Ankara-Tbilisi-Bakı üçtərəfli görüşü Yerevanda təşviş doğurub
Azərbaycan,
Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Batumidə həftənin əvvəli keçirilən
üçtərəfli görüşü, gözlənildiyi kimi, bir sıra ölkələrdə, xüsusən düşmən
Ermənistanda ciddi narahatlıq doğurub. İşğalçı dövləti ən çox özündən çıxaran üç
ölkənin genişmiqyaslı təlimlərin keçirilməsi barədə razılıq əldə etməsidir. Onu
da qeyd edək ki, iyunun 4-nə "Qafqaz qartalı” (Caucasus Eagle) hərbi
manevrləri, sentyabr ayına isə qərargah təlimləri təyin olunub.
Hərbi
təhlilçilər bildirirlər ki, əməkdaşlıq tədricən genişlənir. Artıq ötən il ilk
dəfə olaraq Türkiyə pilotlarının iştirakı ilə gecə uçuşları üzrə praktiki
tapşırıqlar yerinə yetirilib. Əsas məqam isə odur ki, Gürcüstan və Azərbaycan NATO
üzvü olan Türkiyədən müvafiq hərbi təcrübəni qazanır. Gürcüstandakı toplantıda
Baş Qərargah rəislərinin görüşəcəyi də bildirilib. Bu, onların üçtərəfli
formatda keçiriləcək ilk görüşü olmalıdır. Batumidə keçirilən üçtərəfli görüşün
iştirakçıları bunun regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini
bildirirlər.
Beləliklə,
qeyd etdiyimiz kimi, bu görüş Ermənistanda ciddi narahatlıq və narazılıq
doğurub. "Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq
Ermənistanın təhlükəsizliyinə hədə təşkil edir”. Bunu Ermənistan Milli
Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyana istinadən
"Eurasia Daily” yazıb. Ermənistanlı politoloqun sözlərinə görə, bu format
Yerevanı təcrid etmək məqsədini güdür. O bildirib ki, bu təlimlər birbaşa
Ermənistana qarşı yönəlib. Onun sözlərinə görə, bu tip hərbi təlimlərin
keçirilməsi onları narahat etməlidir: "Xəritəyə nəzər salın və görəcəksiniz ki,
bu təlimlər Ermənistana qarşı yönəlib. Biz görürük ki, Türkiyə regionda
qüvvələr balansını Gürcüstan və Azərbaycanın xeyrinə dəyişmək istəyir”. Erməni
politoloqu ciddi şəkildə narahat edən başqa bir fakt Türkiyə baş naziri Binəli
Yıldırımın Gürcüstana səfəri olub. Onun qənaətincə, belə bir səfər onu deməyə
əsas verir ki, ölkələr arasında əməkdaşlıq tək iqtisadi xarakter daşımır.
Ekspertin sözlərinə görə, bu cür hərəkətlər Türkiyənin bölgədə mövqelərini
gücləndirməsi ilə bağlıdır. Bu da onun qənaətincə, Türkiyənin siyasi vektorunu
dəyişməsi səyləri ilə izah edilməlidir. R.Safrastyan hesab edir ki,
avrointeqrasiya Türkiyənin xarici siyasətinin əsas və prioritet istiqaməti
deyil. Bu səbəbdən də xarici siyasət resursları Şərqə doğru yönəlib.
Öz növbəsində,
rusiyalı hərbi ekspert Pavel Felgenqauer hesab edir ki, hər 3 ölkə üçün
əməkdaşlıq onların təhlükəsizliyi ilə bağlı olan məsələdir. Lakin bu, sırf
hərbi-taktiki əməkdaşlıqla məhdudlaşmır: "Güclü hərbi sənaye kompleksinə malik
Türkiyə üçün Gürcüstan və Azərbaycan silah bazarı sayılır. Türkiyə bu silahları
satdıqdan sonra onların istifadəsilə bağlı da təlimlər keçirir”. Rusiyalı hərbi
ekspert əlavə edir ki, Tbilisinin bu üçlükdə iştirakına görə, Gürcüstan
üzərindən Ermənistanın nəqliyyat imkanları da daralır. Bu isə Türkiyənin yaxın
müttəfiqi olan Azərbaycana əlavə geosiyasi üstünlüklər yaradır.
Yeri
gəlmişkən, Ankara-Tbilisi-Bakı yaxınlaşması Rusiya mətbuatında geniş müzakirə
olunur. Qeyd edilir ki, bu danışıqlarda üç ölkə arasında hərbi ittifaqın
yaradılması mövzusu üstünlük təşkil edib. Gürcüstanda hesab edirlər ki, bu
mövzu prezident Ərdoğanın Gürcüstana səfərində geniş müzakirə olunacaq. "Azərbaycan
prezidenti İlham Əliyev çoxdan Bakı-Tbilisi-Ankara oxu formatı üzrə hərbi
müttəfiqlik təklif edir. Bu geosiyasi manevrlərin mahiyyəti odur ki, Dağlıq
Qarabağ münaqişəsinin getdikcə alovlanmağa başladığı bir vaxtda Ankara və Bakı,
o biri tərəfdən Yerevan Gürcüstanı öz tərəfinə çəkməyə, yaxud Azərbaycanla
Ermənistan arasında irimiqyaslı müharibənin başlaması halında Tbilisinin
maksimal sərfəli mövqeyinə nail olmağa çalışır”, - deyə hərbi elmlər doktoru
Vaxtanq Maisaya bildirib.
Əksər
ekspertlər isə hesab edir ki, erməni tərəfinin narahatlığına əsas yoxdur. Bəlli
olduğu kimi, Cənubi Qafqazda Ermənistanın əsas dayağı, onu özünün forpostu elan
edən Rusiya bu ölkəni silahla təchiz edir. Elə ötən gün də bəlli olub ki, Rusiya
2017-ci ildə Ermənistana yeni silahlar verəcək. Və bunu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirəcək.
Azər