• şənbə, 20 Aprel, 09:14
  • Baku Bakı 14°C

“Ancaq təqaüdü aldığımız gün “kişilənib” çay alırıq”

03.07.13 10:22 1543
“Ancaq təqaüdü aldığımız gün “kişilənib” çay alırıq”
İstirahət həm xoş xatirədir, həm də sağlamlığımız üçün önəmlidir. Bir il sərasər çalışmağın yorğunluğunu, stressini istirahətlə atırıq. İnsan yaşlandıqca fiziki və psixoloji cəhətdən dincəlməyə daha çox ehtiyac duyur. Ona görə də yaşlı Bakı sakinlərinin necə istirahət etdiyi bizi maraqlandırdı. Bunu özlərindən öyrənmək üçün üz tutduq Nərimanov parkına. Arabir yolum park tərəfdən düşəndə ahılların burada toplaşdığını görmüşdüm.
Parka axşam saat 8 olardı ki, çatdım. İynə atsan yerə düşməzdi. Qıza sataşan, yelləncəyə minən, mindirən-demək olar, hamı qarışmışdı bir-birinə. Yaşlılardan isə gəzənlər də var idi, oturub söhbət edən, domino oynayanlar da. Parkın lap kənarında 4-5 ahıl kişi oturub söhbət edirdi. Əvvəlcə onlara yaxınlaşdım, istirahətləri ilə maraqlandım. Mehman baba deyir ki, veterandır. Ayağı protez olduğu üçün uzağa gedə bilmir. Burada yaşıdları ilə söhbət edərək gününü keçirir. Amma səs-küydən narazıdır: «Attraksionlarda musiqiyə çox səs verirlər. Hətta o qədər çox olur ki, bir-birimizi eşitmirik».
Dostu Rəvan dayı isə çaysızlıqdan gileylənir: «Hər gün burada çay ala bilmərik axı. Kaş qərar çıxardı, bizə çayı yarı qiymətinə verərdilər, təqaüdçü olduğumuzu nəzərə alardılar».
Varlı şəhərin varlı sakinləri olmalıdır
«Şəhərimiz gündən-günə gözəlləşir, Avropanın tanınmış şəhərlərindən seçilmir. Parklarımızın da şəraiti lap əladır. Yaşıllığı, fontanları seyr etdikcə eynim açılır». Bunu isə parkda istirahət edən Mirfətdə Nəsibov söylədi. Mirfətdə baba düşünür ki, təqaüdçülərə güzəştli “putyovka”lar versələr, ildə bir dəfə istirahət paketi hədiyyə etsələr, lap yaxşı olar: «Öz hesabımıza dincəlməyə təqaüdümüz yetmir. Qorxuram təqaüdlərimizin artırılmasının da faydası olmasın. Çünki dərhal istirahət məkanlarının da qiymətləri qalxacaq».
Mirfətdə baba da çay məsələsinə toxundu. Deyir ki, ancaq təqaüdü aldığımız gün «kişilənib» çay alırıq. Onun istirahətini pozan digər səbəb isə dilənçilərin üzlülüyüdür: «Onlar şəhərimizə yaraşmırlar. Həm görüntünü korlayırlar, həm də əsəbimizi. Düşünürəm ki, varlı şəhərin varlı sakinləri olmalıdır».
Kompleks tədbirlərə ehtiyac var
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, «Sosial xidmətlər haqqında» qanunun təsiri altına düşən kateqoriyalardan biri də çətin həyat şəraiti olan ahıl insanlardır. Bu insanlara dövlət qayğı göstərməlidir. O vurğuladı ki, Sovet dövründə veteranlar, yaşlılar üçün çox da yaxşı şərait yox idi. O zaman da yaşlılar bulvara, parklara gedirdilər: «Deyə bilmərəm ki, bu işi dövlət görməlidir. Ahıllar üçün yaxşı şəraiti cəmiyyət özü də təşkil edə bilər. Söhbət o şəxslərdən gedir ki, onların sosial yardıma o qədər də ehtiyacı yoxdur. Sadəcə, istirahətlərinin təşkili üçün müəyyən infrastruktura ehtiyacları var».
S.Məmmədov hesab edir ki, əvvəlcə sosial sifariş olmalıdır. Kommersiya qurumları da ona uyğun ahıllar üçün strukturlar yaratmalıdır: «Elə ölkələr var ki, orada şəhərciklər salınıb. Şəhərciklərdə təqaüd yaşına çatmış insanlar üçün hər cür şərait var. Yaşlılar orada mənzil alaraq ömürlərinin sonuna qədər həmin şəhərcikdə yaşayırlar. Bir şərt də var ki, oradan mənzil almış şəxslərin varisləri sonra həmin mənzili sahibkara satmalıdır».
Müsahibimizin fikrincə, yaşlıların əmək fəaliyyətindən də istifadə etmək olar. Yaşlılara «təqaüdünü al, otur» demək doğru olmaz. Belə yanaşma insanların ictimai əhəmiyyətini öldürür: «Dünyada müxtəlif formalar var. Yaşlıların potensialından düzgün istifadə olunduqda onlar həm özlərinə, həm də cəmiyyətə fayda verirlər. Belədə həm də layiqli həyat sürmüş olurlar. Hesab edirəm ki, təminatlı şəxslər üçün güzəştli istirahət evləri yaradılmalıdır. Təminatsızlar üçün isə istirahəti dövlət təşkil etməlidir».
S.Məmmədov ahılların haqlı olaraq narazı olduqlarını söylədi. Qeyd etdi ki, QHT-lər bu yöndə ancaq ideyalar verə bilər. Onları reallaşdırmaq üçün isə təbii ki, vəsait lazımdır. Bu isə QHT-lərin gücü xaricindədir: «Dövlət belə yerlər yaradıb QHT-lərin ixtiyarına verə bilər. Əsas odur ki, ahıllarımız layiqli həyat tərzi sürdüklərini hiss etsinlər».
Parkda diqqətimi çəkən başqa məqam da oldu. Bura dincəlməyə gələn yaşlıların hamısı kişi cinsindən olanlar idi. Maraqlıdır, görəsən nənələrimiz harada dincəlir?
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər