• şənbə, 20 Aprel, 01:32
  • Baku Bakı 15°C

Ankara-Moskva hərbi əməkdaşlığı baş tutacaqmı?

11.05.17 11:00 817
Ankara-Moskva hərbi əməkdaşlığı baş tutacaqmı?
Moskva Ankaraya C-400 raketlərinin hər divizionunu 500 mln. dollara satmağa hazırdır. Rusiya hökumətindəki mənbələrdən RBK-ya daxil olan məlumata görə, bununla bağlı danışıqlar artıq bir neçə aydır ki, davam edir. Türkiyə hökumətinin yaydığı xəbərə görə, danışıqlar final mərhələyə daxil olub. Lakin ekspertlər hesab edirlər ki, rəsmi Ankara zenit-raket komplekslərini almaq niyyətində deyil və bu, bir siyasi gedişdir. Ekspertlər hesab edirlər ki, Türkiyə bununla sadəcə, NATO-ya özünün müstəqilliyini göstərmək istəyir.
Xatırladaq ki, ötən həftə Soçidə Rusiya prezidenti Vladimir Pitinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlarda əsas müzakirə mövzularından biri məhz hərbi-texniki əməkdaşlıq məsələləri idi. Liderlər, həmçinin Ankaraya Rusiya istehsallı C-400 zenit-raket komplekslərinin çatdırılması barədə razılıq əldə ediblər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib. O bildirib ki, görüş pozitiv axarda keçib. Lakin hələ ki, bir neçə aydır davam edən danışıqların təfərrüatları barədə hər hansı bir məlumat verilmir.
Aprel ayında Türkiyənin müdafiə naziri Fikri İşık bəyan etmişdi ki, Moskva və Ankara razılaşmanın yekun mərhələsinə daxil olublar. Lakin məbləği, eləcə də raket qurğularının sayını açıqlamaqdan imtina etmişdi. "Almaz-Antey” və "Rosoboroneksport”dan Rusiyanın RBK agentliyinin bununla bağlı suallarını cavablamaqdan imtina ediblər. "2007-ci ildə Rusiya və İranın iki divizion C-300 raketlərinin alınması barədə razılaşmasının ümumu dəyərinin 900 mln. dollar olduğunu nəzərə alsaq, onda C-400 kompleksinin bir divizionu 500 mln. dollar təşkil edə bilər”, - deyə "Silahlar ixracı” jurnalının redaktoru Andrey Frolov bildirib. Hazırda söhbət Türkiyəyə C-400 raket kompleksinin dörd divizionunun satılmasından gedir. Bunu Kremlə yaxın mənbə RBK-ya bildirib. Lakin agentliyin həmsöhbəti məhz bu sayda qurğunun Türkiyəyə satılmasını iddia etməyi də düzgün hesab etmir. Onun sözlərinə görə, hələ ki tərəflər arasında qiymətlə bağlı razılıq yoxdur. "Türkiyə ola bilsin Moskvadan raketi kreditlə alsın. Lakin bu da inandırıcı görünmür. Belə ki, Ankara Moskvadan asılı olmaq istəmir. İkinci mübahisəli məsələ - C-400-lərin elektron sistemi olmasıdır”,- deyə agentliyin həmsöhbəti bildirib.
Bir qədər əvvəl TASS öz mənbələrinə istinadən yazmışdı ki, Türkiyəyə C-400 zenit-raket qurğularının satılması barədə danışıqlar uzanır. "Ankara zenit-raket kompleksi texnologiyalarının bir hissəsinin ona verilməsini və müəyyən hissələrin birgə istehsalına çalışır. Rusiya isə texnologiyaların verilməsinə razılıq verməyəcək”, - deyə RBK-nın Kremlə yaxın mənbəsi bildirib. "Bununla yanaşı, bu məsələ dövlətlərarası danışıqlarda getməyib. Yalnız Türkiyə birtərəfli qaydada bu məsələni qaldırıb. Rusiya isə bundan imtina edib. Sonra isə məsələ ümumiyyətlə qapadıldı”, - deyə o bildirib.
