyri-mümkündür. İndiyə qədər fanatiklər tərəfindən törədilən hər hansı terror aktında bu olaydakı qədər soyuqqanlılıq müşahidə edilməyib. Misal üçün, dini fanatiklər ya üzərlərinə bomba bağlayıb özünü kütlənin arasına soxar, yaxud da bomba yüklü nəqliyyat vasitəsini avtobusa çırpar partladarlar. Amma bu hadisədə qatil əvvəlcədən məlumatlandırılıb, plan qurulub, sistemli şəkildə terror törədib. Onun geyiminə, vəsiqəsinə qədər hazırlanıb. Səfirin harada, saat neçədə olacağı, harada dayanıb çıxış edəcəyi və sair məlumatlar verilib. Ən əsası, bu adam ölümə gedib, ölümə gedərkən də yalnız səfiri öldürməyi planlaşdırıb. Əgər bu adam dini fanatik olsaydı bombanı üzərinə bağlayıb içəri girər və partladar, daha çox insanın ölməsini istəyərdi. Lakin məlum hadisədə yalnız səfir öldürüldü, ardınca da polisə müqavimət göstərən qatil bu yolla intihar etdi. Hər kəsə aydındır ki, polislə silahlı atışmaya getmək intihar etmək deməkdir. Bundan başqa, qətlin törədilməsi üçün yerin seçilməsi də önəmlidir. Həmin gün orada bütün diplomatik korpusların nümayəndələri, atteşelər, jurnalistlər və sair olublar. Belə bir məkanda qətlin törədilməsi həmin an xəbərin, görüntülərin bütün dünyaya yayılmasına hesablanmışdı. O baxımdan, bu olay bir mesaj idi. Gerçəkdən sadəcə səfiri öldürmək istəyən fanatik bir adam küçənin ortasında da onu öldürə bilərdi. Onsuz da səfir cangüdənsiz gəzirdi və həmin qatilin bu zaman səfiri öldürməsi çətin olmayacaqdı.

- Qatilin yaralı olaraq ələ keçirilməməsi, məhv edilməsi də suallar doğurmaqdadır. Doğurdanmı Türkiyə təhlükəsizlik əməkdaşları terrorçu M.Altıntaşı yaralı da olsa diri ələ keçirməyi planlaşdırmayıblar?
- Hadisələr kənardan baxıldığı kimi deyil. Bu terrorçunun, qatilin təhlükəsizlik əməkdaşları ilə dialoqu var. Təhlükəsizlik əməkdaşı onu silahı yerə atmağa çağırır və deyir ki, belə etsən yaşayarsan. Qatil isə cavabında deyir ki, mən bura ölməyə gəldim. Bir daha qeyd edirəm ki, qatil törətdiyi əməli əvvəlcədən planlaşdıran, nəyin necə olacağını bilən adam olub. Təbii ki, polis bu terrorçunu diri olaraq ələ keçirməyə çalışıb. Amma qatil təhlükəsizlik əməkdaşları, polis ilə atışmağa başlayıb, silahlı müqavimət göstərib, bu zaman da məhv edilib. Dediyim kimi, qatil oraya polisə təslim olmağa gəlməmişdi. Hətta polis onu öldürməsəydi belə, intihara əl atacaqdı. Təslim olmaq istəsəydi səfiri öldürəndən sonra bir-iki çağırış edər, şüar səsləndirər, silahını atıb təslim olar, bununla da bəlli kəsim üçün "qəhrəman”a çevrilər, məhkəmə prosesində sensasiya yaradardı.

- Qeyd edirsiniz ki, hər iki ölkəyə qarşı törədilən bu təxribat eyni zamanda bir mesajdır. Nədən ibarətdir bu mesaj?
- Bu terror aktı ilə Türkiyə və Rusiya hədəfə alınıb. Rusiyalı səfirin Türkiyənin paytaxtı Ankarada, özü də arxadan vurulması təsadüfi deyil mənə görə. Burada bir simvolizm axtarmağa dəyər. Xatırlayırsınızsa, təyyarə insidentindən sonra Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Türkiyə bu addımı ilə bizi arxamızdan vurdu. Bu bəyanat davamlı şəkildə media üzərindən o zaman ictimailəşdirilməkdəydi. Verilən mesaja gəlincə, bu, Suriya prosesləri ilə əlaqədardır. Bu ölkədə baş verənlər kontekstində Rusiya ilə Türkiyənin siyasi yaxınlaşmasına verilən cavab, mesaj idi bu terror aktı. Görünür ki, Türkiyə-Rusiya yaxınlaşması, bu istiqamətdə həyata keçirilən siyasi kurs birilərinin xoşuna gəlmir. Fikirləşin, Rusiya-Türkiyə-İran öz aralarında razılığa gələrlərsə, Suriya üzərində nəzarəti ələ keçirərlər və bu ölkədə başqa güclərin avtoriteti dərhal düşər. Beləliklə də hər üç ölkədən başqa digər güclərin oradakı varlığı sıfıra enəcək. Bu, indiyə qədər tarixdə görünməmiş hadisədir ki, üç fərqli yanaşması olan ölkə Suriya məsələsində ortaq mövqeyə gəlir, bölgədəki problemi kənar müdaxilə olmadan həll etməyə çalışırlar. Bununla da ABŞ, Avropa İttifaqı ölkələri bu regionda nəzarəti itirirlər. Hadisələrə bu yöndən baxmaq gərəkdir.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2597
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6324
SEK 1 İsveç kronu 0.2049
EUR 1 Avro 2.0152
CHF 1 İsveçrə frankı 1.7317
USD 1 ABŞ dolları 1.7001