• cümə, 29 Mart, 04:19
  • Baku Bakı 7°C

“Ana Vətən”çilər Niderland Parlamentində DENK (Düşün) Partiyasinin liderləri ilə görüşüblər

20.04.17 16:47 857
“Ana Vətən”çilər Niderland Parlamentində DENK (Düşün) Partiyasinin liderləri ilə görüşüblər
"Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Krallığı Parlamentinin (Tweede Kamer) türk əsilli millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürklə görüşüblər. Görüş Parlament binasında baş tutub. Görüşdə Birliyin üzvləri və Rotterdam Erasmus universitetində təhsil alan 3 azərbaycanlı tələbə - Məhəmməd İbrahimov, Bayram Orucov və Mehrab Bağırlı iştirak edib. Öncə "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva onların hər ikisini keçən ay keçirilən Parlament seçkilərini qazanmaları və 3 nümayəndə ilə belə mötəbər məclisdə təmsil olunmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Onların uğurlarına burada yaşayan bütün türk xalqlarının sevindiyini və onları dəstəklədiklərini qeyd edib. Qarşı tərəf də eyni zamanda azərbaycanlı diaspora üzvlərinin bu jestini yüksək qiymətləndirdiklərini və belə görüşlərin tez-tez keçirilməli olduğunu bildirib. Hər iki türk xalqının – Azərbaycan və Türkiyə insanlarının qərib ölkələrdə bir-birinə arxa-dayaq olmağının vacibliyindən danışıblar və birliyin uğurlu lobbiçilik fəaliyyəti üçün yardım gərəkirsə əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Görüş haqqında geniş məlumat verən birliyin sədri Mayisə Ağamirzəyeva belə münasibətlərin qurulmasının vacibliyindən danışıb: "Mart ayında Niderland Krallığında ölkə Parlametinə millət vəkillərinin seçkisi baş tutdu. Seçkidə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların namizədləri iştirak etdilər. Sevindirici haldır ki, seckidə türk əsilli 2 gənc liderin yeni yaratdığı DENK (Düşün) Partiyasından da 3 nəfər Milli Məclisdə yer almağa nail oldu. Onu da qeyd edək ki, DENK Partiyasının liderləri artıq bir neçə ildir ki, Hollandiya siyasətindədirlər və ölkənin aparıcı partiyalarından birində fəaliyyət göstəriblər. Seçkilərin başlamasına bir neçə ay qalmış isə öz partiyalarını yaratdılar və seçkilərə öz platformaları ilə qatıldılar. Qısa zaman ərzində təbliğat-təşviqat aparmalarına baxmayaraq, irəli sürdükləri namizədlər Parlamentə üzv seçilə bildi. Buna səbəb isə partiyanın Hollandiyada əhalinin sosial həyatına uyğun və ayrımçılığa qarşı fəaliyyət proqramı ilə çıxış etməsi idi. DENK-in platformasında əsas yeri Niderlandda yaşayan yabançıların-türk, mərakeş, indoneziyalı, surinamlı, hindli, çinli, afrikalı və s. 176 yabançı millətin nümayəndələrinin haqlarını müdafiə etmək tutur. Əlbəttə ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olduğu üçün qərib ölkələrdə də onların uğur və sevinclərinə də, kədər və uğursuzluqlarına da şərik oluruq. Ona görə də, birliyimiz adından Tunahan Kuzu və Səlcuk Öztürkü bu uğurları münasibətilə təbrik etməyi özümüzə borc bildik”. Görüşün sonunda Birliyin sədri DENK Partiyasının arxiv-muzeyinə "İrəvan xalçaları” adlı kitabı və Azərbaycan filmlərindən ibarət disklər toplusunu, eləcə də Azərbaycana aid suvenirləri xatirə hədiyyəsi verib.


banner

Oxşar Xəbərlər