AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Anarın 75 anı

Anarın 75 anı

Müsahibə
14 Mart 2013, 09:53 2574
O, baharda dünyaya gəlib. Təbiətin yenidən dirildiyi, cana gəldiyi bir vaxtda. Bəlkə də o səbəbdəndir ki, ötən əsrin 60-cı illərində nəsrimizə, publisistikamıza, bir sözlə, ədəbiyyatımıza yeni nəfəs gətirdi. “Keçən ilin son gecəsi”, “Bayram həsrətində” hekayələri ilə ədəbiyyata qədəm qoyan Anar çox keçmədi ki, “Ağ liman” povesti, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı, “Mən, Sən, O və telefon” hekayəsi ilə oxucuların qəlbinə yol tapdı. “Vahimə”, “Yaxşı padşahın nağılı”, “Otel otağı”, “Mütləq görüşərik”, “Qırmızı limuzin”, “Gürcü familiyası” və onlarca kitabları əl-əl gəzib-dolaşdı. 50-dən artıq kitabı dünyanın müxtəlif ölkələrində çap olunaraq yazıçıya şöhrət qazandırdı. Bu gün Anar tək Azərbaycanın yox, bütövlükdə türk dünyasının sevimli yazıçısı kimi tanınır, oxunur və sevilir...
Beləliklə, müsahibimiz ömrünün 75-ci baharını qarşılamağa hazırlaşan yazıçı Anardır.


- Anar müəllim, oxucu üçün yazıçının yaşı olmur. Bu gün özünüzü hansı yaşda hiss edirsiniz?
- Mən yaşa o qədər də əhəmiyyət vermirəm. Günlər keçir, aylar, illər ötür, insanın yaşı artır, amma insan bunu hiss etmir. Mən də bunu heç hiss etmirəm. Özümü bir neçə il öncə necə hiss edirdimsə, 75 yaşımda da eləcə hiss edirəm. Əsas da məni yaşadan, həvəsləndirən budur ki, planlarım çoxdur, elə işlər var ki, onları görmək istəyirəm.

- Taqor deyirdi ki, varlığım mənim üçün bir möcüzədir. Həyat da elə budur ki, var. 75 illik ömrünüzdə həyat sizi hansı möcüzələrlə qarşılaşdırdı. Bu möcüzələrdən ən birincisi sizin valideynləriniz idi. Onlar bu millətin ədəbi zövqünün formalaşmasında və milli şüurun oyanmasında böyük xidmətləri olan ziyalılar idi. Xahiş edirik, yerdə qalan möcüzələr barədə özünüz danışın.
- Həyat başdan-ayağa möcüzədir. İnsan az qala hər gün bir möcüzə ilə rastlaşır. Möcüzənin yaxşı tərəfi də olur, pis tərəfi də. Pis möcüzələr odur ki, arzulamadığın, istəmədiyin hadisələrin şahidi olursan. Bəzən insanların dönüklüyünü görüb pərişan olursan. Möcüzənin müsbət tərəfləri də sevincli hadisələrdir. Son aylarda həyatımda kədərli hadisələr olub, yaxın qohumlarımın itkisi ilə üzləşmişəm, eyni zamanda, xoş hadisələrin də şahidi olmuşam. Həyat şahmat taxtası kimi ağ və qara damalardan ibarətdir. Biz ona günlər deyirik.

- Anar müəllim, keçdiyiniz həyat yoluyla yaxından tanış olarkən maraqlı faktlarla qarşılaşdıq. İlk ədəbi nümunələrinizi Şuşada qələmə almısınız. Niyə məhz Şuşada?
- O vaxtlar tətil zamanı biz ailəliklə Şuşaya gedərdik. 14 yaşım olanda yenə Şuşaya getmişdik. Mən şəhər uşağı olduğum üçün Bakı üçün çox darıxırdım. Atam başımızı qatmaq üçün bacımla mənə dedi ki, gördüyünüz insanlar, mənzərələr barədə yazın. Bilmirəm, bacım yazdı, ya yox, mən o vaxt Amerika həyatından bir pyes yazdım. O dövrdə Amerika həyatı haqqında ancaq qəzetlərdə dərc olunan məlumatları oxuduğumdan səthi təsəvvürlər əsasında bir yazı yazdım. Yazını atamla anama oxuyanda təəccübləndilər, dedilər ki, deyəsən, sən də yazıçı olmaq istəyirsən. Beləcə, mənim yazıma ilk qiyməti və ilk xeyir-duanı onlar verdilər.

- Maraqlı faktlardan biri budur ki, siz Bülbül adına orta ixtisas musiqi məktəbini gümüş medalla bitirmisiniz. Burda mütləq bir haşiyə çıxmalıyam: “Üzeyir ömrü” filminin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru olmusunuz. Üstündən uzun illər keçməsinə baxmayaraq, hər dəfə bu filmə baxanda filmin ümumi ahəngi, harmoniyası adamı heyran edir. Sizin musiqi təhsiliniz bu filmin uğurlu alınmasında yəqin ki, əsas açarlardan biri olub. Musiqi məktəbinin hansı şöbəsini bitirmisiniz?
- İlk əvvəl musiqi məktəbinin fortepiano şöbəsinə qəbul olunmuşdum. Məndən kiçik bacım həmin məktəbə daxil olanda vəziyyət dəyişdi. Həmin dövrdə qəribə bir qərar çıxarılmışdı. Bir ailədən iki nəfər eyni şöbədə oxuya bilməzdi. Ona görə də evdə belə qərarlaşdırdılar ki, mənim fortepiano bacarığım elə də yüksək deyil, ona görə də məni skripka şöbəsinə keçirsinlər. Sonralar mən alt alətini seçdim. Sonra ondan da bir şey çıxmadı, keçdim musiqi nəzəriyyəsi şöbəsinə, burada da heç nə alınmadı. Musiqidən uzaqlaşdım. Amma ömrümün sonrakı illərində təkrar musiqiyə qayıtdım, son 20 ildə musiqi məni daha çox cəzb edir. Saatlarla klassik musiqiyə, bizim muğamlarımıza, dahi bəstəkarların əsərlərinə qulaq asıram. Bu musiqilər məni sakitləşdirir. Bu gün musiqi mənim üçün böyük bir təsəllidir.

- Ən çox kimlərə qulaq asırsınız?
- Saysam siyahı uzun olar, ən çox Avropa bəstəkarlarına - Baxa, Vivaldiyə, Korelliyə, Motsarta, Albinoniyə, Şopenə qulaq asıram. Eyni zamanda rus bəstəkarlarına və bizim bəstəkarlardan Üzeyir bəyi, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini, muğamlarımızı dinləyirəm. Bəzən caz və estradanı da dinləyirəm.

- Sizin həyatınızda “Qobustan” jurnalının öz yeri var. Bu toplu ədəbi mühitdə yeni bir cığır açdı və həyatınızın bir parçası oldu. Bu tarixdən baxanda həmin dövrü necə xatırlayırsınız?
- Doğru deyirsiniz, “Qobustan”ın mədəniyyət tariximizdə öz yeri var. Görkəmli teatrşünas, tənqidçi alim, mənim müəllimim, həm də atamın dostu Cəfər Cəfərov o dövrdə Mərkəzi Komitədə ideologiya üzrə katib işləyirdi. Bir gün məni çağırıb təklif etdi ki, “Azərbaycan incəsənəti” adlı jurnalın cəmi üç nömrəsi işıq üzü görüb, redaktoru Xalq artisti Mehdi Məmmədovdur, amma Mehdi müəllimin teatrda işi çoxdur, redaktorluğu sənə həvalə etmək istəyirik. Mən təklifi qəbul etdim, eyni zamanda təklif etdim ki, jurnalın adını dəyişdirək. Dedi, bəs hansı adı təklif edirsən? “Qobustan” adını təklif etdim, dedim ki, Qobustan sənət abidəsidir və bir çox sənət növləri bu abidədə öz əksini tapıb. Ona görə də toplu çox sahələri əhatə edəcək. Fikrimlə razılaşdı. Büronun qərarı dəyişdirildi və toplu yeni adla nəşrə başladı. “Qobustan”ın birinci nömrəsində biz çalışdıq ki, həm sənətimizin qədim növlərini təbliğ edək, həm də dünya xalqlarının incəsənətini Azərbaycana tanıdaq. Dil məsələləri ilə bağlı bir çox problemlərlə qarşılaşırdıq. Çünki bizdə dəzgah rəssamlığında, heykəltəraşlıqda, kinoda, simfonik musiqi sahəsində terminlərimiz az idi ona görə də biz dilimizin qanunlarına uyğun olaraq yeni terminlər tapmağa başladıq. Elə ilk olaraq jurnalın adını məcmuə, almanax yox, toplu yazdıq. Müvəffəqiyyət əvəzinə uğur, müqəddimə əvəzinə ön söz yazdıq. İlk dəfə mən “Qobustan”da inkar sözünün əvəzində danılmaz sözünü işlətdim. Tamaşanın təsviri əvəzinə yozumu sözünü də o vaxt ilk dəfə dilimizə biz gətirdik. Bir sözlə, bir xeyli yeni sözlər gətirdik dilimizə. O vaxt etirazla qəbul olunsa da, bu gün bu sözlər artıq dilimizdə işlək sözlərə çevrilib və qəbul olunub.

- Anar müəllim, siz Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçasısınız, nəsil-nəsil insanlar sizin əsərlərinizlə böyüyüb, onların ədəbi zövqünün formalaşmasında bu əsərlərin böyük rolu olub, kitablarınız dünyanın müxtəlif ölkələrində nəşr olunub. Ancaq ədəbiyyatla yanaşı kinoda da böyük xidmətlər göstərmisiniz. 12 bədii, 10 sənədli filmin ssenari müəllifi olmusunuz. Kino sizin üçün nədir?
- Kino mənim üçün elə ədəbiyyat qədər əhəmiyyətli bir sahədir. Mənim kino təhsilim var. 1970-72-ci illərdə Moskvada ssenari kurslarında və rejissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu almışam. Mən film çəkəndə buna hüququm çatırdı. Üç filmə quruluş vermişəm. Birinci filmim olan “Dantenin yubileyi”ni rəhmətlik Gülbəniz Əzimzadə ilə birlikdə çəkmişəm, “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərini isə özüm təkbaşına çəkmişəm. Rejissorla nə qədər yaxın olsan da, ssenaristin baxışı ilə rejissorun baxışında mütləq fərqlilik olur. Mən bununla razılaşıram. Amma özün çəkəndə bu film yüz faiz sənin olur. Digər filmlərimin də rejissorlarına minnətdaram. Dünyasını dəyişənlərə Allah rəhmət etsin, Şamil Mahmudbəyovu, Tofiq Tağızadəni, mənim yaxın dostlarım Arif Babayevi, Rasim Ocaqovu hörmətlə anıram, sağ qalanlara isə Allah uzun ömür versin.

- Bəs sonralar niyə öz ssenarilərinizi özünüz çəkmədiniz?
- Bir az yaş, bir az da vaxt məsələsi imkan vermədi. O vaxtlar mən Yazıçılar Birliyinin sədri deyildim. Amma indi əsas iş yerim Yazıçılar Birliyidir və kinoya vaxt ayıra bilmirəm. Həm də mən, necə deyərlər, öz istədiyim kimi filmləri çəkən rejissora rast gəldim. Bu da Ramiz Həsənoğludur. O filmləri məhz mənim gördüyüm kimi çəkdiyi üçün artıq mənim çəkməyimə ehtiyac qalmadı.