Rusiyanın nüfuzlu "Vətənin arsenalı” jurnalının redaktoru Viktor Muraxovski də hesab edir ki, Rusiya Türkiyəyə texnologiyalar satmayacaq. "Əgər Moskva Ankaraya C-400 satsa belə, onu da Müdafiə Nazirliyi və Federal Hərbi-Texniki Xidmətin müəyyən etdiyi ixrac pasportuna uyğun satacaq”, - deyə ekspert vurğulayıb. O bildirib ki, Türkiyə üçün ikidən az divizion almağın mənası yoxdur: "Bir divizon mütəmadi olaraq döyüş yoxlaması aparmağa kifayət etmir”. Onun sözlərinə görə, raket buraxılış qurğularının bir hissəsi Yunanıstanla, yerdə qalanları isə İraqla sərhəddə yerləşdiriləcək.
Onu da qeyd edək ki, C-400 "Triumf” - Rusiyanın ən elitar zenit-raket kompleksidir. Bu raketlər hava-kosmik hücumlarının qarşısını almağa yönəlib. Sistem 400 km. məsafədə aerodinamik məqsədləri məhv etmək iqtidarındadır. Bundan əlavə, 4,8 km/s sürətlə uçan raket 60 km. radiusda taktiki və ballistik hədəfləri məhv etmək iqtidarındadır. Zenit-raket kompleksi 600 km məsafədə hava hədəflərini də müəyyən etmək iqtidarındadır. C-400 2007-ci ildən Rusiya Silahlı Qüvvələrinin balansına yerləşdirilib. Onun ilk alıcısı isə Çin olub. 2015-ci ilin yazında bununla bağlı müqavilə mətbuata məlum olub.
Ümumiyyətlə, bu raket Türkiyəyə lazımdırmı? Suriya-Türkiyə sərhədində Türkiyəyə məxsus RF-4E təyyarəsi vurulduqdan sonra Ankara NATO-dan "Patrirot” raketlərinin alınması ilə bağlı müraciət etmişdi. Pentaqon bu xahişə əməl etsə də, 2015-ci ildə NATO Türkiyənin xahişinə baxmayaraq, öz komplekslərini geri qaytardı. Türkiyə bundan sonra aktiv şəkildə Çinin HG-9 (C-300-ün analoqu) sistemi ilə maraqlanmağa başladı. Tərəflər arasında 4 mlrd. dollarlıq sazişin imzalanması barədə danışıqlar da gedirdi. Lakin Türkiyə NATO-nun xahişi ilə bu razılaşmanı imzalamadı. Ankara müqavilənin dayandırılmasını Türkiyənin özünün bu sistemi yeniləşdirmək istəyi ilə izah etdi.
Müasir Türkiyənin Tədqiqi Mərkəzinin direktoru Yuri Mavaşev bildirir ki, bütün bunlar düşünülmüş siyasi gedişdir. Onun sözlərinə görə, bu razılaşmanın baş tutma ehtimalı 30 faizdir. "Ankara bununla Avropa İttifaqı və NATO-nu daha əlverişli şərtlərlə müqavilə imzalamağa məcbur etməyə, özünün geosiyasi və geostrateji mövqeyini gücləndirməyə çalışır”, - deyə ekspert vurğulayıb. ABŞ və Kanada İnstitutunun Yaxın Şərq münaqişələrinin analizi Mərkəzinin direktoru Aleksandr Şumilin də onunla razıdır. Onun sözlərinə görə, Ərdoğanın əsas məqsədi Rusiyanın bu sövdələşməyə getmək qabiliyyətində olmasını göstərmək idi. Ekspert xatırladır ki, NATO üzvü blokdan kənar hansısa bir silah ala bilməz. "Rusiya ilə sövdələşməyə getməklə Ərdoğan həm də NATO-ya demək istəyir ki, alternativ silah almaq iqtidarındadır. Əgər Ankara bu silahı alsa, NATO-nun digər üzvləri ilə münasibətləri pisləşə bilər. Belə ki, bu sövdələşmə öz növbəsində NATO daxili nizam-intizamı da poza bilər və bu səbəbdən də razılaşma mümkün deyil”, - deyə ekspert fikirlərini tamamlayıb.
Azər
banner

Oxşar Xəbərlər