- Anar müəllim, yaradıcılığınızın bir hissəsi də teatrla bağlıdır. Elə bu günlərdə - martın 10-da milli teatrımızın 140 yaşı tamam oldu. Təkcə Akademik Milli Dram Teatrında sizin beş əsəriniz - "Şəhərin yay günləri", "Adamın adamı" (bu pyesin quruluşçu rejissoru da Anarın özüdür - red.), "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur" tamaşaya qoyulub. Bundan əlavə, Ramiz Həsənoğlu sizin ssenariniz əsasında çox gözəl teletamaşalara imza atıb. Bunlar bizim teatr tariximizdə xüsusi yeri olan tamaşalardır. Bu baxımdan teatrla bağlı fikirləriniz də maraqlı olardı.
- Son illər teatrdan demək olar ki, bir az uzaqlaşmışam. Səbəb də odur ki, mənim nəslimin aktyorları - Həsən Turabov, Səməndər Rzayev, Fuad Poladov, Şəfiqə xanım Məmmədova, Amaliya xanım Pənahova, onların indi heç biri teatrda yoxdur. Əsas da rejissor Tofiq Kazımov. Mənim ilk əsərimi o səhnəyə qoymuşdu. Ona görə son illər teatrdan uzaqlaşmışam. Amma gələcəkdə ola bilər, yenidən teatrla əlaqələrimiz bərpa olunsun.

- Ötən il Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçirildi. Türkiyədə sizə o qədər böyük sevgi, hörmət, məhəbbət gördüm ki, sözün doğrusu, bu sevgi qarşısında utandım...
- Sözlərinizə görə çox sağ olun. Vaxtilə mən tez-tez Türkiyəyə gedirdim. Gedən kimi də xeyirxah bir mühitə düşürdüm. O vaxt mən Ramiz Həsənoğluna dedim, mən iki yerdə özümü rahat hiss edirəm, bir Türkiyədə, bir də sənin çəkilişlərində. Ramizin çəkilişlərində sənət mühitinə düşürdüm. Ona görə də özümü rahat hiss edirdim. Türkiyədə də az qala məni əllərinin üstündə gəzdirirlər.

- Bir çox dövlət və beynəlxalq mükafatların sahibisiniz, maraqlıdır, bu mükafatlardan hansı sizin üçün daha gözlənilməz olub?
- Ən gözlənilməz mükafat mənim üçün Heydər Əliyev Mükafatı oldu. Çünki biz Yazıçılar Birliyindən tamam başqa namizəd irəli sürmüşdük. Mən bu mükafatı heç gözləmirdim. Bir gün bildim ki, hörmətli Prezidentimiz məni təklif edib və komissiya üzvləri də bu təklifi qəbul ediblər. Mənim üçün bu çox xoş sürpriz oldu. Əvvəla, ona görə ki bu mükafat Heydər Əliyevin adını daşıyır. Mən Heydər Əliyevi həmişə çox yüksək qiymətləndirən insan olmuşam. Həmişə onun qayğısını hiss etmişəm və heç bir təmənnam olmadan mən bu böyük adama həmişə hörmət bəsləmişəm. O da mənə həmişə hörmət edib, qayğıma qalıb, bu münasibətlər qarşılıqlı olub. Onun mənim haqqımda dediyi sözlər elə mənim onun haqqında dediyim sözlər qədərdir. Buna görə də onun adını daşıyan mükafata hörmətli Prezidentimizin təşəbbüsü ilə layiq görülməyim məni çox sevindirdi.

- Son illər “1500 ilin oğuz şeiri” antologiyasını hazırladınız. Bu da böyük bir missiya idi. Hazırda nələr üzərində işləyirsiniz?
- “1500 ilin oğuz şeiri”ndən əlavə mən Türkiyədə “Min ilin yüz şairi” adlı Azərbaycan şairləri haqqında kitab hazırladım. Son zamanlar isə rus dilində bir kitab üzərində işləyirəm, artıq iki cildi çapdan çıxıb. Kitab “Literatura, iskusstvo, kultura Azerbaydjana” adlanır. Kitabda Azərbaycanın ədəbiyyatı, sənəti, mədəniyyəti bir araya gəlib. Burada mənim müxtəlif illərdə yazdığım esselər, tələbə vaxtı yazdığım “Aldanmış kəvakib” adlı məqaləm və bu kitab üçün məxsusi olaraq son vaxtlar yazdığım esselər daxil edilib. Birinci cild ancaq ədəbiyyat haqqında yazılardan ibarətdir. Bura həm çağdaş, həm də klassik yazıçılar daxildir. İkinci cild musiqi, teatr, rəssamlıq, kino sahələrini əhatə edir. Üçüncü cildə isə tarix, elm, mətbuat və mədəniyyət, din haqqında məqalələr daxil edilib. Yəqin ki, bir iki aya üçüncü cild də işıq üzü görəcək.

- Bu qədər işi görmək, gerçəkləşdirmək nələrin hesabına başa gəlir?
- Mən cavan yaşlarımdan zəhmətə alışmış insanam, istirahət etdiyim yadıma gəlmir. Yay tətilinə çıxanda da əsas işim elə yaradıcılıqla məşğul olmaq olur. Ona görə də mənim heç zaman boş vaxtım olmayıb. Həmişə yazı-pozu ilə məşğul olmuşam. Elə yazıçılar var ki, yüz cildləri var, onlara baxanda mənim yazdıqlarım hələ yüzə çatmayıb (gülür).

- Rəsul Rza “Dəniz nəğmələri” şeirində yazırdı:
Qoca dənizçi danışdı mənə:
fikirli olur, - dedi -
məkrli olur, - dedi -
sirli olur, - dedi -
kirli olur, dedi - dəniz”
Sonra da əlavə etdi:
“İnsan kimi”.
İnsanın pisliklərdən, kirlərdən, mənən təmizlənməsi üçün ədəbiyyat daha nələri etməlidir?

- Desək ki, kimsə bir kitab oxuyandan sonra yaxşı adam olacaq, bu, düzgün fikir olmazdı. Ancaq insanlarda müəyyən hisslərin təqdir, tərbiyə olunması ədəbiyyatın missiyasıdır. İndi elektron kitablar var. Bu çox yaxşı haldır. Amma deyəndə ki, bunun yaxşı tərəfi odur ki, tıxac olanda maşında qoyub dinləyirsən, ədəbiyyata belə münasibəti düzgün hesab etmirəm. Kitab başqa şeydir. Onu qarşına qoyub sakit şəkildə oxuyub düşünməlisən. Sovet vaxtı deyirdilər ki, sovet xalqı ən çox kitab oxuyan xalqdır, hətta metroda da oxuyur. Metroda oxunan kitabı necə qavramaq olar? Bəzən çox cahil fikirlər olur, deyirlər, yazıçılar elə əsərlər yazsınlar ki, o əsərlər alınsın. Ədəbiyyata bu meyarla yanaşmaq olmaz. İndi kitab bazarına getsək, görərik ki, Dostoyevskinin kitabından çox yüngül kitablar alınır, amma bu o demək deyil ki, Dostoyevski belə müəlliflərdən zəif yazıçıdır. Satılmayan kitabın da öz zamanı, öz oxucusu var. Füzulini xalq bu gün almasa da, amma 400 ildir, o, ədəbiyyatda yaşayır. Elə kitab da var ki, bu gün alıb oxuyursan, sabah unudulur. Əsl kitab oxuyub unutmadığın kitabdır.

- Sizin ailədə həmişə yazarlar olub. Bu gün də var. Zemfira xanımın musiqi tariximizlə bağlı çox dəyərli kitabları var. Günel gənc yazıçı kimi kifayət qədər tanınır, Turalın kitabları çap olunur. Siz həyat yoldaşınızın, övladlarınızın kitablarını oxuyanda hansı hisslər keçirirsiniz?
- Əlbəttə ki, qürur hissi keçirirəm. Tural tamam başqa üslubda, satirik hekayələr yazır. Güneli indi məndən çox tanıyırlar, əlbəttə, buna sevinirəm. Bəzən böhtan atırlar ki, Anar öz övladlarına təqaüd verir. Gəlsinlər, görsünlər, mən nə vaxt övladlarıma Yazıçılar Birliyindən təqaüd ayırmışam. Onlar bu günə kimi bu birlikdən bir qəpik də pul qazanmayıblar. Nəyə nail olublarsa, öz gücləri hesabına nail olublar. Hər halda onların əvəzinə mən yazmıram. Hətta onların Yazıçılar Birliyinə üzvlüyünü də Fikrət Qoca məndən xəbərsiz həyata keçirib. Mən valideynlərimə minnətdaram ki, mənə təhsil veriblər, məni böyüdüblər, mən ədəbi mühitdə püxtələşmişəm, yazıçılarla ünsiyyətdə olmuşam, amma onların da mənim yazıçı olmağımda heç bir köməklikləri olmayıb.

- Dostluqla bağlı dəyərli fikirlərinizə tez-tez rast gəlirik. Bu gün Anar müəllimin ətrafında sadiq dostları varmı?
- Təəssüf ki, dostlarımın çoxu o dünyadadır, bu dünyada onların az bir hissəsi qalıb. Uzun yaşın daha pis bir cəhəti var ki, cavanlıqda qazandığın dostlarını yaş artdıqca bir-bir itirməli olursan. Dostların bir hissəsini bizdən ölüm aparır, bir hissəsini də həyat. Amma yenə də çox şükür edirəm ki, mənim 4-5 çox sadiq dostlarım həyatdadır, yaşayır, Allah onlara cansağlığı versin.

- Dostluğun resepti varmı?
- Dostlarınıza xəyanət etməyin ki, onlar da sizə xəyanət etməsinlər.

- Keçən il siz 50 ildən sonra yenidən bəylik masasına əyləşdiniz. Uzun illər tanıdığınız xanımınızla yenidən bəylik masasına əyləşmək insanda hansı hisslər yaradır?
- Xoş bir hissdir. Hər halda 50 ildə bir-birimizə dözmüşüksə, demək, xoş hiss olmalıdır. Ailə odur ki, gərək bir-birini başa düşəsən, bir-birinə mane olmayasan, dərdinə də, sevincinə də şərik olmağı bacarasan. O da sənət adamıdır, mən də sənəti sevən insanam, bizim maraqlarımız da uyğun gəlir. Bu baxımdan evdə də həmişə mənəviyyat söhbətləri olub, insanların uzun zaman birlikdə yaşamalarına əsas səbəblərdən biri də budur.

- Bir yazıçı, ata, baba kimi özünüz özünüzə nə arzulayırsınız?
- Arzulayardım ki, Allah mənə hələ bir neçə il də möhlət versin, görmək istədiyim işləri başa çatdırım. Planlarım çoxdur, onları həyata keçirmək istəyirəm və ən əsası yaşadığım müddətdə heç bir itkiyə məruz qalmayım. Yaxın adamlarımın, dostlarımın, gözəl insanların uzun müddət yaşamasını istəyirəm.

Müsahibimiz Anar idi. Ömrünün yarım əsrdən çoxunu ədəbiyyata, kinoya, teatra, publisistikaya və bütövlükdə Azərbaycan mədəniyyətinə həsr edən, bəzən bir hekayəsi qədər millət qarşısında xidməti olmayanların hücumlarına, təqiblərinə, böhtanlarına tuş gəlsə də, yenə də əzəmətini, böyüklüyünü itirməyən Anar. Biz əfsanələri çox vaxt uzaqlarda axtarırıq, lütfən, hərdən ətrafınıza baxın, diqqətlə baxın...

Təranə Vahid,
Lalə Azəri
«Mədəniyyət» qəzeti